Скачать книгу

baxdıqda həşəratlara oxşayırdılar. Onların qışqırığı getdikcə uzaqlarda itib əriyirdi…

      – Necə də gözəldir! – Co ilk olaraq səssizliyi pozdu.

      Ancaq ona heç kim cavab vermədi. Doktor barometri müşahidə eləyib nələrsə yazırdı. Kennedi isə önündəki mənzərədən gözünü çəkə bilmirdi: “Mətin” buradan adi qayığa oxşayırdı, Afrikanın qərb sahili isə sanki köpüklənirdi.

      İki saatlıq uçuşdan sonra “Viktoriya” saatda səkkiz mil sürətlə hərəkət eləyirdi. Doktor odluğun alovunu azaltdı. Şar yerdən artıq üç yüz fut hündürlükdə idi. Afrikanın şərq sahilinin bu hissəsi Mrima adlanırdı. Sıx manqo ağacları sahili qoruyurdu. Su çəkildiyindən Hind okeanının yuduğu manqoların köklərini görmək olurdu. Üfüqdə uzanıb gedən qum təpələri nəzərə çarpır, şimal-qərbdə isə Nquru dağları ucalırdı.

      “Viktoriya” indi Kaşe adlı kəndin üzərindən uçurdu. Doktor həmin kəndi xəritədə tapmışdı. Yerlilər hava şarını görüb öz qəzəb və qorxularını qışqırıqlarla ifadə eləyirdilər. Çox keçmədən isə onlar şara ox atmağa başladılar. Lakin xoşbəxtlikdən şar oxların çata biləcəyi hündürlükdə deyildi.

      Bir qədər sonra külək şarı cənuba aparmağa başladı. Doktor bundan təşvişə düşmürdü, hətta kapitan-lar Burtonla Spikin keçdiyi yolu tədqiq etmək imkanı yarandığı üçün sevinirdi.

      Co isə hələ də dil boğaza qoymurdu.

      – Rədd olsun faytonlar! Rədd olsun gəmilər! Səyahət üçün hava şarından gözəl nə ola bilər!

      – Bunun yanında axı dəmir yolları nə olan şeydir. – Kennedi onunla razılaşdı. – Müxtəlif ölkələrdən keçib gedirsən, ancaq, demək olar, heç nə görmürsən.

      – Bizim “Viktoriya”nın tayı-bərabəri yoxdur! – Co ondan geri qalmadı. – Hərəkət etdiyini hiss eləmirsən. Təbiətin özü qarşında canlanır.

      – Hələ mənzərələrə bax! Elə bil, qamakda[21] yatıb yuxu görürsən.

      – Yeri gəlmişkən, səhər yeməyinin vaxtı deyilmi? – birdən Co soruşdu. Təmiz hava onu iştaha gətirmişdi.

      – Yaxşı fikirdir, – Fergüson onunla razılaşdı.

      – Səhər yeməyi hazırlamaq çox vaxt aparmaz: suxarı ilə ət konservi, – Co bildirdi.

      – Bir də qəhvə, – doktor əlavə etdi.

      Az keçmiş üç fincan buğlanan qəhvə doyumlu səhər yeməyindən sonra səyyahların ovqatı daha da yaxşılaşdı.

      Şarın indi üzərindən uçduğu ölkə son dərəcə münbit idi. Bunu əyri-üyrü cığırların sıx yaşıllıqlar arasında itməsindən aydın görmək olardı. Orada-burada qarğıdalı, arpa tarlaları, al-qırmızı çiçəkləri olan çəltik, tütün plantasiyaları gözə çarpırdı. Pəyələrlə bərkidilmiş qəfəslərdə qoyun və keçilər görünürdü: yəqin, həmin qəfəslər onları bəbirin dişlərindən qorumaq üçün idi. Yaşayış məskənləri çox idi və “Viktoriya”nı görəndə çaxnaşma düşür, hay-küy qalxırdı. Lakin hava şarı hələ də elə yüksəkdən uçurdu ki, ora ox çatmırdı. Yerlilər komalarının yanında dəstə-dəstə dayanıb səyyahların arxasınca lənətlər yağdırırdılar.

      Aeronavtlar tezliklə Tunda adlı kəndin üstünə çatdılar.

