Скачать книгу

Yemək otağı adamlarla dolu idi. Onlar Romanın çox da xeyirxah vətəndaşları deyildi, heç də münasib işlər və hərəkətlər üçün bura yığışmamışdılar.

      Mavi geyimli qullar qonaqlara quluq edirdilər. Onlar şərəfli taxtın qarşısında durmuşdular və ilk işarə ilə qonaqların hər arzusunu dərhal yerinə yetirməyə hazır idilər.

      İçməkdən sərxoş olmuş qonaqlarsa yoxsulluqdan və hakimiyyətdən şikayətlənirdilər.

      Bir azdan zala bir qul girib ev sahibinə yaxınlaşdı və onun qulağına astadan bir neçə söz söylədi.

      Katilina sevincək dilləndi:

      – Axır ki, gəlib çıxdı. Gətir onu bura, qoy yoldaşı da onunla gəlsin.

      Sonra əlavə elədi:

      – Onlara lazımınca qulluq edin. Ayaqlarını yuyun, bədənlərinə ətir sürtün, əyinlərinə qonaqlıq paltarı geyindirin, başlarına çələng qoyun.

      Çox keçmədi ki, xidmətçilər onları gətirdilər. Təzə qonaqların əynində ağ qonaqlıq paltarları, başlarında da qızılgül çələngi vardı.

      Onlar Spartakla Kriks idi. Katilina yerindən qalxıb qonaqları qarşıladı. Spartakın əlindən tutub uzandığı taxta tərəf gətirdi, Kriksi şərəfli taxtın qabağında qoyulan skamyada oturtdu, özü də onun yanında əyləşdi.

      Katilina təzə gələn qonaqları da şəraba qonaq edib sözünə başladı:

      – Bəli, şanlı cavanlar, mən sizi bura bir məsələni müzakirə etmək üçün çağırmışam. İşimizin xeyri üçün Spartakla, onun qladiatorları ilə birləşməyimiz necə olardı? Ali hakimiyyət qorxunc zadəganların əlindədir. Onlara qarşı çıxmaq istəsək, gərək haqqını qorumağı bacaran adamlarla birləşək. Qulların ağalara qarşı müharibəsi bizim də müharibəmiz olmalıdır.

      Qonaqlar narazı halda deyindilər. Katilinanın nitqi çoxunun xoşuna gəlməmişdi. Spartak həyəcan içində Katilinaya qulaq asırdı, həm də cavan patrisiləri diqqətlə müşahidə edirdi. Onun rəngi qaçsa da, sakit ifadə ilə dedi:

      – Siz azad adamlarsız, amma bununla belə, sizi dövlət işlərini idarə etməkdən kənarda saxlayırlar. Buna görə də sizin üçün bircə şey mühümdür: indiki hökmdarların yerini tutmaq! Amma biz bədbəxt qladiatorları tamamilə başqa şeylər narahat edir. Hamı bizə “rəzil adam” deyə həqarətlə baxır. Məğrur romalıları əyləndirmək üçün bizi bir-birimizlə vuruşmağa, bir-birimizi öldürməyə məcbur edirlər! Buna görə də üsyan etməkdə məqsədimiz ancaq indiki hökmdarların əleyhinə deyil, onların yerinə gələn hökmdarların da əleyhinə mübarizə aparmaqdır.

      Qaldırılan məsələnin müzakirəsi çox çəkdi, axırda belə qərara gəldilər ki, qiyamı əlverişli bir vaxta saxlasınlar. Spartak Katilinaya və onun dostlarına kömək etməyə hazır olduğunu bildirdi. Sonra ev sahibi və qonaq- larla sağollaşdılar. Patrisilər onları saxlamağa çalışsalar da, Spartak da, Kriks də imtina edib Katilinanın evindən çıxdılar.

      Təxminən üç yüz addım yol getdikdən sonra Spartak sözə başladı:

      – Orda çox adam vardı, bir də onların hamısı bizim tərəfimizdə deyildi. Eşitdin də, qaldıracağımız qiyam onların nəzərində dəli adamın xəyalı kimi dağılıb getdi. Bu saat Aksianın qladiatorlar məktəbinə get, bizim təbrik parolumuzu, əl-ələ görüşərkən etdiyimiz gizli işarəni dəyiş. İndi bizim parolumuz “İşıq və azadlıq” deyil, “Səbat və qalibiyyət” olacaq. Daha üç dəfə dostcasına əl sıxılmayacaq, sağ əlin şəhadət barmağı yavaşca o biri adamın sağ əlinin ovcuna vurulacaq. Daha get. Vaxt itirmə. Sabah səhər tezdən Yuli Rabetsinin məktəbində görüşərik.

