ТОП просматриваемых книг сайта:
Ürəyimdən kimlər keçdi. Mustafa Çəmənli
Читать онлайн.Название Ürəyimdən kimlər keçdi
Год выпуска 0
isbn 978-995-255-794-7
Автор произведения Mustafa Çəmənli
Серия Xatirə ədəbiyyatı
Издательство Hadaf Neshrleri
Seyr elə bu lövhəni,
Doğrudan gözəldimi?
Dayanmışıq səninlə
Qoşa, üzü günəşə,
Belə ola həmişə!
Nəsə, Əliağa müəllimin kitabını aparıb Yazıçılar İttifaqına verdim. Bir müddətdən sonra Əliağa müəllim işə çıxmadı. Yəqin ki, yaddaşımızda əvvəlki görkəmində qalmaq üçün işə gəlmədi daha. O gündən otağına nə girən oldu, nə də çıxan. 1980-ci il fevralın 11-də Əliağa müəllimin vəfatı xəbərini eşitdik. Ancaq necə deyərlər, bu acı xəbərin sazağı ötüb keçməmiş onun sevimli qızı Ülkərin özünə qəsd etdiyi xəbərini eşitdik. Bu, çox sarsıdıcı bir xəbər idi. Ülkər özünü dənizə atmışdı. Bu özünəqıyma ataya olan övlad məhəbbətinin son həddiydi. Ülkər xanım istedadlı bir gənc idi. Ədəbi yaradıcılıqla məşğul olurdu. Dövri mətbuatda hekayələri çap olunurdu. Heyf ki, ömrü yarıda qırıldı.
* * *
Əliağa Kürçaylının dəfnindən bir müddət sonra incəsənət redaksiyasının müdiri Sabir Rüstəmxanlı “Yazıçı” nəşriyyatına baş redaktor təyin olundu. Sabir Rüstəmxanlı o zaman artıq istedadlı şair və publisist kimi tanınırdı. “Yazıçı”ya “Ədəbiyyat və incəsənət” qəzetindən gəlmişdi. Lenin komsomolu mükafatı laureatı, filologiya elmləri namizədiydi. Ən əsası, həssas, səmimi, qətiyyətli, qərəzsiz yoldaş idi. Adətən bu cür xasiyyətli adamlarla işləmək çox asan olur. Mən uzun illər onunla bir yerdə işlədim, onda kimsəyə qarşı ədəbi qısqanclıq görmədim.
Sabir Rüstəmxanlı baş redaktor olandan bir qədər sonra nəşriyyatda struktur dəyişiklikləri oldu. Baş redaktorun müavinləri vəzifəsi ixtisar olundu, İncəsənət redaksiyası “İşıq” nəşriyyatının tabeliyinə verildi. İncəsənət şöbəsi əvəzinə klassik ədəbiyyat və folklor şöbəsi yaradıldı və ədəbiyyatşünaslıq, tənqid və publisistika redaksiyasında redaktor işləyən İsmayıl Vəliyev bu redaksiyaya müdir təyin olundu. Çox keçmədən məni də bu redaksiyaya redaktor keçirdilər.
İsmayıl Vəliyevlə də işləmək çox asan idi. Onu istedadlı, zəhmətkeş, savadlı bir gənc kimi hələ jurnalistika fakültəsində oxuduğu çağdan tanıyırdım. Bir müddət onunla yataqxanada da qalmışdıq. Doğrusu, yarım saat da olsa vaxt tapıb gündə yaradıcılıqla məşğul olmaq vərdişini də onun sayəsində qazanmışdım. Vaxtını boş-boş işlərə sərf edənlərdən deyildi. Daim öz üzərində çalışardı. Şeirlər, uşaqlar üçün hekayələr, məqalə və oçerklər yazırdı. Dissertant idi. “Ədəbi portret: onun funksiyası və tipologiyası” adlı elmi iş üzərində işləyirdi. Nəşriyyat işini yaxşı bilən İsmayıl Vəliyevin sonralar “Redaktənin əsasları” adlı dərslik yazması heç də təsadüfi deyildi.
* * *
1980-ci ildə Yasamal rayonunda birinci katib vəzifəsində işləyən Nazim Sadiq oğlu İbrahimov Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti Komitəsinə sədr təyin edildi. Düzü, bu təyinat nəşriyyat sistemində, ədəbiyyat və mətbuat aləmində, küncdə-bucaqda heç də birmənalı qarşılanmadı, hətta Yazıçılar İttifaqının 1981-ci il 12-13 iyun ayında keçmiş Dzerjinski klubunda keçirilən 7-ci qurultayında xitabət kürsüsündə bu təyinat məsələsini qabardanlar da oldu. Lakin çox keçmədi Nazim İbrahimov özünün fitri qabiliyyəti, böyük təşkilatçılıq bacarığı ilə sübut etdi ki, Mətbuat Komitəsinin sədri kimi heç də təsadüfi adam deyil. Əsas məsələ odur ki, qolunu çırmayıb can-dildən işləyəsən. Nazim İbrahimov Mətbuat Komitəsinə sədr təyinatından bir müddət sonra kollektivlə görüşmək üçün bizim “Yazıçı” nəşriyyatına da gəlmişdi. Biz hamımız dördüncü mərtəbədə direktorun otağına yığışmışdıq. Sədrimiz çox yaraşıqlı, qədd-qamətli bir kişiydi. Yer darısqal olduğundan çoxumuz ayaq üstəydik, bəziləri isə hətta içəri keçə bilməyib, gedişatı açıq qapının kandarından izləyirdi. Hansısa bayram ərəfəsi olduğu üçün kollektivimizin bəzi əməkdaşları, o cümlədən mənim də əməyim qiymətləndirilmişdi. Nazim müəllim mənə Mətbuat Komitəsinin fəxri fərmanını təqdim edəndə nə üçünsə:
– İnşallah, əlim yüngül olar, – dedi.
