ТОП просматриваемых книг сайта:
Qəhrəmanım sənsən. Natiq Məmmədli
Читать онлайн.Название Qəhrəmanım sənsən
Год выпуска 0
isbn 9789952836080
Автор произведения Natiq Məmmədli
Издательство Köhlən Nəşriyyatı
Heç gün boyu tövlənin qaranlıq yerində naxırçıların başlarına pərvanə kimi dolandıqları Krasnodar cöngələrinin adını tutmuram. Onlar üçün yazın-qışın, gecənin-gündüzün qəti dəxli yox idi, əllərindən gələn yeganə iş yeyib-yatmaq və minmək idi. Bizim dünyaya yemək və minmək üçün gələn öküzlərin nəyi bizdən artıq idi, bilmirəm, sadəcə gözləri həmişə təzə dəymiş gilənar kimi qırmızıya çalırdı. Yazın ilıq şəfəqlərini canımda hiss edər-etməz nədənsə ürəyimdən keçdi ki, özümü onların yanına verim, bütün ömürlərini tövlənin qaranlığında başı bağlı, burnu həlqəli yatıb qalan həmcinslərimdən hal-əhval tutum. Sonradan al qanıma boyanıb gəbərəndə başa düşdüm ki, sən demə, bu diyarın inəklərinin arasında belə fikrə düşən birinci dördayaqlı mən olmuşam. Dağdan ağır öküzlərin heç şeşə buynuzlarının ucundan belə keçməyən bu dəhşətli macəra hardan beynimə girmişdi? Hər halda dana idim, gələcəyim qabaqdaydı, bəlkə də qabaq da ola bilərdi, bu səhvi mənim danalığıma bağışlamaq da olardı, amma bağışlamadılar…
Tövlənin qaranlığında yad öküzlərin gilənar gözləri torana sarı gedən günəş kimi parıldayırdı. Məni görüb diksindilər, bəlkə də lap qorxantəhər oldular. Bizim öküzlərsayaq mal gözlərini döyüb quyruqlarını bulamadılar, bəziləri boğazlarındakı zənciri silkələyib fınxırmaq istədi, fınxırdı da, bəziləri iti buynuzlarını mənim qarnıma soxmaq üçün havaya qaldırıb dartınmaq istədi, dartında da. Amma heç nə eləyə bilmədilər. Onlar zəncirdə, mən açıq, onlar bağlı mən sərbəst, neyləyə bilərdilər ki, istəyir Krasnodar yox, lap Madaqaskar kəli gəlsin. Danalığıma salıb bir az da qabağa getdim, təzə dikələn buynuzumla xallı buğaların lap yekəsinin qarnını yüngülvari qıdıqladım. Danaydım ki, dana… Buğanın gilənar gözləri qan çanağına döndü, nə qədər bacardısa dartındı, buynuzlarını yellədi. Heç vecimə də almadım, naxırçıların atı kimi iki ayaq qalxıb belinə atılmaq istədim, atıldım da. Mən bunu zarafatla eləyirdim, başqa niyyətim yox idi, öküzlərlə tanış olmaq istəyən qışdan təzə çıxan dananın əlindən başqa nə gələ bilərdi ki? Buğasa bunu özünə sığışdırmadı, dartınmağını saxlayıb var gücü ilə möyüldədi, elə nalə çəkdi, elə bil bağrı yarılırdı. Yad öküzlərin pərvanəsinə çevrilmiş təzək iyi verən naxırçılar tövləyə girib məni Krasnodar cöngəsini dümsükləyən görəndə papaqlarını yerə vurub qışqırdılar: “sarı dananın gözü qızıb”. Xəkəndazın ağzıyla sümükləri təzə bərkimiş kürəyimin düz ortasından necə ilişdirdilərsə bir anın içində başım hərləndi, özümü zorla ayaq üstə saxlayıb kötük dişlərini qıcamış kişinin üzünə baxdım. İnsan olsaydım deyərdim ki “ə, bədbəxt oğlu, bütün günü bunlar bizi minirlər, imkan ver bir dəfə də biz minək də”. Demədim, deyə bilmədim. Yaxşı ki, insan deyildim. Belə insan olmaqdansa, dana olmaq heyf deyilmi? Krasnodar cöngəsi qələbə çalırmış kimi qızarmış gözlərini səyridərək yuxarıdan aşağı mənə sarı baxdı, elə bil nəsə qımışdı da. Heç xoşum gəlmədi, özümü toparlayıb cöngənin qarnına birini də ilişdirdim, bu dəfə zarafat eləmədim, həqiqətən vurdum. Qəribəydi ki, mənim zərbəmdən sonra cöngə də, naxırçı da eyni vaxtda “mö” elədilər. Sonra geri qanrıldım, qaçıb tövlədən çıxdım. Arxadan peyin iyi verən naxırçının dana böyürtüsünə oxşayan bağırtısını eşitdim: “sarı dananın gözü qızıb”…
