Скачать книгу

oğul.

      Qapını örtdüm. Yemək otağından keçəndə arxamca nə isə qışqırdı, ancaq yaxşı eşidə bilmədim. Güman ki, «yaxşı yol» deyirdi. Bəlkə də, yox. Mən heç kimin arxasınca «yaxşı yol» deyə qışqırmazdım. Əslinə qalsa, çox sarsaq adətdir.

      3

      Yaman yalançıyam. Ömründə mənim kimisinə rast gəlməzsiniz; məsələn, qəzet köşkünə gedəndə soruşsalar ki, hara gedirsən, bir də gördün qayıtdım ki, operaya. Qoca Spenserə deyəndə ki, şeylərimi götürmək üçün hələ idman zalına qayıtmalıyam, ağ yalan danışırdım. O andıraqalmış zalda heç nəsə qoyaram?!

      Qoca Spenserdən ayrılandan sonra öz otağıma qayıtmaq mənə ləzzət elədi, çünki hamı futbola getmişdi. Üstəlik, təsadüfən bu gün qızdırıcılar əla işləyirdi. Gödəkçəmi, qalstukumu çıxardım, köynəyimin yaxasını açdım və səhər tezdən Nyu-Yorkdan aldığım kepkanı başıma qoydum. Qırmızı ovçu kepkası idi, dimdiyi də uzun. Bircə dollara almışdım. Başıma da tərsinə – dimdiyi arxaya tərəf qoydum. Düzdür, bu düşüklükdür, amma mənə belə xoş gəlirdi. Sonra yarımçıq qoyduğum kitabı götürüb öz kreslomda oturdum. Otaqda iki kreslo vardı. Biri mənim, biri də otaq yoldaşım Uord Stredleyterin idi.

      Əlimdəki kitabı kitabxanada səhvən mənə vermişdilər, otağa gəlib çatanda başa düşmüşdüm. İsak Daynsenin «Afrika cəngəlliklərində» kitabıdır. Fikirləşirdim ki, yəqin, səfeh bir şey olacaq, ancaq, əksinə, yaxşı kitab çıxdı. Ən çox sevdiyim yazıçı qardaşımdır – D.B.-ni deyirəm. Mənə ən çox o kitab təsir eləyir ki, oxuyub qurtarandan sonra ürəyində deyəsən: «Kaş bunu yazan mənim dostum olaydı, kefim istəyəndə telefonu götürüb ona zəng vura biləydim». Ancaq belə kitaba çox az-az rast gəlmək olur.

      Bir sözlə, təzə kepkamı başıma keçirib oturdum və başladım kitabı oxumağa. Artıq bir dəfə oxumuşam. İndi bəzi yerlərini təzədən oxumaq istəyirdim. Heç üç səhifə oxumamışdım ki, kiminsə duşxanadan çıxdığını eşitdim. Heç dönüb baxmadan da bildim ki, qonşu otaqda qalan Robert Eklidir. Çiyniqısıq, uzundraz bir oğlandır, boyu altı fut dörd düym idi. Dişlərinin çoxu çürümüşdü. Bir dəfə də olsun dişini yuduğunu görməmişdim: qabaq dişləri kirdən sapsarı idi. Elə xasiyyəti də murdar idi. Düzü, ondan o qədər də xoşum gəlmirdi.

      Hiss elədim ki, dayanıb otağa boylanır, görsün ki, Stredleyter də burdadır, ya yox. Ondan zəhləsi gedirdi, Stredleyter otaqda olanda ömründə içəri girməzdi. Bir yana baxanda bu əclafın heç kəsi görməyə gözü yoxdur.

      Duşxanadan çıxıb mənə yaxınlaşdı.

      – Sala-a-m, – dedi.

      Həmişə belə uzada-uzada salamlaşır.

      – Sala-a-m, – mən də onu yamsılayaraq dedim, amma başımı kitabdan qaldırmadım.

      Başladı otaqda yavaş-yavaş, addım-addım gərdiş eləməyə, həmişəki kimi stolun, dolabın üstündəki əşyalarımı qurdalamağa. Yaman pis vərdişi var, gərək götürüb hər şeyə baxa.

      Kresloda yayxanıb başladım Ekliyə göz qoymağa. Zalım balası elə bil öz evindəydi. Çox bərk darıxanda lap əndazədən çıxıram, başlayıram şitlik eləməyə. Təzə kepkamın dimdiyini qabağa çevirdim və basdım gözümün üstünə ki, heç nə görməyim.

