ТОП просматриваемых книг сайта:
Ovod. Этель Лилиан Войнич
Читать онлайн.Название Ovod
Год выпуска 0
isbn 9789952241297
Автор произведения Этель Лилиан Войнич
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство Altun Kitab
– Yaxşı, padre, siz də mənim üçün, həm də İtaliya üçün dua edin.
Artur diz çökdü, Montanelli əlini onun aşağı əyilmiş başına qoydu. Bir neçə dəqiqə keçdi. Artur qalxıb yavaş-yavaş uzaqlaşdı. Montanelli tək qaldı…
İkinci fəsil
Arturun Montanelli ilə bərabər İsveçrəyə səyahətə çıxması ögey qardaşı Cems Bertonun xoşuna gəlməsə də, etiraz etmək üçün əsas tapa bilmədiyindən razılıq verməli oldu.
London gəmi sahibləri olan “Berton və oğulları” yüz ildən çox idi ki, İtaliyada ticarət müəssisəsi yaratmışdılar. Ailə başçısı arvadını itirdikdən sonra kiçik uşaqlarının tərbiyəçisi olan Qledis adlı qəşəng bir qadınla evlənmişdi. Qadın onun böyük oğulları ilə, az qala, həmyaşıd idi. Ögey ananın varlığına dözmək Cems və Tomasa çox ağır gəlirdi. Bir müddət sonra isə Qledisin oğlu – Artur doğuldu. Qardaşları Arturu sevməsə də, ona qarşı olan borclarını öz bildikləri kimi yerinə yetirməyə çalışırdılar.
Artur məktubuna cavab olaraq pul çeki və soyuq icazə məktubu aldı; pulun yarısını botanika kitablarına, qovluqlara sərf etdi və ilk dəfə olaraq, Alp dağlarını səyahətə yollandı.
İndi Montanellinin kefi əvvəlkindən çox yaxşı idi. Bağçadakı söhbətə daha sakit baxırdı. Öz-özünə deyirdi: “Artur hələ cavandır. Onu qədəm qoyduğu yoldan öyüd-nəsihətlə qaytarmağa vaxt var”.
Onlar bir neçə gün Cenevrədə qalmağı qərara almışdılar. Lakin açıq-aşkar sezilirdi ki, Artur tozlu sahilləri, turistləri gördükdən sonra darıxmağa başlayır. Montanelli onu təbəssümlə müşahidə edirdi.
– Əzizim, bura xoşuna gəlmir?
– Göl çox gözəldir. Təpələrin mənzərəsi də yaxşıdır. Amma şəhər… o qədər təmizdir ki, elə bil onu yalayıblar. Ona baxanda qardaşım arvadı Yuliya yadıma düşür.
Montanelli güldü.
– Zavallı!… İstəsən, burada çox qalmarıq. Bu gün yelkənli qayıq tutub göldə gəzərik, sabah səhər isə dağlara qalxarıq.
Onlar axşama kimi yelkənli qayıqla göldə gəzib ertəsi gün səhər dağlara yola düşdülər; dərə ilə yuxarı qalxır, gecələmək üçün kiçik dağ kəndlərində qalır, sonra yenə yola düşürdülər.
Bir səhər otlaqdan keçərkən Artur soruşdu:
– Padre, bilirsiniz, nə fikirləşirəm?
– Nə?
– Mən demək istəyirəm ki… Məncə, kilsənin ruhanilərə evlənməyi qadağan etməsinə təəssüf etmək lazımdır. Məncə, cəmiyyətdə adamın vəzifəsi nə qədər yüksəkdirsə, həyatı nə qədər təmizdirsə, ata olmağa o qədər çox layiqdir. Padre, əminəm ki, siz evlənsəydiniz, uşaqlarınız çox…
– Sus! – Montanelli bu sözü tələsik və pıçıltı ilə dedi.
Montanellinin tutulduğunu görən Artur pərt olsa da, yenidən sözə başladı:
– Padre, mənim dediyim doğru deyil? Əlbəttə, yanıla bilərəm, mən, sadəcə olaraq, düşündüyümü dedim.
Montanelli mülayim bir ifadə ilə dedi:
– Bir neçə ildən sonra bu barədə fikrin dəyişəcək… Yaxşısı budur, gəl başqa şeydən danışaq.
