Скачать книгу

rahat oldun? Dincəldin, ya yox? Ay o pis sifətinə qusum! Xudayar bəy eşşəyi bilirsən hara apardı? Aparıbdı şəhərə, üstə sal daşıyacaqlar. Heydərxan körpüsünü qayırırlar. Hər kənddən bir eşşək istiyiblər. Niyə, gərək bütün Danabaş kəndində elə bircə sənin eşşəyin məşhur idi? Da sənin eşşəyindən başqa eşşək yox idi? Di get, dincəldin?

      Bu sözləri deyib, İzzət çarşovu başından kürsünün üstə atıb, genə oturdu öz yerində. Məhəmmədhəsən əmi cəld börkünü başına qoyub, durdu ayağa və gəldi arvadının yanına.

      – Arvad, necə eşşəyi aparıblar daş daşısınlar? Bunu kim deyir?

      – Kim deyəcək? Xudayar bəyin arvadı özü deyir. Mən elə ora getmişdim. Getdim ki, görüm bəlkə hələ Xudayar şəhərə getmiyibdi, bəlkə eşşəyi alam gətirəm. Xudayar bəy çoxdan qoyub gedib. Arvad özü mənə dedi. Mən hələ heç soruşmadım eşşəyi nədən ötrü Xudayar bəy aparıb şəhərə. A kişi, hələ arvad məni bir aləm məzəmmət eliyib ey! Mənə deyir ki, siz məgər malınızdan keçmisiniz? Siz bilmirdiniz ki, Xudayar bəy eşşəyi nədən ötrü apardı şəhərə? Apardı Heydərxan körpüsündən ötrü sal daşısınlar. Mənə bərk-bərk tapşırdı ki, Əhmədi yolluyaq eşşəyi alıb gətirsin.

      Məhəmmədhəsən əmi bu sözləri eşitcək üz qoydu qapıya səmt çıxıb getsin.

      – Gedim elədə Əhmədi bu saat göndərim. Gedim görüm hardadı Əhməd.

      Bu heyndə Əhmədin ağlamaq səsi gəldi. Bir az keçdi, Əhməd də, Məhəmmədhəsən əmi də girdilər içəri. Məhəmmədhəsən əmi oğluna genə eşşəkdən yana bir az arxayınlıq verib dedi ki, gedib eşşəyi Xudayar bəydən alıb gətirsin. Oğlan əvvəl cavab verdi ki, indi Xudayar bəy az qalıb şəhərə yetişsin. Məhəmmədhəsən əmi dübarə ona dedi: zərəri yoxdur, elə şəhərə də yetişmiş olsa, eşşəyi alıb gətirsin.

      Əhməd ağlamaqdan sakit olub, bir qədər anasına baxdı, bir qədər sağa və sola baxdı, sonra şəhərə getməyə razı olub evdən çıxdı.

* * *

      Axşama az qalanda Məhəmmədhəsən əmi qəmgin kəndin qırağında, şəhər yolunun üstə, yolun kənarında oturub, gözünü dikmişdi şəhər yoluna. Yolnan yeddi yaşında bir oğlan, ağ təskülah başında, göy qədək arxalıq əynində və ağ tuman, ayaq yalın, qabağına bir dəstə quzu qatıb və əlindəki şökə20 ilə bu quzuları vura-vura gəlir kəndə. Bu quzu sürüsü otlamaqdan gəlirdi. Oğlan Məhəmmədhəsən əminin müqabilinə yetib və dik-dik Məhəmmədhəsən əminin üzünə baxıb dayandı. Sonra bir-iki qədəm də Məhəmmədhəsən əminin tərəfinə yeriyib soruşdu:

      – Məhəmmədhəsən əmi, bu vaxt burada niyə oturmusan?

      Məhəmmədhəsən əmi oğlana çox yumşaqlıqla cavab verdi:

      – Bala, adam var şəhərdə, gözətdiyirəm.

      Oğlan gördü ki, quzuları xeylək aralanıbdır, dəxi bir zad deməyib, qaçdı sürüsünün dalınca. Oğlan getcək Məhəmmədhəsən əminin qabağında genə bir on-on iki yaşında bir oğlan cındır paltarda hazır olub, Məhəmmədhəsən əminin bu vaxtda burada oturmağının səbəbini soruşdu. Məhəmmədhəsən əmi əvvəlinci oğlana verdiyi cavabı buna da verdi. Bu oğlan rədd olandan sonra Məhəmmədhəsən əmi gördü ki, daldan genə bir dəstə qaramal gəlir. Mallar gəlib yetişdi və malların dalından bir kişi hazır oldu otuz beş-otuz altı sinnidə, qara çuxa, ağ tuman və ayaq yalın.

      – Məhəmmədhəsən əmi, bu vaxt niyə burda oturmusan?

      – Dadaş, şəhərdə adam var, gözətdiyirəm. İndilərdə gərək gələ.

