Скачать книгу

ong>

      hekayələr

      GÜMÜŞÜ ŞİMŞƏK

      – Vatson, gedəsi yerim var, – Holms səhər yeməyində mənə dedi.

      – Hara? – soruşdum.

      – King's Pyland, Dartmurda.

      Holmsun belə deməyinə heç təəccüblənmədim. Əslində, neçə gündür, İngiltərədə dildən-dilə dolaşan bu hadisə ilə məşğul olmaması məni heyrətləndirmişdi. Bütün günü çənəsini mıxlanmış kimi sıxıb çatılmış qaşları ilə otaqda gah irəli, gah geri var-gəl etmiş, çubuğu dəfələrlə ən sərt tütün ilə dolub-boşalmışdı. Suallarıma, atmacalarıma reaksiya vermirdi. Xəbər büromuzun göndərdiyi gündəlik qəzetlərə göz gəzdirdikdən sonra bir kənara tullamışdı. Danışmasa da, ağlından keçənləri təxmin edə bilirdim. Mətbuatda yazılmış “Uesseks kuboku” cıdır yarışının favorit atının yox olması və məşqçisinin acınacaqlı ölümü haqqında xəbərlər analiz bacarığını əməlli-başlı qıcıqlandırmışdı. Elə bu səbəbdən də hadisənin baş verdiyi yerə getmək niyyətinin olduğunu açıqlayacağı anı dörd gözlə gözləyir, buna ümid edirdim.

      – Əgər mane olmaramsa, səninlə gəlməkdən xoşnud olardım, – dedim.

      – Əziz Vatson, inan ki, gəlməyin çox yaxşı olardı. Zamanını boş yerə xərcləməyəcəyinə söz verirəm. Bu hadisəni bənzərsiz dərəcədə xüsusi edəcək bəzi nüanslar var. Zənnimcə, Paddinqtondakı qatara çatacaq qədər vaxtımız var: məsələ ilə bağlı ayrıntıları sənə yolda danışaram. Bu möhtəşəm binoklunu da özünlə götürsən, sevinərəm.

      Holmsun dediyi kimi, bir saat sonra artıq Ekseterə gedən qatarın birinci dərəcəli vaqonunda oturmuşduq. Şerlok Holms səyahətlərdə istifadə etdiyi qulaqları dik kartuzunun1 dövrələdiyi sərt və həvəsli üzü ilə Paddinqtondan aldığı gündəlik qəzetləri oxuyurdu. “Reading”i də bitirib sonuncu qəzeti qoltuğuna qoydu və siqar qutusunu mənə uzatdı.

      Pəncərədən bayıra baxa-baxa saatına göz yetirdi:

      – Yaxşı gedirik, indi sürətimiz saatda 53,5 mildir.

      – Qalıq mil işarəsini görmədim, – dedim.

      – Mən də görmədim, amma bu xətdəki teleqraf dirəkləri altmış metr aralığında tikildiyinə görə hesablama aparmaq asandır. Con Streker və Gümüşü Şimşəyin itməsi ilə bağlı hadisənin təfsilatından məlumatın var?

      – “Telegraph” və “The Chronicle” qəzetlərində nə yazılıbsa, ancaq onu bilirəm.

      – Bu hadisə detektivin yeni dəlillər toplamaqla deyil, əldə olan dəlilləri araşdırmaqla qabiliyyətini göstərməli olduğu hadisələrdəndir. Bu, adət etdiyimiz hadisələrdən fərqli, olduqca qarmaqarışıq və çoxları üçün şəxsi önəm daşıyan faciə olduğu üçün saysız-hesabsız təxminlər, ehtimallarla sarılmış şəkildəyik. Çətin olan da jurnalistlərin, şərhçilərin bərbəzək verib şişirtdikləri şeylər arasından həqiqəti, mütləq və inkaredilməz həqiqəti tapıb ortaya çıxarmaqdır. Bu möhkəm təməllərə istinaddan sonra etməli olduğumuz iş nəticələri araşdırmaq və bütün bunların niyə baş verdiyini aşkarlamaq olacaq. Çərşənbə axşamı həm atın sahibi polkovnik Rossdan, həm də işə baxan müfəttiş Qriqoridən teleqram aldım. Köməyimi istəyirlər.

      – Özü də çərşənbə axşamı və bu gün cümə axşamıdır. Niyə dünən işə başlamadın?

      – Çünki yanıldım, əziz Vatson, üstəlik bu yanılmaya məni sənin hekayələrin sayəsində tanıyan çoxlarının zənn etdiyindən daha tez düşməyimdən qorxuram. İngiltərədə bu cür məşhur atın, hələ də, Şimali Dartmur kimi insanların sıx yaşadığı bölgədə uzun müddət gizli qalacağını təxmin etməmişdim. Dünən saatlarla atın tapılması, onu qaçıranın da Con Strekerin qatili ilə eyni adam olacağı xəbərini gözlədim. Amma bir gün keçəndən sonra gənc Fitsroy Simpsonun tutulmasından başqa nəsə baş verməyincə hərəkətə keçmə vaxtının gəldiyini hiss etdim. Bütün hallarda dünənki günü boşuna keçirdiyimi düşünmürəm.

      – Onda, yəqin, bir versiyan var.

      – Ən azından hadisənin əsas faktlarını əldə etmişəm. Bir-bir danışacağam. Hansısa hadisəni başqasına danışanda hər şey zehində daha da aydınlaşır. Həm də sənə başlanğıc nöqtəmizi anlatmasam, kömək etməyin çətinləşər.

