ТОП просматриваемых книг сайта:
Yasaq edilmiş oyun. Sabir Əhmədli
Читать онлайн.Название Yasaq edilmiş oyun
Год выпуска 0
isbn
Автор произведения Sabir Əhmədli
Издательство Köhlən Nəşriyyatı
Hətəmxan iki boş çuval gətirdi, ocağın qırağına sərilmiş palaz parçasının üstünə atdı, döşədi. Qaxsımış bir mütəkkə qoydu. Qonaqlar əyləşdilər. Başda, döşəkçə üstə Xəlil, palaz-çuvalda yar-yoldaşları.
Hətəmxan şahad çuvalının qoyulduğu bucağa yönəldi. Süfrə dəstərxana bir mis cam qoydu, bir yanı şor, bir yanı göm-göyçək camış yağı. Bir güllü-güllü kömbə də qoydu, bütövcə. Kəvər, qıcı, iki yumru motal pendiri. İki dəmir qutu, stəkan əvəzi, boğazı qırmızı zehli nazik stəkanı nəlbəkisiylə birgə Gər Xəlilin əli altına sürüşdürdü.
Dənnik üstə, təhnə başında dolanan bir cüt gəlinin ovqatından belə göründü ki, onlar bu dam-daxmaya öz evləri təki isnişib, gəlib gedəndilər. Bəlkə gecələr də dəyirmanda qalmış, nobat gözləmişdilər. Hətəmxanla mərhəmləşiblər. Hətəmxan işi, çax-çuxu bunlara tapşırıb, gedib arvad-uşağa, yurd-yuvaya da baş çəkərdi. Daşın dabanını tarazlamağı, artırıb əskiltməyi, dənin təhnəyə tökülməyini, aşağıda unnuqdan yığılmağını, bir çuvalın qurtarıb, o birinin başlamağını da bu bir cüt sona Hətəmxanın istəyincə yoluna qoya bilərdi. Bərəkət ocağına buyurmuş qonaqlara Hətəmxan özü qulluq göstərsə də, bu səhər naharında içəridə dolanan iki gəlinin də əməyi olduğu sezilirdi.
Cəmşid cibindən bir buynuz-bıçaq çıxartdı. Kömbəni səliqə-sahmanla doğradı. İstədi bıçağı salıb, şorla yağı qarışdırsın. Gər Xəlil barmağını şəklədi: qoy, elə qalsın. O bəlkə şora toxunmayacaq, çılxa yağla nahara başlayacaqdı.
Dəyirman süfrəsində bircə şey çatmırdı. Yalan-doğru söyləyirdilər ki, Hətəmxanın bu ala-toran bucaqda məzəsi də olur. Darıxanda töküb içir, pərlərin, zindan daşların uğultusu, çax-çax çaqqıltısıyla mürgüləyib, elə dərin yuxuya gedir ki, fələyin özü gələ onu oyada bilməz.
Cəmşid əl boyda kömbəyə aramla, çörəyin canına yedirdə-yedirdə yağ çəkdi, üstdən şor yaxdı. Əlində saxladığı dədə-baba yaxmaçına baxıb, qoydu süfrənin qırağına. Onun bıçağını alıb, bir elənçik yaxmaç da Mürşüd düzəltdi, qoydu öz qabağına. Gözlədilər. Gər Xəlilin elə bil iştahı küsmüşdü, süfrəyə baş qoşmurdu. Onunku bəlkə bu səhər bir qədəh konyak, üç yumurtanın qayğanağı, qaymaq, daha hansı bəy-xan yeməyi idi. Yalmanır, çul-çuvalı, künc-bucağı araşdırırdı.
Bunlar burada gözləməkdə, Hətəmxan əl atdı külləməyə üz qoymuş ocağın közünə. Qara aftafanı oradan götürüb qoydu süfrənin ortasına. Kəkotu ətri Mürşüdün burnunu qıcıqladı. Hətəmxanın çayı da, qalan azuqəsi təki dəmdə imiş. Bunların yoluna bəndmiş.
Başlamaq istəyirdilər ki, Hətəmxan bir büküm yuxa gətirdi. Cəmşid lələ yuxanı araladı. Bir soyutma çolpa idi. Elə dadlı-tamlı, iştahçəkəndi ki, elə bunun duzunu, istotunu səpən Gər Xəlilin nəfəsinə gözəlcə bələdmiş. Gəlinlərin bağlama-boğçasından çıxmışdı, ya Hətəmxanın özününcə bayır-bacaqda bəslədiyi xoruz-beçə sürüsündən ayrılmışdı bu qurbanlıq.
Cəmşid çolpanı pardaxladı, Mürşüd kişi dəmir qutulara, Xəlil bəyin boğma stəkanına çay süzdü, göyümsov çayın üzündə sarıçiçək ləçəkləri oynaşdı. Gözləməyin adı yoxdu. Başladılar. Hətəmxan yaxın gəlmədi, işi vardı. Bunlar burada yeməkdə, o da orada, bayaq üz-gözünün urvasını yumağa çıxmış bənövüş gəlinlə köməkləşmədi; birlikdə təhnənin çənəsi altına sürüdükləri çuvalı əl-ələ verib qaldırdılar dənniyə. Bu işi Hətəmxan təkbaşına da görə bilərdi, qatır gücü vardı, dizini tayın altına verib, basıb aşırardı qəzil çuvalı dəni tükənmiş dənniyə.
