Скачать книгу

      I FƏSİL

      Yanvar ayının bazar günlərinin birində Triyest şəhərinin küçələri ilə əlində köhnə vedrə, qoltuğunda böyük kağız topası olan bir qoca kişi gedirdi. Onun tük basmış sifətində laqeyd bir ifadə var idi.

      Qoca əriyib horraya dönmüş qarı öz yırtıq ayaqqabıları ilə şappıldada-şappıldada şəhərin fəhlə məhəlləsindəki Müqəddəs Yakov küçəsinə döndü. Bir hasarın qabağında dayandı. Vedrədən fırçanı çıxarıb hasarın daşlarını yapışqanladı, sonra da qoltuğundakı kağızlardan birini oraya yapışdırdı. Bu, italyan və alman dillərində yazılmış bir elan idi. Elanda Triyestin əhalisinə xəbər verilirdi ki, «Mixaylo» ləqəbi ilə məşhur olan partizanın tutulması üçün yüz min marka1 mükafat təyin edilir.

      Bir azdan camaat elanın qarşısına toplaşmağa başladı. Təəccüblü səslər eşidildi:

      – Yüz min, nə az, nə azacıq!

      – Görəsən, bu Mixaylo onlara nə eləyib?

      – Yüz min küçəyə tökülməyib ha!.. Görünür, ovqatlarına yaman soğan doğrayıb!

      – Gör kisələrinin ağzını necə açıblar!

      Elan yapışdıran qoca adamları laqeyd nəzərlərlə süzüb yoluna davam etdi. Bir azdan həmin elanlara şəhərin hər yerində rast gəlmək olardı. Onlar hasarlara, ağacların gövdəsinə, evlərin divarlarına, bağların çəpərlərinə, mağazaların boş vitrinlərinə, tramvayların şüşələrinə, liman tikililərinə, hətta qədim Roma amfiteatrını xatırladan xarabalıqlara belə yapışdırılmışdı.

      Triyest əhalisi elanların qarşısında toplaşaraq bu naməlum adamı – Mixaylonu təsəvvürlərində canlandırmağa çalışırdı. Görəsən, kimdir? Haradandır? Necə adamdır?..

      Mixaylonun elanda göstərilmiş nişanələri təxmini idi: «Ortaboylu, qarabuğdayı, enlikürək, qaragöz, göz qapaqları bir qədər ətli, çənəsi çuxurlu…»

      Elanlar bəzi yerdə almanların hərbi məlumatları ilə yanaşı yapışdırılmışdı. Bu məlumatlarda bildirilirdi ki, hitlerçilər Şərq cəbhəsində hücumu davam etdirir, yeni-yeni şəhərlər fəth edirlər. Mixaylo haqqındakı elan isə bu xəbərin saxtalığını sübut edirdi.

      – Bir halda ki faşistlər… hm… hətta Şərq cəbhəsində də hücuma keçiblər, görəsən, nə üçün bir ovuc partizandan qorxub əl-ayağa düşüblər? – arıq bir qoca kinayə ilə gülümsədi.

      – Düzdür, – gözlərindən yorğunluq yağan bəstəboy kişi onunla razılaşdı. – Adam bilmir, nəyə inansın. Onların məlumatlarına, yoxsa bu elana…

      Qoca qorxu və ehtiyatla yan-yörəsinə baxdı:

      – Keçən həftə Suzana qəsəbəsində alman kinoteatrını partladıblar. Deyirlər, səkkiz saat meyit daşıyıblar…

      – Yəqin, Mixaylonun işidir, – bəstəboy kişi qorxu qarışıq bir sevinclə pıçıldayıb yenə nəzərlərini elana zillədi. – Eh, heç burada göstərilən nişanələrlə onu tapmaq olar?!

      – Yoxsa, onu tapmaq fikrinə düşmüsən? – qoca soruşdu. Onun səsində gizli bir hədə duyuldu.

      Qonşusu gülümsünüb pıçıltı ilə dedi:

      – Eh, kaş tapaydım…

      Qoca daha da şəkləndi:

      – Tapsaydın, neylərdin?

      – Heç nə. Onun əlini möhkəmcə sıxardım.

      Bu zaman səliqə ilə geyinmiş bir alman zabiti həmin elanlardan birinə yanaşdı. O, şinelinin yaxasını açıb yan cibindən dəri cildli qeyd dəftərçəsini çıxardı və partizanın əlamətlərini tələsmədən köçürməyə başladı.

      – Deyəsən, yüz min qazanmaq istəyirsiniz, cənab ober-leytenant, – arxa tərəfdən yaxınlaşan leylək kimi uzun və arıq bir zabit soruşdu.

      Ober-leytenant başını döndərmədən cavab verdi:

      – Nə üçün də qazanmayım, cənab leytenant? – o, dəftəri büküb cibinə qoyduqdan sonra geri çəkildi.

