Скачать книгу

çəkilib getdi, oyuncaq qutularına çevrildi. İri qayalar dönüb xırdalaşdı. Babasının çayın dayazlığındakı dəhnəsi lap gülünc göründü. Sərçənin topuğundan olardı. Oğlan gülümsündü, başını buladı və cəld durbini çevirdi, okulyarı fırladı. Onun sevimli daşları nəhəngləşərək elə bil alınlarını durbinin şüşəsinə dirəmişdilər. “Dəvə”, “Canavar”, “Yəhər”, “Tank” elə heybətli idilər ki… Kələ-kötür, çat-çat gövdələrindən dəmrov rəngli ləkələr, ən ümdəsi bu idi ki, oğlanın bənzətdiyi şeylərə çox oxşayırdılar. “Hələ “Canavar”a bir bax! Hələ “Tank”a bax, tank buna deyərəm!..”

      Babanın dəhnəsi qayalardan o tərəfdə, çayın dayazlığında idi. Sahilin bu yeri durbinlə yaxşı görünürdü. Su qənbərliyə – enli dayaz yerə ani olaraq gəlir, aşırımlarda köpüklənib daşır, yenidən çayın qıjovuna axıb tökülürdü. Çayın dayazlığında su dizdən idi. Lakin elə iti axırdı ki, onun kimi belə cansız-çəlimsiz oğlanı asanlıqla çayaşağı aparardı. Axın onu aparmasın deyə oğlan sahildəki söyüddən yapışardı, özü də kol söyüd lap çayın qırağında bitmişdi – budaqlarının bir qismi quruda idi, o biriləri isə çaya sallanmışdı. Bu da çimməkdi? At kimi elə bil cilovlamışdılar; üstəlik də, nə qədər qanqaralığı və söyüşlər! Nənə babaya deyərdi: “Çay aparsa, özündən küssün, gözümün ucuyla da baxmaram. Çox lazım idi mənə! Atası, anası atıb getdi. Dərdim-sərim özümə bəsdir, daha taqətim tükənib”.

      Nə söz ola bilər? Qarı olsa da, sözün düzünü deyirdi. Amma orası da var ki, yazıq oğlan da heyif olardı. Axı çay lap yaxından, qapının ağzından axırdı. Qarı nə qədər qorxuzsa da, oğlan özünü suya vurası olurdu. Bax elə o vaxt Mömün qərara gəldi ki, çayın dayazlığında daşlardan dəhnə düzəltsin, oğlan burada qorxusuz-ürküsüz çimsin.

      Qoca Mömün nə qədər daş daşıdı, özü də irilərini seçirdi ki, su diyirlədib aparmasın. Onları qarnının üstündə daşıyırdı, suyun içinə girib daşları yan-yana elə düzürdü ki, su aradan axıb içəri dolsun və eləcə də rahat süzülüb gedə bilsin. Arıq, seyrək saqqallı bu gülməli qoca, tumanı islanıb bədəninə yapışmış halda, bütün günü bu dəhnə ilə əlləşirdi. Axşamlar üzüqoylu düşüb qalır, öskürür, ağrıdan belini düzəldə bilmirdi. Bax elə o zaman nənənin ağzı açıldı, necə açıldı: “Kiçiyi səfehdir, nə deyəsən, balacadır, bəs bu qoca axmağa nə düşüb? Özünü niyə əldən salırdın? Yeməyini verirsən, içməyini verirsən, ayrı nə lazımdır? Əlindən gələni eləyirsən. Of, bunun axırı yaxşı olmayacaq!..”

      İnsafən, çayın dayazlığında dəhnə çox gözəl çıxmışdı. İndi oğlan qorxusuz-ürküsüz çimirdi. Budaqdan yapışaraq sahildən enir, suya tullanırdı. Özü də hökmən gözüaçıq halda. Ona görə gözlərini yummurdu ki, balıqlar da suda gözüaçıq üzürlər. Onun belə qəribə bir arzusu vardı: istəyirdi ki, balıq olsun. Və üzüb getsin.

      İndi durbinlə dəhnəyə baxanda oğlan təsəvvürünə gətirdi ki, köynəyini, şalvarını necə soyunub atır, çılın- çılpaq, büzüşə-büzüşə suya necə girir. Dağ çaylarının suyu həmişə soyuq olur, əvvəlcə canına üşütmə salır, sonra alışırsan. O, söyüd budağından yapışaraq üzüaşağı axına necə milləndiyini gözləri önünə gətirdi. Yarılmış su başı üzərində necə də şappıldayıb birləşir, qarnında, kürəyində, ayaqlarında necə vicvicə qoparırdı. Suyun altında bayırdakı səslər eşidilmir, qulaqlarına yalnız şırıltı gəlir. Və o, gözlərini bərəldib suyun altında nəzərə çarpa biləcək şeylərin hamısına zəndlə baxırdı. Gözləri geyişirdi, gözləri ağrıyırdı, lakin o, qürurla öz-özünə gülümsəyir, hətta suda dilini çıxarıb acıq da verirdi. Nənəsinə acıq verirdi. Qoy bilsin ki, o batıb-eləmir və heç nədən də qorxan deyil. Sonra o, budağı əlindən buraxır, su onu aparır, nəhayət, ayaqlarını dəhnənin daşlarına dirəyirdi. Bu zaman nəfəsi tıncıxırdı. O, bir təkan verib suyun üzünə qalxır, sahilə çıxır və kol söyüdə sarı qaçırdı. Dönə-dönə belə edirdi. Babanın dəhnəsində gündə yüz dəfə belə çimməyə hazırdı. Dönüb lap balıq olanadək çimmək istəyirdi. O, mütləq, necə olursa olsun, balıq olmaq istəyirdi…

