Скачать книгу

nə deyirsiniz? – müstəntiq tələsik səsiylə bayaqkı sualını yenidən təkrar elədi, – onun ailəsinə bunu deyə bilərsinizmi? Çətin işdi, başa düşürəm, amma o biri tərəfdən siz də məni başa düşməyə çalışın.

      – Bilirəm, bilirəm bunu mən etməsəm heç kim etməyəcək…

      – Arvadı necə qadındı? Bağışlayın, bir az mübhəm sual oldu. Yəni bilmək istəyirəm xəbəri necə qarşılaya bilər? Qadınları bilirsiniz də…

      – Doğmaca əmisi qızıdı. Mehriban ailəsi vardı… nə bilim, çalışaram malalayım.

      – Hə, çalışın… bəd xəbəri demək, xüsusən də beləsini… Allah köməyiniz olsun.

      Müstəntiq tələsik danışdığı kimi sürətlə də yanımdan uzaqlaşıb, qaraja yaxınlaşan qara rəngli maşına tərəf getdi. Bu, ölü maşını idi. Onları bir-birindən ayırıb aparmağa gəlmişdilər. Qəribə ayrılıq olacaqdı. Bir-birinə sığınasan, az qala bütöv vücuda çevriləsən və ayrılıqdan xəbərsiz ayrılasan. Bəlkə də mənim əziz, sakit dostum bütün ömrü boyu bu ayrılığa doğru addımlayıbmış, bu məqama çatmaq üçün kim bilir nələrdən keçibmiş. İlk dəfə ayrılıq sözünü onun dilindən toyu olan gün eşitmişdim. Camaatın çalıb-oynayan, deyib-gülən vaxtında sakitcə qulağıma pıçıldamışdı “artıq ayrılıq”. “Nə ayrılıq” demişdim, “yoxsa evli kişilərlə dostluq eləmək olmaz”.

      “Yox, bu gündən ayrılırıq, bizə doğma olan, yalnız bizim olan hər şeydən ayrılırıq. Niyə hər şeyin ömrü belə qısa oldu?”

      Onun sözlərini ciddiyə almamışdım, nə gizlədim, toyunda möhkəm vurmuşdum; onsuz da qırmızı sifətim lap qıpqırmızı pomidora dönmüşdü, heç nə eynimə deyildi, o qədər oynamışdım ki, dabanlarım da göynəyirdi. Belə vaxtda onun ayrılıqdan danışması heç vecimə də olmadı, hırıldayıb əlimi çiyninə vurdum, boş verdim. İndi başa düşürəm ki, onun toyu olan gün biz doğrudan da ayrılmağa, özgələşməyə başlamışdıq. Əslində bu özgələşmə onun dilinə “evlənəcəm” kəlməsini gətirdiyi gündən başlamışdı. Qulaqlarıma inanmamışdım. Həmin an sevindimmi, təəccübləndimmi? Bəlkə sevinə-sevinə təəccübləndim, nə bilim.

      “Doğrudan evlənirsən? Nə yaxşı”, – soruşdum. “Ay xətəkar, belə yerdə deyiblər, suyun lal axanı, adamın yerə baxanı. Qız kimdi, mən tanıyırammı? Harda tanış olmusunuz?” – sualı sual üstə yağdırırdım. O isə bütün bunlara əhəmiyyət vermirmiş kimi əvvəlki təmkinli halındaydı, amma mənə elə cavab verdi ki, verməsəydi ondan yaxşı olardı. Dedi, “tanımıram qızı, heç tanımaq da istəmirəm, sadəcə evlənirəm”.

      “Sadəcə? Evlənmək sadəcə işdi. Üzünü görmədiyin adamla necə evlənirsən?” – əvvəl elə zənn elədim ki, mənimlə məzələnir, ələ salmağın təzə üsulunu tapıb. Amma yox, onun nadir hallarda etdiyi zarafatlarda üzünün ifadəsi heç vaxt belə olmazdı.

      “Anam məsləhət görüb, mən də razılaşmışam” – yenə də əhvalını pozmadan sakit tonda dilləndi. “Arvad xəstələnib yatağa düşüb. Xəbər göndərib ki, gözünün ağı-qarası bircə balasının toyunu görməyib ölsə, tapşıracaq ki, məni üstünə buraxmasınlar. Hörmətsiz olmaq istəmirəm, başa düş məni, anamın xatirinə evlənəcəm”. O bunları deyir və danışdıqca düz gözlərimin içinə baxırdı. Elə baxırdı ki, sanki onu ələ salıb-salmayacağımdan ehtiyat edirdi. Özünün, daha doğrusu özünün inanmağa məhkum olduğu həqiqətinə, bəlkə də yalanına məni şərik etmək üçün çox danışdı, ana müqəddəsliyi, ana sözünün hikməti barədə nələrsə üyüdüb-tökdü.

