Скачать книгу

heç birinin arvadı ilə də görüşüb tanış olmamışdıq. Bu məsələnin, əlbəttə, şərqdə qadına baxışla birbaşa bağlılığı var. Qadın öz kiçik dünyasından – evindən – bayırda görülməməlidir. Bəlkə də elə bu səbəbdən qadınlarla – hətta qadın xidmətçilərlə belə – bizi tanış etmirdilər, biz heç onların sifətini görmürdük. Mənə elə gəlirdi, buradakı qadınlar özləri də heç bunu arzulamır. Gəlib görüşəndə də, bir neçə kəlmə kəsəndən sonra yox olurdular. Hətta dillə bağlı bir maneə olmasa belə. Bununla belə, bu insanların həyatında tarixən qadınlar çox böyük və həlledici rol oynayıblar. Yalnız müqəddəs Hripsim və onun Ermənistandakı rahibələri haqqında düşünmək yetər. Bundan başqa, xristianlığı Gürcüstana gətirən Nino da var. Hələ qüdrətli çar Tamaranı demirik! Amma krallıq dövründə Gürcüstanda qədim, əsilzadə ailələrdə cəngavərlik vaxtı heç şübhəsiz ki, qadınlarla bağlı tamam başqa görünüş, mövqe hakim idi. Bu münasibət bu gün özünü ailə büdcəsi məhdud olanda qatarda özləri 3-cü dərəcəli vaqonda gedib qadınları 1-ci dərəcəli vaqona buraxan kişilərin davranışında təzahür edir.

      Otelin qabağındakı bağça-bağda uzun zəncirlə bağlanmış ortaboylu ayı var-gəl edirdi. Sakit görünürdü, amma eyni zamanda yad adamlara ona çox yaxın gəlmək məsləhət görülmürdü. Kimsə yad adam yaxınlaşanda zəncir izn verdiyi qədər nərə çəkib həmin adama hücum edirdi. Ola bilsin, elə bu münasibət yerli qafqaz dağ xalqlarının biz avropalılara münasibətini də təcəssüm etdirir. Əlbəttə, bizi sevmələrinə bir səbəbləri yoxdur. Biz avropalılar onların torpaqlarını fəth edib azadlıqlarını əllərindən almışıq.

      Passanaur kiçik, güzəranı yaxşı şəhər təsiri bağışlayan yer idi. Evlərinin ətrafında gözəl bağlar və qol-budaqlı ağaclar vardı.

      ÜÇÜNCÜ HISSƏ

      HƏRBI YOL YAXINLIĞINDAKI DAĞ XALQLARI

      Gürcü dağ xalqları: xevsurlar.

      Biz gəlib etnoqrafik baxımdan çox maraq kəsb edən bir əraziyə çıxmışdıq. Ağ Araqva vadisindən qərb tərəfdə möhtəşəm Osetiya ölkəsi qərbə və şimala doğru Terekin yuxarı axınına, Vladiqafqazın üstünə kimi uzanır. Vadinin şərqində gürcü tayfaları – pşavlar – yaşayır. Yüksək dağlıq vadilərdə, şimal-şərq istiqamətində isə xevsurlar yaşayır. Onlar hələ də qədim gürcü dialektində danışır. Amma sayları 8000 üzərində olan xevsurlar çox güman ki, artıq uzun müddətdir dağlıq ərazilərdə ətraf dünyadan təcrid edilmiş şəkildə yaşayırlar. Onların adı gürcü dilində “xevi” (dərə, yarıq) sözündən gəlib. Onlar hələ də orta əsrlərin adət-ənənəsini, həyat tərzini, mövhumatını davam etdirir. Orta əsr cəngavərləri kimi poladdan qılınc, dəbilqə, qalxan, zirehli geyim gəzdirirlər. Dəbilqə başa geyinilən, burnu və hər iki tərəfdən qulaqları örtən zirehli geyimdir. Yalnız gözlər və üzün aşağı hissəsi açıqda qalır. Ziyafət günlərində, toylar və oyunlar vaxtı insanlar tam zirehli geyimlərlə bu tədbirlərə qatılırlar. Çünki onlar qohumlar arasında, nəsillər arasında qan davasından, kiminsə həmin məclisi qisas məkanı kimi düşünə biləcəyindən çəkinirlər. Hətta iki nəsil, iki kənd arasındakı qan davasına son qoymaq, barışdırmaq üçün nəzərdə tutulan tədbirlərdə belə. Bu tayfaların hələ də qədim hərbi geyimlərə aludəçiliyini yəqin ki, onların hər zaman istər kənd arasında, istərsə də qohumlar arasında qan davası, düşmənçilik şəraitində yaşaması ilə əlaqələndirmək olar. Bu cavanlar davakar cavanlardır, onlar hər zaman – hətta çöldə-bayırda işləməyə gedəndə belə – üstlərində qalxan, dəbilqə, zirehli geyim və qılınc gəzdirirlər. Bir qəribə adət də kişilərin sağ baş üstündə oxları olan barmaqlarına iri dəmir üzük daşımalarıdır. Bu üzük davalarda yumruq vurmaq üçün istifadə edilir. Demək olar, bu üzük ucbatından bir nəfər də üzündə çapıq olmayan yaşlı kişi görmək mümkün deyil. Və üzdəki bu eybəcər çapıqları ilə onlar hazırda ən çox zədələnmiş alman tələbələri belə üstələyir. Eyni tip üzükdən, deyilənə görə, həm Qara bağda, həm də Yuxarı Bavariyada geniş istifadə edilib.