Nə günəşin işığı, nə təzə boy göstərən sırtıq çayırın, quşəppəyinin, bağayarpağının turşməzə dadı, nə də şeşən düyənin yanımdan keçəndə nazlı-qəmzəli baxışlarını üstümdə gəzdirməsi eynimdə idi. Axı niyə bizi minməyə qoymurlar? Minmək cəhənnəmə, heç dana kimi yaşamağa da imkan vermirlər. Səhər o başdan dur otla, gün əyilməmişdən ağzını ver lilli arxın gözünə hortda ki hortada bildikcən, sonra kölgəlikdə gövşə, otlaqlarda təzəklə, adamların sözü olmasın, “səhər naxıra, axşam axura”. Bunun adına dana ömrü deyirlər. Dana olanda nə olar ki? Başımı qaldırıb ətrafıma baxıram; peyin iyi gələn naxırçılardan başqa elə o biri adamlar da səhər o başdan axışırlar çöllərə, kətmən vuran kim, alaq eləyən kim, günün qızmarında özünü lilli arxa vurub camış kimi ləhləyən kim. Bizim adımız çıxıb, elə onlar da danadılar ki durublar.
Krasnodar buğalarına ilişəndən sonra dünya mənim, mən də hamının gözündən düşmüşdüm: ağırbatman öküzlər mənə yaxın gəlmirdilər, mən yanlarına gedəndəysə “mö”ültülərini kəsib gövşək vururdular, mən aralanan kimi təzədən öz aralarında “mö”üldəşməyə başlayırdılar, tay-tuşum olan danalarsa mənimlə birdəfəlik “salam-kəlamı” kəsmişdilər, ayrı otlayırdılar, ayrı su içirdilər, hətta təzəkləməyə də ayrı gedirdilər, bircə dənə şeşən düyə hərdən altdan-altdan mənə sarı baxmağından qalmırdı. Naxırçılarsa lap qəribə olmuşdular, birisi pırtlaşıq yulğun budağı kimi vələduzna gözlərinə kölgə salan çatma qaşlarını çatıb gün boyu məni izləyirdi, o birisi Krasnodar cöngələrinin yatdığı tövlənin qabağında səhərdən axşama çiynində xəkəndazı müsəlləh əsgər kimi dayanıb keşik çəkirdi, naxırçılığa təzə başlayan və gələcəkdə üstlərinə hopacaq təzək iyini nəsildən-nəslə şərəflə ötürərək bu qədim sənəti ölməyə qoymayacaq gədələr isə elə hey ora-bura qaçır, nəyisə itiləyir, nəyisə yağlayırdılar. Əslindəysə, mənim faciəli qətlimə hazırlıq gedirdi… Parlayan hər gün, közərən hər ay məni ölümə bir qədər də yaxınlaşdırırdı. Təbii ki, mən bütün bunları öləndən sonra bildim.
Nəhayət, o gün gəlib çatdı. Bu, şeşən düyənin zorlanmasından iki gün əvvələ düşdü. Naxırçı gədələr böyür-başıma keçib kürəyimi sığallayırdılar, cod barmaqlar hələ də yazın ilığında xumarlanan dərimin üstündə gəzişdikcə ətim ürpənirdi, birdən kimsə ayağımdan tutmaq istədi, məndən əvvəlki danalar belə vəziyyətdə necə hərəkət ediblər bilmirəm, mən ayağımı ələ verməyib təpik atdım. Sonra bu, bir neçə dəfə təkrarlandı, asanlıqla yıxılmaq istəmirdim, bəlkə də yıxılardım, amma bunun səbəbini düz-əməlli başa salan yox idi. Bu boyda naxırın içində niyə məhz mən? Qan-tərə batan gədələrin bacara bilməyəcəyini görən naxırçıların səbri tükəndi. Krasnodar cöngələrinin “müsəlləh əsgəri” əlindəki xəkəndazı bu dəfə kürəyimə yox, başıma endirdi, gözlərimə qaranlıq çökdü, mənim yerimdə hansı dana olsaydı bu zərbədən elə yerindəcə böyürmüşdü. Ayaqlarımı artıq ələ keçirmişdilər, yıxılmaq ərəfəsindəydim, gözlərim ağzını otdan ayırıb mənə sarı baxan şeşən düyənin nəvazişli baxışlarına sataşanda hardansa ayaqlarıma güc gəldi, gədələrə babat təpik ilişdirdim, hərəsi bir