ТОП просматриваемых книг сайта:
Hekayələr. Ги де Мопассан
Читать онлайн.Название Hekayələr
Год выпуска 0
isbn 9789952242690
Автор произведения Ги де Мопассан
Серия Hekayə ustaları
Издательство Altun Kitab
Onu tərifləməyə başladılar. Gonbul o qədər də qoçaqlıq göstərməyən yol yoldaşlarının gözündə böyüdü və Kornyude, dindar bir adamın Allaha minnətdarlıqla dolu olan duasına qulaq asan ruhani kimi, apostol iltifatı və təqdiri ilə dodaqlarında təbəssüm qıza qulaq asmağa başladı. Ona görə ki uzunsaqqallı demokratlar da dini məsələləri öz əlinə alan əbalı ruhanilər kimi vətənpərvərlik məsələlərini, göz dəyməsin, tam inhisarda saxlayırdılar. Kornyude danışmağa başladı, özü də nəsihətamiz tərzdə, hər gün divarlara yapışdırılan bəyannamələrdən götürülən təmtəraqlı cümlələrlə danışdı və öz monoloqunu “əclaf Badenge”yə10 divan tutmağa çağırışlarla qurtardı.
Amma Gonbul Bonapart tərəfdarı olduğu üçün dərhal özündən çıxdı. Gilənar kimi qıpqırmızı oldu. Hirsindən dili topuq çala-çala sözləri yağdırmağa başladı:
– Mən sizin kimi ağaları onun yerində görmək istərdim. Bə nə, göz dəyməsin, sizin hamınız çox yaxşı adamlarsınız! Axı onu siz satdınız! Əgər ölkəyə sizin kimi araqarışdıranlar başçılıq etsə, ağalığı öz əllərinə alsa, Fransadan baş götürüb qaçmaqdan başqa çıxış yolu qalmaz.
Kornyude təmkinini pozmadı. Təkəbbür və nifrətlə gülümsündü. Bir az da keçsəydi, söhbətin axırı söyüşə çevriləcəkdi. Qraf bunu hiss edib işə qarışdı, özündən çıxmış qızı güc-bəla ilə sakitləşdirdi və amiranə tərzdə dedi ki, hər hansı bir səmimi fikrə hörmət etmək lazımdır. Amma qrafinya ilə fabrikantın arvadı respublika quruluşuna qeyri-iradi nifrət bəsləyən bütün yüksək mənsubiyyətli adamlar kimi, eləcə də qadınlara məxsus bir məftunluqla, kortəbii şəkildə, müstəbid quruluşlu hökumətə pərəstiş etdiklərinə görə, istər-istəməz özünü bu cür ləyaqətlə aparan və təxminən onların ürəyindən keçənləri deyən bu qıza rəğbət bəsləməyə başladılar.
Səbət boşaldı. On nəfər asanlıqla onun içindəki yeməkləri aşırdılar və səbətin balaca olmasına təəssüf etdilər. Yemək qurtarandan sonra əvvəlki kimi maraqla olmasa da, xeyli söhbət etdilər.
Axşam düşür, şər qarışırdı. Yeyilənlərin həzm olunması zamanı daha çox hiss edilən soyuq, köklüyünə baxmayaraq, Gonbula təsir etdi və titrəməyə başladı. Xanım de Brevil bayaqdan bəri bir neçə dəfə kömür qoyduğu qızdırıcı cihazı Gonbula təklif etdi. Gonbulun ayaqları donmuşdu, ona görə də xanımın təklifini dərhal qəbul etdi. Xanım Karre-Lamadon və Luazo öz qızdırıcılarını rahibələrə verdilər.
Faytonçu fənəri yandırdı. Ortadakı atların sağrısından qalxan buğ, yolların kənarındakı qarın işığında aydınca göründü. Çöllərin üzərinə sərilmiş ağ örtük – karet irəlilədikcə elə bil titrəşən işıqda bükülüb açılmağa başladı.
Karetin içində göz-gözü görmürdü. Birdən Gonbul ilə Kornyude tərpəndilər və qaranlıqda onlara göz qoyan cənab Luazoya elə gəldi ki, uzunsaqqal Kornyude böyrünə səssiz, lakin ağır dürtmə dəymiş adam kimi dik atılıb qızdan aralandı.
