Скачать книгу

belə! Heç bir detalı, heç bir adı yaddan çıxarmayın.

      Bir azdan qapı yenə döyüldü. İçəri girən gənc yerində dingildəyə-dingildəyə özünü təqdim etdi:

      – “Matin” qəzetinin müxbiri. Müsyö Rokoffda bizə çatdırılası xəbər var.

      – Səhv olub, – Nikolasın yerinə Tarzan cavab verdi. – Sizin müxbirə deyiləsi sözünüz varmı, əziz Nokalas?

      – Yox, – deyə Rokoff başını kağızdan qaldırdı. – Bugünlük yoxdur.

      – Nə bugünlük, nə də sabahlıq. – Tarzan müxbirə nəzakətlə təzim etdi. – Sizi narahat etdiyimizə görə bizi bağışlayın. Gecəniz xeyrə qalsın.

      Meşə adamı dingildəyən gənci yola salıb qapını bağladı.

      Bir saatdan sonra Tarzan cibində bir neçə vərəqlik izahat qapını açdı, çıxanda kandarda ayaq saxladı:

      – Yerinizdə olsaydım, Fransadan gedərdim. Yoxsa nə vaxtsa əlimdə öləcəksiniz.

      VI fəsil

      Duel

      Tarzan evə qayıdanda d`Arno yatırdı. Səhər o heç nəyi gizlətmədən dünənki əhvalatı leytenanta danışdı.

      – Mən axmağam! Qrafı da, qrafinyanı da özümə yaxın dost bilirdim. Axırda nə etdim? De Kudu az qala öldürmüşdüm, arvadının adını ləkələdim. Bəlkə, hələ ailələrini də dağıtmışam. Yox, Paris mənim üçün deyil. Addımbaşı tələyə düşürəm. İnsanların qoyduqları qadağalara öyrəşə bilmirəm. Burada özümü əsirlikdəki kimi hiss edirəm. Daha dözmək olmur. Məncə, doğma cəngəlliyimə qayıtsam yaxşıdır. Görünür, Tanrı məni başqa həyat üçün yaradıb.

      – Ürəyinizə salmayın, dostum. Parisdən çıxıb getməyinizə gəlincə isə, düşünürəm ki, Raul de Kudun buna ciddi etirazı olacaq və tezliklə özünüz görəcəksiniz.

      D`Arno yanılmırdı. Bir həftədən sonra onlar səhər yeməyi yeyəndə qulluqçu müsyö Flober adlı bir nəfərin gəldiyini və leytenantla görüşmək istədiyini dedi. Flober qrafdan məktub gətirmişdi. De Kud Tarzanı duelə çağırır və tələb edirdi ki, onun dostlarından biri Floberlə görüşüb döyüşün bütün detallarını razılaşdırsın.

      Flober otaqdan çıxan kimi d`Arno Tarzana baxıb kədərlə gülümsədi:

      – Gördünüz. Sizi xəbərdar etmişdim.

      – İndi mən törətdiyim günahlara birini də əlavə etməliyəm: ya adam öldürməliyəm, ya da özüm öldürülməliyəm. Deyəsən, sizin cəmiyyətin adətlərinə alışmağa başlayıram.

      – Hansı silahı seçəcəksiniz? – d`Arno soruşdu. – Qraf əla qılınc oynadır və çox sərrast atəş açır.

      – Məndən olsa, ox-yayı, ya nizəni seçərdim… Yaxşı, qoy tapança olsun.

      – De Kud sizi öldürəcək, Jan!

      – Şübhəsiz. Amma nə vaxtsa mən də ölməliyəm.

      – Bəlkə, qılıncı seçək. Bu halda sağ qalmaq ehtimalınız daha böyükdür.

      – Tapança!

      D`Arno çarəsiz qalıb Floberlə görüşə getdi. O qayıdanadək bir neçə saat keçdi.

      – Qərar qəbul olundu. Sabah. Sübh tezdən. Etamp yolunun üstündə.

      – Yaxşı.

      Axşamadək Tarzan bir də bu mövzuya toxunmadı. Qaş qaralanda otağına çəkilib bir neçə məktub yazdı. Məktubların hamısını bir zərfə qoydu, ağzını bağlayıb üstündə d`Arnonun adını yazdı. Sonra mahnı oxuya-oxuya soyundu, yerinə girən kimi şirin yuxuya getdi.

