Скачать книгу

Başını içəri uzadıb çağırdı:

      – İzəd!21

      Ağlamaq səsi kəsildi, amma cavab gəlmədi. Məhəmmədhəsən bir də çağırdı. Genə səs gəlmədi. Məhəmmədhəsən əmi bir də çağırdı. Övrəti İzzət acıqlanmış cavab verdi:

      – Nə var, nə deyirsən? Gözün kordu, görmürsən ki, mənəm?!

      – İzzət, ağlıyırsan? Deyəsən mənim qulağıma ağlamaq səsi gəldi.

      İzzət cavab vermədi. Əvvəl bir fınxırdı, sonra tövlədən çıxdı eşiyə. Ər və övrət üz qoydular evə tərəf. Gəldilər evə. İzzət çırağı yandırdı, gətirib qoydu bucaqdakı deşiyə və özü gedib oturdu qaranlıq bucaqda. Məhəmmədhəsən bir qədər ayaq üstə durub, gəldi oturdu palaz üstə və dalını da dayadı yükə.

      – İzzət, doğrudan pəyədə ağlıyan sən idin?

      Övrət cavab vermədi.

      – İzzət, pəyədə axı mən bir ağlamaq sədası eşitdim, sən idin ağlıyan?

      İzzət cavab vermədi.

      – Elə sən idin ağlıyan. Nahaq yerə ağlıyırsan və ürəyini sıxırsan; çünki mən elə bu saat yol üstə idim. Şəhərdən gələn var idi. And içirdi ki, Xudayar bəy eşşəyi bu saat gətirəcək. And içirdi deyirdi ki, doğrudu Heydərxan körpüsünü qayıtdırırlar, amma nəinki Danabaş kəndindən bir eşşək istiyiblər, bəlkə Danabaş kəndindən yüz manat pul istiyirlər. O kişi ki, mənə bu sözləri deyirdi, and içirdi ki, elə bu saat Xudayar katda eşşəyi gətirəcək. Deyirdi elə özüm gördüm. Vallah, doğru deyirəm.

      – Cəhənnəmə gələcək, gora gələcək! Mənim oğlumun ayaqları indi qabar olubdu. Mənim nə vecimə eşşək gəldi, ya gəlmədi. Cəhənnəmə gəlsin, gora gəlsin! Əhməd tez gəleydi. Mən elə Əhmədin fikrinə qalmışam, yoxsa eşşək cəhənnəmə gəlsin, gora gəlsin!

      – Arvad, vallah o kişi deyirdi ki, elə bu saat gələcəklər. Axı o kişiyə nə olubdu durub yalandan desin? Olmasa deməz ki! And içirdi deyirdi mən onları özüm ikisini də bazarda gördüm; yəni Xudayar bəyi də, Əhmədi də. Deyirdi elə mən çıxdım gələm, onlardan soruşdum bə siz nə vaxt gedirsiniz? Mənə dedilər ki, elə indi biz də gəlirik. Mən gəldim, onlar da qaldılar ki, gəlsinlər.

      Övrət bir söz demədi. Durdu ayağa, bir ah çəkdi, genə bir fınxırdı və dizliyinin qırağıynan burnunu silib, gəldi kürsünün yanına, bir neçə quru lavaş götürüb, yığdı sol əlinin üstə və aparıb çömbəldi qapının ağzında və başladı çörəkləri sulamağı.

      Məhəmmədhəsən əmi:

      – İnşallah, indi gələrlər, – deyib durdu ayağa və başmaqlarını geyib, gəldi durdu arvadının yanında.

      İzzət çörək sulamaqdan qurtaran kimi Məhəmmədhəsən kürkünü götürüb çıxdı eşiyə və bir az keçdi, gəldi və qapının ağzında çömbəlib, başladı dəstəmaz almaqlığı. Əvvəl əllərini yudu, sonra üzünü və sonra qollarını. Hər bir suyu tökəndə deyirdi: “Bismillah”. Dəstəmazı qurtarıb və məs çəkib, gəldi bir taxçadan möhür tapıb, qoydu palazın üstə və başladı namazı.

      İzzət də genə gedib bucaqda oturub, çənəsini qoymuşdu dizlərinin üstə. Məhəmmədhəsən əmi azanı və iqaməni oxuyub, keçdi həmdə və qülhüvəllahı zikr eləyib, istəyirdi əyilsin rükua, birdən qapı açıldı və Əhməd zəif və naxoş kimi girdi içəri. Məhəmmədhəsən əmi əvvəl hər iki əllərini göyə qalxızıb, bərk “allahü-əkbər” – dedi. İzzət sevincək qalxdı yerindən və çağırdı:

      – Əhməd!