      Yavaş-yavaş onu başa düşdüyümü bildirmək üçün nəsə bir işıqlı söz tapıb deməyə çalışırdım. Amma ani də olsa özümü onun yerində təsəvvür etmək istədim, lakin məni də qəfil evlilik həlqəsinə salan, əlimi-ayağımı bağlayan qüvvə yox idi. Mən anamı tez itirmişdim. Onu torpağa tapşıranda altıncı sinfə təzəcə gedirdim. Görəsən anam sağ olsaydı, o da belə edərdimi? Qul kimi taleyinin gərdişinə boyun əyən əziz dostumun qəmli çöhrəsinə baxa-baxa içimdən çox naqolay bir fikir boy göstərməyə başladı: yaxşı ki, mənim anam yoxdu. Eh… lənət şeytana.

      “Allah xoşbəxt eləsin!” – bunu mən demədim, dodaqlarım dedi. İnandırım sizi, həmin an elə bil beynimdən küt ağrı tutdu. Bu sözlərdən heç ürəyimin də xəbəri olmadı. Ancaq dodaqlarım üyüdüb-tökürdü: “Oğullu-uşaqlı olasan, ay qardaş! Gözün aydın, ay qardaş! Sənin toyunda ananla qol-boyun olub “Tərəkəmə” oynayacam! Özü də ağır “Tərəkəmə”. Sənin toyunda…”

      Axır ki, özümdə güc tapıb, dodaqlarımın həyasızlığının qabağını kəsmək üçün əllərimi ağzıma tutub sıxdım. Bu, əsil riyakarlıq idi. Beynim çək-sevir eləməmiş, ürəyim dilə gəlməmiş bu şoqərib dodaqlarım iki daşın arasında o qədər sözü hardan tapıb çıxardı? Bəlkə də instinkt imiş… Bəlkə də dədə-bablarımdan kimlərinsə riyakarlığı dodaqlarımın yaddaşında ilişib qalıbmış…

      Sözlərim onu çox təsirləndirmişdi. Yəqin belə anlayış göstərəcəyimi, tez təslim olacağımı gözləmirmiş. Handan-hana özümə gəlib, ürəyimin səsinə qulaq verə bildim, dodaqlarım sanki bayaqkı sözləri deməyibmiş kimi pıçıldadı: “Barı qızı tanıyırsanmı? Görmüsənmi? Nə vaxtsa kəlmə kəsmisənmi?”

      “Çəpər qonşumuzdu. Uşaqlığı gözümün qabağında keçib. Həm də əmim qızıdı axı… Anam deyir halal süd əmmiş uşaqdı, ev qızıdı. Bax, atalarımız da yaxşı deyib “elini hürküt, axsağından yapış”. Nəysə anamın sözündən çıxa bilməyəcəm”.

      “Toy nə vaxtdı?” – qeyri-ixtiyarı soruşdum. Həm də hiss edirdim ki, artıq çək-çevir etməyin, zəhlə tökməyin yeri deyildi. Necə deyərlər, “püşk atılmışdır”.

      “Anam nə vaxt desə. Məndən olsa lap tez, təki onun ürəyi yerinə gəlsin. Bilirsən, anamın başından bir tük əskik olsa mən yaşaya bilmərəm. Ömrü boyu günahkar kimi yaşamaq mənlik deyil. Nə qədər tez olsa yaxşıdı. Dost-tanışdan ancaq səni dəvət edəcəm. İstəmirəm qələbəlik olsun”, – dedi.

      Onun toyu da öz xasiyyətinə oxşayırdı, çox sakit keçdi. Köhnə dost-tanışdan həmin günün şahidi olmaq mənim qismətimə düşdü, doğrudan da sevinirdim. Dodaqlarımın söz verdiyi kimi, anasıyla ağır “Tərəkəmə”ni dönə-dönə sındırdıq. Deyim sizə ki, zalım qızı heç xəstəyə də oxşamırdı, onun deyib-gülən çöhrəsində yalnız sevinc dolu rahatlıqdan, qəh-qəhədən və təntənədən başqa heç nə sezilmirdi. Toyun şıdırğı yerində boynumu qucaqlayıb “Allah səni də xoşbəxt eləsin, bala” – dedi, sonra “qızlara yaxşı bax, hansı ürəyinə yatırsa xalana de, canımız suluykən sənin də əl-ayağını kəndirləyək”, – söylədi. İçkinin təsirindən buxarlanmış beynimdə ananın sözləri çox bənd ola bilmədi. Eləcə sifətimə yalançı təbəssüm verdim, riyakar dodaqlarım himə bəndmiş kimi aralanıb dişlərimi göstərdi.

      Amma sonra… Elə toyun səhəri günü özümə gəlib olub-keçənləri götür-qoy edəndə nədənsə ananın “kəndirləmək” sözü beynimi döyəcləməyə başladı. Bəli, bu, doğrudan da toy yox, kəndirləmə məzhəkəsi

Скачать книгу