ТОП просматриваемых книг сайта:
Kopenhagen trilogiyası. Тове Дитлевсен
Читать онлайн.Название Kopenhagen trilogiyası
Год выпуска 0
isbn
Автор произведения Тове Дитлевсен
Издательство Alatoran yayınları
Sevgi, zənginlik və gənclik,
Onları minlərlə zəncir halqası ilə bağlayır.
Nə fərqi var ki, bəy-gəlin yatağı,
Əgər ucqar kənd cığırında qoyulubsa da?!
Bura qədər oxuduğumda nənəmin qaşları çatılır, alnı qırışır, ayağa qalxır, sanki xoşagəlməz bir təəssüratdan yaxa qurtarmaq naminə paltarına sığal çəkir. – “Bu yaxşı nəğmə deyil”, – o, ciddi-ciddi dillənir, – “bunu doğrudanmı məktəbdə öyrənmisən?” Mən dərin təəssüflə “hə” deyirəm. Çünki düşünürdüm ki, indi “Nə qəşəng nəğmədir, kim yazıb bunu?” deyəcək. – “Adam gərək kilsədə evlənsin”, – nənəm deyir, – “ondan qabaq gərək bir-birlərinə toxunmasınlar.”
– “Amma bunu, əlbəttə ki, bilmək olmur da! Oh, ay nənə, mən bu haqda sən düşündüyündən daha çox şeylər bilirəm, amma gələcəkdə də bu barədə səssiz qalacağam. Bir neçə il öncə məni təəccübləndirən kəşfim barədə düşünürəm:
Atamla anam fevral ayında ailə qurub, elə həmin ilin aprelində isə qardaşım Edvin dünyaya gəlib. Anamdan soruşdum ki, bu necə ola bilər? O isə cəld cavab verdi: – “Bilirsən bala, ilk uşaq ana bətnində iki aydan artıq qalmır axı.” Sonra o güldü. Edvinlə atam isə qaş-qabaq salladı. Böyüklərlə bağlı ən pis şey budur. Onlar heç zaman qəbul etmir ki, həyatlarında heç olmasa bir dəfə nəsə məsuliyyətsiz, səhv bir iş görürlər. Başqalarını mühakimə etməyə həvəslidirlər, amma heç zaman öz səhvlərini görüb mühakimə etmirlər.
Ailəmi yalnız valideynlərimlə birlikdə, yaxud ən azından anamla bərabər olanda görürəm. Rozalia xalam da nənəm kimi Amagerdə yaşayır. Mən onu yalnız bir neçə dəfə ziyarət etmişəm, çünki Karl əmi – onu “Deşikayaqlı”adlandırırdılar – hər zaman qonaq otağındakı divanda oturur, ya pivə içir, ya da qumar oyanyır. Bunları seyr etmək isə uşaqlar üçün o qədər də yaxşı deyil. Qonaq otaqları hamının qonaq otağına bənzəyir, divar boyu bufet yığılıb, bir divarda divan qoyulub, ortada isə ətrafına stullar düzülən masa dayanıb. Bufetdə bizim apartamentdə olduğu kimi çuğun sini içində qəhvədan var, heç zaman istifadə edilməyən, silinib, parıldadılıb tərtəmiz yalnız qonaq gəlişi üçün saxlanılan krem rəngli sürahi qoyulub. Rozalia xala Maqazin dükanları üçün paltarlar biçir və bizi işdən sonra evə gedərkən tez-tez ziyarət edir. Əlində, böyük alpaka bükülməsində biçməyə hazırlaşdığı paltarları daşıyır. Və bizi ziyarət etməyə gələrkən də onları yerə qoymur. Papağı hər zaman başında olur, “bircə dəqiqəlik, elə-belə gəldim dəyəm” deyir. Papağını başından çıxartma-maqla sanki bir neçə saat evdə olmasını inkar etməyə zəmin hazırlayır. O anamla hər zaman keçmişdən, cavanlıqlarından danışır. Bu yolla da mən əslində öyrənməli olmadığım çox şey eşidirəm. Bir dəfə misal üçün anam bərbəri evdə dolabda gizlətməli olub, çünki atam qəfil gəlib çıxıb üstünə. Əgər anam onu birtəhər evdən yola salmasaydı, bərbər dolabda boğulacaqmış. Belə əhvalatlar çoxdur və onları hər dəfə danışanda bərkdən gülürlər. Rozalia xala anamdan cəmi 2 yaş böyükdür. Aqnete xala isə onlardan 8 yaş böyükdür və heç də onlarla bir cavanlıq keçirtməyib. O və Peter əmi tez-tez gəlib mənim valideynlərimlə kart oynayır. Aqnete xala dindardır və hər dəfə kimsə onun yanında söyüş söydüyündə – əri sadəcə onu əsəbləşdirmək üçün tez-tez söyür – çox əziyyət çəkir. O hündürdür, dolubədəndir və sinəsindən Daqmar xaçı asıb. Peter əmi ona “eyvan” deyir. Əgər valideynlərimə inanmalı olsam, o şeytandır, inanmayandır, amma əslində hər zaman mənə qarşı dostcanlıdır, ona görə valideynlərimə inanmıram. O dülgərdir və işi heç zaman bitmir. Onlar qonaq otağında piano olan Österbroda buz kimi soyuq evdə yaşayır və bu evə ayaqlarını yalnız Milad bayramı ərəfəsində basır. Deyirlər ki, Peter əmiyə xeyli dərəcədə pul miras qalıb və o, bu pulları vergi müfəttişlərini axmaq yerində qoymaq üçün müxtəlif banklarda saxlayır. Bəzən işlədiyi mağazanın işçilərini başqa şirkətlər pulsuz-parasız qonaq edir. Onlarla bərabər Tuborqa getdiklərində o qədər çox içir ki, onu məcbur xəstəxanaya aparırlar və növbəti gün mədəsini yuyurlar. Enayd südçülük fabrikini ziyarət etdiyində isə o qədər çox süd içir ki, növbəti həftə xəstə yatır. Bunları saymasaq, heç zaman sudan başqa bir şey içmir. Mənim üç əmiqızım yaş-ça məndən böyükdür və onlar kifayət qədər eybəcərdir. Hər axşam onlar yemək masasının ətrafında oturur və qəzəblə toxuyurlar. Amma onlar elə də zəkalı deyil. Bu sözləri atam deyir və doğrudan da onların böyük evlərində heç bir kitab belə yoxdur. Mənim valideynlərim deyəndə ki, biz o qızlardan daha yaxşı hazırlıqlıyıq, üzgörənlik etmirlər. Peter əmi əvvəl bir dəfə evli olub və həmin evlilikdən anamdan 7-8 yaş kiçik olan bir qızı var. Onun adı Esterdir, yekəpər, əyri yerişi olan bir qadındır. Gözləri elə bil hədəqəsindən bu dəqiqə pırtlayıb çıxacaq. Və hər dəfə bizi ziyarət etdiyində mənimlə çağa kimi danışır, buna isə həyatda hər şeydən daha çox nifrət edirəm. Anam onu “şirin piroq” çağırır. Anamla axşamlar gəzməyə çıxır, bu isə atamı çox hürküdür. Bir dəfə Folkets Hüsdə maskarada gedirlər və onlar kosmetikalarını etdikləri müddətdə mən güzgünü onlar üçün saxlayıram. Mənə görə anam “The Night Queen”dəki qadın kimi son dərəcə gözəldir. Ester isə “18-ci əsrdən qalan faytonçu kimidir” və onun əlləri poluverinin qolundan hər zaman sallanır. Onlar tələsməlidir, çünki atam tezliklə gələcək. Anam yüzlərlə qızıl pulcuqlardan ibarət parıldayan qara tül donunu geyinib dayanıb. Onlar da anamın kövrək xoşbəxtliyi kimi asanlıqla qopub tökülür. Onlar elə evdən çıxan kimi atam evə daxil olur. Qapıda rastlaşırlar, atam anamın gözlərinin içinə baxıb deyir: -“Ay səni köhnə qancıq!” Anamsa heç nə demir, Esterin hündürdabanlarında sadəcə səssiz-səmirsiz yanından ötüb keçir. Atam bilir ki, onu eşitmişəm və həlim, melanxolik simasında qeyri-müəyyən ifadə ilə düz qarşımda əyləşir. – “Böyüyəndə nə olmaq istəyirən?”, – o, naqolay tərzdə xəbər alır. – “The Night Queen”, – mən qəddarlıqla deyirəm. Çünki bu məhz o Ditlevdir ki, hər zaman anamın kefini, əhvalını korlayır.
X BÖLÜM
Orta məktəbə getməyə başlamışam və bununla da dünyam genişlənməyə başlayıb. Mənə davam etməyə icazə verdilər, çünki valideynlərimə görə, mən məktəbi bitirdiyimdə 14 yaşdan artıq olmayacağam və Edvini də təlimlərə yazdırdıqlarından məni ayırmaq istəməyiblər. Eyni zamanda mənə nəhayət ki, Valdemarsqata küçəsindəki uşaq kitabları bölməsi olan dövlət kitabxanasından istifadə etməyə icazə verildi. Anama görə böyüklər üçün yazılmış kitabları oxumaqdan daha da qəribə ola bilərəm. Atam razılaşmasa da, heç nə demir,