Скачать книгу

ki, bütün axşam onu səssizcə heyranlıqla seyr edə bilsin və hüzurunda xumarlansın.

      Qəribə təzaddır. Onu qadın üçün belə çəkici edən məhz qadının özündə olmayan keyfiyyət idi. O, Raymondun cəsarətli və güclü, sadə təbiətini, onunla yanaşı hərəkət edən yüksək əhval-ruhiyyəsini və dünyanı qayğısız nəşə ilə dolaşan halını sevirdi. Raymondda özündə olmasını şiddətlə arzuladığı, bəzənsə paxıllıq etdiyi bir növ üstünlük hiss edirdi.

      O, bütün bunları daxilində, dərinliklərdə saxlayır və heç zaman zərrə qədər də biruzə vermirdi. Oğlanın bunu hiss edəcəyi, yaxud duya biləcəyi barədə düşündüyündə yanaqları alışıb-yanırdı. Onun üçün sirrinin ifşa olması bütün həyatını dağıntılara və nizamsızlığa atacaq bir faciə olardı, necə ki, oxşar aşiqlik onun mehriban Estel bibisinin həyatını məhv etmişdi. Atası nə deyərdi? Maks və bacıları nə deyərdi? Və əsas da, bibilər, bibilər!… Qəribədir, o, bir an olsun ailəsinin bu birliyi qəbul edəcəyi haqda fərziyyə ilə özünü əyləndirməmişdi. Yox, o, güclü şəkildə intuitiv olaraq ailəsinin buna qarşı çıxacağını hiss edirdi, hamısının, buna qarşı çıxacağını hiss edirdi. Niyə? O, bunu deyə bilməzdi, amma hiss edirdi. Onun Raymonda olan hissləri fəlakət idi, özü də bilirdi, bunu bu qədər aşkar, dərin hiss etdiyindən, bildiyindən ara-sıra kədər və iztirab içində hönkürərdi. Bununla belə böyük istəyi nə azalar, nə də yox olardı.

      Səssiz bir məmnuniyyətin yumşaq görüntüsü arxasında Adrianın bədbəxtliyi davam edirdi və onu tanıyanlardan heç biri zərrə qədər də bundan şübhələnmirdi.

      Masa arxasındakı nəşəli birlikdəliyə qəfil təntənəli bir sükut çökdü. Bibilər masalarından məclisi tərk etmək üçün rəsmi şəkildə qalxdılar. Hər üçü qonşu şəhərin kənarında kənd evində yaşayırdı və onların faytonu evin qarşısında gözləməkdə idi. Onlar tam qaranlıq çökənə kimi evdə olmağa üstünlük verirdi. Qoca sürücüləri Vreskendən savayı müşayiət edənləri olmadığından tənha, işıqlandırılmamış yollarda at sürməyə qorxurdular. Ləyaqətli bir sıralama ilə onlar ayaqlarını sürüyərək xudahafizləşmək üçün cənab Dufoura yaxınlaşdılar.

      – “Mais non!”( Amma yox. Fransızca) Belə tez! – o, üzünə saxta təəccüb ifadəsi verib dedi.

      – Bayırda hava artıq qaralıb, – Klemens bibi dedi. Və onun tarım sifəti demək olar ki, məzəmmətedici bir görünüş aldı, sanki onların bu qədər gecəyə qalmasının günahı qardaşlarında idi.

      – Hər şey möhtəşəm idi, sadəcə möhtəşəm!, – mehriban Estel bibi təbəssümlə dedi.

      Viktuar bibinin burnunun altında nə mırıldadığını ayırd etmək mümkün deyildi, amma onun bürüşmüş sifətində narazı baxış vardı və bağlı dodaqları arasında nəsə deyinirdi.

      Bibilər ayağa qalxan kimi qardaşı qızları da onlarla bərabər yay kimi sıçradı. Adrinın onların paltosunu gətirmək üçün cəld otaqdan çıxdığı əsnada Klara və Edmi üç qarımış qadına tərəf yaxınlaşdı. Sanki onların buranı tərk edişi son dərəcə mühüm əhəmiyyətə malik hadisə idi, sanki onlar uzun və təhlükəli bir səfərə çıxırdılar.

      – Ehtiyatlı olun, soyuqlayarsınız, Klemense bibi.

      – Xəz yaxalığınızı qaldırım, Viktuar bibi?

      Onlar hər nə olsa da, hər zaman məmnun qalan Estel bibi barədə daha az narahat idilər.