      Əhməd evə girən kimi naxoş adamlar kimi divara dayanıb alçaq səs ilə dedi:

      – Vay, ana!

      Məhəmmədhəsən əmi səbr eləyə bilməyib, ikinci səcdədə namazı yarımçıq qoyub özünü tulladı Əhmədin yanına. Ər və övrət hərəsi Əhmədin bir qolundan yapışıb, biri deyir: “Bala, niyə elə eliyirsən?”, o birisi deyir: “Bala, haran ağrıyır?”

      İzzət deyir:

      – Qadan alım, Əhməd, niyə oturmursan?

      Məhəmmədhəsən deyir:

      – Bala, bə eşşək necə oldu?

      Məhəmmədhəsən əmi Əhməddən eşşək necə olmağını soruşan kimi, İzzət uca səs ilə onun üstə çığırıb başladı yamanı:

      – Ay eşşək verənin atası tünbətün düşsün! Ay eşşək satanın atasına lənət! Ay o eşşəyi görüm ilan vursun! Mənim balam burda az qalır ki, ölsün, hələ durub eşşək əhvalatı salır ortalığa.

      Məhəmmədhəsən əmi bir söz demədi. Əhməd də divara dayanıb, gah “vay” deyir, gah “ox” deyir. Axırı güclə və artıq yalvarmaqlıq ilə və o üzündən-bu üzündən öpməklik ilə İzzət Əhmədin qolundan yapışıb, gətirib oturtdu palaz üstə ki, oğlan rahatlansın.

      Bir qədər dincəlib Əhməd, Məhəmmədhəsən əminin və İzzətin təvəqqəsinə görə başladı şəhərə gedib gəlməkliyinin əhvalatını nağıl eləməkliyi. Başladı əvvəl yorulub yol üstə neçə yerlərdə oturmaqlığından və sonra necə gəldi şəhərə və karvansaraçı ilə dava eləməkliyindən. Sonra genə şəhərdə o yanı-bu yanı gəzib, Xudayar bəyi axtarmaqlığından və axırı genə yorula-yorula, yolun üstə bəlkə on-on beş yerdə otura-otura gəlib Danabaş kəndinə çıxmaqlığından.

      Əhməd nağıl eliyə-eliyə hər bir söz arasında bir and içirdi. Bir söz deyirdi, bir deyirdi “vallah”; bir söz deyirdi, bir deyirdi: “imam Hüseyn haqqı”; bir söz deyirdi, bir deyirdi: “imam Rza haqqı”, “cənab əmirin Zülfüqarı haqqı”. Əhmədin nağlı qurtardı və üzünü tutdu anasına:

      – Ana, nə bişirmisən?

      – Bala, bir zad yoxdu, elə yavan çörəkdi… Əgər istiyirsən, qatıq da var, gətirim.

      – Hi-hi-hi, mən qatıq yemirəm. Niyə, bir az aş bişirəydin da!

      – Bala, nə bilim, elə bu qalmaqal lap başımızı qatdı. Qoydu ki, görək nə qayırırıq? Neylək, bu gün qatıq ye, sabah inşallah, əlbəttə sənə aş bişirərəm.

      İzzət bir qədər çörək və qatıq gətirib, qoydu oğlunun qabağına. Oğlan başladı yeməyə. Ər və övrət durdular namaza.

      Məhəmmədhəsən əmi namazı övrətindən tez qurtarıb, gəldi oturdu oğlunun yanında və başladı onun kefini və halını soruşmağı. Oğlan başını aşağı salıb, ancaq yeməyə məşğul idi. Məhəmmədhəsən əmi oğlandan cavab almayıb genə soruşurdu.

      – Bala, şəhərdə nə var, nə yox?

      Əhməd deyəsən istədi bir söz desin, amma çünki ordları dolu idi xörəknən, mümkün eliyə bilmədi cavab versin. İzzət namazdan qurtarıb üzünü tutdu ərinə səmt və tərhnən22 ona başladı nəsihət eləməyi ki, uşağa əziyyət verməsin.

      Məhəmmədhəsən əmi nəsihəti qəbul edib, çəkildi kənara və təsbehi götürüb başladı çevirməyi.

Скачать книгу


<p>21</p>

“İzzət” sözünün təhrif olunmuş tələffüzüdür

<p>22</p>

Acıqla, kəskin