Скачать книгу

qurtardıqca, yük maşınları daş gətirirdi.

      Səki xeyli genişləndi, köhnə, mənim evimlə ekiz yaranmış evin yerində hündür, möhkəm, iri pəncərəli üçotaqlı ev yüksəlməyə başladı. Qonşumun gözəl zövqü vardı: ev mənə təzə bəyi xatırladırdı – ucaboy, ağ bənizli, incə, lakin sağlam bədənli. Bizim ətrafımızdakı evlərin damları nədənsə yastıdır, qonşumun evinin damı üçbucaq şəklindədir, üstü də qırmızı kirəmitli; həm damdı, həm də ikinci mərtəbə. İmkan tapıb mən də evimin yastı damını şiş bucaqlı, qırmızı kirəmitli damla əvəz edəcəyəm.

      Stol və heykəl qonşumun genişlənmiş səkisində öz yerini tutdu.

      Bir gün gördüm ki, qonşum çarhovuzunu söküb. Bu cür nəhəng, gözəl evin yanında köhnə çarhovuz, köməkçim Ziya demişkən, olduqca primitiv görünürdü, yəni çox balaca idi, təzə evə yaraşmırdı, bağın səliqəsini pozurdu. Səliqə deyəndə, çarhovuzda mən elə bir eyib görmürdüm, lakin belə binanın qabağında gərək yaraşıqlı, iri, dərin, dəryaçanı xatırladan çarhovuz tikiləydi. Məncə, qonşum bu cür düşünürdü. İnanmıram ki, köhnə çarhovuzu pisləyəydi, axı balaca da olsa, qonşuma az xeyri dəyməmişdi, onun suyu ilə cavan meynələr, firqəndə olanda, gilas və qaysı tingləri bolluca suvarılmışdı.

      Səhərlər məşq edəndə gah tikilən çarhovuza baxırdım, gah da heykələ. Plastilin fəhlələr lal-dinməz durub ağır borunu çiyinlərində saxlayırdılar – nə borunu yerə sala bilir, nə də buruğa çatırdılar.

      İki günə çarhovuz hazır oldu. Bir axşam mədəndən evə qayıdanda çarhovuzu su ilə dolu gördüm – sudaşıyan maşınlar doldurmuşdu.

      Qonşum məni çarhovuzuna baxmağa çağırdı. Yamanca dərin və geniş idi, istəyirsən tullan, istəyirsən üz.

      – Mübarəkdir!

      – Su istəsən, qurbandır.

      – Firqəndəni qurtarmışam, payın çox olsun!

      – Sabahdan təzə işə başlayıram. Usta, bu bağı ki görürsən, gərək ona can-başla qulluq edəsən. Bağınkı da quyudur. Quyusuz bağ bağ deyil.

      – Düz buyurursan, qonşu.

      – Sən də, usta, asudə nəfəs alarsan, özün görürsən ki, sənin quyun ikimizə bəs eləmir.

      Qonşum ağıllı söz dedi: quyusuz bağ bağ deyil.

      Bağıma keçəndə gözüm səkidəki stola sataşdı: plastilin fəhlələr ağ əski ilə örtülmüşdü. Nədənsə üşüdüm. Ağ əski görəndə qanım qaralır. Nə isə… Qonşum heykəli toz-torpaqdan qorumaq üçün örtmüşdü, plastilin zay ola bilərdi.

      Quyu da qazıldı.

      Qonşumun qorxusu əriyib yox oldu: qorxurdu şor su çıxa, xoşbəxtlikdən şirin su çıxdı. Quyu motorla işləyirdi. Su çarhovuza, oradan da borularla meyvəliklərə, bolluca su istəyən ağaclara tərəf axırdı.

      Səhər qonşumun bağından keçirdim ki, kəsmə yolla vaxtında elektrik qatarına çatım, böyürdən zırpı bir it üstümə atıldı. Tez qırağa çəkildim. İt, zəncir onu boğsa da, dik qalxıb qəzəblə mənə hürürdü. Qulağı kəsik qoyun iti idi.

      Yoluma davam etdim.

      Axşam qayıdanda it yenə mənə boğuq səslə o ki var hürdü. “Bircə itimiz çatışmırdı, – düşündüm. – Səsdən qulağımız batacaq”.

