ТОП просматриваемых книг сайта:
Şerlok Homs və doktor Vatson. Артур Конан Дойл
Читать онлайн.Название Şerlok Homs və doktor Vatson
Год выпуска 0
isbn 9789952245127
Автор произведения Артур Конан Дойл
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство Altun Kitab
– Deməli, burada nəsə bir sirr var, – mən əlimi yellədərək ucadan dedim. – Maraqlıdır! Hər halda, bizi tanış elədiyiniz üçün sağ olun. Zənnimcə, insanlığı dərk eləməkdən ötrü insanın özünü anlamaq lazımdır.
– Ən yaxşısı elə Holmsu dərk etməkdir, – Stemford vidalaşarkən söylədi. – Söhbəti uzatmağa gərək yoxdur. Onun necə adam olduğunu tezliklə öyrənəcəksiniz. Lakin mərc qoşuram, siz onu tanıyana qədər o sizin haqqınızda daha çox şey biləcək. Hələlik!
– Hələlik, – mən bunu deyib Stemforddan ayrıldım və mehmanxanaya daxil oldum.
Ancaq bütün fikrim hələ də təzə tanışımın yanında idi…
İkinci fəsil
Nəticə çıxarmaq sənəti
Biz Şerlok Holmsla ertəsi gün, danışdığımız vaxtda görüşdük. Holms məni Beyker-strit, 221 ünvanındakı mənzilə apardı. Mənzil üç otaqdan ibarət idi. Bunlardan ikisi yataq, digəri isə geniş, işıqlı, iki pəncərəsi olan qonaq otağı idi. Əşyalarla tam təchiz edilmiş otaqlar ürəyimizə yatdı. Kirayə haqqı münasib olduğundan dərhal razılaşdıq və buraya köçməyə qərar verdik.
Elə həmin axşam mehmanxanadakı əşyalarımı götürüb təzə mənzilimə daşındım. Səhəri gün isə Şerlok Holms da bir neçə yeşikdən və portfellərdən ibarət şey-şüyləri ilə öz otağına yerləşdi. Bir-iki gün ərzində əşyalarımızı tamam yerbəyer etdik. Ardınca isə yavaş-yavaş təzə şəraitə uyğunlaşmağa başladıq.
Holms yola gediləsi adam idi. Sakit, intizamlı həyat sürür, çox vaxt axşam saat 10-dan sonra yatır, səhər tezdən, mən hələ yataqda qurdalanarkən qəhvəaltı edir və çıxıb işə gedirdi. Bəzən bütün gününü laboratoriyada, bəzən isə anatomiya kabinetində keçirirdi. Hərdən fikirli halda gəzə-gəzə Londonun ən ucqar yerlərinə gedib çıxırdı. Başı işə qarışanda ətrafı tamam unudurdu. Evə gəldikdə isə elə hey ağlında nəsə götür-qoy edir, saatlarla tərpənmədən qonaq otağındakı divanda səssizcə oturub düşünürdü. Belə vaxtlarda onun gözlərindəki xəyalpərəstlik məni heyrətə gətirirdi. Şerlokun özünəməxsus həyat tərzi barədə bilməsəydim, hansısa bihuşedici maddə qəbul etdiyini düşünərdim…
Həftələr bir-birini əvəzləyir, mən isə Holmsu daha yaxından tanımağa can atırdım. Xüsusilə onun həyatdakı amalını öyrənmək istəyirdim.
Ev yoldaşımın xarici görünüşü istənilən adamın diqqətini dərhal cəlb edə bilərdi. Boyu altı futdan[8] artıq idi, lakin yeriyərkən bundan da ucaboy görünürdü. Özünə qapandığı vaxtlar istisna olmaqla, daim iti və kəskin baxışlarını sezmək olurdu. Uzunsov qartal burnu sifətinə qətiyyətli ifadə verirdi. Kvadratşəkilli, bir qədər irəli çıxmış çənəsi də elə qətiyyətli xarakterinin başqa bir ifadəsi idi. Əllərində həmişə mürəkkəb və müxtəlif kimyəvi maddələrin ləkəsini görmək olardı. Baxmayaraq ki, onun kimyagər alətləri ilə necə həssas davrandığına dəfələrlə şahidlik etmişdim.
Ola bilsin, bu adama hədsiz marağım oxuculara qəribə görünür. Lakin Holmsun həyat tərzinə bələd olan hər kəs, əminəm ki, məhz mənim kimi davranardı. Üstəlik, nəzərə alın ki, həmin dövrdə günlərim olduqca yeknəsəq, darıxdırıcı keçirdi, ətrafımda beynimi məşğul edəcək çox az şey var idi. Ona görə də birdən-birə Holms kimi maraqlı bir adamla qarşılaşmağımın məndə yaratdığı sevinc və həyəcanı anlamaq çətin deyil.