      Spartak Kriksin əlini sıxıb Sullanın evinə sarı getdi. Çox keçmədi ki, ora çatdı. Qapını döydü. Qapıçı qapını açıb onu Valeriyanın Mirtsa üçün ayrılmış kiçik otağına apardı.

      Spartak otağa girən kimi Mirtsa onun boynuna sarılıb üz-gözündən dəfələrlə öpdü. Sonra fərəhlə onu xanımının çağırdığını söylədi. Sən demə, Valeriya Spartakı əri Sullanın qladiatorlar məktəbinə rəhbər təyin etmək istəyirmiş. Sonra əlavə elədi:

      – Sənə bir sirr də açım. Amma yalvarıram, qoy öz aramızda qalsın. Sirkdə sənə azadlıq verilməsini Sulladan Valeriya xahiş edibmiş!

      Spartakın həyəcandan bədəni sarsıldı, rəngi ağardı. O, fikrə getdi.

      Bir azdan Mirtsa qardaşına dedi:

      – İndi gedib sənin gəldiyini Valeriyaya söyləyəcəm. Səni onun yanına aparmaq üçün özündən icazə almalıyam.

      Mirtsa bir anda gözdən itdi. Spartak dalğın olduğundan onun getdiyini duymadı. O, Valeriya ilə ilk dəfə ay yarım bundan əvvəl rastlaşmışdı. Elə o zamandan onda bu gözəl qadına qarşı odlu arzu, böyük həsrət hissi oyanmışdı. Zavallı frakiyalı ilk vaxtlar bu yeni hissi qəlbindən çıxarmağa çalışmışdı. Amma ayaqları onu dəfələrlə Sullanın evinin qarşısına aparmışdı. Bu gedişlərin birində Valeriya Spartakı sezmişdi. Zavallı rudiari18 Valeriyanın bir anlığa ona şəfqətlə baxdığını hiss etmişdi. Spartak hələ də şaşqın-şaşqın, sanki sərsəm halda düşünürdü.

      Mirtsa gəlib Spartakı Valeriyanın otağına aparanda, o, üzdən çox sakit görünürdü, lakin qəlbinin bərk-bərk döyündüyünü hiss edirdi. Onlar kiçik bir pilləkənlə aşağı enib konklava19 sarı getdilər.

      Çox zərif yundan tikilmiş mavi haşiyəli, ağ tunikaya bürünən gözəl Valeriya bu sakit otaqda təkbaşına taxtda dirsəklənib uzanmışdı. Spartakın üzü Paros mərmərindən də ağ idi. O, alışıb-yanan gözlərini gözələ dik- mişdi.

      Valeriya qalxıb oturdu, dərhal qızaran gözəl üzünü Spartaka sarı çevirdi, dərindən nəfəs alıb mehriban bir səslə dedi:

      – Allahlar səni öz himayəsində saxlasın, şanlı Spartak!

      Spartak özünə gəlmişdi. O, zərif, titrək səslə dedi:

      – İlahi Valeriya, allahlar layiq olduğumdan artıq məni himayə edirlər. Onlar sənin himayəni mənə bəxş edirlər.

      Valeriyanın qəlbində gözəl bir hiss doğdu, mehriban səslə dedi:

      – Əziz Mirtsa səndən mənə çox şey danışıb. İgidliyin də mənə məlumdur.

      Mehriban səslə söylənilən bu söz Spartakın qəlbinə məlhəm kimi yayıldı. Onun gözləri yaşardı, sakit səslə söylədi:

      – Ah, dünyanın ən mərhəmətli qadını, bu xoş sözlərin üçün həmişə allahların inayətində olasan… Qoy böyük allahlar səni bütün insanlardan yüksəkdə tutsun… Sən buna layiqsən. Qoy onlar səni dünyanın ən xoşbəxt qadını eləsinlər.

      Spartakın son sözündən sonra susdular. Sükutu Valeriya pozdu:

      – İndi sən tamamilə azadsan. Sulla Kumadakı villasında altmış quldan ibarət məktəb açıb. Sən bu məktəbi idarə etməyi boynuna götürərsənmi?

      Spartak böyük nəzakətlə Valeriyaya baxaraq yavaşca dedi:

      – Sən nə istəsən, mən onu yerinə yetirməyə hazıram. Axı mən sənin qulunam, sənin ixtiyarındayam.

      Altıncı

Скачать книгу


<p>18</p>

Rudiari – Qədim Romada azadlıq almış qladiator; onlar öz istəyi ilə qladiator döyüşlərində iştirak edə bilərdilər.

<p>19</p>

Konklav – Roma xanımlarının xüsusi otağı