ТОП просматриваемых книг сайта:
Xiyabani. Pənahi Makuli
Читать онлайн.Название Xiyabani
Год выпуска 0
isbn 9789952245028
Автор произведения Pənahi Makuli
Серия Azərbaycan ədəbiyyatı
Издательство Altun Kitab
– Ala, bu da sənin dərs kitabın, diqqət elə ki, cırmayasan ha!… Gedək.
Dayısı bunu dedikdən sonra Məhəmmədin qolundan yapışıb məscidə tərəf yollandı.
Məhəmməd içəri girəndə Qasımağanı, qonşuları Böyükağa, Kiçikağa adlı iki qardaşı da burada görüb sevindi. Keçib mollanın göstərdiyi yerdə oturdu.
Uşaqlar növbə ilə dərslərini oxuduqdan sonra molla üzünü Məhəmmədə tutdu:
– İndi növbə sənindir, gəl görüm.
– De ki, bismillahirrəhmanirrəhim.
– Bis… mil… lahir… rəhmanir… rə…him, – deyə Məhəmməd səsini uzatdı.
– İndi keçək o birisinə… De ki hüvəl fəttahül əlim.
Məhəmməddən səs çıxmadı.
Molla təkrarladı:
– Ay uşaq, səninləyəm, de ki: hüvəl fəttahül əlim.
Məhəmməd axunda, onun eynəyinə, əlindəki çubuğa baxıb susurdu. Sonra birdən soruşdu:
– Axund əmi, mən haradan bilim ki, bu «hüvəl fəttahül əlim» nə deməkdir?
Oğlanın bu sualından mollanın qaşları çatıldı, eynəyinin altından xırda gözləri ilə tərs-tərs ona baxdı, udqundu. Otuz illik məktəbdarlıq dövründə ilk dəfə idi ki, bir şagird ona dərs zamanı belə bir sual verirdi. Doğrudan da, hələ əlif-beyi bilməyən bir şagirddən «hüvəl-fəttahül əlim»i soruşmaq qəribə iş idi!
Məscidə sükut çökmüşdü. Deyəsən, uşaqlar da Məhəmmədin sualından heyrətə gəlmişdilər. Haçandan-haçana molla boğazını arıdıb dedi:
– Yaxşı, sən əlif-beydən başla.
Günorta azanı verilən kimi dərs bitdi. Uşaqlar taxçaya tərəf yüyürdülər. Buraya onların yeməkləri qoyulmuşdu…
5
Məhəmməd ertəsi gün məktəbdən dükana gələndə dayısı gülə-gülə onu qarşıladı.
– Qaç, anana müjdə apar. Atandan teleqraf almışam, gedib Xorasana, ağanı2 ziyarət edib bura gələcək.
Məhəmmədə elə bil qanad verdilər. İldırım sürəti ilə qaçıb özünü təngnəfəs evə çatdırdı:
– Ana, ay ana, müjdəmi ver, – deyə elə həyət qapısından çağırdı.
– Nə olub, bala? Xeyirdirmi?
– Xeyirdir, xeyirdir! Atam bir-iki aya kimi gəlir.
Bunu eşidən nənəsi Fatı anası Zəhra xanımdan qabaq əlini göyə qaldırdı.
– Sənə çox şükür, Allah! Zəhra xanım isə kimsənin eşidə bilməyəcəyi bir səslə:
– İnşallah, oğlum, inşallah! – deyə gözünün yaşını saxlaya bilmədi.
Məhəmməd növbəti bir ayda, demək olar ki, vaxtının çoxunu dayısının qurbanlıq üçün aldığı toğlu ilə keçirdi. Toğlunu Məhəmmədin atası gələndə kəsəcək, ətini yoxsullara paylayacaqdılar. Toğlu da Məhəmmədə öyrəşmişdi. Uşaq hara gedirdisə, o da başını bulaya-bulaya dalınca düşürdü.
Bu gün evdəkilər həmişəkindən tez oyanmışdılar. Məşhəd zəvvarları günortaya kimi qəsəbəyə varid olacaqdılar. Səhər yeməyindən sonra kənd camaatı atlara minib zəvvarların pişvazına çıxdılar. Qasımağa ata tək minmişdi. Məhəmmədi isə dayısı tərkinə almışdı.