      – Bax elə burada, – doktor dedi, – Burton ilə Spik qızdırmaya tutulublar və ekspedisiyanın uğursuzluqla üzləşdiyini düşünüblər. Onlar sahildən çox da uzaqlaşmamışdılar, ancaq yorğunluq, məhrumiyyətlər artıq öz sözünü deyirdi.

      Doğrudan da, bu yerlərdə həmişə qızdırma tüğyan edirdi. Xəstəliyin qorxusundan doktor hündürdən uçmağa qərar verdi.

      Aşağıda arabir karvanlar gözə dəyirdi. Axşamın sərinini gözləmək üçün onlar ağaclıqlarda daldalanırdılar. “Viktoriya”nı görəndə isə yerlilər adətən hay-küylə qaçışırdılar. Kennedi onlara yaxından baxmaq istəyirdi, lakin Samuel hər dəfə buna qarşı çıxırdı.

      – Onların başçılarının muşketi olur, – doktor dedi, – “Viktoriya” əla hədəfə çevrilə bilər.

      – Məgər yüngülcə deşilsə, şar düşər? – Co soruşdu.

      – Dərhal düşməz, ancaq həmin deşik tezliklə böyüyəcək, qazın hamısı da uçub gedəcək.

      Yerin görünüşü get-gedə dəyişirdi. Yaşayış məntəqələri az gözə dəyirdi, manqo ağaclıqları isə tamam yoxa çıxmışdı. Onlar bu en dairəsində bitmirdi. Artıq təpəliklər başlamışdı, bu da dağların yaxınlığından xəbər verirdi. Doktor gecələmək üçün Dutimi adlı dağın arxasında yerə enmək fikrində idi.

      – Nə qəşəng ağaclardır! – Co səsləndi. – On belə ağac olsa, bütöv bir meşə yaranar!

      – Bunlar baobab ağaclarıdır, – doktor izah elədi. – Gövdəsinin diametri yüz fut olar.

      Artıq Dutimi dağı görünürdü.

      – Əgər hesablamalarım dəqiqdirsə, dağı saat yeddidən tez aşacağıq, – Fergüson dedi.

      – Yəni gecə də uçacağıq? – ovçu soruşdu.

      – İmkan daxilində yox, – doktor cavab verdi. – Ehtiyat tədbirləri görsək, gecə də təhlükəsiz şəkildə uça bilərik. Ancaq Afrikanın yalnız üstündən uçmaq kifayət deyil, onu görmək də lazımdır.

      – Afrikadan şikayətlənməyə hələ haqqımız yoxdur, – Co dedi. – Bunun harası səhradır! Dünyanın ən münbit qitəsidir! Gəl indi bundan sonra coğrafiyaçılara inan!

      – Tələsmə, Co, görək hələ sonrası necə olacaq, – doktor dilləndi.

      “Viktoriya” saat 7-nin yarısında Dutiminin üstün-dən keçib saat 8-də əks tərəfdə yerə enməyə başladı. Səbətdən lövbər atıldı. Dağ hava şarını şərq küləyin-dən qoruyurdu, bu səbəbdən də “Viktoriya”, demək olar, hərəkətsiz idi.

      Bizim aeronavtlar təmiz havada ləzzətlə şam elədilər. Sonra qərara alındı ki, gecə növbə ilə keşik çək-sinlər.

      Kennedi ilə Co adyala bürünüb örtüyün altında şirin yuxuya getdilər, Fergüson isə növbə çəkməyə başladı.

      8

      Gecə sakit keçdi. Səhər açılanda isə hava dəyişdi. Göy üzünü qara buludlar aldı. Tezliklə leysan başladı. Tikanlı kol-kos basmış cığırlar dərhal keçilməz hala düşdü.

      Co cəld şəkildə lövbəri sikomor[22] ağacından açdı və ipək nərdivanla səbətə dırmaşdı. Doktor odluğu yandırdı və külək “Viktoriya”nı qabağına salıb qovdu.

      Saat 10-da hava düzəldi. Lakin bu dəfə də doktor Fergüson şarı şimal-şərqə aparacaq hava axını axtarmağa başladı və onu altı yüz fut hündürlükdə tapdı. Yer təpəlik, hətta dağlıq idi. Qəfildən şişuclu zirvələr peyda olmağa başladı. Onlara ilişməmək üçün diqqətli olmaq lazım idi.

      – Biz

Скачать книгу


<p>21</p>

Qamak – torlu asma yataq (red.)

<p>22</p>

Sikomor – firon ənciri, tutkimilər fəsiləsindən bitki növü