Скачать книгу

ərinin qarşısından buğumlanaraq keçir, bəzən isə qadınların saçlarının ətrafında nazik duvaq kimi yayılırdı.

      Noyabr gününün tutqun boz işığı yavaş-yavaş öləziməkdə və geniş qonaq otağının ucqar küncləri kölgələrlə dolmaqda idi. Arxaları pəncərələrdən birinə tərəf yan-yana dayanan yeni evlilər parlaq şüşənin fonunda tünd siluetlərə çevrilməkdəydilər.

      Desert yeyilib qurtarmışdı, qədəhlər yarı dolu idi və artıq nə boşalır, nə də yenidən doldurulurdu. Onların hamısı artıq yorğunlaşır, doyub ağırlaşırdı. Bəzi söhbətlər hələ də canlı və həyat dolu olsa da, qonaqların əksəri key və səssiz halda, kiminsə, basırıq otağı tərk etmək haqqında verəcəyi siqnalı gözləyirdi.

      Mari yavaşca ayağa qalxdı, Maks da dərhal onunla birlikdə qalxdı. Uzun masaların üzərinə qəfil bir sakitlik çökdü. Onlar səssizcə stulların arası ilə keçib cənab Dufour oturan yerə yaxınlaşdılar. Maks əyilib onun qulağına pıçıltı ilə:

      – Ata, bizim getmək vaxtımızdır, – dedi.

      Hələ də yanındakı qadınla söhbətin təsiri altında olan cənab Dufour təəccüblə başını qaldırdı:

      – Artıq?

      – Bəli, ata. Saat artıq dörddür və fayton bizi gözləyir, – Mari cavab verdi.

      Cənab Dufor ayağa qalxdı və bu, hər kəs üçün ayağa qalxmağa işarə idi, çəkilən stulların və atılan salfetlərin səsləri içində onlar bəy-gəlinlə xudahafizləşməyə hazırlaşdılar.

      – Yaxşı onda, bon voyage! (yaxşı yol!), – Cənab Dufour dedi, onun səsi hər zamankı kimi sərt olsa da, emosiyalarını tutub saxlaya bilmədi.

      Qollarını uzadıb birinci oğlunu, sonra isə gəlinini qucaqladı. Gözləri yaşarmışdı və alt dodağı qalın bığlarının altında bərk-bərk sıxılmışdı. İllər boyu övladlarının hansınasa sarıldığını xatırlaya bilmədi.

      – “Bon voyage” sağ-salamat gedib gələsiniz! – o, səsində kiçik tutulma hiss olunaraq təkrar etdi. Əlləri də bir qədər əsirdi.

      – Sən get yenə otur, ata. Qonaqlarınla ol, – Maks sakit tərzdə söylədi.

      Hisslərini boğmağa çalışan cənab Dufour etirazsız deyilənə əməl etdi.

      Gənc cütlük ayaqlarını sürtə-sürtə uzun stul cərgəsinin arası ilə keçdilər. Maks gülürdü. Onun gözləri xoşbəxtliklə bərq vurur, mütənasib sifət cizgilərini və gur qara saqqalını işıqlandırırdı. Bütün varlığı özgüvən qüvvəsi ilə par-par yanırdı, sanki ona bütün gücü ilə qorumalı olduğu bir xəzinəni əmanət etmişdilər. Mari isə yanında sadə bir təvazökarlıq, bir qədər də itaətkarlıqla otaq boyu ilə addımlayırdı. Qonaqlar hiss edirdi ki, o, müstəqilliyi ilə son dəfə xudahafizləşmişdir. Narıncı tumurcuqlarla bəzədilmiş uzun, ağ gəlinliyində çox arıq, hətta bir az sısqa görünürdü. Arxadan çiyinlərinə sancılmış incə duvağı mükəmməl girdə sifətini, qara saçlarını və mülayim gözlərini şirin, yüngül dekorativ çərçivə ilə haşiyələndirirdi. O, gözəl adlandırılan qızlardan deyildi, ancaq cazibədar idi.

      Onlar bibilərinə yaxınlaşdılar. Üç bibiləri vardı, onlar cənab Dufourun bacıları idi: Klemens bibi, Estel bibi və Viktuar bibi. Klemens bibinin zərif adı özünə layiq deyildi. Kəskin çizgilərə sahib sərt, tarım sifəti vardı – qardaşının qadın oxşarı idi. Onun nə düz, sarı saçları, nə də polad kimi soyuq, çox zaman sərt narazılıqla dolu açıq mavi gözləri bu mətanətli sifət ifadəsini xəfiflətmirdi.

      Estel bibi, əksinə, həm indiki, həm keçmişdəki görkəmi ilə xeyirxahlıq və zəriflik rəmzi idi. Onun gülüşü hər zaman dostcanlı olub və hələ erkən yaşlarından ağaran saçları bu qadının xoşməcaz, lütfkar, mehriban, mülayim olması haqqında təəssüratları daha da möhkəmləndirirdi. Bu onun təbiəti idimi? Yoxsa faciəvi sevgi məcarası idi onun bütün həyatını rəngsiz dağıntılar içində buraxan?

      Bir müddət bu üç bacı bir-biri ilə müharibə şəraitində olmuşdular. Kişilərə acı nifrət duyan ən böyük bacı ilə eyni zamanda heç bir kişidən heç zaman bir baxış belə görməyən ən kiçik bacı, Estelin seçimini qəti şəkildə rədd etdilər və bacıları bu evlilik planından birdəfəlik və həmişəlik imtina etməyincə onunla barışmaq istəmədilər.

