Скачать книгу

Təmizlik qayğısıyla heç bir zaman hamamın həsir döşəkçələrinin üstündə oturmazdıq; qızlara döşəkçənin üstündə oturduqları təqdirdə hamilə ola biləcəkləri deyilirdi. Bu sadəlövhcəsinə fikrin məni necə dəhşətə saldığını hələ xatırlayıram. Artıq Tubanın belimi qıl kisəsiylə kisələməsindən xoşlanırdım, olduqca uzun sürən bu kisələmə prosesi dərimi təzələyir, mən də bundan ləzzət alırdım. Bizdə hamamın başqa bir funksiyası da var: analar arada evlənmə çağındakı oğullarına göstərmək, bəlkə də evləndirmək üçün qız bəyənirdilər.

      Bir gün azərbaycanlı bir qadın onun dilini başa düşmədiyimi güman eləyib, mənim nə qədər zərif olduğumu söyləmişdi: “Boy, nə gözəl qızdı” – yəni, türkcə “bu qız gözəldi” demişdi: gənclik çağımın astanasında eşitdiyim bu tərif məni utandırdığı qədər sevindirmişdi.

      

      Fərəh Pəhləvi – müasir qadının simvolu

      III

      Yeniyetməliyə ilk addımlarımı on yaşında getdiyim Tehrandakı Janna d’Ark məktəbində atdım. Anam da təhsilini orda almışdı. Məndən ötrü də həmin məktəbi seçdiyinə görə ona minnətdaram. Həyatın bu dönüş nöqtəsində şəxsiyyətimi ən çox inkişaf etdirdiyim illərimi məktəbdə keçirdim. Buna görə qismən, təşəbbüsləriylə məktəbi heyrətləndirən gənc rahibə Kleri tanımağıma borcluyam. Rahibə Kler basketbol komandası yaratmışdı. Əvvəllər çəkingən uşağıydım, bu basketbol komandası iki-üç ildə məni özümə güvənən, zahirən dəyişən gənc qız elədi.

      Janna d’Ark məktəbinə gələr-gəlməz həmin komandaya daxil oldum və həyatsevər fransız rahibəylə tanışlıq qurdum. Bu da onun mənim barəmdə söylədikləri:

      “Komandaya yalnız orta, iri və son sinif şagirdlərini qəbul eləməyə qərar vermişdim. Uşaqlar çox kiçik olanda hər şeyə həvəs göstərib, başladıqları heç bir şeyi axıra çatdırmırlar. Fərəh hələ orta məktəbin ilk sinfindəydi, amma bilmirəm nədəndi, onu görər-görməz sevdim. Aramızda xüsusi münasibət yarandığını hiss eləmişdim. Xasiyyətimiz oxşarıydı, yalnız o bir az da ağır təbiətli görünürdü. Heç bir qüsuru olmayan, tərtəmiz, çox səmimi baxışları olan balaca qızıydı. Ağ önlüyünü kənarları qırmızı ağ yaxalıq tamamlayırdı. Özündən əmin görünsə də, səbəbini bilmədiyim çəkingənliyi varıydı, adamla ara saxlayırdı. Amma çox nəşəli, yanındakıları elə hey güldürən uşağıydı. Qəti maskalanmazdı. Rahibələrin qaldığı binada saxladığım topu gedib ancaq o gətirərdi. Çox kiçik yaşında atasını itirməsinə baxmayaraq, xoşbəxt, qayğısız uşağıydı. Güman ki, fəal və güclü şəxsiyyətimə görə o da digər rahibələrdən çox məni sevirdi”.

      Bir il sonra basketbol komandasının kapitanı seçildim. Bu da, güman ki, idman qabiliyyətimə görə yox, eyni zamanda yumşaq təbiətli olduğumdanıydı. Olduqca sadə və təbiiydim, nazlanmağı sevməz, dedi-qoduları dinləməzdim. Əgər bir adam mənə acıqlanardısa, heç dindirməz, özü gəlib məni danışdırmasa, onu yaxın qoymazdım. Bir müddət sonra Janna d’Ark məktəbi basketbolçularının rəhbəri kimi, qızlara örnək olduğumu, məni qəhrəman hesab elədiklərini sezdim. Başqa məktəblərdəki qızlarla yarış keçirəndə, həmişə udan biz olurduq; bir müddət sonra hamının qazanmağa can atdığı “Tehran çempionu” adını da biz aldıq. Qəzetlər komandamızın şəklini çap eləmişdi, tez-tez uşaqların məni ata-analarına barmaqla göstərdiklərini görürdüm: “Ana, bax, Fərəh budu!”

