ТОП просматриваемых книг сайта:
Müşfiqli günlər. Dilbər Axundzadə
Читать онлайн.Название Müşfiqli günlər
Год выпуска 0
isbn 978-995-255-775-6
Автор произведения Dilbər Axundzadə
Серия Xatirə ədəbiyyatı
Издательство Hadaf Neshrleri
– Nə xoş təsadüf… hara gedirsən, Dilbər? – deyə soruşdu.
– Texnikuma…
Mənim həyəcanlandığım Müşfiqin gözündən qaçmadı.
– Niyə tutuldun, Dilbər? Yoxsa…
– Heç…
O məni anladı və söhbəti dəyişdi:
– Məni unutmamışdın ki?
Birdən-birə mənə qəribə bir cürət gəldi:
– Sizi heç unutmaq olar?! – dedim. – Siz yadıma düşəndə “Küləklər”ə qoşuluram. Sizin bir neçə şeirinizi əzbərdən bilirəm.
Müşfiqin üzü səadət nuruna boyandı.
Heç güman etməzdim şeirə vurulduğunu,
Yaxşı ki, öz dilindən söylədin bunu.
Müşfiqin bir anlıq sevincinin şeirə çevrilməsi xoşuma gəldi. O, bunu hiss edib dedi:
– Madam ki, mənim şeirlərimi sevirsən, onda izin ver, ilk yazılarımı əvvəlcə sənə oxuyum.
Mən susdum.
Müşfiq yenə də söhbəti dəyişdi:
– İcazə ver səni məktəbəcən ötürüm. Orada mənim də dostlarım, tanışlarım var: şair Əli Nəzminin qızı Pirayə, Ziba, Münəvvər…
– Onlar mənim rəfiqələrimdir, – dedim.
– Lap yaxşı, bir yerdə gedərik, mən də onları görərəm.
– Yox, çox sağ olun, özüm tək gedəcəyəm, siz də başqa bir vaxt özünüz gələrsiniz…
Müşfiq üz vurmadı.
– Nə deyirəm. Elə isə məndən qızlara salam de!
İlk dəfə evdən pedtexnikuma qəribə duyğularla, qeyri adi hisslərlə qayıtdım. Bunu duyan qızlar başıma toplaşıb hal-əhval tutdular:
– Nə olub, Dilbər, niyə belə birtəhərsən? Olmaya bir hadisə baş verib?
– Yox, heç nə olmayıb…
– Bəs niyə belə pərişansan?
– Heç özüm də bilmirəm…
Qızlar məndən əl çəkmədilər, Müşfiqlə təsadüf görüşümü onlara danışmalı oldum. Onun salamını qızlara yetirdim.
Qızlar xoşhal oldular. Rəfiqələrimdən Münəvvər Əliyeva Müşfiqin uşaqlıq illərindən bizə maraqlı epizodlar söylədi.
M.Əliyevanın xatirəsindən yadımda qalanlar bunlardır:
“Biz Mikayılla bacı-qardaşıq. Eyni ata-anadan olmasaq da, onun xətrini qardaşlarım qədər istəyirəm. Mən Mikayılla 1923-cü ildən tanışam. Onda Mikayılın 14–15 yaşı olardı. Mənim isə 10 yaşım var idi. Böyük qardaşım Lütfi ilə Mikayılın böyük qardaşı Mirzə bir yerdə işləyirdilər. Möhkəm dost idilər. Bir gün böyük qardaşım Bakıya, Mirzəgilə qonaq gəlir və ilk dəfə Mikayılla burada tanış olur. Söhbət vaxtı Mirzə, kiçik qardaşının başını sığallaya-sığallaya deyir: – Mikayıl altıaylıq olanda anam Züleyxa, altı yaşında ikən atam Mirzə Əbdülqədir vəfat etmişdir. İndi onların qüssəsini unutduran Mikayıldır. O, mənim həm arxam, həm sirdaşımdır. O da atam kimi həssas, qayğıkeş, zəhmətsevərdir. Gecə – gündüz kitab əlindən düşmür. Oxuduğu şeirlərin əksəriyyətini əzbərləyir. Vaqifi, Seyid Əzimi, Sabiri heyranlıqla mütaliə edir. Mənim atam Mirzə Əbdülqədir də müəllim, eyni zamanda şair idi, ləqəbi də Vüsuqi idi.
Qardaşım belə bir şair ailəsi ilə dost olduğu üçün fəxr edirdi.