      – Deyəsən, gözüm tutulub, – deyə bərkdən qışqırdım. – Ay ana! Ana! Hər yan qaranlıqdır, heç nə görə bilmirəm.

      – Dəlisən nədir? – Ekli dedi.

      – Ay ana, əlini mənə ver. Niyə əlini mənə vermirsən?

      – Bəsdir, dur ayağa!

      Başladım kor kimi əl-qolumu oynatmağa, ancaq ayağa-zada durub eləmədim. Elə hey zarıldayırdım:

      – Ana, ana, əzizim, niyə əlini mənə vermirsən?

      Bəzən bu cür hoqqalar mənə yaman ləzzət verir. Axırda bezdim. Kepkamın dimdiyini yenə arxaya fırladıb sakitləşdim.

      – Bu kepkanı hardan almısan? – Ekli dedi.

      – Nyu-Yorkdan.

      – Neçəyə?

      – Bir dollara.

      – Səni hərifləyiblər, – başladı kibrit çöpüylə murdar dırnaqlarını təmizləməyə. Dırnaqlarını qurdalasa da, gözünü kepkamdan çəkmirdi.

      – Biz tərəflərdə belə kepkayla maral ovuna çıxırlar, – dedi. – Bu ovçu kepkasıdır.

      – Cəhənnəmə ki, – kepkamı götürüb bir də onu diqqətlə nəzərdən keçirdim. Nişan alan adam kimi gözümün birini qıyıb baxdım. – Bu kepkada adam ovuna çıxırlar, – dedim. – Bu kepkada mən adam ovlayacağam.

      – Evdəkilər bilir ki, səni bayıra atıblar?

      – Yox.

      – Bəs Stredleyteri neyləmisən?

      – Futbola gedib. Qız dostu ilə.

      – Onun görüşdüyü qız kimdir elə? – dedi. Stredleyterdən zəhləsi getsə də, onun kiminlə görüşdüyünü öyrənib bilməsə, bağrı çatlayar.

      – Bilmirəm. Nəyinə lazım?

      – Heç, elə-belə. Zəhləm gedir ondan.

      – Amma o sənin dərdindən dəlidir. Bir dəfə mənə söylədi ki, onun fikrincə, sən əsl şahzadə balasısan, – dedim. Şitliyim tutanda elə hamıya «şahzadə» deyirəm. Yoxsa dilxorçuluqdan adam birtəhər olar.

      – Burnunu soxmadığı yer qoymayıb, – Ekli dedi. – Mən onu heç adam da saymıram. Amma o özünü hamıdan ağıllı sayır.

      Bir müddət dinmədim. Sonra dedim:

      – Ona görə Stredleyterdən xoşun gəlmir ki, o sənə həmişə «heç olmasa, bu dişlərini bir dəfə yu» deyir. Özü də sənə sataşmaq üçün demir, burda inciməli nə var ki?

      – Mən dişlərimi həmişə yuyuram. Özündən uydurma!

      – Yox, yumursan. Mən özüm fikir vermişəm, yuyub eləmirsən, – dedim. – Stredleyterə nə olub ki? Pis oğlan deyil. Bəla bundadır ki, sən onu yaxşı tanımırsan.

      – Sənə dedim ki, o, əclafdır.

      – Özünü dartmağına sözüm yox, amma çox cəhətdən əvəzsiz oğlandır, – dedim. – Bax, tutaq ki, Stredleyterin əynindəki qalstuk, ya başqa şey sənin xoşuna gəlir. Bilirsən, o neyləyər? Boğazından açıb sənə bağışlayar. Ya da, bilirsən, neyləyər? Evdən çıxanda açıb atar sənin çarpayının-zadın üstünə. Nə yolla olursa olsun hökmən onu sənə bağışlayar. Amma burdakı uşaqların çoxu…

      – Söz tapdın da! – Ekli dedi. – Onun kimi pullu olsam, mən də bağışlayaram.

      – Yox, sən eləməzsən, – başımı buladım.

      Birdən qapı açıldı. Stredleyter tələsik içəri girdi. Həmişə harasa tələsirdi. Mənə sarı yönəldi, zarafatyana yanaqlarımı şappıldatdı – bu da heç xoşagələn vərdiş deyildi, – sonra soruşdu:

      – Axşam bir yana getmirsən?

      – Bilmirəm. Bəlkə, getdim. Nədir, qar yağır?

      Əməllicə

Скачать книгу