ТОП просматриваемых книг сайта:
Zamanın əsirləri. Reyhan Yusifqızı
Читать онлайн.Название Zamanın əsirləri
Год выпуска 0
isbn 9789952242072
Автор произведения Reyhan Yusifqızı
Серия Müasir Azərbaycan ədəbiyyatı
Издательство Altun Kitab
– Görəsən, Aysel bizim Daş dövrünə düşdüyümüzü bilir?
– Haradan bilə bilər ki? – Rüstəm təəccübləndi.
– O, partlayışı gördü, qapının ağzında idi.
– Doğrudan?! – sevincdən Rüstəmin səsi titrədi, – bu, əla xəbərdir ki! Bu məsələ vəziyyəti dəyişir!
– Bir şey də soruşacam. Sən mənə 100 il sonranı göstərmək istəyirdin. Necə oldu ki, biz gələcəyə deyil, keçmişə, özü də Daş dövrünə düşdük?
Rüstəm qalxıb oturdu.
– Zaman maşını ilə səyahət edəndə gərək əsrləri səhv salmayasan – Elxan müəllim həmişə belə deyirdi.
– Sən əsrləri səhv saldın?
– Yox. Mən əqrəbi düz yüz il sonraya qoymuşdum, vaxtı təyin edəndə isə… Deyəsən, burada səhv elədim. Gələcəkdə nə qədər vaxt qalmaq istədiyimizi pultdan daxil eləyəndə qısaqapanmaya bənzər bir şey baş verdi. Əqrəb boşalıb geri fırlanmağa başladı. Mən onu saxlaya bilmədim, əsrlər bir-bir geri döndü. Sonra nələr olduğunu anlamadım, artıq hər şey mənim nəzarətimdən çıxmışdı.
– Kaş səhv etməyəydin, – Kənan ah çəkdi, – gələcəyə düşmək bizim üçün daha yaxşı olardı.
Rüstəm hələ uzun müddət yata bilmədi, Ayselin hansı addımlar atacağını hesablamağa çalışdı.
Gecənin bir aləmində Kənan yuxudan oyandı. Mağara əməlli-başlı qızmışdı, amma içəri tüstü ilə dolu idi. Tüstünün bir hissəsi dəlikdən bayıra çıxıb havaya qarışsa da, içəridə nəfəs almaq mümkün deyildi. Kənanı öskürək tutdu, gözü bərk acışırdı. Axonun isə heç nə vecinə deyildi, dinməzcə oturub ocağa nəzarət edirdi.
– Axo! – deyə Kənan onu çağırdı, – bəs sən yatmırsan? Bəlkə, bu ocağı söndürək?
Oğlanın sual dolu baxışlarını görüb o, əl hərəkətlərinə keçdi:
– Ocaq, – deyə ocağı göstərdi, – söndürək, – əllərini çarpazlaşdırıb ocağın üstündə tutdu.
Axo onu başa düşdü. Başı ilə razılıq işarəsi verib yatmaq üçün öz küncünə çəkildi. Başlı-başına qalan alov yavaş-yavaş öləziyib söndü, amma hələ uzun müddət tüstülədi.
Ayının kələyi
Hava işıqlaşırdı. Kənan taqqıltıya yuxudan oyandı. Axo mağaranın ağzına bir ağac kötüyü salmışdı. Kötük yerindən tərpənməsin deyə boş yerlərə daş itələyirdi. Kənan başa düşdü ki, ayı bütün gecəni arxa tərəfdə yatıb və indi də oradadır. Rüstəm şirin yuxuda idi, yata-yata gülümsəyirdi. Kənan ona həsədlə baxdı, “Hələ dünyadan xəbərsizdi, – düşündü. – İndi oyanıb başımıza gələnləri görəcək”.
Çox keçmədi ki, ayı yuxudan ayıldı. Yerində xeyli eşələnəndən sonra dustaqlarını xatırlayıb qalxdı. Yuxuda ikən içəridən səs-küy gəldiyini eşitmiş, amma durub baxmağa tənbəllik eləmişdi. İndi dəliyin bağlı olduğunu görəndə xeyli təəccübləndi, bu onun heç xoşuna gəlmədi. Pəncələri və burnu ilə kötüyü qabağa itələməyə başladı, elə həşir qopardı ki, dərin yuxuda olan Rüstəm də oyandı. Axo yuxarı dırmaşıb kötüyü yerinə itələməyə çalışırdı. Kənan pəncələri üstə qalxıb ona kömək elədi. Amma ayının hücumlarının qabağını almaq mümkün olmadı. Kötük şüşə qabdan açılan tıxac kimi sıçrayıb dəlikdən çıxdı və taqqıltı ilə yerə düşdü. Ardınca ayının burnu dəlikdən göründü.
