Скачать книгу

danışma. Mən sözümü dedim. Qızım səndən boşanır. Yaxşısı budur, sən də sakitcə bununla razılaş.

      Derek oturduğu kürsüdən ayağa qalxdı. Əlindəki siqaret kötüyünü buxarıya atdı. Sakit və təmkinli səslə soruşdu:

      – Birdən razılaşmasam, onda nə olacaq?

      – Razılaşmamaq üçün dəlil-sübutun var? – van Aldin kürəkəninin sualına sualla cavab verdi.

      – Görürəm, sizin heç nədən xəbəriniz yoxdur, cənab van Aldin! Yaxşısı budur, boşanma ərizəsini məhkəməyə göndərməmişdən əvvəl qızınızla söhbət edin. Ona deyin ki, hər şeyi olduğu kimi danışsın, sizinlə səmimi olsun.

      Bu sözləri eşidəndə van Aldin «nə demək istəyirsən?» deyə qışqıraraq yerindən dik atılsa da, artıq gec idi. Derek cəld addımlarla otaqdan çıxmışdı. Qoca milyonçu ağır-ağır kürsüyə çökdü. Öz-özünə düşünməyə başladı: «Əvvəldən ürəyimə dammışdı ki, qızım məndən nə isə gizlədir. Derek də buna işarə etdi. Ah, Rut, əlaltdan nə işlər görürsən, Allah bilir».

      Van Aldin qarşısındakı soyumuş çaydan bir qurtum içdi. Rutgilə zəng elədi. Dəstəyi qulluqçu qaldırdı. O, Rutun nahar etmək üçün restorana getdiyini söylədi. Qoca milyonçu qeyzlə dəstəyi yerinə çırpdı. Otaqda var-gəl etməyə başladı. Bu vaxt Nayton içəri girdi. O, Derek haqqında bəzi məlumatlar verdi. Dedi ki, Derekin işləri pis gedir, borc içində üzür. Borclular hər gün onu boğaza yığırlar. Derek onların qorxusundan küçəyə çıxmağa da ürək eləmir. Naytonun məlumatları van Aldinin kefini açdı. Deməli, Derekin pula ehtiyacı var. Ona pul təklif etməklə boşanmaya razı salmaq olardı. Bu, milyonçu ataya bayaqkı qəzəbini tamam unutdurdu.

      Bir saatdan sonra van Aldin artıq qızıgilin küçəsində idi. Rutun evinə yaxınlaşanda oradan bir nəfərin çıxdığını gördü. Əvvəlcə elə bildi Derekdir. Amma onun lap yanına çatanda yanıldığını başa düşdü. Bir-birinin üzünə ötəri baxıb keçdilər. Qoca milyonçu onu haradasa gördüyünü hiss etdi. Çünki bu yad adamın sifəti çox tanış idi. Amma nə qədər çalışsa da, onu harada gördüyünü xatırlamadı. Əsəbiliklə başını bulayıb Rutun qapısının zəngini basdı. Qapını Rut özü açdı. Sanki atasının gəlişini gözləyirmiş.

      Onlar içəri keçib elə ayaq üstəcə söhbətləşdilər.

      – Bu gün ərin Dereklə görüşdüm, – van Aldin sözə başladı, – o, çox şey danışdı. Danışdıqları ədəbsizlikdən başqa bir şey deyildi. Amma Derek otaqdan çıxanda bir söz dedi. Düzü, başa düşmədim. O, məsləhət gördü ki, əvvəlcə nəyisə məndən gizlədib-gizlətmədiyini soruşum. Qızım, Derek bununla nə demək istəyir?

      Rutun sifət cizgiləri bir anda dəyişdi. Van Aldin qızının həyəcanlandığını, narahatlıq keçirdiyini hiss etdi.

      – Mən bilmirəm, – Rut titrək səslə dedi.

      – Belə olmaz, qızım, – van Aldin alnını ovuşduraraq dedi, – mən bu işlə gözübağlı məşğul olmaq istəmirəm. Onun əlində ciddi dəlil olsa, biz peşmançılıq çəkə bilərik. Yaxşısı budur, sən heç nəyi məndən gizlətmə. Düzünü de, Derek o sözlərlə nəyə işarə edirdi?

      – Dedim ki, bilmirəm! – Rut əvvəlki sözünün üstündə durdu.

      – Yaxşı, onda mənə burdan çıxan kişinin kim olduğunu söylə! – van Aldin dodaqları əsə-əsə dedi.

      – Hansı kişi? – Rut bunu elə soruşdu ki, guya heç nə başa düşmür.

