Скачать книгу

ng>ıl

      O vaxt döyüşə-döyüşə iki qoç gələcək: Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq, onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən, qaranlıq dünyaya düşəcəksən.

      Məlikməmməd nağılı

      Məlik Məmmədli Dövlət himninin sədalarına oyandı. Daha doğrusu, hələ tam oyanmamışdı – yarıyuxulu halda eşidirdi bu səsləri. Qəribədir, hər gecə yuxuya getməmişdən bilgisayarın vaxt xidmətini sübh obaşdan himnin səslənəcəyi saata ayarlayırdı və hər səhər də onu himnin sədaları oyadırdı, amma bu gün oyanıb durmamışdan, hələ yuxudaykən görünməmiş bir fərəh hissinə qapılmışdı. Hər gün eşitdiyi səslər nədən bu gün bu qədər xoş bir ovqat oyadırdı? Elə yuxudaykən də Məlik bunun səbəbini tapdı. Bu gün Novruz bayramı idi, redaksiyada da, şəhərdə də, ümumən bütün ölkədə də bu günü hamı kimi o da böyük ruh yüksəkliyiylə, sevinc, qürur, arxayınlıq duyğularıyla yaşayacaqdı. Elə yuxudaca – naşükür olma – deyə düşündü – məgər hamı kimi o da, bütün bu son illərin hər gününü, gündüzünü-gecəsini eyni bəxtiyarlıq hissiylə yaşamırmı?

      Nə isə, durmaq vaxtı idi. Məlik ani bir sıçrayışla yatağından qalxdı. Artıq vərdiş halını almış bir duruşla himni sonacan ayaq üstə dinlədi.

      Məlik bilirdi ki, bu an milli teleradio kanallarının on ikisində də səslənən bu himni Dərbənddən Həmədanacan, Qazaxdan Qəzvinəcən milyonlarla insan eyni fərəh və qürur hissləriylə dinləyir.

      Məlik, əlbəttə, bilgisayarının dalğasını çalışdığı Radio-TV kanalının dalğalarına yönəltmişdi. Üç ildən bəri şərhçi və müəllif-rejissor kimi işlədiyi Çağdaş Radio-TV kanalı fəaliyyətində ağırlığı mədəniyyət məsələlərinə verirdi. Başqa Radio-TV kanalları da nə qədər universallığa riayət etsələr də, hər halda, müəyyən sahələrə, müəyyən yönlərə daha artıq meyil edirdilər. Əlbəttə, yeganə rəsmi dövlət kanalı AZRT Azərbaycan və dünya həyatını bütün dolğunluğuyla əks etdirməyə çalışırdı. Amma digər – özəl kanalların müəyyən istiqamətləri və deməli, öz tamaşaçı kontingenti vardı.

      Türk dünyası – Turanın, Bakı şəhər və vilayətinin həyatı Xəzər və Abşeronun başlıca mövzuları idi. Araz əsas verilişlərini Güney Azərbaycana həsr edirdi. Gənclərin və yeniyetmələrin ən çox sevdikləri Ulduz musiqi, idman və əyləncə proqramları göstərirdi. Hilalda verilişlər, əsasən, dini məsələlərə həsr olunurdu – İslam tarixi, müqəddəs Quranın şərhi, peyğəmbərlərin, imamların, övliyaların ömürləri…

      Novruzda etnoqrafik, folklor mövzuları, mədəni irsə, qədim adət-ənənələrə aid verilişlər üstünlük təşkil edirdi, Birlik xarici dillərdə və ölkədəki milli azlıqların dilində proqramlar verirdi. Savalan R-TV Təbrizdən, Kəpəz R-TV Gəncədən efirə çıxırdı.

      Ölkənin ən peşəkar telejurnalisti və telerejissoru kimi tanınan Məlik Məmmədlini bütün kanallar israrla dəvət edirdilər, amma Çağdaş TV-də tamaşaçılarını məmləkətinin və xarici ölkələrin mədəniyyət həyatıyla, dünyanın ədəbi, sənət sərvətləriylə tanış etməyi son illərdə ömrünün məramı seçmişdi.

      Ölkədə fəaliyyət göstərən siyasi partiyalardan dəfələrlə dəvətlər alsa da, heç birinə müsbət cavab vermir, ümumiyyətlə, siyasətə qoşulmurdu. Məlik qəti inanırdı ki, Azərbaycanın tarixi ərazi bütövlüyü bərpa olunandan, ölkənin demək olar ki, bütün sosial, iqtisadi və ideoloji problemləri əsasən həllini tapandan sonra siyasətçilik müəyyən dərəcədə xoş bir məşğuliyyətdi: məsələn, idmançılıq kimi, poçt markaları yaxud kəpənək kolleksiyası toplamaq kimi.

      Doğrudan da, bir vaxtlar sahibkarlıq fəaliyyəti məhdudlaşdırılarkən, milli dəyərlərə yetərincə diqqət verilməyərkən sağ partiyaların elektoratı çox idisə, korrupsiya hökm sürərkən, bəzilərinin həddən artıq varlandıqları, bəzilərinin dilənçi kökündə yaşadığı vaxtlarda sol partiyaların təbliğatı güclüydüsə, indi bu problemlər birdəfəlik aradan qalxmış, seçicilərin çoxu sağ və sol partiyalara yalnız ənənəvi vərdiş kimi, valideynlərindən qalma bir rəğbət tövsiyyəsi kimi səs verirdilər.

