Скачать книгу

getmək fikrindən daşındırmağa çalışaraq xəbərdarlıq edirdilər ki, bu pulla belə uzaq yola çıxmaq ağılsızlıqdır. Tanışlarından biri isə hətta onun «acından öləcəyini» söyləmişdi. Lakin Əhməd bəy qərarında qəti idi və atasından pul aldığı günün səhərisi ən ucuz bilet alaraq 4-cü dərəcəli vaqonda Berlindən keçməklə Parisə yola düşdü. 1888-ci il yanvarın 8-də isə Fransa paytaxtına çatdı. Heç bir tanışı olmayan bu nəhəng şəhərdə tamamilə tənha olan Əhməd bəyin durumunu fransız dilini mükəmməl bilməməsi və ciddi maddi çətinliklərlə üzləşməsi bir qədər də ağırlaşdırırdı. Parisə gəldikdən sonra o, qatarda təsadüfən tanış olduğu bir fransız xanımın məsləhəti ilə vağzaldan birbaşa «Hotel de Peterburq»a yollandı. Əsasən, Rusiyadan olan müsafirlərin qaldığı həmin hotelin xidmət personalı rus dilini bilirdi. Bu isə Əhməd bəy üçün çox önəmli idi. Lakin hoteldə keçirdiyi ilk gecədən sonra məlum oldu ki, orada gündəlik ödəniş 15 rus rubluna bərabərdir. Parisə gələrkən isə, dediyimiz kimi, Əhməd bəyin cəmi 90 rubl pulu vardı.

      Tamamilə yad şəhərdə, demək olar ki, çıxılmaz vəziyyətə düşən Ə.Ağaoğluna hotelin Aron adlı xeyirxah əməkdaşı kömək əlini uzatdı. O, Əhməd bəyə ilk növbədə «Hotel de Peterburq»u tərk edərək ucuz bir mənzil kirayələməyi məsləhət gördü. Daha sonra Aron Paris Universitetinin Tibb fakültəsində təhsil alan yəhudi tanışları ilə görüşüb onlardan Panteonun arxasındakı məhəllələrin birində iki gürcü tələbənin yaşadığını öyrəndi. Dərhal Əhməd bəyi onların yanına apardı. Hər iki tələbə öncə Əhməd bəyin gürcü olduğunu güman etdi. Odur ki onunla gürcücə danışmağa başladılar. Lakin Ə.Ağaoğludan «gürcü deyiləm, gürcücə bilmirəm, mən türkəm, qarabağlıyam» cavabını aldıqdan sonra belə gürcülər əsl qafqazlı kimi davrandılar: ona yardımlarını əsirgəmədilər.

      Əhməd bəy sonralar xatırlayırdı ki, hər iki gürcü tələbə onu böyük bir səmimiyyət və mehribanlıqla qarşılayıb: «Qarabağlı bir türkün Parisə qədər təhsil üçün gəlməsi onlara çox qəribə, eyni zamanda xoş bir hadisə kimi görünürdü. Dərhal çay hazırladılar, pendir-çörək gətirdilər və səmimi söhbətə başladılar. Hal və vəziyyətlərindən onların da çox yaxşı yaşamadıqları bəlli idi. Mənə ümid və təsəlli verdilər. Çay içdikdən sonra isə mənim üçün otaq axtarmağa çıxdılar. Mən də onlarla birlikdə. Otağın onlara yaxın olması əsas şərt idi. Yaxın küçədə bir xanımın mənzilində, dördüncü mərtəbədə ayda 25 franka (təxminən 10 rubla) bir otaq tapdılar. Yaxşı-pis yerləşdim».

      Gürcülər sonralar da özləri ciddi maddi çətinlik yaşamalarına baxmayaraq Əhməd bəyə bütün mümkün vasitələrlə yardımçı olmağa çalışırdılar. Bu baxımdan təəccüblü deyil ki, Əhməd bəy gələcəkdə Aron və iki gürcü tələbəni minnətdarlıq hissi ilə xatırlayaraq onları özünün xilaskarı adlandırmış, ardınca da əlavə etmişdi: «İsimləri ruhumun daşıdığı ən əziz və müqəddəs izlərdəndir».

      Parisdə yaşadığı ilk aylarda Əhməd bəy inanılmaz maddi məhrumiyyətlərlə üzləşdiyindən onun gündəlik rasionu çay, göy-göyərti və otaqdakı yeganə istilik və işıqlandırma qurğusunun – spirt lampasının köməyi ilə bişirdiyi qayğanaqdan ibarət olur.

      Əhməd bəy qənaətlə yaşamağa nə qədər səy göstərsə də, maddi durumu günü-gündən pisləşirdi. Doğrudur, Parisə gəldikdən dərhal sonra atasına teleqram vuraraq pul istəmişdi, lakin günlər, həftələr keçir, evdən isə xəbər gəlmirdi. Fevral ayının ortalarına yaxın Əhməd bəyin narahatlığı pik həddinə çatdı. O, Fransada təhsil almaq qərarından məmnun olmayan atasının birdəfəlik ondan üz döndərəcəyindən qorxurdu. Bununla belə, bir tərəfdən qəlbinin dərinliklərində hələ də atasının qəzəbinin soyuyacağına ümid edir, digər tərəfdən isə anası kimi bir dəstəkçisinin olduğunu xatırlayıb özünə toxtaqlıq verir və gec-tez evdən yardım alacağına inanırdı.

