Скачать книгу

ata, günün hansı saatlarında ora getmək daha münasibdir?

      – Gündüz saat 2-də. Sizin zabitlər orada bu vaxt yemək yeyirlər.

      – Təşəkkür edirəm.

      Bir neçə dəqiqədən sonra ober-leytenant Via Qeqqanın tinindəki balaca bir dəllək dükanının qabağında durmuşdu: deyəsən, kimi isə gözləyirdi.

      Küçə ilə hitlerçi feldjandarmlar keçirdilər. Onlar iyirmi nəfərə qədər olardılar. Başlarında parlaq və hündür kaska, döşlərində isə xüsusi jandarm nişanı vardı. Jandarmlar küçədən keçən bütün hərbi qulluqçuları saxlayır və sənədlərini yoxlayırdılar.

      Lakin ober-leytenant yaxınlaşan jandarmlara o qədər də əhəmiyyət vermədi. Gözlərini qarşıdakı səki ilə gedən əli çantalı bir alman əsgərinə zilləmişdi. Əsgər sol əli ilə qaragözlü, qara, qıvrımsaçlı gözəl bir italyan qızını qucaqlamışdı.

      Çil-çil sifətli, göygöz, ağımtıl qaşlı əsgər çox cavan idi. Ona 19–20 yaş ancaq vermək olardı. Qız isə oğlana nisbətən bir qədər böyük görünürdü. Əsgərin kefi kök idi: qəhqəhə çəkib gülür, qızı qucaqlayıb qulağına nə isə pıçıldayırdı. Qız onun sözlərini dinləyərək diksinir, çiynindəki şala daha bərk bürünürdü.

      Ober-leytenant kinayə ilə gülümsündü.

      Əsgər yanındakı qızla birbaş jandarmlara tərəf yeriyirdi. Onlar jandarmlara çathaçatda ober-leytenant əsgərin qabağını kəsdi.

      Əsgər təqsirkar bir ifadə ilə gözlərini döyərək qeyri-ixtiyari əllərini yanına saldı. Lakin artıq gec idi. Zabit onu danlamağa, söyməyə başladı. Hətta jandarmlar təəccüblə bir-birinə baxıb ayaq saxladılar. Zabit get-gedə qızışır, özündən çıxır, deyirdi ki, iki saatdır onu axtarır, o isə vəzifəsini unudub Triyestin restoranlarında veyillənir, əxlaqsız qızlarla gəzir. Lap axırda isə əlavə elədi ki, onu ancaq kötəklə işləməyə məcbur etmək olar.

      Əsgərin yanındakı qız qorxusundan divara tərəf sıçradı və yaxındakı tini burulub gözdən itdi.

      Əsgərin yanağı səyriyirdi. O kəkələyərək nə isə deməyə çalışırdı, lakin zabitin yağdırdığı yeni söyüşlər onu bu mənasız cəhddən əl çəkməyə məcbur etdi.

      – Bəsdir yanağını dartdın, axmaq! – zabit qışqırdı. – Əminəm ki, səni döyüş meydanında yox, meyxanada pivə parçı ilə vurub şikəst ediblər. Hələ utanmaz-utanmaz döşündə xaç nişanı gəzdirir. Atasının əziz xatirəsinə görə onu, sadəcə, «Körpə» adlandırıram. Heç təsəvvür eləyə bilmirəm ki, eses zabitinin belə axmaq bir oğlu ola bilər. Marş, dalımca!..

      Körpə çantasını çiyninə atıb onun dalınca getdi. Feldjandarmların rəisi çeçələ barmağı ilə qaşının arasını qaşıdı: «Lənət şeytana, bu zabiti belə hirsli vaxtında saxlasan, sənə də ağzından çıxanı deyər».

      Rəis əllərində çamadan vağzala tərəf gedən iki əsgəri dayandırıb onların sənədlərini yoxlamağa başladı.

      Ober-leytenant ilə Körpə beşmərtəbəli qədim bir evə yaxınlaşdılar. Keçmişdə yerli əhalinin fəxr etdiyi bu gözəl bina indi «Döyçe soldatenhaym» adlanırdı.

      Ober-leytenant və onun əsgəri «Döyçe soldatenhaym»a girəndə qarşı səkidəki slovenli bir qarı onlara tərəf baxaraq tüpürdü: «Ah, kaş bu ev başınıza uçaydı. Siz olmasaydınız, mənim Mitrim sağ qalardı. Sizi görüm lənətə gələsiniz, cəlladlar!»

      O qədər də böyük olmayan vestibüldən3 yuxarı zərli məhəccərli geniş pillələr qalxırdı. Pillələrin hər iki tərəfindəki mərmər sütunlar, tavandan asılmış büllur çilçıraqlar par-par parıldayırdı.

