Скачать книгу

bu iki müsahibin arasında gedən söhbət nə üçün baş tutmur? Başqa yerlərdə gülməyi, hazırcavab olmağı, qadınların gözəlliyindən və qeyri şeylərdən şirin-şirin danışmağı xoşlayan qonaq, xəyalpərəst dostunun otağına gələn kimi nə üçün susur, gülmür, hazırcavablıq eləmir, karıxmış bir halda hərəkətsiz əyləşir? Xəyalpərəstlə çox ehtimal ki, yaxınlarda tanış olmuş və onun yanına birinci dəfə gələn, daha doğrusu, birinci və axırıncı dəfə gələn qonaq, nəhayət, hazırcavablığına və şən xasiyyətinə baxmayaraq (əgər bu xasiyyətlər həqiqətən onda varsa), ev sahibinin dəyişmiş sifətini gördükdə nə üçün pərt olur? Ev sahibi isə, tamamilə özünü itirərək, səmərəsiz bir cidd-cəhdlə söhbəti qızışdırmağa, ali cəmiyyətlə yaxşı tanış olduğunu göstərməyə, gözəl qadınlar haqqında fikir söyləməyə və heç olmasa belə bir itaətkarlıqla özünü, səhvən onun yanına qonaq gəlmiş yoxsul dostuna bəyəndirməyə çalışır. Ən nəhayət, nə üçün qonaq birdən şlyapasını götürüb, vacib bir işi olduğunu bəhanə edərək, ayağa qalxır və onu yaxşı qarşılamadığına görə indi peşmançılıq çəkdiyini isbata çalışan, səhvini düzəltməyə nahaq yerə cəhd edən, üst-üstdən onun əlini sıxan ev sahibilə tələsik vidalaşıb gedir? Nə üçün qonaq küçəyə çıxıb qəhqəhə ilə gülür və oradaca özünə söz verir ki, bir daha bu axmağın yanına gəlməsin (hərçənd bu axmaq əsasən çox yaxşı oğlandır), eyni zamanda, təsəvvüründə, bir az bundan əvvəlki müsahibini, uşaqların döydüyü, qorxutduğu, qəflətən ələ keçirib, başına min oyun açdığı və amansızcasına incitdiyi pişik balası ilə müqayisə eləyir; zavallı körpə pişik, nəhayət, uşaqların əlindən canını qurtarıb, kürsünün altında, qaranlıqda gizlənir və orada bir saat tüklərini qabardıb fınxırır, özünü yalayır, əzilmiş sir-sifətini pəncələrilə tez-tez yuyur, bu əhvalatdan sonra uzun müddət təbiətə və həyata düşmən gözü ilə baxır, hətta rəhmdil qulluqçu qadının, ağaların naharından qısdırıb gətirdiyi bir nəlbəki xörəyə də qorxudan yaxın düşmək istəmir.

      Mən danışdıqca təəccübdən gözləri alacalanan və ağzı açıq qalan Nastenka birdən sözümü kəsdi:

      – Bura baxın, danışdığınız hadisələrin necə baş verdiyini bilmirəm və bilmirəm ki, siz bu gülünc sualları mənə nə üçün verirsiniz; lakin qəti əminəm ki, bütün bu sərgüzəştlər əvvəldən axıradək məhz sizin başınıza gələn hadisələrdir.

      Mən çox ciddi bir tərzlə cavab verdim:

      – Şübhəsiz.

      – Əgər belədirsə, onda gerisini söyləyin, – deyə Nastenka məni tələsdirdi, – çünki mən bunların nə ilə qurtaracağını mütləq bilmək istəyirəm.

      – Demək siz, əziz Nastenka, bizim qəhrəmanın öz qaranlıq yuvasında nə ilə məşğul olduğunu, daha doğrusu, mənim, – madam ki, haqqında danışdığım qəhrəman mən özüməm, – təzə dostumun gözlənilməz gəlişindən nə üçün belə həyəcana düşdüyümü və özümü itirdiyimi bilmək istəyirsinz? Qapı birdən açılarkən nə üçün diksinib qızardığımı, qonağı layiqincə qarşılamadığıma görə xəcalətimdən gizlənməyə yer axtardığımı bilmək istəyirsiniz, eləmi?

      – Hə, hə. əlbəttə! – deyə Nastenka cavab verdi. – Hər şeyi, hər şeyi bilmək istəyirəm. Ancaq bir xahişim var: siz çox gözəl danışırsınız, olmazmı ki, belə gözəl danışmayasınız? Elə bil lap kitab oxuyursunuz.

