Скачать книгу

orkestr babasının dəfnində çalınan marşı çalırdı. Bu səfər açılan yaylım atəşləri daha güclü idi və daha uzun müddət əks-səda verdi. Mayorun oğlu ağlamadı. Ölənin arxasınca heç kim ağlamadı. Göz yaşının olmadığı dəfn mərasimsayağı idi. Məzarın başında çıxış edən olmadı. Həqiqətlər Cəngavəri mayor baron von Trotta-Sipolje jandarm baş çavuşunun yaxınlığında yatırdı. Sadə hərbi məzar daşının üzərində qara, incə hərflərlə ad, rütbə və alayın yanında mayorun şərəfli ləqəbi də işlənmişdi: "Solferino qəhrəmanı".

      Ölü arxasında bu məzar daşından əlavə çox az şey qoydu; unudulmuş bir şöhrətlə bir portret. Bir kəndli yazda tarlada yeriyir, daha sonra yay gəldikdə ayaq izləri əkdiyi buğdanın nemətiylə örtülmüş olur. İmperiya müfəttişi Trotta von Sipolje eyni həftə ərzində Əlahəzrətdən başsağlığı yazısını aldı, yazıda mərhumun heç bir zaman "unudulmayacaq xidmətlərindən" iki dəfə bəhs edilirdi.

      II

      Diviziyanın hakim olduğu yerlərdə Moravyadakı kiçik yerli şəhər V.-nin onuncu piyada alayının hərbi orkestri qədər gözəl bir orkestr yox idi. Orkestrin rəhbəri möhkəm hafizəsi və köhnə melodiyaların yeni versiyalarına qarşı hiss etdiyi ehtiyac sayəsində Avstriyanın hər ay bir marş bəstələyə bilməyə qadir hərbi musiqiçiləri arasında yer tuturdu. Bütün marşlar eynilə əsgərlər kimi bir-birinə bənzəyirdi. Çoxu sürətli bir təbil solosuyla başlayır, marşlara xas sürətləndirilmiş yaxta borusu ritmini şirin zənglərin zingildəyən təbəssümü izləyir, böyük nağaranın qulaqları kar edən guruldamasıyla, yəni hərbi musiqinin nəşə ilə dolu, kiçik fırtınasıyla sona çatırdı. Orkestr rəhbəri Nexvalı o biri məsləkdaşlarından ayıran xüsusiyyət bəstəkarlıq sahəsində göstərdiyi qeyri-adi məhsuldar güc-qüvvədən ziyadə, musiqinin çalınmasında ortaya qoyduğu həm ürəkli, həm də şən intizam idi. O biri orkestr rəhbərlərinin ilk marşı orkestr çavuşuna həvalə edib proqramın ikinci marşıyla birlikdə dirijor çubuğunu götürmə məsələsində göstərdikləri həvəssiz alışqanlıq Nexval üçün imperiyanın süqutuna yönəlmiş açıq bir əlamət mənasına gəlirdi. Orkestr nəzərdə tutulan dairə içərisində yerini tutub not stollarının zərif ayaqları meydanın böyük parket daşları arasındakı qara torpaq boşluqlara gömüldüyü anda orkestrin rəhbəri musiqiçilərin ortasına keçir, qarağacdan düzəldilmiş gümüş qulplu dirijor çubuğunu həvəslə qaldırırdı, hörmətli bölgə qubernatorunun balkonunun altında verilən bütün meydan konsertləri “Radetski” marşıyla başlayırdı. Orkestr mənsublarının “Radetski” marşını heç idarə olunmadan gecəyarısı yuxuda çala biləcək qədər yaxşı bilməsinə baxmayaraq, orkestr rəhbəri yenə də hər bir notu kağızdan oxumağı zəruri hesab edərək musiqiçiləriylə birlikdə “Radetski” marşının ilk sınaq çalğısını gerçəkləşdirirmiş kimi hər bazar günü hərbiyə və musiqiyə qarşı məsuliyyət hissiylə başını, dirijor çubuğunu və baxışlarını qaldırıb hər üçünü birdən ortasında dayandığı dairənin əmrlərinə möhtacmış kimi görünən hissələrinə yönəldirdi. İti barabanlar gumbuldayır, şirin fleytalar fit çalır, zənglər bir-birinə vurulurdu. Dinləyicilərin üzündə dalğın, məmnun bir təbəssüm yaranır, ayaqlarında dolaşan qan yavaşca qaynamağa başlayırdı. Ayaq üstə yerlərində dayanmalarına baxmayaraq, özlərini marş halındaymış kimi hiss edirdilər. Gənc qızlar nəfəslərini tutub dodaqlarını aralayır, yetkin kişilər başlarını önlərinə əyib əsgərlik manevrlərini xatırlayırdılar; yan parkda oturan yaşlı qadınların isə boz saçlarla örtülmüş kiçik başları titrəyirdi. Yay mövsümü idi.

