ТОП просматриваемых книг сайта:
Şauşenkdən qaçış. Стивен Кинг
Читать онлайн.Название Şauşenkdən qaçış
Год выпуска 0
isbn 9789952243314
Автор произведения Стивен Кинг
Серия Ekranlaşdırılmış əsər
Издательство Altun Kitab
Sözün düzü, olduqca adi əhvalatdır. Bu cür qalmaqalların bütün ənənəvi elementləri öz yerindədir: cəmiyyətdə yaxşı tanınan qəşəng qadınla cavan idmançının meyiti bir yerdə tapılır, gələcəyi parlaq hansısa biznesmen isə müttəhimlər kürsüsündə əyləşdirilir. Və təbii ki, məhkəmə prosesi davam edən müddətdə qəzetlər qalmaqalı səngiməyə qoymur. Düfresnin açıq keçirilən prosesi çox uzun çəkir. Dairə prokuroru mərkəzi orqanlara müraciət etmək istəyir. Çalışır ki, Con K.Pablik4 bu işə diqqət yetirsin. Həmin günlər havaların çox soyuq keçməsinə baxmayaraq tamaşaçılar ağzına qədər dolan zalda özlərinə yer tapmaq üçün səhər saat dörddən yığışmağa başlayırmışlar. Maraq göstərənləri hətta şaxta da qorxutmurmuş. Faktlar isə belə imiş: Endinin Linda Kollinz Düfresn adlı arvadı 1947-ci ilin iyun ayında “Falmauz Hills Kauntri” klubunda qolf oynamağı öyrənmək qərarına gəlir. O, həqiqətən, dörd ay ərzində klubda dərs alır. Təlimatçı isə «Falmauz Hills»də işləyən Qlen Kventin adlı bir məşqçi olur. 1947-ci ilin avqustunda Endi arvadı ilə Kventinin sevişdiklərindən xəbər tutur. 1947-ci ilin sentyabr ayının 10-da Endi və Linda möhkəm dalaşırlar. Davaya səbəb qadının ərinə xəyanət etməsi olur.
Endi məhkəmədə bildirib ki, həmin gün arvadı onun hər şeydən xəbər tutmasından sevindiyini boynuna alıb. Deyib ki, yalan danışmaqdan, kələk gəlməkdən bezib, çünki həyatda ən çox bundan xoşu gəlmir. O, Endiyə boşanmağı təklif edib. Endi də cavabında deyib ki, səni boşanma prosesində yox, cəhənnəmdə görmək ehtimalı daha böyükdür. Arvadı üzünü çevirib və gecəni Kventinlə keçirmək üçün onun qolf klubu yaxınlığında kirələdiyi evə yollanıb. Səhər evə gələn qulluqçu ikisini də çarpayıda ölmüş vəziyyətdə tapıb. Hərəsinin bədənində dörd güllə yarası var imiş.
Məhkəməni Endiyə qarşı kökləyən ən çox bu fakt olub. Dairə prokuroru da son sözünü söyləyən zaman səsi titrəyə-titrəyə, böyük ruh yüksəkliyi ilə məsələnin məhz bu tərəfini qabardıb. Prokuror bəyan edib ki, Endi Düfresn təkcə sədaqətsiz arvadından qisas alan qəzəblənmiş ər deyil.
– Qarşımızda oturan qəddar yırtıcı, soyuqqanlı canidir, – deyə prokuror səsini yüksəldib. – Fikir verin: DÖRD və DÖRD! Altı yox, məhz səkkiz dəfə atəş açıb! O, bütün darağı boşaldıb, sonra sakitcə dayanıb, silahı yenidən doldurub və yenidən hər birinə atəş açıb.
Təbii ki, bu çıxış mətbuatın əsas mövzusuna çevrilib. Qəzetlər gurultulu başlıqlarla çıxıb: “Soyuqqanlı cani”, “Günahsız cütlüyə atılan səkkiz güllə” və sair bu kimi bayağı sözlər.
Levistondakı “Vays Pavnşop” silah dükanında işləyən satıcı cinayətdən iki gün qabaq mister Düfresnə 38 çaplı altıaçılan tapança satdığını bildirib. Klubun barmeni isə şahid qismində söyləyib ki, Endi sentyabrın 10-da axşam saat yeddidə bara gələrək sodalı susuz üç viski sifariş verib və bunu iyirmi dəqiqə ərzində içib. Viskinin pulunu ödəyəndə deyib ki, Qlen Kventinin yanına gedir və bundan sonra nə baş verəcəyini barmen səhər qəzetlərində oxuya bilər. Kventinin evindən bir mil aralıda yerləşən mağazanın satıcısı isə məlumat verib ki, Düfresn həmin axşam saat doqquza on beş dəqiqə işləmiş onun yanına gəlib, siqaret, üç şüşə pivə və bir neçə qalın salfet kağızı alıb. Məhkəmə-tibb ekspertinin rəyinə görə, Kventin və Linda Düfresn sentyabr ayının 10-u saat 23:00-la sentyabr ayının 11-i saat 02:00 arasında öldürülüb. İşin istintaqını aparan müstəntiq Kventinin qaldığı evdən yetmiş yard aralıda, küçənin tinində tapdığı maddi dəlilləri məhkəməyə təqdim edib. Bu dəlillər üstündə müttəhimin barmaq izləri olan iki boş İsveçrə pivəsi şüşəsindən, müttəhimin dükandan aldığı siqaretlərin iyirmiyə qədər kötüyündən, həmçinin onun 1947-ci ildə istehsal edilmiş “Plimut” maşınının təkər izlərini eynilə təkrar edən və tökmə üsulu ilə hazırlanmış plastik zolaqdan ibarət olub.