İrəlidə, yolda işıq göründü. Bu, Tot kəndinin işıqları idi. On bir saat idi ki, yolda idilər. Əgər buraya atlarını yemləmək və dincəlmək üçün yolda dörd dəfə dayandıqlarına sərf edilən iki saatı da əlavə etsək, düz on üç saat idi ki, yol gəlirdilər. Karet kəndə daxil oldu və “Ticarət mehmanxanası”nın önündə dayandı.
Qapı açıldı. Birdən sərnişinlər onlara yaxşı tanış olan – yerlə süründüyündən cingildəyən uzun qılınc səsini eşidib dik atıldılar, dərhal da almanca danışan adamın sərt səsini eşitdilər.
Karet dayanmışdı, amma heç kəs qorxusundan yerindən tərpənmirdi. Hamıya elə gəlirdi ki, içəridən çıxan kimi dərhal onları tutub güllələyəcəklər. Faytonçu əlində fənər gəldi və karetin içinə işıq düşdü. Bu işıqda qorxudan və dəhşətdən bərəlmiş gözlər, açılmış ağızlar və yerlərində tir-tir əsən iki cərgə adam göründü.
İşıq zolağında, faytonçunun yanında uzun, sarı, həddindən artıq arıq, cavan bir alman zabiti dayanmışdı. Korset bağlayan qızlar kimi kəmərlə mundirinin belini boğmuşdu, çəpəki qoyduğu günlüyü düz və laklı furajkası onu ingilis mehmanxanalarındakı buyruqçu uşaqlara oxşadırdı. Hədsiz dərəcədə uzun olan bığlarının ucu getdikcə nazilir və gözlə güclə görünən napnazik, ağımtıl tüklə qurtarırdı. Bu bığlar elə bil zabitin ağzının büküləcəklərini basıb sıxır, yanaqlarını, dodaqlarının küncünü basıb aşağı dartırdı.
O, fransızca və aşkar hiss edilən Elzas ləhcəsində qətiyyətlə əmr etdi ki, karetdən düşsünlər.
– Cənablar, düşməyiniz münasib deyilmi?
Həmişə itaət etməyə öyrənmiş rahibələr hamıdan əvvəl səssiz-səmirsiz karetdən düşdülər. Sonra qrafla qrafinya göründü, onların arxasınca fabrikantla arvadı, daha sonra öz qamətli arvadını irəli itələyən Luazo düşdü. Düşən kimi də nəzakətli olduğu üçün yox, qorxusundan zabitə salam verdi:
– Axşamınız xeyir, cənab.
Zabit bir qəsbkar həyasızlığı ilə ona baxdı və heç nə demədi.
Gonbul ilə Kornyude qapının ağzında otursalar da, hamıdan sonra çıxdılar və düşmənin önündə özlərini şax tutdular. Gonbul özünü ələ almağa və sakit aparmağa çalışırdı. Demokrat xəfifcə titrəyən barmaqları ilə uzun, sarımtıl saqqalını faciəli şəkildə didişdirirdi. Onlar öz ləyaqətlərini saxlamaq istəyirdilər və başa düşürdülər ki, belə şəraitdə, burada qismən də olsa vətəni təmsil edirlər; elə ona görə də yol yoldaşlarının üzüyolalığı onları qəzəbləndirirdi. Gonbul özünü nəcabətli xanımlardan daha məğrur aparırdı, Kornyude isə yolları qazdırmağa başladığı vaxtdan boynuna müqavimət hərəkatının başçılığını götürdüyünü nəzərə çarpdırmaq və başqalarına nümunə olmaq məqsədilə özünü çəkir və bütün görkəmi ilə şax qalmaq istəyirdi.
Hamı karvansaranın geniş mətbəxinə gəldi; alman zabiti sərnişinlərin adı, soyadı, peşəsi, əlamətləri qeyd olunan Ruan komendantının verdiyi icazə kağızını aldı və kağızda yazılan nişanələri – adamların həqiqi əlamətlərini yoxlamaq məqsədilə bir-bir, uzun-uzadı, diqqətlə onların üzünə baxdı.
Sonra
10