Əslində, ev yoldaşım elmlə bir o qədər də həvəslə məşğul olmurdu. Stemford da məhz belə fikirləşirdi, hətta Holmsun özü bir dəfə bunu təsdiqləmişdi. Elə mən də onun davamlı şəkildə elmi ədəbiyyat oxuduğunun, elm dünyasının qapılarını açmağa ciddi cəhd göstərdiyinin şahidi olmamışdım. Bu azmış kimi, o bəzi elmi suallara könülsüz halda cavab tapmağa çalışırdı. Di gəl işə girişdimi, həvəs və enerjisi heyrətamiz dərəcədə artırdı. Nəsə ciddi bir səbəb olmasa, heç kəs yaddaşını mənasız şeylərlə yükləməz, vaxtını boş yerə itirməz…
Holms çox şey barədə xəbərdar idi və bu, adamı nə qədər heyrətləndirirdisə, onun bir çox mövzulardan məlumatsızlığı da elə bir o qədər təəccüb doğururdu. Müasir ədəbiyyatdan, siyasətdən, fəlsəfədən, demək olar, xəbərsiz idi. Bir dəfə Tomas Karleylin[9] adını çəkdim, Holms isə sadəlövhlüklə onun kim olduğunu soruşdu. Ev yoldaşımın Korpenik nəzəriyyəsi, Günəş sistemi haqqında tamamilə məlumatsız olduğunu biləndə isə heyrətdən, ümumiyyətlə, çaşıb qaldım. On doqquzuncu əsrdə yaşayan biri Yerin Günəş ətrafında fırlandığını hələ də bilmirsə, bundan dəhşətə gəlməyəsən, neyləyəsən?!
O anda Holms heyrətdən donub qalmış sifətimə baxıb gülümsəyərək dilləndi:
– Deyəsən, təəccübləndirdim sizi… Verdiyiniz məlumata görə çox sağ olun. Lakin indi vaxt itirmədən bütün bunları unutmağa çalışmalıyam.
– Unutmağa?!
– Bilirsiniz necədir? Məncə, insan beyni balaca, boş çardaq kimidir. Yalnız axmaq adam əlinə keçən zir-zibili oraya yığa bilər, çünki belədə lazım olan şeyləri qoymağa yer tapmayacaq. Həmin gərəkli şeylər, ən yaxşı halda o zir-zibilin içində itib batacaq. Ağıllı adam isə odur ki, bu çardağa nə yığmalı olduğunu yaxşıca götür-qoy eləsin. Belədə çardaqda lazımi şeylər üçün həmişə yer tapılacaq. Mənə inanın, adam təzə bir şeyi öyrənəndə onsuz da köhnədən bildiyi nəyisə unutmalı olur. Buna görə də elə etmək lazımdır ki, gərəksiz şeylər vacib şeyləri sıxışdırıb aradan çıxarmasın.
– Sizi başa düşürəm, lakin günəş sistemindən xəbərsiz olmaq… – Mən ucadan dedim.
– Nəyimə lazımdır? – Holms sözümü kəsərək tələsik dilləndi. – Yaxşı, tutaq ki, dediyiniz kimidir, Yer Günəşin ətrafında fırlanır. Lakin Ayın ətrafında fırlansaydıq, bunun mənim işimə nə faydası olardı?
Mənim gözlərim bir az da böyüdü, üstəlik, ondan hansı iş barədə danışdığını soruşmaq istədim, lakin yeni tanışımın xətrinə dəyəcəyimi düşünüb susdum. Sonra isə Holmsla qısa söhbətlərimizdən nəticə çıxarmağa çalışdım. Deməli, bu adam beynini gərəksiz hesab etdiyi məlumatlarla doldurmaq istəmir. Yalnız o məlumatları unutmur ki, onlardan nə vaxtsa, nə üçünsə yararlanmaq fikrindədir. Hətta bir dəfə ev yoldaşımın vacib, ya da gərəksiz saydığı biliklərin siyahısını müəyyənləşdirməyə çalışdım. Bununla da kifayətlənməyərək qələm götürüb onları özüm üçün qeyd etdim. Axırda siyahını oxuyarkən isə özümü gülməkdən saxlaya bilmirdim. Həmin siyahı ilə sizin də tanış olmağınız pis olmazdı.
Beləliklə, Şerlok Holmsun maraq dairəsi:
1. Ədəbiyyata dair biliklər – sıfır.
2. Fəlsəfəyə dair biliklər – sıfır.
3. Astronomiyaya dair biliklər – sıfır.
4. Siyasi biliklər – kafi.
5. Botanika. Təkcə xanımotunun, tiryəkin və zəhərli bitkilərin xüsusiyyətlərini
8
9