ТОП просматриваемых книг сайта:
Tom Soyerin macəraları. Марк Твен
Читать онлайн.Название Tom Soyerin macəraları
Год выпуска 0
isbn 9789952240894
Автор произведения Марк Твен
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство Altun Kitab
– Hə… Ancaq mən güman eləyirəm ki, sən bu şapalağı nahaq yerə almadın!
Sonra vicdanı ona əzab verdi, istədi uşağın könlünü alsın. Amma eləmədi, axı bu, tərbiyə qayda-qanununa zidd idi.
Tom mısmırığını sallayıb bir küncdə oturdu. O bilirdi ki, Polli xala hərəkətinə görə peşman olub. Bu hisdən Tom həzz alırdı. Amma özünü elə göstərirdi ki, guya heç bir şey hiss etmir. O, təsəvvürünə gətirdi ki, ölüm yatağındadır, Polli xala isə ondan bağışlanmasını xahiş eləyir. Amma Tom onu bağışlamayacaq. Üzünü divara tərəf çevirib öləcək, bircə kəlmə də söz deməyəcək. Onda, görəsən, Polli xalanın halı necə olacaq?
Tom bütün bu xəyallardan o qədər mütəəssir olmuşdu ki, göz yaşları içərisində boğulurdu. O, öz kədərindən böyük həzz alırdı. Hətta xalası qızı Merinin evə qayıtması da onu sevindirmədi. Tom yerindən qalxıb otaqdan çıxdı.
O, çay qırağına gəldi. Bayaqkı gözəl qızı xatırladı. Fikirləşdi ki, qız bütün bunlardan xəbər tutsaydı, görəsən, onun halına acıyardımı?
Axşam Tom Gözəl Qızın yaşadığı evə sarı gəldi. Evdən səs-səmir gəlmirdi. O, çiçəyi sinəsinə sıxıb pəncərənin altında yerə uzandı. Xəyal onu çox uzağa aparmışdı. Birdən pəncərə açıldı. Xidmətçi qadın Tomun üstünə şırıltı ilə bir vedrə su əndərdi.
Bizim qəhrəman az qaldı boğula, o, fınxıra-fınxıra tez yerindən sıçradı. Bir daş havada vıyıldadı. Şüşə çilik-çilik oldu. Balaca, toranlıqda güclə seçilən bir fiqur sıçrayıb barıdan aşdı və bir göz qırpımında yox oldu.
Lovğalığın axırı
Səhər ibadətindən sonra Tom Tövratdan şeir əzbərləməyə başladı. Tom bütün qüvvəsini topladı. Amma onun beynində dərsdən başqa, nə desən var idi.
Meri onu yoxladı. Amma Tom heç iki misranı da dalbadal deyə bilmədi. Meri dedi:
– Sən gərək dərsini başdan-ayağadək təzədən əzbərləyəsən. Yaxşı öyrənsən, sənə maraqlı bir şey bağışlayacağam. Hə, di ağıllı ol, başla!
Tom işə «möhkəmcə girişdi». Nəhayət ki, bir neçə şeir əzbərləyə bildi. Bunun əvəzində isə Meri ona ikiağızlı təzə cib bıçağı bağışladı. Tomun sevincinin həddi-hüdudu yox idi. Doğrudur, bıçağın ağzı heç bir şey kəsmirdi, amma bu, əsl bıçaq idi
Bazar günü məktəbinə getmək vaxtı idi. Merinin köməyilə Tom əl-üzünü yudu. Sonra Meri Tomun yalnız bazar günləri geydiyi, «o biri kostyum» adlanan təzə kostyumunu şkafdan çıxarıb gətirdi. Onun başına şlyapa qoydu, ayağına çəkmə geyindirdi.
İndi Tom yaraşıqlı görünürdü. Amma özünü çox narahat hiss eləyirdi.
Meri də bircə dəqiqənin içində geyindi. Uşaqların üçü də bazar günü məktəbinə yollandılar. Tom bu məktəbə ürəkdən nifrət eləyir, Meri ilə Sid isə onu sevirdi.
Bazar günü məktəbində saat doqquzdan on birin yarısınadək məşğələ keçirlər. Sonra isə ibadət başlanırdı.
Qapının ağzında Tom ayaq saxladı ki, özü kimi bayramsayağı geyinmiş bir dostu ilə danışsın:
– Bura bax, Billi, səndə sarı bilet var?
– Var.
– Ona nə verim?
– Nəyin var?
– Bir parça şirin biyan kötüyü, bir dənə də balıqçı qarmağı.
– Göstər.