Piyada gedənlər gəlib bağların qurtaracağındakı kölgəlikdə dayandılar. Atlılar isə daha da qabağa getdilər. Yarım saat keçməmişdi ki, atlılardan biri çığırdı:
– Gəlirlər!
Ziyarətdən gələnlər başqalarından seçilmək üçün papaqlarının bir tərəfinə barmaq enində ağ parça tikmişdilər. Məhəmməd atasını dərhal tanıdı. «Mənim atam o qırmızı ata minən qarasaqqal kişidir» deyib irəli can atdı. Ata da oğlunu tanıdı. Qüvvətli qolları ilə onu dayısının tərkindən alıb bağrına basdı. Heç kəs eşitməsin deyə yavaşcadan dedi:
– Maşallah, böyük oğlan olmusan!
Məhəmmədin atası öz qapılarında atdan düşdü. Elə oradaca qoyun kəsildi. Həftələrdir dalınca dolanan qoyuna yazığı gəlsə də, Məhəmməd heyifsilənmədi. Axı onu atasına qurban kəsirdilər…
Ertəsi gün səhər Məhəmmədin atası xana gətirdiyi sovqatları bir boxçaya büküb oğlunun qoltuğuna verdi. Bərabər yola düzəldilər. Yalnız xanlıq qapısına çatanda Məhəmməd atasının məqsədini anladı, yerində mıxlanan kimi oldu. Ata dönüb baxdı:
– Niyə durdun, oğlum?
– Hara təşrif aparırsan, ata? – deyə oğlan dəqiqləşdirmək üçün soruşdu və gözlərini atasının üzünə zillədi.
– Xanın hüzuruna.
– O, pis adamdır, ata, oraya getmə.
– Nə üçün pis adamdır, oğlum?
Məhəmməd zurna əhvalatını atasına yerli-yataqlı danışdı. Bu eşitdiklərindən atanın bütün bədəni lərzəyə gəldi. O, bir anlığa fikrə getdi. Görüşə getməsə, ata-baba adətincə ona sovqat aparıb verməsə, xanın qəzəbi tutardı.
– Eybi yoxdur, oğlum, xan adamı döyər də, söyər də, sevər də! – Ata bunu deyib xanın həyətinə girmək istəyəndə Məhəmməd keçib onun qabağında dayandı:
– Qoy o məni heç sevməsin. Ancaq söyməsin də… Getmə, ata! Mən onu görmək istəmirəm.
Uşağın belə təkidindən sonra ata yenidən ayaq saxladı. Öz-özünə: «Çörəyim ondan gəlmir, çırağım ondan yanmır! Qoy cəhənnəm olsun, xan da, onun xanlığı da!» – deyərək oğlunun biləyindən tutub geri döndü.
Axşam Məhəmmədin dayısı onlara gələndə Zəhra xanım dəhlizdə əhvalatı ona danışdı. Dayısı bu işdən narazı qaldı.
– Əlbəttə, yaxşı iş görməyib, – dedi. – Mən Əbdülhəmidi razı salaram ki, sabah getsin.
Sonra da bacısının əri ilə qabaq-qənşər oturub onu dilə tutmağa başladı. Hacı Əbdülhəmid qaynını diqqətlə dinlədikdən sonra qəti səslə dedi:
– Onları yavaş-yavaş adam olmağa alışdırmaq lazımdır. Mən xanın görüşünə getməsəm, o qanar ki, pis iş görüb. Bir də belə eləməz.
– Amma əvəzində sənə də ağır oturar ha!
– Ağır oturar deyəndə ki, mənə nə olacaq? Mülkədar deyiləm, mülkümdən qorxam, vur-tut bir həyətim var, satıb gedərəm Təbrizə.
– Sən nə danışırsan, Hacı qardaş? – Məhəmmədin dayısı bunu eşitcək çiyinlərini təəccüblə çəkərək dedi.
Hacı təmkinini pozmadı:
– Söz odur ki mən xanın görüşünə getməyəcəyəm! Qoy nə bacarır eləsin. Dərziyə dedilər köç, iynəsini
2
Şiələrin səkkizinci imamı olan İmam Rzanın məqbərəsi nəzərdə tutulur (red.).