Yedilər, çaydan içdilər, soyutma çolpanın süfrəyə düşən sür-sümüyünü Mürşüd kişi bir də arıtladı. Hərəsi də üsdən ağzına bir “yastıq” konfet atdı. Cəmşid kişi eşmə eşdi, Gər Xəlil qıçlarını uzatdı dincəlsin. Hətəmxan gəlib dayandı başlarının üstə: “Halal xoşunuz olsun. Durun tərpənin, görün “Laldinməz”in günortasını harda ötürəcəksiniz. Ona, özünüz bilirsiniz, mənim gücüm çatmaz. Naharı biri verər, günorta düşər bir özgə təbəənin boynuna”.
Xəlil, Cəmşid, Mürşüd tərpənmədilər. Yox, a kişi, bunlar buraya bir qarın çörəyə, səhərin yüngülcə naharına görə baş soxmamışdılar, un-urva nəfəslərini təngişdirsin. Nədi-nədi, Hətəmxanın bilməzsən dəstamaz, bilməzsən qüsuldan ötrü saxladığı, ya ancaq çay qaynatdığı aftafa dəmi, kömbə kütü ilə ovunub, geri dönsünlər. Hətəmxanı haradasa, nədənsə ilişdirməkdi bunların qəsdi. Biri-birinə söykənib yatışmış çuval-dağarcığın ara-bərəsində, dalda-bucaqda nə vardı, nə gizlənmişdi? Dəyirmançının sirrindən heç tanrı da baş açmaz. Tərs dəyirman işlədərəm başında!– bu sözü də əbəs söyləməyiblər. Bir xoruz, bir çuval olmasın, bir dağarcıq ağnağıza, pendirə, bir cam kərəyə nə söz?! Bunun bu şotur qapısını axı, padşah padşahlığı ilə, bəy nökər-naiblə hər gün, hər səhər açmırdı, yaraşdırmırdı. Hətəmxan qulaqardına vurmasın. O gərək qonaqları bu sayaq yedirtdikdən sonra, həm də pay-ürüşlə yola salsın. Bu səxavətini onun, qırx dolama, qırx düyün oyunun irəlisində unutmazdılar.
Oturur, güdürdülər. Hətəmxan bircə kəlmə kəssin, bircə kərə hıqqıldayıb-hökküldəsin. Amma zalım oğlu elə bil yüz ilin lalıydı, ağzını bir tilsimli qara qıfılla elə bağlayıb kilidləmişdi, bunlar gedəndən sonra da dodağı tərpənməyəcəkdi.
Altda su çırpılır, pərlər guruldayır, çax-çax şanapipik təki ötür, oxuyur, eşikdən, qaralmış divar arxasından donuzluğun şorultusu, didilmiş novun yarıqlarından sellənən yağmurun şırıltısı gəlirdi. Dinib dillənən yoxdu. Elə səssizlikdi, dənnikdən daşların arasına səpilib, üyünən dənin gizli həniri, ağızlıqdan unnuğa ələnən bərəkətin qımıltısı sezilirdi. Bu ahəngdar bircə insan sədası, kişi, qadın səmiri çatışmırdı. Bircə kəlmə dillənsin, bəsdi.
Hətəmxan uşaq deyildi, dünyanın işini, oyununu buraya buyurmuş kişilərdən az bilmirdi. “Laldinməz”in əsər-kəsərini, cəza-cəzanını keçmişlərdə dadmış olardı. İş zoğal çubuğuna, zopaya da gedib çıxırdı qədimlərdə.
Xəlbir çıxarından, dənəvər dəmyə arpasından yeyib, at kimi kişnəyib bir sarı, səmənd xoruzla da qurtarmaq olardı; əgər ilişsə, cıqqırı çıxsa, bunlar arxdan adlayanda, çaşıb, ikicə kəlmə sözlə ötürsə. Yox, Hətəmxan təkcə ovuc-ovuc arpa-buğda sayəsində yox, dənçilərin gətirdiyi pay, qoz-fındıq havasına şişib şişəyə dönmüş xoruzdan ayrılmaq istəmirdi, yoxsa hələ çax-çaxı kəsilməyən, ocağı sönməyən yurdda yalqız qalardı.
Cəmşid eşmənin kötüyünü basdı ocağın külünə. Baxdı Gər Xəlilə, padşahın allanıb qan gəlmiş üzündən bir aydın işarə oxuya bilmədi. Qımzandı nə isə qandırsın: “Durun gedək, Xəlil padşah! Burdakı “Laldinməz” külləyib qaraldı”. Bəlkə Cəmşidin dillənməyindən Hətəmxan da şəklənib,