Скачать книгу

müqəvva! – metis son sözləri xüsusi vurğuyla dedi.

      Bu an Rinqold ona atəş açdı, ancaq güllə yan keçdi. Rəqiblər əlbəyaxa oldular və metis onu yerə yıxdı. Metisin əlində bıçaq parladı və kimsə bıçağı vurub onun əlindən yerə salmasaydı, Rinqold o biri dünyaya yollanacaqdı. Meydandakılar onları bir-birindən ayırdılar.

      Birdən kimsə qışqırdı:

      – Sarı Cek qaçdı!

      Mulat, həqiqətən də, qaçmışdı. Pauelin əlindən kiminsə vurub saldığı bıçaq onun ayaqları yanına düşmüş, o isə bundan məharətlə istifadə edərək ipləri kəsmişdi.

      Onun ardınca tapança və tüfənglərdən atəş açılsa da, tüstü çəkiləndə biz mulatın göldə üzdüyünü gördük. Ona tərəf yenə də güllə atılırdı, ancaq güllələrdən heç biri ona çatmırdı.

      Mulatın suya atılmasının səbəbi aydın idi. Əgər o, çöllüklə qaçmağa cəhd etsəydi, ya itlərin qənimətinə çevriləcək, ya da daha cəld qaçanlar tərəfindən yaxalanacaqdı. Suda isə onunla bəhsə girə bilənlərin sayı çox deyildi.

      Amma yenə də adamlar onu təqib etməkdən əl çəkmirdilər. Lakin nə seyrçilər, nə izləyənlər təqibin nə ilə bitəcəyini ağıllarına belə gətirmirdilər. Heç mulat özü də onu necə qorxunc təhlükənin gözlədiyini xəyal etmirdi. Adanın sahilindəki ağacların kölgəsi artıq onun üzərinə düşürdü və biz onun hər an meşəyə girərək gözdən itəcəyini güman edirdik. Amma o, birdən kəskin şəkildə döndü və sahilboyu üzdü. Biz onun nədən belə etdiyini anlamadıq. O, sahilə çıxmaq istəsəydi, ağac budağından tutub çıxardı. Ancaq bizim çaşqınlığımıza tezliklə son qoyuldu: sən demə, suda üzən tutqun cisim heç də ağac gövdəsi deyil, alliqator imiş. Bu mənzərə qarşısında hamı tutulub qaldı. Yalnız mulat öz həyatını qurtarmaq məqsədilə bütün gücünü sərf edərək üzürdü.

      Həmin an mən mulatın cinayətlərini unutmuşdum – az qala ona ürəyim yanırdı. O, ağac budağından yapışaraq sudan çıxmağa və alliqatordan canını qurtarmağa çalışırdı. Lakin insan çəkisinə tab gətirməyən budaq sındı. Mulat, arxasınca da alliqator cəhəngi aralanmış şəkildə suyun dibinə getdilər.

      Biz nəfəsimizi qısaraq bu səhnəni izləyirdik. Sudakı ən kiçik ləpə belə gözümüzdən yayınmırdı. Onun dərinliklərində nə adamdan, nə də yırtıcıdan əsər-əlamət görünürdü. Tezliklə gölün səthi hamar və sakit bir şəkil aldı.

      Adamlar bütün adanı axtardılar, ancaq mulatın heç bir izinə rast gəlinmədi. Əvəzində suda qırmızı köpük tapdılar və bunun mulatın qanı olduğunu qət etdilər.

      Rinqoldun qisası

      Mulatın ölümü dəhşətli olsa da, insanların ona kəsdikləri cəza daha dəhşətli idi. Göylər cəzanı yüngülləşdirərək ona qarşı yerli hakimlərdən daha mərhəmətli oldu.

      Camaat dağılışanda mən hindunu axtarmağa başladım. Amma o, deyəsən, getmişdi. Rinqold kinli adam idi. Onun qisas almaq istəyinə düşəcəyini bilirdim. Düşündüm ki, Rinqolda onun davranışını təqdir etmədiyimi deyim. Lakin onu tapa bilmədikdə qoca Hikmenə yaxınlaşıb:

      – Siz Arens Rinqoldu görməmisiniz? – soruşdum.

      – Elə indicə getdi.