      Bəli, yay mövsümü idi. Bölgə qubernatorunun evinin qarşısındakı yaşlı şabalıd ağacları yalnız səhər və axşamlar tünd yaşıl, sıx, qalın budaqlı təpə hissəsini tərpədir, gün boyunca heç tərpənmədən dayanır, ortaya ağır bir qoxu yayıb geniş, sərin kölgəsini küçənin ortasına qədər salırdı. Səma həmişə mavi olurdu. Quşlar səssizcə şəhərin üstündə dayanmadan ötüşürdü. Bəzən parket daşlarının üzərindən içində bir əcnəbinin oturduğu bir fayton stansiyadan otelə doğru diyirlənir, bəzən də herr von Vinterniggi daşıyan cüt at qoşulan arabanın atlarının nalları şimaldan cənuba doğru malikanə sahibinin köşkündən nəhəng ov bölgəsinə gedən geniş küçənin daşlarını döyürdü. Böyük sarı bir ədyala bükülmüş bapbalaca, qupquru üzlü, çəlimsiz qoca herr von Vinternigg həyatla dolu yayın içindən elastik, səssiz rezin təkərlər üzərində yatağından qaldırılıb çölün zənginliyinə aparılırdı. Böyük qaranlıq meşələrlə yaşıl geyimli meşəbəyilər onu gözləməkdə idi. Şəhərin sakinləri herr von Vinterniggi salamlayır, amma o, bu salamlar dənizinin içindən cavab vermədən keçirdi. Yaşlı kişinin qaraya bürünmüş sürücüsü dimdik yüksəlmişdi və qara silindr şlyapası az qala şabalıd ağaclarının təpələrini sıyırırdı; yumşaq qamçı cins atların qəhvəyi kürəklərini oxşayır, sürücünün möhkəm yumulmuş ağzından nizamlı aralıqlarla atların nal səslərini batıran, melodik bir tüfəng partlayışına bənzəyən təəccüblü bir şappıltı eşidilirdi.

      Tətillər bu günlərdə başlayırdı. Bölgə qubernatorunun on beş yaşlı oğlu, Süvari Hərbi Məktəbinin şagirdi Karl Cozef von Trotta doğulduğu şəhəri bir yay diyarı kimi görürdü; bura həm onun, həm də yayların məmləkəti idi. Miladlarla pasxalarda dayısına qonaq olurdu, təkcə yay tətillərində evə gəlirdi. Həmişə də bazar günü evə çatırdı. Bunu bölgə qubernatoru olan atası baron Frans von Trotta-Sipolje istəyirdi.

      Məktəbdə yay tətili hansı gün başlayırsa başlasın, evdə şənbə günü başlamağa məcbur idi. Baron von Trotta-Sipolje bazar günləri vəzifə başında olmazdı, saat doqquzdan on ikiyə qədər bütün günortadan əvvəlki vaxtını oğluna ayırardı. İlk ayindən on beş dəqiqə sonra – düz doqquza on dəqiqə qalmış oğlan bazar formasıyla atasının qapısının qarşısında durardı. Doqquza beş dəqiqə qalmış Jak boz xidmətçi paltarıyla pilləkənlərdən aşağı düşərək:

      –Atanız gəlir, – dedi. Karl Cozef bir daha pencəyini aşağı çəkdi, kəmərini düzəltdi, papağını əlinə alaraq nizama uyğun bir şəkildə ombasına basdı. Atası gəldi, oğlanın topuqlarını bir-birinə vurarkən çıxardığı səs səssiz, köhnə evin içində əks-səda verdi. Atası qapını açıb başını yüngülcə əyərək oğlunun öndən keçməsini istədi. Oğlan yerində qaldı, atasının dəvətini görməzliyə vurdu. Atası qapıdan içəri girdi, Karl Cozef onu izlədi, sonra kandarda dayandı. Bölgə qubernatoru bir müddət sonra dedi: "Rahat ol". Bundan sonra Karl Cozef atasının qarşısında, qırmızı məxmərdən olan böyük kresloda oturdu, dizlərini möhkəmcə birləşdirib papağıyla ağ əlcəklərini dizlərinin üstündə yerləşdirdi. Yaşıl jalüzlərin incə aralarından sızan cılız günəş şüaları tünd qırmızı xalçanın üzərinə düşürdü. Bir ağcaqanad vızıltısı eşidildi, divar saatı çalmağa başladı. Doqquz dəfə çaldıqdan sonra bölgə qubernatoru sözə başladı:

      –Polkovnik Marek nə edir?

      –Təşəkkür edirəm, ata, yaxşıyam.

      –Həndəsəni hələ də zəif bilirsən?

      –Təşəkkür edirəm, ata, bir az daha yaxşıdı.

      –Kitab oxudunmu?

      –Bəli, ata.

      –Minicilik nə vəziyyətdədi?

Скачать книгу