      Rahibə Klerin coşqunluğu bizə güc verirdi. Rəqabət duyğusunun köməyilə başqa sahələrdə də çalışmağa başladım: uzununa tullanma, hündürlüyə tullanma və qaçışla məşğul oldum. 1954-cü ildə İran Qızlar Atletika Çempionatında hündürlüyə tullanma və qaçış növlərində birinci olmuş, o dövrdə İranda idmana məsul olan general İzzət Pənahın təqdimiylə Şahın adından İran bayrağıyla birgə iki medal almışdım. Medallar hələ gözümün qabağındadı, hər ikisinin üzərində Şahın və Şahbanu Sürəyyanın rəsmləri varıydı.

      Məktəbə də hər gün həvəslə gedirdim, çoxlu yoldaşım varıydı, müəllimlərimin çoxunu sevirdim, elə güman eləyirəm, onlar da məndən razıydılar. Janna d’Ark məktəbinin ən aşkar özünəməxsusluğu olan ciddiyyət və şagirdlər arasındakı yoldaşlıq duyğularını bəyənirdim.

      “L” hərfi şəklində, bitişik tikilmiş, yüz yaşlı iki binası olan məktəb elə ilk dəfə girəndə, hörmət və ciddiyyət təlqin eləyirdi. Qanadlardan biri rahibələrə ayrılmışdı, orda bağça varıydı. O biri qanadda siniflər iri küknarın kölgə saldığı böyük daş küçəyə açılırdı. Ayrı bir yerdəki kilsə həmin binaların hamısına dini və müqəddəs görkəm verirdi. Bu ağır mühit xüsusilə günorta yeməyində gülməyimizə mane olmazdı. Mənim vaxtımda məktəbdə bufet yoxuydu, hər şagird öz yeməyini çantasında gətirirdi. Aşağı mərtəbədə olan köhnə kömür peçlərinin üstündə yeməklərimizi isidər-isitməz, ordan çıxmağa tələsirdik zirzəmi bizi bir az ürküdürdü.

      Başqalarını və özümü kəşf elədiyim, şəxsiyyətimin ortaya çıxdığı bu illər ərzində necə uşağıydım mən? Burda sözü rahibə Klerin məni çox riqqətləndirən, o qədər də tərəfsiz olmayan şəhadətinə verirəm:

      “O, bəlkə də digər uşaqlardan çox üstün deyildi, amma ağıllı, qabiliyyətli və məsuliyyət hissi olan uşağıydı. Dərsləri fransızca alırdı. Bunu təkcə dil qabiliyyəti olan uşaqlar bacarırdılar. Ədəbiyyatdan çox riyaziyyat və fənn sahələrində daha bacarıqlıydı. Geyiminə həmişə çox diqqət verirdi. Çalışması mükəmməliydi, yoldaşlarının üzərində böyük təsiri varıydı, həyat sevinciylə dolu, sağlam və həmişə köməyə hazır olan qızıydı. Mənə görə, o, iranlı qızın ən yaxşı cəhətlərini şəxsiyyətində toplamışdı; incə, hər şeyin yerini bilən, zərif, dostlarıyla ilıq davranan sadiq insanıydı”.

      Dosdoğruydu; mübaliğəsiz, təbii olaraq, xoşbəxtliyə can atmaq kimi cəhətlərimi atamdan miras aldığıma heç şübhəm yoxdu. Həm də bu xüsusiyyətlərimin əsasını gözündən heç bir şey qaçmayan anamın sərt xasiyyətinə borcluydum. Gənc qızların təhsili barədə söhbət düşəndə, xüsusilə adət-ənənələrə ciddi əməl eləyən cəmiyyətdə məni təkbaşına böyütmək məcburiyyətində qalması, əlbəttə, anamı çox qorxudurdu. Baxmayaraq ki, Qütbi dayım yavaş-yavaş mənə atalıq eləməyə başlamışdı, amma o, gündəlik məsələlərlə çox maraqlanmırdı, mənə kömək eləyir, həyatla bağlı böyüklük göstərir, gələcəyimi hazırlayırdı. Arvadı Luiza bibim məndən heç şeyi əsirgəməzdi. Məni daim azalmayan sevgiylə sevərdi, onun gözlərində qüsursuzuydum; indi geriyə dönüb baxanda, anamla birlikdə məni ən çox sevən insan olduğunu düşünürəm.

      Anamın gözü daim üstümdəydi, ən kiçik səhvimdə sanki misli görünməmiş fəlakətə səbəb olmuşam kimi, qəzəbindən göyə çıxardı. On üç-on dörd yaşlarındaydım, ilin sonunda imla dərsindən zəif qiymətlər alıb, sentyabrda təkrar imtahana qalmışdım. Anam qatlandığı bu qədər fəlakətdən sonra ona belə əzab verməyə haqqım olmadığını təkrarlayıb durmuş, adəti üzrə özünü

Скачать книгу