Скачать книгу

O, hərdən quldurlara öz şeirlərindən oxuyur, onlardan tərif və alqış eşitməyəndə isə əsəbiləşir, “kəmsavad və barbar” adlandıraraq söyür, hamısını edam edəcəyini deyirdi. Quldurlar bu qəribə gəncin hərəkətlərini qəhqəhə ilə qarşılayır, təlxəklik kimi qəbul edirdilər.

Nəhayət, Sezarın qohumları tələb olunan məbləği gətirirlər. Bundan sonra o, azadlığa buraxılır. Ardınca dəniz quldurları ilə haqq-hesab çəkmək qərarını qətiləşdirir. Qədim yunan şəhəri Miletdə bir neçə gəmi kirayələyir. Quldurlara qarşı əməliyyata başlayıb onların çoxunu əsir alır və yağmaladıqları sərvəti ələ keçirir. Beləcə, öz “zarafat”ını dəhşətli həqiqətə çevirir…

Həmin hadisədən sonra Sezar gözləmədiyi halda ordu sıralarına çağırılır. Kiçik Asiyada Roma hakimiyyətinə qarşı çıxan Pont hökmdarı VI Mitridatın qoşunları ilə döyüşməli olur. Senatın və hökumətin icazəsini gözləmədən hərbi əməliyyata başlayıb VI Mitridatın müttəfiqlərini Roma əyalətindən qovub uzaqlaşdırır. Bu özbaşına davranışı Sezarın öz nüfuzunu yüksəltmək istəyindən doğmuşdu və onun gələcəklə bağlı böyük hədəflərindən xəbər verirdi.

Tezliklə iyirmi yeddi yaşlı Sezara xəbər verirlər ki, onu Romada pontifik10 vəzifəsinə seçiblər. Pontifiklər kollegiyası dini məsələlərlə məşğul olmaqla yanaşı, digər kahin kollegiyalarına da nəzarət edirdi. Pontifik vəzifəsi siyasi fəaliyyətlə məşğul olmağa, hərbi karyera qurmağa mane olmurdu. Sezardan əvvəl bu vəzifəni anasının yaxın qohumu Qay Avreli Kotta tuturdu. Kottanın ölümündən sonra Sezarın anası oğlunu onun yerinə seçdirmək üçün böyük vəzifə sahiblərinə ağız açır, minnətçi düşür. Lakin əminliklə demək olar ki, Sezar bu vəzifəyə təkcə anasının səyləri nəticəsində seçilməmişdi. O, uğurlu döyüşçü, qabiliyyətli din xadimi və gözəl natiq kimi ad çıxarmışdı. Bunların sayəsində isə Romanın siyasi həyatında nüfuzu get-gedə yüksəlirdi.

Sezarın qəribə yuxusu

Pontifik seçildiyini öyrənən kimi Sezar İtaliyaya qayıdır. Bundan bir qədər sonra Romaya qarşı qullar üsyanı baş qaldırır. Üsyana Frakiyada doğulmuş Spartak adlı qul başçılıq edirdi. Spartakın dəstəsi tezliklə böyüyüb qorxunc qüvvəyə çevrildi. Senat11 qullar ordusunun üzərinə bir-birinin ardınca iki qoşun göndərdi. Lakin ümumi sayı yeddi mindən çox olan Roma əsgərləri Spartakın ordusuna məğlub oldu. Buna baxmayaraq, Spartak başa düşürdü ki, romalılar əvvəl-axır müharibədə qalib gələcəklər. O, üsyançı qulları Alp dağının o tayına keçirib öz vətənlərinə – Qalliya12, Frakiya13 və indiki Almaniyaya yola salmaq fikrindəydi. Lakin qullar İtaliyada soyğunçuluq etməyə, adamları çapıb-talamağa başladılar. Nəticədə Mark Krassın başçılıq etdiyi Roma qoşunları qullar ordusunu ağır məğlubiyyətə uğratdı; Spartakın sağ qalmış altı min tərəfdarı Romaya gedən yolun üzərində çarmıxa çəkildi.

Görünür, Spartak üsyanının yatırılmasında Sezar da mühüm rol oynamışdı. Onun Romaya qayıdandan sonra hərbi tribun vəzifəsinə seçilməsi bu ehtimalı təsdiqləyir. Beləliklə, Sezar rəsmi olaraq siyasi karyerasına başlayır.

O vaxtlar Romada respublika üsuli-idarəsi hökm sürürdü. İdarəçilik bütün vətəndaşların seçdiyi magistratura tərəfindən həyata keçirilirdi. Belə ki, nəzəri olaraq sıravi vətəndaş da yüksək vəzifəyə seçilə bilərdi. Lakin təbii ki, Roma elitası hakimiyyəti öz əlində saxlayırdı. Roma Respublikasında bütün hakimiyyət magistratların əlində cəmləşmişdi. Sezar kimi iddialı insanlar hərbi xidmətdə fərqləndikdən sonra hakimiyyətin zirvəsinə yüksəlməyə can atırdılar. Gənclər on il orduda xidmət etdikdən sonra legionda hərbi tribun olmaq imkanı əldə edirdilər. Bu, karyeranın ilk pilləsi sayılırdı.