Evin yataq otağında dörd salfet kağızı tapılıb. Onlar güllə ilə deşilibmiş və qana bulaşıbmış. Müstəntiq bu qənaətə gilib ki, cani atəş səsini nisbətən boğmaq üçün tapançanın lüləsinə salfet dolayıbmış.
Söz alan Endi Düfresn baş verən hadisə barədə sakit, soyuqqanlı tərzdə, hər sözünü ölçüb-biçərək danışıb. Söyləyib ki, haradasa iyul ayının axırlarından etibarən qulağına şayiələr çatmağa başlayıb. Avqustun əvvəlində qeyri-müəyyənlikdən təngə gəldiyi üçün hər şeyi özü yoxlamağa qərar verib. Bir axşam Linda qolf məşqindən sonra Portlendə, guya alış-verişə yollanacağını deyib. Endi onu və Kventini sonuncunun kirayə etdiyi evə qədər güdüb (qəzetlər bura “Məhəbbət yuvası” adı vermişdi). Endi maşını döngədə saxlayıb və Kventin Lindanı öz avtomobili ilə kluba aparana qədər gözləyib. Qadın maşınını orada qoyubmuş.
– Siz demək istəyirsiniz ki, arvadınızı özünüzün yeni “Plimut”unuzda təqib etmisiniz? ‒ prokuror soruşub.
‒ Mən həmin axşam dostumla maşınımı dəyişdirmişdim, ‒ Endi cavab verib.
Onun öz hərəkətlərini belə soyuqqanlılıqla planlaşdırması hakim və andlı iclasçıların Endiyə olan mənfi münasibətini bir az da dərinləşdirib.
Endi dostunun maşınını qaytarıb özününkünü götürəndən sonra evə dönüb. Linda çarpayıda uzanıb kitab oxuyurmuş. Endi ondan Portlendə səfərinin necə keçdiyi barədə soruşub. Qadın cavab verib ki, hər şey çox gözəl olub, amma almağa bir şey seçə bilməyib. O vaxdan Endidə öz şübhələrində haqlı olduğuna əminlik yaranıb. O bunları olduqca sakit tərzdə, ifadə verdiyi müddət ərzində bir dəfə olsun kəsilməyən, ucalmayan, dəyişməyən asta, axıcı səslə danışıb.
‒ Həmin vaxtdan başlayaraq arvadınız qətlə yetirilən gecəyə qədər sizin psixoloji durumunuz necə olub? ‒ müdafiəçi soruşub.
‒ Mən dərin depressiya içində idim, ‒ Endi sakitcə cavab verib. O özünü öldürmək qərarına gəldiyi və hətta bu məqsədlə sentyabrın 8-də Levistondan tapança aldığı barədə danışıb. Özü də bunları eyni yeknəsəqliklə, restoranda rahat oturub menyunu oxuyan bir adam kimi, heç bir həyəcan keçirmədən söyləyib.
Müdafiəçi ona təklif edib ki, cinayət baş verən gecə, yəni Linda məşqçisi Qlen Kventinlə görüşə yollandıqdan sonra nələrin baş verdiyini andlılara desin. Endi bunları da danışıb və andlılarda özünə qarşı təsəvvürünüzə gətirə bilməyəcəyiniz dərəcədə pis fikir yaradıb.
Mən Endini otuz il ərzində çox yaxından tanımışam və deyə bilərəm ki, həyatımda onun qədər iradəli adama rast gəlməmişəm. Əgər kefi yerindədirsə, hərdən özü barədə bəzi xırda-para şeylər danışa bilər. Yox, qanı nəyə görəsə qaradırsa, heç nə öyrənə bilməyəcəksiniz. Bəlkə də, Endi nə vaxtsa, bir yazıçının dediyi kimi, “qəlbinin qara gecəsi”ni yaşayıb, amma bu barədə o heç vaxt və heç kimə danışmayacaq. Endi o adamlardandır ki, intihar etmək qərarına gələndə vay-şivən salmırlar, vida mərasimi təşkil etmirlər, heç kimə ürəkdağlayan məktublar yazmırlar. Əvəzində kağız-kuğuzlarını səliqəyə salırlar, bütün borclarını ödəyirlər, sonra isə düşündüklərini sakitcə və qətiyyətlə həyata keçirirlər.
4