Bizim ailədə şairə, ədibə xüsusi hörmət var idi. Bu hörmət atam Yaznalının sayəsində idi. O, Aşıq Ələsgərin yaxın dostu olmuşdu. Hərdən özü də qoşma deyərdi.
Bir dəfə qardaşım Bakıdan Gəncəyə qayıdan vaxt Mirzədən xahiş edir ki, yay tətilində Mikayılı özü ilə bizə gətirsin. Mikayılın ilk dəfə Gəncəyə, bizə qonaq gəlməsini xatırlayıram. Qardaşım Mikayılı hamımıza təqdim etdi:
– Bu qara bala da, sizin qardaşınız olacaqdır, – dedi. – Əgər məni sevirsinizsə, Mikayılla həqiqi qardaş olduğunuzu isbat edin.
Anam evə gələndən sonra qardaşım üzünü ona tutdu:
– Anacan, bu oğlanı özümə qardaş gətirmişəm. İndi Mikayıl həm Mirzənin, həm də mənim qardaşımdır.
Anam Mikayılın ata-anasını kiçik yaşlarında itirməsinə çox mütəəssir oldu. Mikayılı balası kimi bağrına basıb öpdü: – Atalar üç deyib, oğlum iki idi, indi üç oldu, – dedi. O gündən, doğrudan da, Mikayıl bizə, biz də Mikayıla elə isinişdik ki, sanki Mikayıl bizim ailədə doğulmuşdu.
Yay fəsli yenicə girmişdi. Biz Ermənistanın Basarkeçər rayonunun Böyük Məzrə kəndinə gedib, orada Sona bulağının üstündə alaçıq qurduq. Hamımız hiss edirdik ki, Göyçənin füsnkar gözəlliyi, sağlam təbiəti yeniyetmənin diqqətindən qaçmır. Çox vaxt hamımızdan ayrılıb, əlində qələmdəftər, çayların kənarında, qayaların üstündə oturub güllüçiçəkli dərələrə, dağlara məftunluqla baxa-baxa xəyala dalar, hərdən nəsə yazardı.
Bir dəfə Müşfiq atamın Aşıq Ələsgərlə dost olduğunu eşitdi. Ondan sonra atamdan əl çəkmədi. Atamın sinəsi xalq nağılları, bayatılar, atalar sözləri ilə dolu idi. Aşıq Ələsgərin çox qoşmalarını əzbərdən bilirdi. Özünün də yaxşı səsi vardı. Atam həmin qoşmalardan ahənglə oxuduqda Mikayıl sevincindən özünü itirərdi. Tez qələm-dəftər götürüb: – “Əmi, xahiş edirəm onları bir də de, yazım” – deyərdi.
Bizim qaldığımız yer Göyçə gölünə yaxın idi. Tez-tez gölün sahilinə gəzməyə gedərdik. Müşfiq hər il bizimlə Göyçəyə gedəndə sevinərdi ki, Göyçə gölünü bir də görəcək. Mikayılın əlyazmasından bir şeir dəftərçəsini yadigar saxlamışam. Qismət olsa gətirib uşaqlıq şeirlərindən oxuyaram”.
Müşfiqin barəsində onun xalası oğlu Ağakərim Kərimov da bu yaxınlarda mənə kiçik bir xatirə danışmışdı. Həmin xatirəni də oxuçulara çatdırıram: “ Mən mollaxanada oxuyanda, Müşfiq 8–9 yaşlı uşaq idi. Bir dəfə mənimlə mollaxanaya getdi. Məktəbdən gəldikdən sonra mollanın dərs deməyini, mollaxananı lağa qoyub gülməyə başladı: “ Məktəb nə məktəb, molla nə molla! Adamın lap bağrı yarılır”, – deyib mənə mollanın yanına getməməyimi məsləhət gördü. Hələ bir həcv də yazdı. Həmin həcvdən yadımda bu sətirlər qalıb:
Uşaq əyləşib yerə,
Cındır həsir – dolu birə,
Belə molla yerə girə!
De görüm bu molla–
Hara mollasıdır?
Yoxsa, bu molla qara mollasıdır?
Mollaxana haqqında yazdığı bu həcvi eşidəndə, qohumları təşvişə düşür, nənəsi Qızqayıt Mikayılı yanına çağırıb, ona öyüd-nəsihət verməyə başlayır:
– Ay bala, yetim uşaqsan, özünü də, bizi də işə