      – Mənim qabağımca sizdən çıxan kişini deyirəm. Mən onu əvvəllər də görmüşəm. Amma harada? Bax bunu xatırlamıram, – birdən qoca milyonçu dayandı, gözləri qəzəbdən parladı, əlləri titrəməyə başladı. Sanki onu ildırım vurmuşdu. – Lənət şeytana, yadıma düşdü. Qızım, o sənin sevdiyin, amma mənim səni vermək istəmədiyim adam idi!

      Rutun bir anda bənizi ağardı. Dili topuq çala-çala dedi:

      – Qraf… qraf de la Roşu deyirsən?

      – Hə, hə, o idi indicə sizdən çıxan! Deməli, sən onunla yenə görüşürsən? Aydın oldu Derek otağımdan çıxanda nə demək istəyirmiş.

      Rut günahkarcasına başını aşağı salmışdı.

      – Demək istəyirmiş ki, siz məhkəmədə mənim başqa qadınla görüşdüyümü əsas gətirəcəksiniz, mən də deyəcəm ki, Rut da başqa kişi ilə görüşür, – van Aldin bu sözləri deyib yaxınlıqdakı kresloya çökdü. İki əli ilə başını tutdu. – Sən nə qədər böyük axmaqlıq elədiyini anlayırsanmı, Rut? Demək, mənim o qədər öyüd-nəsihətimdən sonra sən hələ də o adamla əlaqəni kəsməmisən? Aman Allah, bu nə işdir mənim başıma gəlir?!

      BOŞANMA TƏHLÜKƏSİ

      Derek qayınatasının otağından ildırım kimi bayıra atılanda dəhlizdə özünü saxlaya bilməyib bir qadınla toqquşdu. Qadından üzr istədi. Qadın onun üzrxahlığını təbəssümlə qarşıladı. Onun qəşəng ala gözləri vardı.

      Qayınatası ilə olan söhbət Dereki haldan çıxarmışdı. Nahar etdikdən sonra Mirelin evinə üz tutdu. Mirel məşhur rəqqasə idi. Rut məhz ona görə Derekdən ayrılmaq istəyirdi. Mirel Dereki sevmirdi. Derek ona «pul ağacı» kimi lazım idi.

      Mirelin evi Şərq üslubunda bəzədilmişdi. Otaqlar ərəb əmirlərinin saraylarına oxşayırdı. Dereki görən kimi Mirel onun boynuna sarıldı. Amma gördü ki, Derekin qanı qaradır. Nə baş verdiyini soruşdu.

      – İşlər xarabdır, – Derek paltosunu çıxarıb stulun üstünə atdı. – Qayınatam istəyir ki, Rut məndən boşansın. Bilirsən bu nə deməkdir?

      – Bilirəm, fəlakətə bərabərdir! Sənin bu qədər borc içində olduğun vaxtda heç yerinə düşmədi, – Mirel qanıqara şəkildə dedi. – O niyə boşanmanızı istəyir?

      – Sənə görə, əzizim.

      – Bu ki axmaqlıqdır! – Mirel təəccübləndi.

      – Axmaqlığın lap yekəsidir! – deyə Derek başı ilə təsdiqlədi. – Mənim van Aldinə gücüm çatmaz. Onun pulu çox, mənimsə cibimdə siçanlar oynaşır.

      – Onda başqa şey fikirləş, – Mirel dedi.

      – Nə fikirləşim? Başım şişib, nə edəcəyimi bilmirəm.

      – Deyəsən, Rut sənlə evlənəndə van Aldin onun adına çoxlu pul keçirmişdi, eləmi?

      – Hə, iki milyon funt-sterlinq[1]!

      – Böyük məbləğdir. Rut qəfildən vəfat etsə, o pullar sənə qalacaq.

      – Bu, axmaq təsəllidir. Rut sağlamdır, onun tezliklə öləcəyini, o pulların da mənə qalacağını gözləmək boş şeydir.

      – Sağlam olsun, nə deyirəm. Amma hər cür qəza, bəd hadisə ola bilər.

      Bunu deyib Mirel bic-bic gülümsədi. Derek iti nəzərlərlə onu süzüb heç nə demədi. Mirelin nəyə işarə etdiyini bilirdi. Mirel demək istəyirdi ki, Rutu qəzaya, ya da başqa bir bədbəxt hadisəyə düçar edib aradan götürmək olar. Nəticədə Derekə arvadından çoxlu

Скачать книгу


<p>1</p>

Funt-sterlinq – Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının rəsmi pul vahidi