      Leytenantın təəccübdən nitqi tutulmuşdu. O, dilini güclə tərpədərək soruşdu:

      – Q… qəribədir, sizin ki arxada gözünüz yoxdur, mənim leytenant olduğumu nədən bildiniz?

      – Belə yerdə arxanı da görməyi bacarmaq lazımdır, – ober-leytenant poqonların əksini elan yapışdırılan qara mərmər sütunun üzərində görmüşdüsə də, üzə vurmayıb ciddi bir tövrlə əlavə etdi: – Bunu unutmayın.

      Leytenant qaşlarını dartdı və «Hayl Hitler!» deyib uzaqlaşdı.

      Mərmər sütun ober-leytenantın da şəklini ayna kimi əks etdirirdi.

      O, iyirmi beş yaşlarında ortaboylu, enlikürək bir oğlan idi. Bir qədər ətli göz qapaqlarının altından görünən məxmər kimi qara gözləri, düz burnu və çənəsində balaca bir çuxur var idi. Bir sözlə, onun xarici görkəmi elanda göstərilmiş əlamətlərə uyğun gəlirdi: əgər sifətinə soyuq və təkəbbürlü bir ifadə verməsə idi, yəqin, yoldan keçənlərin çoxu ondan şübhələnərdi.

      Ober-leytenant ətrafına göz gəzdirdi.

      Onun durduğu yerdən qranit daşlarla döşənmiş sahil görünürdü. Gəmilər burunlarını sahilə dirəyib yan-yana düzülmüşdü. Hərbi nəqliyyat gəmilərindəki top və pulemyotların lülələri göyə tuşlanmışdı.

      Səma aydın idi. Sahildə cərgələnmiş binaların arasında «Ekzaltcyor» mehmanxanası və qubernatorun evi diqqəti cəlb edirdi.

      Yanvar ayına xas olmayan xoş və ilıq bir hava vardı. Ober-leytenant saatına baxıb ağır addımlarla meydanın o biri başına yönəldi. Bir azdan şəhərin fəhlə məhəllələrinə çatdı.

      Bazar günü olmasına baxmayaraq şəhərin küçələrində adam o qədər də çox deyildi. Meyxanalar isə, əksinə, səsli-küylü idi.

      Nallı çəkmələrini yerə döyə-döyə küçədən bir dəstə hitlerçi keçdi.

      Bazara yaxınlaşdıqca küçələrdəki səs-küy çoxalır, tünlük artırdı.

      Ober-leytenant şəhərin mərkəzinə çatdı.

      Bahar və yay fəsillərində şəhər daha gözəl görünürdü. Akasiya və şabalıd ağacları şəhərə xüsusi rövnəq verirdi; meydanlarda, bağçalarda və bulvarda palma ağacları vüqarla ucalırdı.

      İndi bu palmalar solub-ölgünləşmişdi; şəhərin mənzərəsini cansıxıcı edən yalnız boz divarlı evlər və palmalar deyildi. Şəhər deyəndə ilk növbədə insanlar nəzərdə tutulur. İnsanlar isə süst və ölgün yeriyir, son dərəcə qayğılı və qaşqabaqlı görünürdülər.

      Almanlar tərəfindən işğal edilmiş şəhərin siması dəyişmişdi, elə bil şəhərə qara bir damğa vurulmuşdu. Küçələrin asfaltı çat-çat olmuşdu – bunlar ardı-arası kəsilmədən şəhərdən keçib-gedən ağır tankların tırtıllarının izi idi.

      Via del Akvedotto küçəsində cərgələnmiş dar ağaclarından üzləri kömür kimi qaralmış adamlar asılmışdı. Asılanlardan birinin köynəyi qana batmışdı, boynundaki ip isə düyün-düyün idi. Yəqin, onu asanda ip bir neçə dəfə qırılmışdı.

      Revoltello sarayının yanında esesçilər bir neçə zabitin rəhbərliyi altında şəhər incəsənət muzeyindəki şəkilləri maşınlara yükləyirdilər.

      – San Custo kilsəsi haradadır? – ober-leytenant italyan sözlərini yanlış tələffüz edərək küçədəki kor çalğıçıdan soruşdu.

      Çalğıçı əlini qabağa uzatdı:

      – Düz gedin.

      Ober-leytenant yoluna davam etdi.

      O, bir neçə dəqiqədən sonra San Custo kilsəsində qoyulmuş Müqəddəs Madonnanın2 heykəlinin qarşısında dayanmışdı. Mərmərdən yonulmuş Madonna iki mələyin arasındakı taxtda əyləşmişdi. Onun qucağında balaca bir uşaq vardı.

      Zabit bu qədim sənət əsərindən böyük zövq alırdı.

Скачать книгу


<p>1</p>

Marka – Almaniyada pul vahidi

<p>2</p>

Müqəddəs Madonna – burada: İsa peyğəmbərin anası sayılan Məryəmə verilən ad