      Milli Məclisdə beş partiya təmsil olunmuşdu – iki, əski təbirlə deyilərsə, sağyönlü, iki solyönlü və bir mərkəzçi partiya. Milli və türkçülük dəyərlərini önə çəkən və bazar iqtisadiyyatının ardıcıl tərəfdarı olan iki sağ partiya, sosial bərabərliyin carçısı kimi çıxış edən, əsasən, işçi sinfinə arxalanan iki sol partiya və hər iki tərəfin müəyyən dəyərlərini qəbul edən, əsasən, barışcı mövqedə dayanan mötədil mərkəzçi partiya. İndi iqtidarda olan da Mərkəzçi partiyayla bitərəf, müstəqil millət vəkillərinin ortaq koalisiya höküməti idi.

      Məlik başını buladı – bu bol günəşli xoş gündə siyasi məsələləri xatırlamağa dəyərdimi? Yeni dəniz neft və qaz yataqları açılandan bəri, Bakı-Ceyhan xəttiylə bərabər şimaldan və cənubdan daha iki borunun işə düşdüyündən və sabit gəlir gətirdiyindən sonra əhalinin orta əmək haqqı ayda min dollar olan bir ölkənin vətəndaşlarını siyasi olaylar indi çox az maraqlandırırdı.

      İndi Azərbaycan əhalisi rifah səviyyəsinə görə Ərəb Əmirliklərini arxada buraxmış, iqtisadi və mədəni inkişafı etibarilə ən qabaqcıl Avropa ölkələrinə çatmışdı. Son iki ildə səhiyyə xidməti, orta və ali təhsil, çörək, kommunal xidmətlər (mənzil, elektrik, qaz, su haqqı), şəhər nəqliyyatı (taksidən başqa) pulsuz olmuşdu.

      Uzaq illərin qanlı Qarabağ hadisələri, ölkənin o vaxtkı ağır iqtisadi durumu indi yalnız xatirələr aləmində qalmışdı. Qarabağ demişkən, Məlikin yadına dünən oğlunun Şuşadan telefon etməsi düşdü.

      Məlikin oğlu Beyrək nəqliyyat mühəndisi, qızı Burla ədəbiyyat müəllimi, arvadı Aypəri teatr rəssamı idi. Nə yazıq, təsadüf elə gətirdi ki, bu Novruzda heç biri Bakıda deyil, Beyrək Şuşada, Aypəri Təbrizdə, Burla Kərkükdə.

      Beyrək Şuşada Cıdır düzündən Topxana meşəsinə çəkilən funikulyorun qurulmasına rəhbərlik edirdi. Dünən Məlik telefonla inşaatın nə yerdə olduğunu soruşduqda Beyrək Cıdır düzü tərəfdən Kirsdən Qırx pilləkənə qədər, Topxana tərəfdən İbrahim xanın sığnağına qədər hazırdır, – dedi, – indi iki tərəfi birləşdirmək qalıb, o da bir aya bitər. Sağ olsun Mingəçevirlilər, elə yaraşıqlı vaqoncuqlar istehsal ediblər ki, iki göz istəyir tamaşasına. Odur ki, yayda İsa bulağı dincərliyinə gələndə Qarqarın üstündən funikulyorla keçəcəksiniz.

      Beyrək fantazyor idi, bir neçə il bundan əvvəl bu funikulyor ideyası başına gələndə heç kəs bunu ciddi qəbul eləmədi, amma budur bax, olundu ki… indi də Qırxqız yaylaqlarına teleferiq-kanat yolu fikrinə düşüb. Niyə də olmasın. Son illər Şuşa, doğrudan da, Qafqazın ən böyük turist mərkəzlərindən birinə çevrilib. Səfalı iqlimi, şəfalı bulaqları, qışda xizək idmanı, ov, alpinizm, tarixi abidələr – dünyanın hər yerindən bura turistləri cəlb edir. Cıdır düzündə, Ərimgəldidə, Topxanada, İsa bulağı meşəsində, Səkili bulağın yanında ucaldılmış beşulduzlu və nisbətən kiçik, xudmani otellər turist tələbatını çətinliklə ödəyir, gərək neçə ay əvvəldən yer rezervasiyası edilsin.

      Hər ilin payızında keçirilən Üzeyir Hacıbəyli musiqi festivalları zamanı isə nəinki Şuşada, Laçın, Ağdam, Xocalı, Qarabulaq, Ağdərə, Xankəndi otellərində də yer tapmaq müşkül olur.

      Beyrək funikulyordan daha çox dünən Şuşada keçirilən Axır çərşənbədən danışdı. İlk dəfə idi ki, Axır çərşənbəni Şuşada qarşılamışdı və Cıdır düzündəki Qarabağ qaçağanlarının yarışından, Çovqan oyunundan, içinə üzərrik atılan və ta gecə səhərə qədər yanan, üstündən uşaqların belədən-belə atıldığı tonqallardan, Qarabağın hər tərəfindən görünən atəşfəşanlıqdan, xanəndələrin zili bütün ətraflara yayılan səsindən, səkkiz-on yaşlı uşaqların – Qarabağ bülbüllərinin Qarabağ şikəstəsindən və yaşlı xanəndələrin hamısına qalib gəlib Xarı-bülbül mükafatı almalarından elə şövqlə danışırdı ki, Məlik özünün də iki dəfə Şuşada keçirdiyi bu bayramı sanki yenə öz gözləriylə görürdü.

      Beyrək: – Bilirsən, – deyirdi, – Nəvvab Muğam Konservatoriyasının professorları sevinclərindən yerə-göyə

Скачать книгу