      Yuxarıdan musiqi səsləri eşidilir, xörək ətri gəlirdi. Balacaboylu bir zabit tapança qayışını açıb paltarasana ilişdirməyə çalışırdı. Xörəkpaylayan qadınlar onun yanından ötərək o tərəf-bu tərəfə vurnuxurdular. Nişastalanmış ağ önlüklər və krujeva onlara təntənəli bir görkəm verirdi. Hamısı alman idi. Bu evə ancaq almanlar girə bilərdilər.

      Ober-leytenant və Körpə birinci salonun açıq qapısı qarşısında dayandılar. Bura əsgərlərin və kiçik zabitlərin yeməkxanası idi. Hiss olunurdu ki, onlar hələ təzə-təzə yığışmağa başlayıblar. Bir neçə əsgər patefonun yanında dayanıb mahnıya qulaq asır, zarafatlaşıb gülüşürdülər.

      Birdən əsgərlər gözlərini onlara zilləmiş ober-leytenantı gördülər. Hamısı farağat durdu.

      Zabitin sifəti daş kimi ifadəsiz idi. Əsgərlər xeyli müddət yerlərində donub-qaldılar, səslərini çıxarmadılar. Nəhayət, ober-leytenant onlardan gözünü çəkib üçüncü mərtəbəyə qalxan pillələrə tərəf yönəldi. Körpə əsgərlərə göz vurub öz zabitinin dalınca getdi.

      Üçüncü mərtəbədə sakitlik idi, salonun qapısından tünd-qəhvəyi rəngli ağır pərdələr asılmışdı. Zabit etinasız bir hərəkətlə pərdəni aralayıb içəri baxdı. Sonra salona girdi.

      O, stolların arasında gəzir, sanki yüksəkrütbəli zabitlərin xörək yeyəcəkləri stolların səliqə-sahmanını yoxlamaq istəyirdi.

      – Körpə! – zabit əsəbi səslə əsgəri çağırdı. – Bu dəsmallar xoşuma gəlmir, çox kobuddur!

      Körpə zabitin nəyə işarə etdiyini dərhal başa düşüb çiynindəki çantanı yerə qoydu, oradan bir dəstə dəsmal çıxartdı.

      Onlar tez-tələsik stollardakı dəsmalları dəyişdirib salonu tərk etdilər.

      – Körpə, yeməkdən qabaq əllərini yumaq istəmirsən? – ober-leytenant koridorun o biri başını göstərdi.

      Koridorun o başındakı qapılardan birinin üstünə «Yalnız zabitlər üçün» sözləri yazılmışdı.

      Körpəyə rast gələn mayor əvvəlcə onu dayandırıb qapıya vurulmuş lövhəni göstərmək istədi. Sonra nədənsə fikrindən daşındı. Bu iyrənc şəhərdə Otto fon Şultsun işi onsuz da başından aşırdı. Vaxtını intizam haqqında boş söhbətlərə sərf etmək istəmədi. Fon Şults özünü daha ciddi işlərdən ötrü qorumalıdır…

      Mayor alçaqtavanlı holla4 girdi. Bir neçə zabit piştaxtanın qabağına yığılıb yeməkdən qabaq vermut içirdi.

      Balkon qapısının yanında qırmızı peysər qoca polkovnik dayanmışdı. O, əlindəki qayçı ilə siqarın ucunu kəsirdi.

      Şults alışqanı yandıraraq onun siqarına yaxınlaşdırdı.

      Polkovnik diqqətlə mayora baxdı, onun qaşları təəccüblə yuxarı dartıldı.

      – Fon Şults?

      Şults yüngülcə baş əydi.

      – Hm… – polkovnik gülümsündü. – Mən sizi hələ bığsız kadet5 olduğunuz vaxtdan xatırlayıram. Əgər səhv etmirəmsə, sizinlə atanızın malikanəsində görüşmüşdük. Hafizəm məni çox nadir hallarda aldadır. Triyestə çoxdan gəlmisiniz?

      – Xeyr, təzəcə gəlmişəm.

      – Yəqin ki, fövqəladə

Скачать книгу


<p>3</p>

Vestibül – ictimai binaların (məs.: muzey, teatr və s.) girişində geniş yer

<p>4</p>

Holl – ictimai binalarda istirahət və ya gözləmə üçün böyük otaq, zal, salon

<p>5</p>

Kadet – orta təhsil verən, eyni zamanda gəncləri hərbi karyeraya hazırlamaq məqsədi güdən qapalı tipli ibtidai hərbi məktəbin tələbəsi