Tom göstərdi. Dostu bəyəndi, onlar qiymətli əşyalarını dəyişdilər. Bundan sonra Tom iki sədəf daşı üç qırmızı biletə, sonra da müxtəlif dəyərsiz əşyalarını iki göy biletə dəyişdi. O, başqa uşaqlardan da müxtəlif rəngli biletlər aldı. Sonra kilsəyə girib yerində oturdu. Amma yerində sakit dura bilmədi. Gah ona sataşdı, gah buna. Müəllim də elə hey onu töhmətləndirdi.
Tomgilin sinfindəki uşaqların hamısı eyni xasiyyətli: nadinc, şuluq və sözəbaxmayan uşaqlar idi. Biri də tapşırılmış şeiri əzbər deyə bilmirdi. Hamısına kömək eləmək lazım gəlirdi. Bununla belə, onlar birtəhər şeiri axıra çatdırır və hər biri mükafat alırdı. Bu mükafatlar balaca göy biletlərdən ibarət olurdu. Tövratdan əzbərlənmiş iki şeirin əvəzində bir göy bilet verilirdi. Belə göy biletlərin on dənəsi bir qırmızı biletə bərabər idi. On qırmızı bilet isə bir sarı biletə bərabər idi. On sarı biletin əvəzinə məktəbin müdiri tələbələrə Tövrat bağışlayırdı. Meri iki il səbirlə çalışıb iki Tövrat almışdı.
Bu hədiyyənin verilməsi çox nadir və unudulmaz bir hadisə idi. Hamı uğur qazanmış şagirddən danışırdı. Bu da başqa uşaqların qəlbində şöhrətpərəstlik hissi oyadırdı. Ola bilsin ki, Tom da məhz bu şöhrətə can atırdı.
Müdir mister Uolters çox ciddi görünsə də, əslində çox namuslu və səmimi adam idi. O, dini nitqini bitirən kimi uşaqların arasında pıçapıç başladı.
Hakim Tetçer dörd nəfərin müşayiəti ilə içəri girmişdi. Onlardan biri əldən düşmüş bir qocaydı. O biriləri saçlarına dən düşmüş orta yaşlı bir cənab və yəqin ki, onun arvadı olan əzəmətli bir qadın idi. Qadın balaca bir qızın əlindən tutmuşdu.
Tom balaca yad qızı görən kimi kefi kökəldi, qəlbi sevincdən çırpındı.
Qonaqları yuxarı başda əyləşdirdilər. Onları bütün məktəbə təqdim elədilər. Orta yaşlı cənab çox mötəbər bir adam imiş. O, kim olsa yaxşıdır? Dairə hakimi, uşaqların ömürlərində görmədikləri ən yüksək mövqeli bir şəxs! Özü də buradakı hakimin qardaşı idi. Cef Tetçer dərhal irəli çıxdı. Bütün məktəbə acıq verə-verə böyük adamla yaxın tanış olduğunu hamıya göstərdi.
Mister Uolters də bərk canfəşanlıq eləyirdi. Kitabxanaçı özünü gözə soxmaq üçün qoltuğunda bir yığın kitab o tərəf bu tərəfə qaçırdı.
Mister Uoltersin tam səadəti üçün yalnız bircə şey çatışmırdı – Tövratı təqdim eləyib uşaqların biliyi ilə lovğalanmaq. Tələbələrin bəzilərində sarı biletlər var idi, ancaq heç kəsdə kifayət qədər deyildi.
Elə bu an Tom Soyer əlində doqquz sarı bilet, doqquz qırmızı bilet və on göy bilet irəli çıxdı. Özünə Tövrat tələb elədi. Bu, günəşli gündə ildırım çaxmasına bənzər bir şey idi. Mister Uolters Tom Soyerin ən azı yaxın on il ərzində Tövrat tələb eləyəcəyini qətiyyən gözləmirdi. Ancaq əlac yox idi – öz əli ilə qol çəkdiyi qəbzlər təqdim olunmuşdu. Tomu qonaqların əyləşdiyi yerə dəvət elədilər. Bu gözlənilməz xəbər kafedradan elan edildi. Oğlanlar paxıllıqdan yanıb töküldülər. Hamıdan da çox peşman olub əzab çəkən öz biletini Toma verənlər idi. Gec də olsa, anlamışdılar ki, bu fırıldaqçının belə yüksəlməsinə özləri kömək eləyiblər. Onlar bu hiyləgər fırıldaqçının tələsinə düşüb aldandıqları üçün özlərinə nifrət eləyirdilər.
Yazıq müdir hiss eləyirdi ki, burada nə isə bir sirr var və yəqin ki, bunun üstünü açmaq mümkün olmayacaq. Heç ağıla sığan şey deyil ki, bu uşaq iki min Tövrat şeirini beyninə yığa bilsin.