      Tez-tez davalar düşür, qılınclar hazır vəziyyətdə saxlanılır. Amma kimisə zədələmək, öldürmək üçün ciddi cərimələr nəzərdə tutulur. Bir gözün çıxmasına görə 30 inək, başı zədələməyə görə 3-16 inək ödənilir. Bir inəyə on rubl bərabəri kimi baxırlar. Yaranın uzunluğu iplə ölçülür və buna uyğun buğda, arpa, çovdar kompensasiyası təyin edilir. Başqa Qafqaz tayfalarının içində eləcə də xevsurların, psavların arasında belə bir adət var ki, kimsə kimisə öldürəndə, ya yaralayanda eynisi həmin ailənin üzvü, ya qohumu ilə haqq-hesab çəkirlər. Hətta adam tapmayanda düşmən çıxan kənddən birini tapıb öldürmək də olar. Amma ölümü təyin edilən müəyyən bir razılaşdırılmış cərimə qarşılığında ləğv etmək də olar. Kişi öldürülübsə, 80 inək, qadın öldürülübsə, 60 inəklə “hesablaşmaq” olardı. Öz arvadını öldürən adam onun ailəsinə beş inək verməli idi. Amma bu qətl özündə qadın qisasını ehtiva etmirdi. Qətl hadisəsi həll ediləndən sonra böyük bir ziyafət təşkil edilirdi, qurbanlar kəsilirdi və çoxlu çaxır, pivə içilirdi.

      Biz bu insanların həyatı və savaşları haqda eşitdiyi-mizdə bu söhbətlər bizə böyük ölçüdə öz ölkəmizdəki qədim zamanlardakı həyatımızı – babalarımız tərəfdən İsland saqalarında qeyd edildiyi kimi – xatırladır. Və son zamanlara kimi bizim dağ camaatı da xəncərini böyründən sallayıb elə gəzərdi.

      Nominal olaraq gürcü tayfaları xristianlardır – çox güman 12-ci əsrdən bu yana. Amma hələ də lap qədim zamanlardan gələn mövhumatçılıqla yaşayırlar. Allahdan və İsadan savayı da bir çox təbiət allahlarına qurbanlar kəsilir, dualar oxunur. Onların quru torpaq və yer üçün ali allahları var. Donuzlar, kərtənkələlər, yaxud uşaqlar formasında olan meşə, hava ruhlarıdır. Ovla iki mələk əlaqələndirilib – biri qadın, biri kişi. Qadın daha qüvvətlidir. Bundan əlavə, heyvanın ürəyi, ağciyərləri, qara ciyəri məhz həmin qadın mələyə təklif edilir. Bəzi tayfalara görə, bu mələk özünü bəzən uzunsaç, gözəl, lüt qız kimi meşələrin ortasında göstərir. Və əgər ovçu özünü tutarsa, dilini saxlayarsa, bu mələk ovçuya yaxşı bəxt gətirir, amma dilini dinc tutmasa onun qəzəbini üzərində hiss edir. Başqa çoxsaylı qoruyan ruhlar da mövcuddur. Xevsurlar üçün üsyançıları qoruyan qanadlı ruh da var, həmin ruhun mükafatı qənimətdən bir parça hədiyyə olur. Cəhənnəm gur axan çaydır, onun üzərində qıl körpüsü var və günahkar ruhlar həmin körpüdən çaya atılır. Kim istəsə ki cənnətə getsin, həmin qıl körpüsünün üzərindən keçməlidir. Cənnət və cəhənnəmin təsvirinə gəldikdə, insanların təxəyyüllü çox zəngindir. Biz Cənnətin əslində necə görünməsi ilə bağlı elə də əmin deyilik. Norveçdə də qədim zamanlarda ruhların üzərindən keçib cənnətə düşdükləri bir qıl körpüsündən söhbət açılırdı. Körpü tük nazikliyindədir və buradan keçid məsələsi digər bir çox xalqların mifologiyalarında var. Ərəblərdə həmin körpü haqqında “qıldan nazik, qılıncdan iti, gecədən qaranlıqdır” – deyirlər.

      Bir nöqtədə xevsurlar çox dindardır. Onların hər həftə istirahət etdikləri üç müqəddəs günləri var: Məhəmmədin cüməsi, yəhudilərin ºənbəsi və xristianların bazarı. Yəqin

Скачать книгу