ТОП просматриваемых книг сайта:
Çuğullar. Azər Qismət
Читать онлайн.Название Çuğullar
Год выпуска 0
isbn
Автор произведения Azər Qismət
Серия Çağdaş ədəbiyyat
Издательство Hədəf nəşrləri
Rəvayəti maraqla danışdığından bir azdan hiss etdim ki, ağzım açılı qalıb.
– Beləliklə, Böyük Xaqan dan yeri sökülməmiş “hücum” əmri verdi. Yüzminlik qoşun onminlik ordunun üstünə yeridi. İki saatdan sonra onlar Kiçik Xaqanın qalasının iki yüz addımlığına yaxınlaşdılar. Böyük Xaqan sərkərdəsi vasitəsilə əsgərlərə sonuncu tapşırığını verdi: “Qələbə, yalnız qələbə”. Ordu hücuma keçdi, qaça-qaça yox, sadəcə piyada. Qalaya az qalmış Böyük Xaqanın gördüyü səhnə canını əsdirdi: qalanın qapıları açıqdır, Kiçik Xaqansa hücrədə tütək çalır. Böyük Xaqan orduya dayanmaq əmri verdi. “Burda nəsə sirri-xuda var” – deyə Böyük Xaqan dərin fikrə dalaraq oturdu, elə orada da qızılı çadır qurdurdu. Mütəkkəsinə söykənib üç gün fikir içində çabaladı: “Kiçik Xaqan ordumu məğlub etmək üçün hiylə işlədir”.
Müdirimə yenə zəng gəldi. Sanki bu otaq Tereza ananın Kəlküttədəki ofisinə dönmüşdü. Elə bil, xeyirxahlıq gözləyirdim – otaqdan da, ondan da. Dəstəyi üstünə qoyub yenə başını kreslosuna söykədi:
– Mənim cücə balam (bu ifadəyə görə onu didik-didik edərdim), Böyük Xaqan əmr verdi ki, ordu geri dönsün. Ona elə gəlmişdi ki, Kiçik Xaqan böyük hiylə işlədir. Əslində, həmin gün qalanı alar, əsgərləri öldürər, qızları-qadınları əsir götürərdi. Böyük Xaqan axmaq idi. Bilirsən, niyə?
– Niyə?
– Əgər onun xəfiyyələri yaxşı işləsəydi, belə olmazdı. Böyük Xaqanın qalanın daxilində baş verənlərdən xəbəri yox idi. “Xəbərsizlik” anlayışı onun mümkün qələbəsini təxirə saldı.
Beləliklə, laboratoriya müdirinin “xəbər anlayışı” barədəki mühazirəsini dinləməyə məcbur qaldım.
– İstənilən müəssisədə hər şeydən xəbər tutulmasa, xaos yaranar. Bizim toksikologiya laboratoriyası xaricdən idxal edilən malların analizini aparır, nəticələrdən çıxış edib iş adamlarına razılıq arayışı verir. Birdən hansısa əməkdaş, elə sən özün zəhərli qidalardan birini qəsdən səhv yoxlayıb iş adamına arayış verdin. Sahibkar həmin malı mağazalara paylasa, minlərlə alıcı zəhərlənər, hətta ölüm faktı qeydə alınar. Ola bilsin ki, zəhərlənmə baş verməsin, sadəcə həmin qida nəsil artımının qarşısını almaqdan ötəri ölkəmizi sevməyən xarici ölkələrdən birinin laboratoriyasında qəsdən hazırlansın. Bununla da ailələr bədbəxt olar. Ancaq laboratoriya müdiri əməkdaşın məsuliyyətsizliyi, yaxud qəsdən bu hərəkəti törətməsi barədə xəbər tutsa, faciənin qarşısı alınar, araşdırma aparılar: bəlkə, məsuliyyətsizlikdir, bəlkə də, hansısa ölkənin təhlükəsizlik xidməti öz əməkdaşını qəsdən burada yerləşdirib ki, təxribatla məşğul olsun. Kimsə bunu müdirə vaxtında çatdırsa, çuğula mükafat, təxribatçıya cəza düşər. İndi anladınmı ki, “xəbər anlayışı” nə deməkdir? Əslində, çuğulluq pis cəhət deyil, niyə bu qədər narahatsan ki… “Çuğulluq etmək şərəfsizlikdir, alçaqlıqdır” şüarı keçmişdə qaldı. Bura ciddi müəssisədir. Adamların həyatı və cəmiyyət üçün lazımlı sahədir. Bütün işlərdən müdirin xəbəri olmalıdır, əlbəttə ki, xalqın xilası və hər bir kəsin evində rahat yatması naminə. Üstəlik, başqa məsələlər də var.