      Bakı bağlarının çoxu hündür daş hasarla əhatə olunub. Belə hasarları görəndə ürəyim sıxılır. Uzaqları görməsəm, darıxıram. Düzü, üfüqlərə doyunca baxmaq üçün mən bu bağı götürdüm. Səhər tezdən durub günəşin üfüqdən boylanmasına baxanda, uzaqlarda, lap uzaqlarda bizim mədənin sıx buruqlarını, evimin dal tərəfinə keçib səhər gümüşü, axşam isə göyün rəngindən azca fərqlənən tünd mavi dənizi görəndə elə fərəhlənirəm ki!..

      Qonşum bağını hündür hasarla dövrəyə alırdı.

      Biz qonşumuzun sağında oluruq. Hasarı sol tərəfdən başlayıb o yanı qurtarmışdı, bizə sarı yaxınlaşırdı. Beş cərgə daş gedib, üst üç cərgəsini şahmatsayağı tikirdi; dördkünc pəncərəciklər qala boşluqlarını xatırladırdı. Dünən axşam sonuncu dəfə evə kəsmə yolla qayıtdım: qonşumun hasarı hazır olandan sonra yolum azı on dəqiqə uzanacaq, çünki daha onun bağından keçib kəsmə yola çıxa bilməyəcəyəm, stansiyaya şose ilə getməli olacağam.

      Səhər evdən çıxanda gördüm ki, qonşum bağın sağ tərəfində işləyir, ustalar da hasarı hörürlər.

      Stol görünmürdü. Yalnız örtük ağarırdı.

      Bizim qazıdığımız quyu layihədə göstərilən dərinliyə çatdı, lakin neft çıxmadı. Deyəsən, bir qədər də qazacağıq. Özümü yorğun hiss edirdim. Neftin çıxmamağındandı.

      Axşam hasar tikilib qurtardı. Qonşum tərəfə baxanda yalnız kirəmitli üçbucaq dam və iri pəncərələrin üst hissəsi görünürdü.

      Qonşum bizi qonaq çağırdı. Bağlarına girəndə itin zənciri cingildədi, boğuq səsi bağın sakit axşamını diksindirdi. Qonşum iti güclə susdurdu.

      Yaxşı plov bişirmişdilər. Yedik, içdik.

      Bizi yola salanda qonşum ayaq saxladı, əlini çiynimə qoydu:

      – Deməyin ki, hasar çəkmişəm. Bağımız ayrı olsa da, ürəyimiz birdir. Usta, yadında saxla ki, sizə hasar-zad yoxdur.

      Ürəkdən deyirdi. İnanırdım.

      – Hələ bağda o qədər görüləsi iş var ki… qurtaran deyil!

      Qonşum danışırdı, mən isə səkidəki stola baxırdım, Örtük yox idi. Son üç-dörd gündə keçən istilər plastilini əridib axıtmışdı: fəhlələrin çiyinlərindəki boru əzilib-əyilmiş, möhkəm qollar taqətdən düşmüş, dizlər bükülmüş, fəhlələr vüqarlı görkəmlərini itirmişdilər.

      Daha heç yerə tələsmirdilər.

      Çiynim ağrıdı. Qonşum, deyəsən, bunu duydu, əlini çiynimdən götürdü.

      Gün batmışdı, lakin bizim buruqların şiş ucları hələ də günəşi görürdü.

      İstiydi. Və elə sakitlik idi ki, dənizin necə nəfəs aldığını eşidirdim. Amma heyif ki, dəniz çox yaxın deyil. Bu yorucu, darıxdırıcı istidə çimmək pis olmazdı.

      TELEFON ZƏNGİ

      Lift onların mərtəbəsində dayanır. Sükut. Az sonra qapı zəngi çalınır. Sevda, qucağında uşaq, qapını açır. Boz sırıqlı geymiş gözətçi qadın:

      – Sizi telefona çağırırlar, – deyir.

      Ev təzə tikildiyindən, mənzillərdə hələ telefon yoxdur. Birinci mərtəbədə bütün blok üçün ancaq bircə telefon çəkiblər, gözətçi qadın həm gedib-gələnlərin köməyinə çatır, həm liftə baxır, həm də telefona cavab verir.

      Liftin qapısı açıqdır, qaranlıq mərtəbəyə sarı işıq düşür.

      – Bu dəqiqə!

      Sevda biryaşlı oğlunun çiyninə şal salıb çıxır. Əvvəl mənzilin, sonra isə liftin qapısı örtülür. Mərtəbə

Скачать книгу