      Mən özümü gülməkdən güclə saxlayıb, təşəxxüs və ciddiyyətlə dedim:

      – Nastenka! Əziz Nastenka, gözəl danışdığımı özüm yaxşı bilirəm, lakin üzr istəyirəm, başqa cür danışmağı bacarmıram. İndi, əziz Nastenka, mən qırx il küp içində, yeddi möhür altında qapalı qalmış, nəhayət bu yeddi möhür qoparılıb atılandan sonra əsirlikdən azad olmuş Süleyman şahın ruhuna bənzəyirəm. Əziz Nastenka, biz uzun ayrılıqdan sonra yenə görüşdük, mən sizi çoxdan tanıyırdım, Nastenka, mən həmişə, hər yerdə kimi isə axtarmışam, indi başa düşdüm ki, axtardığım adam məhz elə siz imişsiniz. Bizim görüşümüz buna ən yaxşı sübutdur, bu görüş məni o qədər sevindirib ki, Nastenka, elə bil çoxdan bəri qəlbimdə yığılıb qalmış sözlər indi coşğun bir fəvvarəyə çevriləcək. Mən danışmalıyam, danışmasam nəfəsim tutular. Xahiş eləyirəm, Nastenka, sözümü kəsməyəsiniz, sakit əyləşib dinləyəsiniz, yoxsa, yoxsa susub, bir daha danışmaram!

      – Yox, yox! Tez olun başlayın. Siz danışarkən qətiyyən dinməyəcəyəm.

      – Davam edirəm: əziz dostum Nastenka, ömrümün hər keçən günündə bircə saat var ki, mən onu həddən artıq sevirəm. Bu, demək olar ki, bütün işlərin, vəzifələrin və borcların yerinə yetirilib qurtardığı, hər kəsin öz evinə, nahara, istirahətə tələsdiyi, hələ küçə ilə gedərkən axşam və gecə boş qalan vaxtını şən keçirmək üçün müxtəlif əyləncələr düşündüyü bir saatdır. Həmin bu saatda bizim qəhrəman da, – Nastenka, müsaidənizlə üçüncü şəxsin dilindən danışım, ona görə ki, bütün bunları öz adımdan danışmaq mənim üçün olduqca ağırdır, utanıram, – bəli, həmin bu saatda bizim qəhrəman da işini qurtarıb başqalarına qoşulur. Onun ağarmış və bir qədər də yorğun sifətində qəribə bir şadlıq ifadəsi var. O, soyuq Peterburq köylərində axşam günəşi şəfəqlərinin tədricən necə sönüb getdiyinə həyəcanla baxır, yox, mən yalan danışıram, o baxmır, çox yorğun olan, eyni zamanda daha maraqlı bir məşğuliyyət tapan və buna görə də ətrafa ancaq hərdənbir, qeyri-ixtiyari, gözucu nəzər salan adamlar kimi o da günəşin qürubunu şüursuz bir halda seyr edir. O, cansıxıcı işlərdən sabaha qədər xilas olduğuna sevinir; dərsini qurtarıb yenə də öz oyunları ilə məşğul olmaq və dəcəllik eləmək üçün küçəyə qaçan məktəbli kimi o da sevinir. Nastenka, siz ona diqqətlə baxsanız, dərhal görəcəksiniz ki, sevinc hissi doğrudan da onun zəif sinirlərinə, xəstə və əsəbi xəyalına yaxşı təsir bağışlayıb. Budur, o nə haqdasa dərin fikrə gedir… Bəlkə elə zənn edirsiniz ki, o, nahar barədə düşünür? Bəlkə də bu axşam nə ilə məşğul olacağını indidən qərarlaşdırmaq istəyir? O belə diqqətlə hara baxır? Bəlkə onun nəzərini cəlb edən bu gözəl geyimli cənabdır? Bəlkə o, bu cənabın, küçədən sürətlə keçən, köhlən atlar qoşulmuş yaraşıqlı karetadakı xanıma incə bir hərəkətlə necə salam verdiyinə tamaşa eləyir?! Yox, Nastenka, belə xırda şeylər indi onu cəlb edə bilməz! İndi o, bütün varlığı ilə, yalnız ona məxsus olan ayrıca bir həyat aləmindədir; bu həyat onun öz xüsusi sərvətidir: o, bu həyatın qoynuna atılan kimi birdən-birə dəyişib, zəngin bir adam olur, qürub edən günəşin öz vida şəfəqlərilə onun gözləri qarşısında belə şən bir parıltı saçması və isinmiş qəlbində min bir təəssürat oyatması əbəs deyildir. İndi o, həmişə keçib getdiyi və buradakı hər xırda şeyin onu təəccübə saldığı tanış küçə ilə qətiyyən maraqlanmır. Artıq «Xəyal ilahəsi» (əziz Nastenka, əgər Jukovskini oxumuşsunuzsa) öz qəşəng, incə əllərilə qızıl ərişlərini toxuyub qurtarmış, indi də bizim qəhrəmanın gözləri önündə qeyri-adi və gözəl bir həyatın zərif naxışlarını hörməyə başlamışdır; kim bilir, bəlkə də o, burada qranit kimi möhkəm, parlaq büllur səkilərlə öz evinə gedir. Siz əgər indi birdən

Скачать книгу