– Biz bunsuz yaşaya bilmirik ki, – qanı qaralmış Rüstəmin yuxusu tamam qaçdı.
Xeyli keçdi. Hirsindən ağlını itirmiş heyvan özünü qayaya çırpır, aramsız böyürürdü. Bu gün o daha əsəbi idi. Uşaqlar nə edəcəklərini bilmirdilər. Nəhayət, ayı sakitləşdi. Bir azdan hənirtisi tamam kəsildi.
Uşaqlar bərk acmışdılar. Axşam yedikləri azacıq yemək onlara heç səhərə kimi bəs eləməmişdi. Aclıq getdikcə özünü daha çox göstərir, qorxu hissi ilə bərabər onlara əziyyət verirdi.
İbtidai insanların duyğu üzvləri daha çox inkişaf eləmişdi. Onlar heyvanlar kimi qoxuları bir-birindən ayırır, yaşamaq üçün hər an iti görmə və eşitmə qabiliyyətlərindən istifadə edirdilər. Ayının qoxusunu duymayan Axo mağaradan çıxdı, ayının yaxınlıqda olmadığını yəqin edəndən sonra uşaqlara işarə verdi. Onlar da bir-birinin ardınca ehtiyatla içəridən çıxdılar. Azadlıq! Təmiz havanı ciyərlərinə çəkən uşaqlar günəşin işığından gözlərini qıyıb ətrafı seyr elədilər.
Sübh çağı idi. Buludlar ağır-ağır tərpənir, külək gölün üzərinə çökmüş isti havanı meşəyə dağıdırdı. Havada uçuşan cürbəcür quşların səsi bir-birinə qarışmışdı. Təbiət çox gözəldi.
Axo başını qaldırıb meşədən o yana sıralanan dağlara baxırdı, külək onun pırpız saçlarını tərpədirdi. Duyduğu gözəllik qəbiləli oğlanın ruhunu tərpətdi. O öz-özünə soruşdu: “Bu gözəlliyi kim yaradıb, bu ənginlikləri kim işıqlandırır? Buludların arxasında nələr var? Dağların arxasında kimlər, hansı canlılar yaşayır?” Bütün hiss etdiklərindən riqqətə gələrək o uzun-uzadı qıy çəkdi.
Amma bu hislər tez keçib-getdi. Təbiətin gözəllikləri aclıq hissini azaltmırdı. Uşaqlar meşəyə tərəf baxıb yalnız bir şey düşünürdülər: orada nə tapıb yemək olar? Qəflətən iri quşlardan biri xırıltılı səslə çığıraraq tappıltı ilə yerə düşdü: Axo onu adi daşla vurmuşdu. Qalanları pırıltı ilə yuxarı qalxıb uzaqlaşdılar. Quş qanadlarını çırparaq yerdə çırpındı. Onun boynunu qanırıb sındırandan sonra Axo elə qanı axa-axa götürüb saymazyana dəlikdən içəri atdı. Rüstəmin ürəyi bulandı, tez üzünü yana çevirdi.
Axo dostlarını mağaranın yaxınlığında saxladı. İzah elədi ki, ayı çox uzaqda deyil, hər an qayıda bilər. Əgər o görünsə, tez qaçıb mağaraya girsinlər, yemək dalınca isə o özü tək gedəcək.
Uşaqlar dayanıb Axonun ardınca baxırdılar. O, sürətlə talanı keçib meşəyə üz tutdu. Qalın ağacların arasına girməzdən əvvəl dönüb geri baxdı. Uşaqlar ona əl elədilər, o da eynilə cavab verdi. Axo meşənin sıxlığında gözdən itən kimi sağ tərəfdə, meşənin kənarında ayı göründü. Onu dikdirə dırmaşmış Rüstəm birinci gördü və dili topuq çala-çala Kənana göstərdi. “Axo! Axo! – deyə uşaqlar qışqıraraq haray saldılar. – Ayı gəlir, qaç!” Onlar yoldaşlarını duyuq salmaq üçün bir-birinə aman vermədən var səsləri ilə bağırırdılar. Axo onları eşitdi. O, ağacların arasından çıxıb ayıya sarı baxdı, daş bıçağı əlində idi. Əvvəl dönüb meşəyə qaçmaq istədi, sonra Kənanla Rüstəmə baxıb fikrini dəyişdi. Onları tək qoymamaq üçün ayının qarşısından keçib uşaqlara tərəf qaçmağa qərar verdi. İti ayaqlarına güvənən Axo böyük sürət götürdü, amma ayı da sürətini artırdı.