      Sonra Estel bibi xəstələndi və o zamandan bəri zəiflədi, öz iradəsi olmadan, tamamilə, böyük, daha güclü bacısının təsirinə düşdü. Hətta, bəzən, elə olurdu ki, özündən kiçik bacısı Viktuar da ona göstərişlər verirdi. Viktuar aralarında yaşca ən kiçiyi olmasına baxmayaraq görünüşcə yaşlıya ən çox bənzəyəni idi. Burnunun ətrafında qırışlar vardı, sifəti solğun və çirkin idi, tündməcaz gözlərinin altında torbacıqlar vardı və böyük ağzı kip örtülmüş dodaqlar arxasında qalan protez dişlərlə dolu olmaqla sanki təbiətin ona çox az zərafət bəxş etdiyi üçün heç zaman bitməyən qəzəbi, incikliyi kürüyürmüş kimi, daim deyinir, əsəb saçırdı. Cavanları, əylənməyi sevmir və təskinliyi özünün və bacılarının ən sadiq üzvləri olduğu kilsədə tapırdı.

      – Klemens bibi, – Maks yola düşmədən qarımış qoca qarşısında təzim etdi. O bibiləri ilə qarşılaşanda – heç vaxt evlənməyəcəklərinə əmin olunan və bütün miraslarının ona və bacılarına qalması gözlənilən – üsyankar özünəinamı yox olurdu. Hər zaman olduğu kimi yenə onların varlığında özünü hələ də sanki balaca oğlan uşağı kimi hiss edirdi. Əgər bu seçim necəsə bibilərdən birinin hissiyatına toxunsaydı, o, heç vaxt Marini özünə gəlin seçməzdi. Xoşbəxtlikdən onlar hamısı ona lütf etmiş, öz xeyir-dualarını vermişdilər, amma yenə də… Maksın gözlənilməz evliliyinə onun dəlisov verdiyi qərar kimi baxırdılar, hansını ki, tamamilə fəzilətli, hörmətli və comme il faut (fr.: düzgün davranış yaxud etiket), eyni zamanda tək ləkəsiz, çirkaba bulaşmamış olduğu müddətcə görməzdən gələ bilərdilər.

      – Maks… – Klemens bibi gözlərini qardaşı oğlunun düz gözlərinin içinə zilləyib əllərini ona doğru uzadaraq dedi – evliliyinin bizə yalnız rahatlıq, şərəf və məmnunluq verməsi üçün əlindən gələn hər şeyi edərsənmi, Maks?

      Hərçənd Maks Klemens bibinin bu sözlərlə dəqiq nəyi nəzərdə tutduğunu bilmirdi, hə deməyə tələsdi, sonra isə enerji ilə onun əlini sıxıb sanki and içərək təntənəli vədinin möhrünü vurdu.

      – Bəs sən, Mari? Səndən də eynisini gözləyə bilərəmmi? – Klemens bibi indi gözlərini gəlinin üzərinə dikərək təkrar etdi.

      – Hə, ay xala, hə! Hə! – Mari titrək səslə təsdiqlədi. Qəfildən yanaqları nazik gəlinlik duvağı altında yanmağa başladı, nə isə etmək və nə isə demək hisslərini büsbütün itirdi. Sərt, gərilmiş simalı, evdə qarımış bu qadının qarşısında gəlinlik paltarında durduğu bu anlarda günahkarlıq hissi onu boğdu və çaşqınlıq içində irəli əyilib onu əvvəl bir yanağından, sonra digərindən yumşaq, titrəyişli öpüşlə öpdü.

      Bu bir lələk öpməyə bənzəyirdi. İlk öncə Klemens bibi sanki bir qədər geri çəkilən kimi oldu, ancaq sonra etiraz etmədi. Buna baxmayaraq, öpüşə də qarışılıq vermədi.

      Bundan sonra Estel bibiyə nəzakətlə xudahafiz demək Marinin qəlbinə sakitləşdirici məlhəm kimi gəldi. Estel bibi özü, əlbəttə gözəl və nəzakətli idi və onun onlara ünvanladığı hərarətli arzuları bundan artıq ürəkdən gələn ola bilməzdi. Digər tərəfdən, Viktuar bibi dostcanlı olmaqdan və münasibətə açıqlıqdan uzaq biri idi. Qaranlıq əhvallarından biri hazırda onun üzərinə çökmüşdü və gözlərini süzdürüb qəfildən yeni evlənənlərdən soruşdu:

      – Bilirsiniz də, evlilik çox ciddi məsələdir?

      – Hə, əlbəttə, bilirik, bibi! – onlar hürkmüş halda cavab verdilər.

      – Bilirsiniz də, bu cəfəng, axmaq bir əməl, sizin üçün əyləncə deyil, – Viktuar bibi kinli-kinli davam etdi. Və o, növbəti dəfə kip, sərt sıxılmış dodaqlarının altından əsəbi ah çəkdi.

      – Əlbəttə, bibi, əlbəttə.

      – Ümid edirəm, sizin evliliyiniz gözəl və təmiz bir şey olacaq, axmaq cəfəngiyyat olmayacaq.

      – Elə də olacaq, bibi, söz veririk.

      Maks

Скачать книгу