      Yastığıma dirsəklənib siqarımı tüstülətməyə başladım. Holms isə qabağa əyilib sağ əlinin incə, uzun barmaqları ilə sol əlinin ovcunun içini oxşayır, bizi bu səyahətə sürükləyən hadisənin xülasəsini danışırdı:

      – Gümüşü Şimşək İsonomi atının nəslindəndir və məşhur atası kimi parlaq rekordlara imza atıb. İndi beş yaşındadır və sahibi polkovnik Rossa bir çox mükafat qazandırıb. Bu bədbəxt hadisəyə kimi “Uesseks kuboku”nun daim bir nömrəli favoriti olub. Cıdır yarışlarında hər dörd nəfərdən üçü ona pul qoyurmuş. Bu vaxta qədər pul yatıranları məyus etmədiyi üçün də ətrafında külli miqdarda dövriyyə vardı. Bütün bunları nəzərə alsaq, Gümüşü Şimşəyin növbəti çərşənbə axşamı günü bayraq endiyi zaman yarış sahəsində olmasını əngəlləmək istəyən xeyli insan olduğu açıq-aşkardır. Bunu, şübhəsiz ki, polkovnikin tövləsinin yerləşdiyi “King's Pyland”da bilməyən yox idi. Ulduz atı mühafizə etmək üçün bütün tədbirlər görülmüşdü. Atın mehtəri Con Streker tərəzidə müəyyən edilmiş çəkidən ağır gəldiyi günə qədər həmişə polkovnik Rossun atlarını minən çoxdankı jokey imiş. Polkovnik Rossa beş il jokey, yeddi il də mehtər kimi xidmət edibmiş. Hər zaman əzmkar və sadiq xidmətçi olubmuş. Tövlə kiçik olduğundan və yalnız dörd at bəsləndiyindən Strekerin yanında cəmi üç gənc çalışırmış. Bu gənclərdən biri hər gecə tövlədə qalır, digərləri də mansardda yatırlarmış. Üçü də seçmə gənclər imiş. Con Streker evli olduğu üçün tövlədən, təxminən, iki yüz yard2 uzaqdakı kiçik evdə yaşayırmış. Uşağı yoxmuş, bir xidmətçi imiş, bir də xanımı. Kəndin ətrafı olduqca sakit, kimsəsiz yerdir. Ancaq yarım mil şimalda xəstələr və təmiz Dartmur havası almaq istəyənlər üçün Tavistokdan olan inşaatçı tərəfindən tikilmiş bir sıra evlər var. Tavistok da iki mil qərbdə yerləşir. Süpürgəotuları bitən ərazinin o biri tərəfində, yenə iki mil uzaqda Lord Bekvoterə məxsus Mapleton adında ferma yerləşir. Fermanı Seyls Braun adlı adam idarə edir. Süpürgəotunun bitdiyi ərazinin digər tərəfi boşluqdur. Bir neçə köçəri qaraçıdan başqa yaşayan yoxdur. Hadisənin baş verdiyi keçən bazar ertəsi gecəsi də vəziyyət bundan fərqli deyildi. O axşam da hər gün olduğu kimi atlara təlim keçilmiş, otları, suları verilmişdi. Saat doqquzda tövlənin ağzı kilidlənir. Gənclərdən ikisi mehtərin evinə qəlyanaltı üçün gedibmiş. Ned Hanter adlı üçüncü gənc də tövlədə növbətçi imiş. Saat ona bir neçə dəqiqə işləmiş xidmətçi Edit Bekster Nedin qoyun ətindən hazırlanmış ədvalı yeməyini tövləyə gətirirmiş. İçməyə heç nə gətirməyibmiş, çünki tövlədə bulaq var. Onsuz da, növbətçilərə sudan başqa nəsə içmək qadağanmış. Hava qaranlıq, tövləyə gedən yol daşlıq olduğundan xidmətçi qızın əlində fənər varmış.

      Tövləyə otuz yarda qədər məsafə qalanda qaranlıqdan bir adam çıxıb Edit Beksterə dayanmağı əmr edir. Naməlum adam fənərin sarı işığının aydınlandırdığı dairəyə doğru addım atan kimi qız onu daha aydın görür. Adam yun şotland parçasından boz kostyum geyinibmiş. Çəkmələri, ağır əsası və parçadan şlyapası ilə olduqca mədəni adama oxşayırmış. Ancaq ən çox diqqət çəkən tərəfi həddindən artıq solğun, həyəcanlı görünən üzü imiş. Xidmətçinin fikrincə, adamın yaşı otuzdan az deyil.

      – Deyə bilərsinizmi, mən haradayam? – o soruşub. Elə otluqdaca yatmaq istəyirdim ki, fənərinizin işığını gördüm.

      – “King's Pyland”da, polkovnik Rossun tövləsi tərəflərdəsiniz, – qız cavab verib.

      – Doğrudan? Bəxtə bax! – həmin adam qışqırıb.

      – Deyəsən, orada hər gecə bir oğlan tək qalır. Əlinizdəki də axşam yeməyidir, yəqin, ona aparırsınız. Bəlkə də, yeni paltar üçün pul qazanmaq istəyirsiniz, – deyib jiletinin cibindən qatlanmış bir kağız çıxararaq əlavə edib, – Əgər bu gecə o gəncə bunu versəniz, ən gözəl paltarlar sizin olacaq.

      Qız

Скачать книгу