      – Hansı istiqamətdə?

      – Çayla üzüyuxarı. Bill Uilyams və Ned Spenslə.

      – Atınızı mənə bircə saatlığa verərsinizmi?

      – Yabımı? Məmnuniyyətlə! İstəyirsinizsə, bir günlüyə götürün. Ancaq siz yaralı əlinizlə necə gedəcəksiniz?

      – Eyib etməz! Bircə yəhərə minməyimə yardım edin.

      Onların hindunun ardınca pis niyyətlə çapdıqlarını təxmin edirdim. Çaya yaxınlaşdıqda təxminlərimin əsassız olmadığına əmin oldum. Pauelin üstündə silah olmadığı üçün üç nəfərə müqavimət göstərə bilməmişdi. Onlarsa onun köynəyini çıxarıb özünü ağaca sarımışdılar. Öz yığılıb qalmış qəzəblərini boşaltmaq üçün onlar onun çılpaq kürəyini qamçılamağa hazırlaşırdılar.

      – Utanın, Arens Rinqold! – qışqıraraq onlara yaxınlaşdım. – Xəcalət çəkin! Bu, əclaflıqdır.

      – Lənətə gəlmiş hindu buna layiqdir! – Uilyams mızıldandı.

      – Nəyə görə, mister Uilyams?

      – Ona görə ki, bu həyasız ağ adamlara hücum çəkmək kimi bir yekəbaşlıq edib.

      – Onun burada nə işi var? – Spens işə qarışdı. – Hansı haqla çayın bu sahilində veyillənir?

      – Sizin mənə toxunmaq hüququnuz olmadığı kimi, eynilə onu da nə bu, nə də o biri sahildə incitmək kimi bir haqqınız yoxdur.

      – Ha-ha-ha! Biz elə sizin də öhdənizdən gələrik!

      – Amma bu elə də asan olmayacaq!

      Sağ əlim zədəsizdi. Məsələnin gərginləşəcəyini güman edərək Hikmenin tapançasını da almışdım və indi onu qaldıraraq nişan aldım.

      Rinqold yaxşı bilirdi ki, mənimlə arası dəyərsə, daha evimə gələ və bacımı görə bilməyəcək. Ona görə də geri çəkildi. Dostları ilə o, kin-küdurətdən alışaraq döyüş meydanını biabırçılıqla tərk etdilər.

      Hindunu azad edən kimi o dedi:

      – Nə vaxt istəsəniz, çayın o biri sahilinə gələ bilərsiniz. Heç bir hindu sizə toxunmaz. Siz həmişə bizim yerlərin ən əziz qonağı olacaqsınız!

      Mayumi

      Mən onun dəvətini qəbul edib meşədəki evinə getmək qərarına gəldim. Səfərimi ecazkar və aydın bir səhərə təyin etdim. Özümlə it və tüfəng götürərək yola hazırlaşdım. Qayığa əyləşib sahildən aralanmaq istəyirdim ki, bacımın səsini eşitdim.

      – Corc, hara gedirsən?

      – Bilmək istəyirsən, Virciniya?

      – Hə, mənə de, ya da məni özünlə götür!

      – Necə? Səni meşəyə götürüm?

      – Niyə də yox? Çoxdandır ki, meşədə olmamışam.

      – Virciniya, başqa vaxt, bircə bu gün yox!

      – Nədən bu gün yox?

      – Pauelin yanına gedirəm. Ona baş çəkəcəyimə söz vermişdim.

      – Gör sənə nə deyirəm, qardaşım! Dünyada hər şeydən çox, hindu komasına baxmaq istərdim. Məni də apar.

      – Yaxşı, əgər anam icazə versə…

      – Eybi yox, Corc, anam acıqlanmaz. Bir də evə niyə qayıdım axı? Görürsən, mən hazıram.

      – Yaxşı, bacı, arxa tərəfdə otur. Yola düşürük!

      Biz qarşı sahilə yaxınlaşanda hasar və kiçik evlər ilə dövrələnən yetərincə böyük bir ev ucalırdı. Tarlalarda qullar – zəncilər və hindular çalışırdılar.

      – Bəs dostumuzun koması haradadır? O demişdi ki, yaşadığı koma çayın sahilindədir.

      – Bəs

Скачать книгу