Çox keçmir ki, Sezar Romanın nüfuzlu siyasi və hərbi xadimlərindən olan Krassın əsas tərəfdaşlarından biri kimi çıxış edirdi.

Bir müddət sonra o, daha yaxşı vəzifəyə – uzaq İspaniyada propretor14 təyin olundu. Elə bu vaxt sevimli arvadı Korneliya vəfat edir. Sezar sonrakı karyerasının bu təyinatdan asılı olduğunu başa düşürdü. Odur ki yeddiyaşlı qızını anasının himayəsinə verib İspaniyaya yola düşür.

Yolda yanındakılardan biri ondan soruşur: “Görəsən, İspaniyada da adamlar vəzifə uğrunda bir-birilərini didirlər?”

Sezar cavab verir: “Bilmirəm, ancaq mən Romada ikinci olmaqdansa, burada birinci olmağı üstün tutardım!”

Onu da deyək ki, propretor vəzifəsində işləyərkən əldə etdiyi təcrübə sonralar Sezara çox kömək olacaqdı.

Bir dəfə o xidməti işlərlə əlaqədar Finikiyaya yollanır və buradakı Herkules məbədini ziyarət edir. Məbəddə Makedoniyalı İsgəndərin heykəlini görür. Onda Sezarın təxminən otuz-otuz iki yaşı olardı. Sezar istər-istəməz kədərlənir, onu fikir götürür. Yanındakılar səbəbini soruşduqda isə belə cavab verir: “Otuz üç yaşında İsgəndər görün neçə ölkəni idarə edirdi. Mən isə bu yaşa çatmışam, hələ bir şərəfli iş görməmişəm”.

Həmin gecə Sezar yuxusunda anasının yunan mifologiyasının məşhur qəhrəmanlarından olan çar Ediplə izdivac qurduğunu görür15. Sezar mövhumatçı olmasa da, yuxusunu yozması üçün kahinə müraciət edir. Kahin onu sakitləşdirib deyir ki, gələcəkdə Makedoniyalı İsgəndər kimi dünyaya hökm edəcək. Çünki yuxusunda gördüyü «ana» əslində bütün canlılara həyat verən torpaqdır.

Hakimiyyət iddiası

Sezar İspaniyanı vaxtından əvvəl tərk edir: bilir ki, paytaxtdan kənarda öz iddialarını və niyyətini gerçəkləşdirə bilməyəcək. O, Romaya Şimali İtaliya torpaqlarından keçib-gedir. Həmin vaxtlar bu torpaqlarda yaşayan insanların bir qismi, xüsusən də Po çayının şimal tərəfində məskunlaşmış, vətəndaşlıq hüququ ala bilməyən əhali Romanın rəsmi siyasətindən narazı idi. Təbii ki, Sezar bunu bilirdi və narazıları dəstəkləməklə siyasət meydanında müəyyən üstünlüklər qazanmağa çalışırdı. Lakin Sezar yerlilərin rəğbətini qazansa da, onları üsyana təhrik etmək istəmirdi. Silahlı üsyan Roma qoşunlarının müdaxiləsinə gətirib çıxara bilərdi ki, bu da Sezarın xeyrinə deyildi.

M.ö. 67-ci ildə Sezar Romaya qayıdıb paytaxtın sosial-siyasi həyatında fəal iştirak etməyə başlayır. Elə həmin il o, Romadan Brundiziyaya – Adriatik dənizinin sahilindəki limana qədər uzanan Appia yoluna nəzarətçi təyin olunur. Misirə, Yunanıstana və ya Asiyaya yollanan Roma qoşunları məhz bu yoldan keçirdi. Döyüşçülər Brundiziyada gəmilərə minir, geri dönərkən də həmin yolla qayıdırdılar. (Qeyd edək ki, həmin dövrdə romalıların saldığı yüksək keyfiyyətli yolların bir qismi bu gün də fəaliyyət göstərməkdədir.)

Həmin vaxt Aralıq dənizi hövzəsində dəniz quldurları at oynatmağa davam edirdilər. Buna görə də romalılar senatı onların öhdəsindən gələ bilməməkdə günahlandırırdılar. Nəhayət, xalq tribunlarından16 biri senata qanun layihəsi təqdim edir. Layihəyə görə, quldurların axırına

Скачать книгу

10

Pontifik – Qədim Romada ali kahinlər şurasının üzvü

11

Senat – Qədim Romada ölkəni idarə edən dövlət şurası

12

Qalliya – müasir dövrdə, başda Fransa olmaqla, Qərbi Avropanın böyük bir hissəsinə verilən tarixi ad

13

Frakiya – Cənub-Şərqi Avropada Bolqarıstan, şimal-şərqi Yunanıstan və Türkiyənin Avropa qitəsindəki torpaqlarını əhatə edən tarixi bölgə

14

Propretor – canişin

15

Əfsanəyə görə, Edip bilmədən atasını öldürmüş və taxta çıxa bilmək üçün anası ilə evlənmişdi.

16

Tribun – Qədim Roma ordusunda legion komandirlərindən biri