Onlar nahardan sonra qaldıqları mehmanxananın eyvanına çıxdılar. Eyvanda iki ingilis rəssamı oturmuşdu. Onlardan biri şəkil çəkir, o biri isə ingilis dilində tənbəl-tənbəl danışırdı.
– Villi, əl çəkin bu cızma-qaradan. Yaxşısı budur, o gözəl və gənc italyanın şəklini çəkin.
– O, əlbəttə, qəşəngdir, üzünün gözəl rəngi var; lakin onda atasında olan valehedici gözəlliyin heç yarısı da yoxdur.
– Kimin?
– Atasının; baxın, düz sizinlə üzbəüz oturub.
– Məgər onun katolik keşişi olduğunu görmürsünüz?
– Keşiş? Hə-ə, elədir! Yaxşı, güman edək ki, bu gənc onun qardaşı oğludur.
Artur gülə-gülə Montanelliyə baxıb yavaşca dedi:
– Onlar nə gicdir! Amma məni sizə oxşatmaları çox xoşuma gəldi. Çox istərdim ki, sizin qardaşınız oğlu olum… Padre, sizə nə oldu? Rənginiz niyə elə ağardı?
– Hərdən başım gicəllənir. İndi gedib uzanaram. Keçib gedər… – Montanelli ayağa qalxıb yavaşca dedi.
…İki həftə sonra Arturla Montanelli İtaliyaya qayıdırdılar. Hava gözəl olsa da, gəzinti onlara əvvəlki kimi zövq vermirdi.
Arturla “daha ətraflı danışmaq” fikri Montanellini həmişə məşğul edirdi. Bu söhbət üçün yay tətili ən münasib vaxt idi. Lakin ona elə gəlirdi ki, Artura Alp dağlarının verdiyi ilk sevinci pozmaq düzgün olmaz. Hər səhər danışmağı qərara alır, axşam isə yenə təxirə salırdı. Bu söhbətin onların münasibətlərinə soyuqluq gətirəcəyindən qorxduğu üçün danışmaqdan çəkinirdi. Nəhayət, tətilin axırıncı axşamı o, qət etdi ki, danışmağın əsl məqamıdır.
Gölün qırağı ilə gedib sakit bir yerdə oturdular. Montanelli sözə başladı:
– İndi səninlə ətraflı danışmaq üçün axırıncı bir imkanım var, ola bilsin ki, sonralar bu imkan uzun zaman ələ düşməsin. Mənə deyə bilərsənmi, o işə çox ciddi girişmisən?… And içmisən… ya bəlkə…
– Padre, mən and içməmişəm, amma bağlıyam…
– Başa düşmürəm…
– Andın nə mənası var? Əgər adam hiss edirsə ki, bir fikir onun qəlbinə hakim olmuşdur – bu, kifayətdir.
– Onda de görüm sənə elə gəlirmi ki, hissini heç nə dəyişdirə bilməz?
Artur diqqətlə Montanellinin gözlərinə baxdı.
– Padre, soruşdunuz ki, sizə inanırammı? İndi siz mənə cavab verin: siz mənə inanırsınızmı? Deyiləsi söz olsaydı, sizə deyərdim, ancaq inanın ki, heç bir şey yoxdur. Seminariyanın bağındakı danışığımız yadımdan çıxmayıb, heç çıxmayacaq da; amma mən öz yolumla getməliyəm.
– Haqlısan, əzizim. Bu barədə daha danışmayacağıq. Onsuz da danışmaqdan bir şey çıxmayacaq… Nə etməli? Qoy belə olsun… Gəl gedək…
Üçüncü fəsil
Artur çox işləsə də, həftədə bir neçə dəfə vaxt tapıb Montanellinin yanına gəlirdi. Onun növbəti gəlişi zamanı Montanelli dedi:
– Mən də səni görmək istəyirdim. Çərşənbə axşamı Romaya getməliyəm.
– Orada çox qalacaqsınız?
– Bilirsən… Mənə yepiskop olmağı təklif edirlər.
– Bəs yeni rektor təyin olunub?
– Bəli, o, sabah gələcək. Artur, əgər işin yoxdursa, bir az burada qal. Romaya gedənə kimi səninlə mümkün