      Çayın sahilini seyr edə-edə oğlan durbini öz həyətlərinə sarı döndərdi. Toyuqlar, hinduşka və balaları, kötüyə sancılmış balta, tüstülənən samovar və həyətdəki başqa-başqa şeylər elə iri görünürdü, elə yaxında idi ki, oğlan istər-istəməz əlini onlara tərəf uzatdı. Elə bu dəm durbinin fil boyda böyütdüyü boz buzovun ipdən asılmış alt paltarını rahat-rahat çeynədiyini görüb dəhşətə gəldi. Buzov ləzzətdən gözlərini qıymışdı, dodaqlarından selik axırdı – nənənin paltarını ağızdolusu çeynəmək onun xoşuna gəlirdi…

      – Axmağın biri! – Oğlan durbinlə birlikdə dikəldi və əlini havada yellətdi: – Çəkil, tez! Eşidirsən, rədd ol! Baltek! Baltek! (Köpək evin yanında rahatca yatmışdı.) Tut, qap onu! – Dilxor halda itə əmr elədi.

      Lakin Baltek heç qulağını da tərpətmədi. Elə yatmışdı ki, dünyadan xəbəri yoxdu.

      Elə bu vaxt nənə evdən çıxdı. Qarı bunu görüb əllərini dizinə çırpdı. Süpürgəni qapıb buzovun üstünə cumdu. Buzov götürüldü, nənə də onun dalınca. Oğlan durbinin səmtini dəyişmədən yerə çökdü ki, dağın başından görünməsin. Qarı buzovu qovub söyə-söyə evə sarı döndü, hirsindən və tez-tez getdiyindən təngnəfəs olmuşdu. Oğlan onu elə yaxşı görürdü ki, sanki lap yanında dayanmışdı, bəlkə, hələ ondan da yaxında. O, qarını obyektivdə iri planda götürmüşdü. Kinoda adamın sifətini ayrıca iri planla göstərdikləri kimi. Hələ qarının qəzəbdən qıyılmış sarımtıl gözlərini də görürdü. Qırışmış, qat-qat olmuş üzünün büsbütün pörtdüyünü görürdü; kinoda qəflətən səs kəsiləndə olduğu kimi, nənənin dodaqlarının durbində tez-tez, səssiz tərpəndiyini və kobud, tək-tək dişlərini görürdü. Qarının qışqıra-qışqıra nələr dediyini uzaqdan ayırd etmək çətindi, amma onun sözlərini oğlan elə aydın və səlis eşidirdi ki, elə bil lap qulağının dibində danışırdı. Qarı onu ay söyürdü ha! Oğlan əzbərdən bilirdi: “Yaxşı, baxarıq… Hələ qayıt gəl. Dərsini verərəm onda! Heç babaya da baxmaram. Neçə kərə demişəm, o gözə tutulan andırı tulla getsin. Yenə qaçıb gedib dağa. Görüm o şeytan gəmisinin altı üstünə çevrilsin, onu görüm suda batsın!..”

      Oğlan dağ başında dərindən ah çəkdi. Tərsliyə bir bax, çanta alınan gün, məktəbə getməyin həsrətini çəkdiyi gün gərək elə buzov paltar çeynəyəydi!..

      Qarı sakit olmaq bilmirdi. Söyməyini davam etdirərək çeynənmiş paltarına baxırdı. Gülcamal da qızı ilə onun yanına gəldi. Ona şikayətlənə-şikayətlənə qarı daha da qızışdı. Yumruqlarını qaldırıb dağa tərəf silkələdi. Sümükləri çıxmış qaramtıl yumruğu okulyarın önündə onu uzaqdan hədələyirdi: “Özünə əyləncə tapıb. Görüm o şeytan gəmisi yerə girsin! Onu görüm yanıb kül olsun, onu görüm suda batsın elə!..” Həyətdə samovar artıq qaynayırdı. Qapağın altından buxarın necə çıxdığı aydın görünürdü. Bekey xala samovarı aparmaq üçün bayıra çıxdı. Həngamə təzədən başladı. Nənə çeynənmiş paltarını az qala onun burnuna dürtəcəkdi:

Скачать книгу