      Bibilər çıxıb gedəndən sonra digər bütün qonaqlar bir-birinin ardınca ayağa qalxdı. Qəribə idi, baxmayaraq ki, böyük bibilər məclisin həyatı və qəlbi idilər, Dufour ailəsindəki nüfuzları elə idi ki, onların iştirakı olmadan şadyanalığa davam etmək nalayiq rəftar sayılardı. Qonaqlar bir-bir “gecəniz xeyrə qalsın!” demək üçün cənab Dufourun və qızlarının yanına yaxınlaşdılar. Sifətlərin çoxu qızarıb parıldayırdı, cənab Dufourun sifəti də istisna deyildi. Emosiyalar və heç də az olmayan miqdardakı içki onun üzünü qızartmışdı. Adrian zərif bir təbəssümlə Raymonda güldü, sonra cəld gözlərini aşağı dikdi. Əli nəm idi və onun əlini sıxanda titrədi. Hər halda bu Raymondda heç bir təəssürat oyatmadı. O, Marinin iki əmisioğlu – özü kimi həvəsli at sürən və ovçu olan – Verstraje qardaşları ilə söhbətə girişmişdi. Və Adriana bir anlıq belə göz qoymadan onlarla söhbət eləyə-eləyə məkanı tərk etdi. O, darıxdırıcı bir melonxoliya hiss etdi, sonuncu qonaq çıxıb gedəndən və böyük otaq qəfildən boş və sakit olandan sonra bu hiss daha da kəskinləşdi. Atası da məclisdən gedən kütlənin arxasınca otağı tərk etmişdi. Havasını dəyişməli olduğunu söyləmiş və bəzi dostları ilə qəhvəxanaya çıxmışdı, çox gec gəlməyəcəkdi.

* * *

      Budur bacılar hər üçü nə edəcəklərini bilmədən, hara gedəcəklərindən, hansı addımı atacaqlarından əmin olmadan orada dayanmışdılar. Onlar gözlərini ləkəli süfrənin, yarıdolu şərab qədəhlərinin, solan çiçəklərin üzərində gəzdirdilər və bu nizamsızlıq bütün prozaik təmkini ilə onları bir zərbə ilə vurdu. Sanki onlar birdən mərasimin yenicə yekunlaşdığı otelə, yaxud bir restorana düşmüşdülər. Onlar artıq özlərini evlərindəki kimi hiss etmirdilər, xüsusən də məhz bu məclis üçün tutulan, masaları təmizləmək üçün hələ də açıq qapıda ehtiyatda gözləyən, tanış olmayan ofisiantları gördüklərində! Yuxarı nəzarət edən qulluqçu tərəddüdlü baxışla yaxınlaşdı.

* * *

      – Xanım Klara, biz burada səliqə-səhman yaradınca öz hücrənizə çəkilmək istəməzdinizmi? Orada sizin üçün çıraq yandıraram.

      – Hə, Marta, əlbəttə! – sanki kiminsə onlara yaxınlaşıb nə edəcəklərini deməsindən xoşbəxt görünürlərmiş kimi hər üçü başı ilə razılığını bildirdi. Tələsik çıxdılar və onlar böyük qonaq otağının kiçik hücrəsində, geniş pəncərənin qarşısında yarıqaranlıqda oturub Martadan hələ çırağı yan-dırmamağını xahiş etdilər. Bir az oturub söhbətləşəcəklərini, alatoranlıqdan həzz alacaqlarını dedilər.

      Səssizlik qalın, əzici kəfən kimi qaranlıqla bərabər onların üzərinə çökdü. Yalnız geniş pəncərə bayırdan içəri bozumtul işıq süzdürürdü və onlar hərəkətsiz, dalğın, xəyal quran gözlərlə bu işığa tamaşa edirdilər.

      Maks və Mari, görəsən, bu anda harada ola bilərdi, onlar indi nə edirdilər? İndi… onlar indi qatarda idi və toy gecələrini birlikdə keçirəcəkləri böyük şəhərə doğru yol almışdılar. Birlikdə… hər zaman birlikdə, sonsuza qədər! Xoşbəxt günlərdə birlikdə, kədərli günlərdə birlikdə, ancaq birlikdə, hər zaman birlikdə, bütün həyatları boyu… Evliliyin gözəlliyi bu idi, xoşbəxtliyin gözəlliyi bu idi. Bu həyatın məqsədi idi! Tezliklə, öz otaqlarında yalnız ikisi olacaq, insanlığın mənasız hay-küyündən uzaqda Maks onu ehtirasla sinəsinə sıxıb sığallayacaq, öpəcəkdi, dodağından öpəcək və boğulan, əsən səsi ilə:

      “Mən xoşbəxtəm, Mari; Mən dünyanın ən xoşbəxt kişisiyəm!” deyəcəkdi.

      Ah, xoşbəxt Mari, bu pərəstiş sözlərini eşidən, üzünə əri tərəfindən onu əsl, mükəmməl şəkildə xoşbəxt edənin özü, yalnız Mari özü olduğu deyilən xoşbəxt qadın…

      Onlar

Скачать книгу