“Başqa məsələlər?” Elə bundan başlamalıydın, mənim saf düşüncələrimi murdar xisləti ilə yoğurmağa çalışan Tibet kahinim. Yoxsa, xarici kəşfiyyat belə gəldi, ölkənin müqəddəratı elə getdi. Səni narahat edən başqa məsələdir. Nədir o başqa məsələ? Nə olar, yalvarıram, de. Nə olar, özünü səmimi göstər, sevim səni. Nə olar, bir həftəlik tanışlığımızın xatirinə mübhəmləri ürəyində saxlama. De, qadan alım. De, ayağının altında ölüm, öyrət mənə yüksəliş sirlərini, o möhtəşəm pilləkənlərlə qalxmağı, ayağının altında əzilənləri təpiklə vurub dərəyə yuvarlatmağı, üzündəki tüpürcəkləri silib özünü bambılılığa qoymağı, öyrət mənə murdar süni gülüşlə gülümsəməyi, qarşındakı çolpaya həyat dərsi keç.
– Bilirsən, cücə balam. Bilirsən, oğlum. Burada başqa məsələlər də var. Biz bir ailəyik. Ailənin başçısı mənəm, hər dərdinizə şərik çıxıram, imkan daxilində cibinizə beş-on manat basıram, ancaq bunlar olmaya da bilər. Birdən yuxarının adamını burada yerləşdirsələr, hər gün çuğulluq edib informasiya ötürər, müdiriniz bircə qola işdən qovular. Onda nə baş verəcək? Başqası gələcək. Başqası da öz komandasını yığıb hərənizin dalına bir təpik vuracaq. Bax, onda siz “Qatar getdi” mahnısını zümzümə edə-edə Kuril adaları kimi fələyin badına gedəcəksiz.
Həyat müəllimim, məni alçaq edəcək kahinim, bunları eşitmək istəyirdim səndən. Qəlbim çırpınır yanına. Sən oğulsan. Sən irland mustangerisən. Sən Marçello Mastroyanisən. Sən bir təcrübə motalısan.
Və birdən-birə qanım qaraldı. Çaşıb qalmışdım, ciddi müəssisəyə gəlmişəm, yoxsa cəngəlliyə. Ona görə düşündüm: “Mənim müdirim, sən sadəcə canına azarsan və kal armudsan. Niyə gəldim bu xarabaya?!”.
O, gülümsər müqəddəs ata təki hələ də danışırdı. Sanki Qüdsdə yəhudilərlə ərəbləri birləşdirəcək “zaman maşını” funksiyasını yerinə yetirirdi.
– Get fikirləş. İstəyirsən əməkdaşlardan birini qoşum sənə, bilgiləndirsin.
– Ciddi müəssisədir, deyirsiz, amma bəzi əməkdaşlar təkcə bunları xəbər versəydilər, nə vardı ki… Kim kiminlə sevişir, kim kimin bostanına daş atır, naharda borş dadsız idi, biri ayaqyolunda əyri oturmuşdu… Əməkdaşların belə xəbərləri ilə ciddi müəssisə gözdən düşür.
– Onları da müdir bilməlidir. Yoxsa bura Kama Sutra meydanına çevrilər. Bu gündən səni bilgiləndirməyə başlayıram. İlk dərsi (gülə-gülə danışır, yox, məzələnmirdi, ciddi deyirdi) Senyora keçəcək. Onu belə çağırırıq. Kübar ailədəndir, müştüklə siqaret çəkir, idarəni dumanlandırır, eybi yoxdur, lazımi xidmətinə görə dözürük. Sən də lazımi xidmət göstərsən, bütün şıltaqlığına göz yumarıq. Nə dediyimi anlayırsan da.
Tibet kahini düyməni basıb kübar qadını çağırdı, o da içəri girib gülümsədi:
– Senyora, xahiş edirəm, yeni əməkdaşı xəbər anlayışı barədə bilgiləndirin. Təbii ki, bu söhbət üçümüzün arasında qalmalıdır.
Dəhlizə çıxanda kübar qadın söhbətin harada aparılması barədə plan cızdı, dedi ki, işçilərin arasında alınmayacaq:
– Axşam sizi evimə dəvət edirəm, onsuz da bir kavalerimdir, bir də mən. İndisə uzaqlaşın, əməkdaşlar bizi bir yerdə görməsinlər, yoxsa gizli qruplaşma yaratdığımızı düşünərlər.
Və biz aralandıq. Bir azdan ondan mobil telefonuma ismarıc gəldi ki, “Cavid prospekti 13-də görüşərik, ərim səni qarşılayacaq”.
Bəzi dərsləri, fənləri sevməsək də, onları keçməli,