      – Yaxşı, gələn gələcək da. Bəli, görükür ki, çox vacib adamdı.

      – Xeyr, Xudayar bəy bu gün eşşəyi minib aparıb şəhərə. Eşşəyi də göndərəcəyəm dəyirmana. Odu ki, oğlanı göndərmişəm. Hələ ki, nə eşşək gəlib, nə oğlan.

      Məhəmmədhəsən əmi, söz yox, eliyə bilərdi ki, bu kişiyə qısaca cavab verib, heç ortalığa eşşək fəqərəsi gətirib söhbəti uzatmasın. Amma Məhəmmədhəsən əmi qəsdən bu cür cavab verdi.

      Məhəmmədhəsən əmi eşşəyin söhbətini saldı ki, görsün bu kişi nə deyəcək. Aya bu da bilirmi ki, Xudayar katda eşşəyi işlətməkdən ötrü aparıb, ya yox? Bu kişinin cavabı Məhəmmədhəsən əminin halına lap müvafiq oldu. Kişi cavab verdi ki:

      – Çox yaxşı. Xudayar katda eşşəyi yemiyəcəkdi ki, dübarə eşşəkdən ötrü şəhərə adam getsin.

      Məhəmmədhəsən əmi lap işin əslini bilməkdən ötrü söhbəti lap açdı və belə başladı:

      – Doğrusu, bu gün Xudayar bəy eşşəyi apardı şəhərə, amma sonra mən belə eşitdim. – Yəni övrət sözüdü, heç inanmaq da olmaz. – Mən yəni belə eşitdim ki, guya yəni Danabaş kəndindən bir eşşək istiyiblər ki, aparıb şəhərə, oradan Heydərxan körpüsünə sal daşısınlar. Odur ki, bir az xofə düşdüm. Çünki eşşək dəyirmana gedəcəkdi, o səbəbə mən də Əhmədi göndərdim ki, əlbəttə eşşəyi gətirsin. Bundan ötrü oturmuşam…

      Kişi çox təəccüblə qulaq verirdi. Məhəmmədhəsən əmi sözünü qurtaran kimi bir az gülümsünüb cavab verdi:

      – A kişi, bu nə sözdü? Necə Heydərxan körpüsünə sal daşıyacaqlar? Xa-xa-xa… A kişi, doğrudu, Heydərxan körpüsünü qayıtdırırlar, amma dəxi bir eşşək istəmirlər ki! Heydərxan körpüsünə Danabaş kəndindən yüz manat xərc istəyirlər. O sözləri hər kəs sənə deyib, lap yalan deyib. Başını divara döyüb! Dur gedək, a kişi, heç nahaq yerə burda mətəl olma. İndi bu saat elə Xudayar bəy də gələr, eşşəyini də gətirər. Dur, dur gedək.

      Məhəmmədhəsən əmi genə bir yola səmt baxıb, “ya Allah” dedi, durdu ayağa. Və haman şəxs ilə düşdülər yola və üz qoydular kəndin içinə.

      Küçə dolu idi qaramal və qoyun-quzu sürüsü ilə, hava yavaş-yavaş istəyirdi qaranlıqlamağı.

      – Məhəmmədhəsən əmi, sən Allah, o sözü hələ sənə kim deyib?

      – Xeyr, yalan sözdü. Mən özüm bilirəm yalan sözdü. Niyə, mən axmaq deyiləm ki! Bir eşşək ilə körpü tikilər? Bu sözü də yəni özgəsi demiyibdi, elə Xudayar bəyin övrəti deyibdi. Xeyr, yalandı. Mən özüm bilirəm ki, yalandı…

      – A kişi, belədi da! Xa-xa-xa… Bunu bayaqdan deyəydin da, rəhmətliyin oğlu! Mən indi mətləbi başa düşdüm. Belə bilirsən nə var, Məhəmmədhəsən əmi? Mən axı, özün də bilirsən ki, Xudayar bəygilin qonşusuyam. Xudayar bəy mən bilirəm niyə bu gün şəhərə gedib. O, iki mətləbdən ötrü gedib. Axı bilmirəm bilirsən, ya yox? Axı Xudayar bəy Zeynəbi istiyir.

      – Necə Zeynəbi?

      – A kişi, niyə tanımırsan? Kərbəlayı Heydərin övrətini da! Bə, istiyir! Sən bilmirsən, çoxdan istiyir! Elə Kərbəlayı Heydər ölən gündən. Bəli, Xudayar Zeynəbi istiyir. Amma nə Zeynəb gəlir, nə də ki, Xudayar bəyin arvadı razı olur. Bu gecə qışqırıqları göyə qalxmışdı. Odu ki, səhər Xudayar bəy durub arvadına deyib ki, gedirəm səni boşuyam. İndi Xudayar bəy də Zeynəbi almaqdan ötrü gedib, ya da ki, arvadını boşamaqdan

Скачать книгу


<p>20</p>

Nazik çubuq