ТОП просматриваемых книг сайта:
Xatirələr. Nağı bəy Şeyxzamanlı
Читать онлайн.Название Xatirələr
Год выпуска 0
isbn 978-995-255-787-9
Автор произведения Nağı bəy Şeyxzamanlı
Серия Xatirə ədəbiyyatı
Издательство Hadaf Neshrleri
Azərbaycanın tarixi boyunca ermənilər həmişə türklərdən çəkinmiş, onlarla qarşı-qarşıya gəlməyə cəsarət etməmişlər. Ruslar Qarabağın Şuşa şəhərində açıq-aşkar ermənilərə yardım etsələr də, Bakıda və Gəncədə bunu edə bilməzdilər. Əslində, vilayət mərkəzi olan bu şəhərlərdə rusların hər bir hərəkəti ziyalı azərilərin nəzarəti altında idi. Ancaq vilayət mərkəzlərində ruslar əlaltından da olsa, ermənilərə kömək etməyə çalışırdılar. Çar hökuməti bu şəkildə Azərbaycanda da istəyinə nail olmuşdu. Yəni 1905-ci il inqilabını yatırmaq üçün azərbaycanlıları ölüm-dirim mübarizəsi ilə üz-üzə qoymuşdu. Nəticə etibarilə 1905-ci il inqilabının parlaması ilə sönməsi bir oldu. Mübarizədən qalib çıxan ruslar bir bəyannamə nəşr edərək qeyri-rus millətlərə bəzi haqq və hüquqları bir nemət kimi təqdim etdilər. Əslində, ilk həmlədə geniş şəkildə istifadə edilən haqlar bunlar idi:
1. "Dövlət Duması"nın (parlament) qurulması və buraya hər millətdən deputat göndərilməsi;
2. Hər millətə din azadlığı verilməsi və yenə hər millətin öz dilində dərs keçə biləcəyi məktəblər açmasına, qəzet və jurnal nəşr etməsinə icazə verilməsi;
3. Azadlıq, ədalət və bərabərliyin təmin edilməsi.
Bir müddət çar hökuməti verilən bu haqlardan öz mənafeyi üçün istifadə etsə də, məhkum millətlər özləri üçün müəyyən işlər görə bildilər. Bu haqların əldə edilməsi ilə Azərbaycanın hər tərəfində ana dilində dərs keçən məktəblər açıldı. Bakıda gündəlik nəşr olu-nan 20 qəzetdən başqa, həftəlik və aylıq çıxan jurnallar da var idi. Bu mətbuat orqanları Azərbaycanın hər tərə-finə göndərilirdi. Bundan başqa, ölkənin hər yerində olduğu kimi, Gəncədə də dörd cəmiyyət quruldu:
1. "Xeyriyyə" cəmiyyəti;
2. "Maarif" cəmiyyəti;
3. "Dram" cəmiyyəti;
4. "Difai" firqəsi.
"Xeyriyyə" cəmiyyətinin məqsədi topladığı pullarla xalqımızın bütün ehtiyaclarını ödəmək idi. Çar hökuməti türkcə dərs keçən məktəblərin açılmasına icazə versə də, onun dövlət büdcəsindən maliyyələşdirilməsini qadağan edirdi.
"Dram" cəmiyyətinin vəzifəsi əsərlər səhnələşdirərək ikinci məktəb olan teatr vasitəsilə xalqın gözünü açmaq və bu yolla topladığı pulları milli mübarizəni dəstəkləmək üçün xərcləmək idi.
"Difai" firqəsinə gəlincə, bu, ehtiyacdan yaranmış təşkilat idi. Xalqımızla insan kimi davranmayan, onlara qarşı cinayətkar hərəkətlər edən, erməni-azəri milli münaqişəsində açıqdan-açığa ermənilərə yardım edən rus hökumət nümayəndələrinə layiqli cəza vermək ücün yaranmışdı. Xalqımıza qarşı cinayət törətmiş hər bir hökumət nümayəndəsinin hərəkəti tədqiq olunur, sonra o öldürülürdü. Bu dövlət məmurunun nə üçün öldürüldüyü haqqında bir bəyannamə nəşr edilir və bu yolla hadisə barədə məlumat verilirdi. Bəyannamə həmişə "Difai" firqəsinin möhürü ilə möhürlənirdi.
«Difri» təşkilatının yaranmasının səbəbləri
Çar üsuli-idarəsi 1905-ci il inqilabını puça çıxarmaq üçün Azərbaycan şəhərlərində əsrlərlə yan-yana dost kimi yaşamış türk və erməni millətlərinin arasına nifaq saldı. Bu zaman ermənilərə kömək etməkdən belə çəkinmədi. Ruslar azərbaycanlıların xoş gününü heç vaxt istəməyiblər. Azərbaycan xalqı, bu gün olduğu kimi, milli varlığı, din, dil, adət və ənənəsi ilə daima rusların diqqətini cəlb etmişdir. Çar Rusiyası tərəfindən Azərbaycan xanlıqlarının istiqlalına zorla son qoyulduqdan sonra xalqın tərəqqi və təkamül yolunda göstərdiyi fəaliyyət, əldə etdiyi uğurlar davam etdiyi üçün ruslar bundan təşvişə düşürdülər. Çar Rusiyasının ən mühüm siyasətlərindən biri Azərbaycan türklərini qaranlıq və cəhalət içində saxlamaq olmuşdur.
Azərbaycan ziyalılarının ardıcıl şəkildə nümayiş etdirdiyi və göstərdiyi qeyrət sayəsində gündən-günə artan fəaliyyət xalqı rifah içində istiqbala və zəngin vətənlərinin məsud qoynunda ideallarının sonsuz səadətinin əzəli və əbədi nuruna qərq oldu (28 May 1918). İzahına ehtiyac gördüyümüz bu qeydlərdən sonra "Difai" firqəsinin yaranma səbəblərini və hadisələri xatirə dəftərindən nəqlən açıqlamağa cəhd edək.
Gəncə şəhəri Gəncə çayı ilə ikiyə ayrılmışdır. Şəhərin dağlıq hissəsində və dağlara doğru olan kəndlərdə ermənilər, obalıq hissəsində və obaya uzanan kəndlərdə türklər yaşayırdı. Gəncənin türk məhəllələri arasında Noraşen adlı erməni məhəlləsi də var idi. Əsas türk məhəllələri isə bunlar idi: Ozan, Zərrabi, Əttarlar, İmamlı, Dördyol, Sofulu, Səfərabad, Toyuqçu, Böyük Bağban, Bala Bağban; ermənilərin yaşayış hissəsində üç türk məhəlləsi – Molla Cəlilli, Çaylı, Hacıməlikli məhəllələri var idi. Türklərlə ermənilər arasında nifaq düşəndən sonra bu məhəllələrin sakinləri, xüsusilə qadınlar, uşaqlar və yaşlılar Gəncə çayını keçərək türklər yaşayan məhəllələrə pənah apardılar. Məhəllədə qalan kişilər isə ermənilərə qarşı vuruşdular. Ermənilər isə – qadınlıkişili türk məhəllələrində boş qalmış evlərə soxulur, talan edirdilər.
İgidliyi ilə məşhur olan Tatoğlu Qara öz adamlarıyla birlikdə ermənilərə ağır zərbələr vururdu. Ermənilərin onu öldürməyə