      Leytenant qonşu otaqda Tarzanın mahnısına qulaq asa-asa əsəbindən söyüş söyürdü. Sabah dostunu öldürəcəklər, o isə heç nəyi dəyişə bilmir. Amma dostunun özünün vecinə deyil, nəğmə oxuyur!

      Zabit həyəcandan bütün gecəni gözlərini yummadı. Səhər açılar-açılmaz Tarzanı oyatdı. Tarzan yatağından güclə qalxdı. D`Arnonun qaşqabağının yerlə getdiyini görüb zarafat etdi:

      – Bu vaxt da adam adamı öldürər? Heç mədəni insanlara yaraşmır.

      – Sizsə körpə uşaq kimi şirin yuxudan ayıla bilmirsiniz.

      – Bunu da mənə irad tutursunuz?

      – Yox, Jan. Amma sizin laqeydliyiniz məni özümdən çıxarır. Sanki sərçələrə güllə atmağa gedirsiniz, alnınızı Fransanın ən sərrast atıcısının gülləsinin qabağına verməyə yox.

      Tarzan çiyinlərini çəkdi.

      – Mən böyük günahımı yumağa gedirəm. Məqsədimə nail olub-olmayacağım isə məhz rəqibimin ustalığından asılıdır.

      – Nədir, ölüm axtarırsınız?

      – Axtarmağına axtarmıram, amma ondan qaçmağa da hazırlaşmıram.

      Onlar d`Arnonun avtomobilinə oturub əvvəlcədən vədələşdikləri yerə – şəhərkənarı düzənliyə gəldilər. Yolda hərə öz düşüncələrinə qapılmışdı. Leytenant çox sevdiyi insanı, ən yaxın dostunu maşınına mindirib məhvə doğru apardığına görə əzab çəkirdi. O, Tarzanı kişilik, mərdlik idealı hesab edirdi və onu itirəcəyini fikirləşəndə dəhşətə gəlirdi.

      Tarzanın isə xəyalı uzaqlarda, Afrika cəngəlliklərində idi. Saatlarla atasının daxmasında vərəqlədiyi şəkilli kitabları xatırlayanda dodağı qaçdı; illərlə sirrini öyrənməyə çalışdığı balaca “cücülər” – hərflər yadına düşəndə gözləri güldü; meymunların amfiteatrında Ceyn Porterlə keçirdiyi gün gözlərinin önünə gələndə isə sifəti işıqlandı.

      Avtomobil dayandı. Onlar duel yerinə çatmışdılar. Tarzan reallığa qayıtdı, bilirdi ki, ömrünə az qalıb, amma qorxu hissi yox idi. Cəngəllikdə böyüyənlər üçün ölüm çox adi şeydir. Təbiət onları həyatdan ikiəlli yapışmağa, amma ölümdən də çəkinməməyə öyrədir.

      Bir azdan ikinci maşın gəldi. Qraf və Floberlə yanaşı, oradan üçüncü bir şəxs, həkim də düşdü.

      D`Arno ilə Flober bir müddət pıçıldaşdılar, sonra Raulla Tarzanı yanlarına çağırdılar, tapançaları yoxladılar, duelin şərtlərini onlara izah etdilər: iştirakçılar arxa-arxaya dayanıb silahlarını aşağı salmalı və təmas xəttindən hərəyə on addım aralanmalıdırlar. D`Arnonun işarəsi ilə onlar dönüb tapançalarını qaldırmalı və atəş açmalıdırlar. Hər tapançada üç güllə olacaq, duel ən azı bir nəfər yerə yıxılanadək davam edəcək.

      – Hazırsınız? – Flober soruşdu.

      – Tamamilə, – deyə qraf soyuqqanlıqla cavab verdi.

      Tarzan başını tərpətdi.

      Bir addım… İki addım… Yeddi… Səkkiz… D`Arnonun gözlərindən yaş gəlirdi… Doqquz… On… Leytenantın işarə verməkdən savayı əlacı qalmırdı…

      De Kud dərhal çönüb atəş açdı. Tarzan diksindi, amma tapançasını qaldırmadı. De Kud onun nə vaxt yıxılacağını

Скачать книгу