Скачать книгу
də quyruqlarını bulayırdılar. Kəndin üstündə kasıb və sadə kəndli qəbiristanlığı vardı. Kəndlilər sağlıqlarında becərdikləri torpaqda uzanıb əbədi istirahət edirdilər. Kəndə doğru gedən yolla iki adam addımlayırdı. Biri kişi, biri arvad. Kişinin belində sandıq, sandığın içində isə balaca aynalardan, iynədən, müxtəlif rəngli saplardan, yaylıqlardan, dəmir üzüklərdən tutmuş əl boyda uşaq topuna, kəlbətinə, siçan tələsinə kimi çox geniş mal çeşidləri vardı. O, bu malları kəndə aparıb satmayınca adamlardan əl çəkmir, satmaq mümkün olmadıqda toyuğa, yumurtaya, pendirə dəyişirdi. İlin on iki ayı ikicanlı olan arvadı ördək kimi yırğalana-yırğalana yeriyirdi. Arxaya çevrildikdə yaşadığımız məhəllə, evlər, bağlar, məktəbimiz, məktəbə gedən yol, yolun üstündə məktəb qarovulçusunun evi, at tövləsi görünür. Bəzi həyətlərdə ağaclar o qədər uca, o qədər qalındır ki, evlərin ağ divarlarını, boz-qırmızı damlarını ağacların arasından güclə tapırsan. Payızda ağaclar çılpaqlaşır, həyətlər, evlər daha aydın görünür. Ağaclar paltarlarını soyunduqca, insanlar qalın paltarlarını üst-üstə geyinirdilər. Səhər tezdən məktəb qarovulçusunun atı yekə başını tövlənin pəncərəsindən çıxarıb məktəbə gedən uşaqlara baxırdı. Adama elə gəlirdi ki, atın özü də məktəbə getmək istəyir. Məktəbə gecikən uşaqlar tövlənin pəncərəsindən başını küçəyə çıxarmış ata kökə, çörək yedizdirirdilər. At yumşaq dodaqlarını marçıldadıb kökələri, çörəkləri yedikdən sonra uşaqların üzünə baxırdı. Elə mənalı baxırdı ki, adam yenə də ona bir şey verməyə məcbur olurdu. Məhəllədəki evlərdən birinin talvarında qoca bir arvad oturmuşdu. Qoca arvad solmuş parçadan güllü uzun yubka geyinmişdi. Matros paltarı geyinmiş, başına əsgər papağı qoymuş nəvəsi onun ayaqları önündə oturmuşdu və balaca, kövrək barmaqları ilə nənəsinin yubkasındakı gülləri sayırdı. Hardasa uzaqlarda arx kənarında çimişən uşaqların səsi gəlirdi. Sol tərəfdə şərab zavodunun hündür borularının qaralan ucları görünür. Boruların aşağı hissəsi isə sexlərdən qalxan buxarın içində yox olub gedirdi. Adama elə gəlirdi ki, bu borular göydən asılı vəziyyətdədir. Axşam iş saatı başa çatdıqda zavodun darvazasından bayıra insan seli axırdı. Bunların arasında ömrünün ən yaxşı çağlarını zavod yolunda qoymuş, qozbelləşmiş qoca fəhlə qadınlar, artıq həyatın sərt üzünü görmüş cavan gəlinlər və qızlar da vardı. Yaşlı qadınlar öz kişilərindən söhbət açanda bu qızların gözləri sirli bir sevinclə parıldayırdı. Qızlar bir-birlərindən sirr saxlamırdılar. Bir oğlan bir qıza eşq elan edirdisə, həmin gün, ya səhər tezdən bu eşq hamıya bəlli olurdu. Bu ağıllı və ağılsız, pinti və səliqəli, sakit və səs-küylü qızlar ərə getdikdən sonra kobudlaşır, tez qocalır, düşkünləşirdilər. Zavoddan təpələrə sarı addımladıqda qəfildən bir gölməçəyə rast gəlirsən. Orda, elə bil, bir- birinə üstün gəlmək, bir-birinin səsini batırmaq istəyirmiş kimi qurbağalar səs-səsə