Onun bu sözünü alqışladılar. İclasdan sonra yoldaşlarım yarıciddi, yarızarafat dedilər ki, deyəsən, səni sədrə tapşırıblar, yəqin irəli çəkəcəklər.
Nazim İbrahimov Mətbuat Komitəsinin sədri işlədiyi müddətdə (1980–1989) kifayət qədər unudulmaz işlər gördü. O, ilk növbədə altıncı mikrorayonda komitənin tabeliyində olan işçilər üçün doqquzmərtəbəli bina, müasir tipli yataqxana, uşaq bağçası tikdirdi. Bununla da bir çox adamı, o cümlədən məni də yataqxana küncündən, kirəkeşlikdən qurtardı. İnsan üçün isti evdən gözəl nə var ki… Məncə, evin varsa, hər şeyin var. Əlbəttə, bu sözlərin gözü doymayanlara aidiyyəti yoxdur. Məhz Nazim İbrahimovun təşəbbüsü ilə “Gənclik” nəşriyyatında 50 cildlik Dünya Uşaq Ədəbiyyatı Kitabxanası, “Yazıçı” nəşriyyatında 100 cildlik Dünya Ədəbiyyatı Kitabxanası, 12 cildlik Azərbaycan Ədəbiyyatı İnciləri seriyalarından kitablar, Nizami Gəncəvinin “Xəmsə”si, L.N.Tolstoyun on dörd cildliyi nəşr olunmağa başladı. Nazim müəllim “Azərbaycan” nəşriyyatının Baş direktoru olduğu illərdə “Bakı”, “Zərifə Əliyeva”, “Bəxtiyar Vahabzadə”, “Üzeyir Hacıbəyov ensiklopediyası” (1996) kimi dəyərli albom-kitabların yazılmasının və çap olunmasının memarı oldu. Mənim üçün çox xoşdur ki, “Üzeyir Hacıbəyov ensiklopediyası” kitabının çoxsaylı müəlliflərindən biri də mənəm.
Bu ərəfədə nəşriyyata tanınmış simalardan da işə götürülənlər vardı. Seyfəddin Dağlı, Vaqif Səmədoğlu, Həmid Qasımzadə, Ağasəfa Yəhyayev, Oqtay Salamzadə və başqaları müxtəlif vəzifələrə işə götürülmüşdülər. Seyfəddin Dağlı ilə Vaqif Səmədoğlu mənimlə bir redaksiyada çalışırdılar. Bu adamlar dünyagörmüş, həyat təcrübəsi olan şəxslər idi. Onların adi məişət söhbətləri də maraqlıydı.
Seyfəddin Dağlı “Kirpi” kimi məşhur satirik jurnalın baş redaktoru olmuşdu. Mən onun Cəfər Cabbarlıya həsr etdiyi “Bahar oğlu” romanını məktəbli ikən oxumuşdum, “Kəcil qapısı” romanını da həmçinin. “Mənziliniz mübarək” pyesinin tamaşasına isə Azdramanın səhnəsində baxmışdım… Otaq darısqal olduğundan Seyfəddin Dağlı ilə Vaqif Səmədoğlu əlyazmaları evdə redaktə edirdilər. Bununla belə vaxtaşırı nəşriyyata gəlirdilər. Vaqif Səmədoğlu mənim uşaqlıqdan çox sevdiyim böyük şairimiz Səməd Vurğunun oğluydu. Şeirləri üslub və mövzu baxımından atasının poetik irsindən tam fərqliydi. Atasının sağlığında lap uşaq yaşlarından evlərində kimləri görməmişdi. Dövrünün bütün görkəmli ədəbiyyat və sənət adamları onların qonağı olmuşdu. Özünün dediyi kimi, biz Abdulla Şaiqin “Ala-bula boz keçi”sini dərslik kitablarından oxuyanda, Vaqif uşaq vaxtı yaxın qohumları olan Abdulla Şaiqin dizləri üstündə oturub bu şeirləri onun öz dilindən eşitmişdi. Əlbəttə, belə bir mühitdə böyüyüb tərbiyə almaq yaradıcı adam üçün xoşbəxtlikdir. Vaqif Səmədoğlu azad və sərbəst bir adamdı. Cibində daim meşin cildli bloknot, karandaş və pozan olardı. O,