      Belə bir çətin durumda Əhməd bəyin yeganə təsəllisi gürcü dostlarının ona yardımçı olmaqda davam etmələri idi. Hər iki tələbə Qarabağdan heç bir kömək gəlməməsinə heyrətlənmişdi. Əhməd bəy özlüyündə fikirləşirdi ki, «kim bilir, bəlkə də, məndən şübhələnirlər. Mənim qarabağlı olmağıma, atam, anam, ailəm olmağına inanmayaraq məni bir sərsəri hesab edirlər». Sonralar Qafqazda təsadüfi görüş zamanı Əhməd bəy həmin gürcü dostlarına ozamankı şübhələrindən danışdıqda onlar birlikdə qəhqəhə çəkib güləcəkdilər. Fəqət 1888-ci ilin fevralında Əhməd bəy nəinki qəhqəhə çəkmək, adicə gülümsəmək iqtidarında belə deyildi.

      Əhməd bəy dərk edirdi ki, gürcü dostları da maddi sıxıntı içində yaşayır və özlərini güclə dolandırırlar. Buna baxmayaraq hər gün ona birgə nahar etməyi təklif edirlər. Əhməd bəy gürcü dostlarının qonaqpərvərliyindən sui-istifadə etməmək qərarına gəldi. Bu barədə sonralar belə yazacaqdı: «Onları sıxmamaq üçün üç-dörd gündə bir dəfə görüşməyə başladım. Artıq onlar məni axtarırdılar».

      Fevral ayı üçün kirayə pulunu ödəmək vaxtı gəldikdə isə Əhməd bəyin cibində artıq franklar deyil, santimlər4 qalmışdı. Odur ki ev sahibəsi ilə görüşüb vəziyyəti ona izah etdi. Yalnız ev kirayəsinin puluna dolanan yoxsul bir qadın olmasına baxmayaraq xanım Əhməd bəyə daha bir ay möhlət verdi.

      Əhməd bəyin maddi durumu isə kəskinləşməkdə davam edirdi. Nəhayət, mart ayının ortalarına doğru o, tamam pulsuz qaldı. Bundan sonra iki gün baqqalın yanına getməyə utandı. Lakin üçüncü gün aclıqdan taqəti qalmadığından birinci mərtəbəyə enərək baqqalın kassada oturan xanımına qızara-qızara dedi: «Madam, mənə etimad edib borca mal verərsinizmi? Pul gözləyirəm. Vaxtında almamışam. Sıxıntı içindəyəm».

      «Siz bizim müştərimizsiniz. Əlbəttə ki, etimad edərik. Nə istəyirsinizsə, alın», – deyə xanım cavab verdi.

      Ə.Ağaoğlu yazırdı ki, həmin anda «bu sözlərin mənə verdiyi mənəvi zövqü və onlardan aldığım qüvvət və imanı heç bir kəlmə ilə ifadə edə bilmərəm. Fransız xanım mənə bir xilaskar mələk kimi göründü. Təşəkkür etdim və hər gün aldığım qədər, 1,5 franklıq ərzaq aldım. Gedərkən bir daha təşəkkür etdim.

      – Bir şey deyil. Ürəyinizi sıxmayın. Hər zaman xidmətinizdə hazırıq, – deyə xanım bildirdi».

      Kirayə haqqını ödəmək üçün ev sahibəsinin verdiyi biraylıq möhlət bitdikdən sonra xanımın otağı boşaltmaq tələbi isə Əhməd bəy üçün növbəti zərbə oldu. Şübhəsiz ki, xanım tələbində haqlı idi, çünki verdiyi möhlətin üstündən əlavə olaraq yarım ay da keçmişdi. Bunu anlayan Əhməd bəy otağı boşaldaraq kirayə borcunu ödəyəcəyinə söz verdi. Eyni zamanda Parisdə kimsəni tanımadığı üçün qadından xahiş etdi ki, onun müvəqqəti olaraq çardaqda yaşamasına izin versin. Bu xahişdən sonra qadın heyrətlə Əhməd bəyin gözlərinə baxaraq üzüntülü səslə dedi:

      – Buyurun. Fəqət xəbərdar edirəm ki, çox zəhmət və əziyyət çəkəcəksiniz.

      Bu çox xeyirxah qəlbli ixtiyar qadın çardağı öz əli ilə təmizləyərək Əhməd bəyin taxtını və əşyalarını ora daşıtdırdı. Üç aya yaxın müddətdə qaldığı bu qaranlıq, toz və həşəratlarla

Скачать книгу


<p>4</p>

Santim – Fransanın xırda pul vahidi. 1 frank = 100 santim.