vermişdilər. Təpələrin o tayında əvvəllər tarla olmuş yerdə təzə evlər tikilirdi. Görülən işin, çəkiclərin, baltaların boğuq səsi eşidilirdi. Gənc ailələr həvəslə özlərinə yuva qururdular. Bəzi evlər tam tikilib qurtarmasa da, artıq orda ailələr yaşayırdılar. Həyətlərə cavan ağaclar əkmişdilər. Elə ailələr vardı, əvvəl evi tikib sonra hasar çəkirdilər. Bəziləri əvvəl hasar çəkib sonra ev tikirdilər. Baxır adamına. Amma fərqi yoxdur, istər birinci hasar çəkilsin, istərsə də birinci ev tikilsin, məqsəd birdir: gənc ailələr tezliklə ev-eşik, bağ-bostan sahibi olmaq istəyirdilər. Əvvəllər tarla olmuş yeri hissələrə bölüb gənc ailələrə paylayanda bərk həyəcan keçirirdim. Uşaq ağlımla elə bilirdim ki, əgər daha burda taxıl əkməsələr, acından öləcəyik. Həyəcanımı heç kimə bildirə bilmirdim. Böyüklər az hallarda suallarımıza cavab verirdilər. Onlar ancaq elə bizə iş tapşırırdılar. Sual verəndə böyüklər sözümüzü kəsir, get öz işinlə məşğul ol, böyüyəndə özün hər şeyi başa düşərsən, deyirdilər. Pərt olurduq.
… İnəklər, camışlar təpələrin arasında otlaya-otlaya hər tərəfə dağılışır, kolların arasında görünməz olur. Camışlar özlərini bataqlıq yerlərə verir, bir-birinin ardınca günəşin qızdırdığı lilli suya girib, lehmədə yatıb dincəlirlər. Kötük kimi hərəkətsiz qalırlar. Kənardan baxanda yalnız burunları, bir də gözləri görünür. İnəklər otlaya-otlaya ora-bura hərlənir, arada uzanıb dincəlirlər, sonra ayağa qalxaraq yenidən otlayırlar. Onlar hətta mələmirlər də. Yalnız fısıltıları eşidilir. Yaxınlıqdan maşın, traktor keçəndə motor səsi eşidən inəklərin hər biri əmr alıbmış kimi başlarını qaldırır. Mal otaran uşaqlar mürgüləyir, darıxdıqlarından fıştırıq çalırlar. Bir az mərifətliləri quru otlardan xırdaca səbət toxuyurlar. Çobanyastığılarını sapa düzüb boyunbağı düzəldirlər. Avaraları iki cücü tutub onları dalaşdırırlar. Günəşdən qızınan kərtənkələlərə, gölməçələrin kənarında qurbağa ovlayan ilana tamaşa edirlər. Sonra uzun-uzadı mahnılar oxuyurlar. Gün isə qurtarmaq bilmir. Uşaqlara elə gəlir ki, gün elə hey uzanır. Yəqin ki, başqalarına gün tam bir ömür qədər uzun görünmür. Nəhayət, axşam olur. Uşaqlar malları səsləyir. Camışlar bir-birinin ardınca ayağa qalxdıqca qatı palçıq paqqıldayır. Ağızlarından köpük daşan, gözləri bərəlmiş kəllər dağ selinin yuvarlayıb apardığı nəhəng daşlar kimi təpələrdən başıaşağı axışırlar. Mal-qaranın yaratdığı, bir-birinə oxşayan, bir-birinə dolaşan cığırlar torbadan tökülmüş ilanlar kimi dörd bir tərəfə yayılıb. Mal-qara dal-dala düzülərək bu cığırlarla düzənliklərdən keçirlər. İlin dörd fəsli həyətlərindən tüstü qalxan kəndə qayıdırlar. Sürü kəndə girəndə inəklər bir-bir, iki-iki, üç-üç sürüdən aralanıb evlərin həyət darvazasının önündə dayanırlar. Sahiblərinin darvazanı açıb onları həyətə buraxmaq-larını gözləyirlər. Xam inəklər yolun ortasında dayanıb kədərlə ətrafa baxırlar. Bəziləri özlərini divara, ağaclara, elektrik dirəklərinə sürtürlər…