ТОП просматриваемых книг сайта:
Mən, nənəm, İliko və İllarion. Нодар Думбадзе
Читать онлайн.Название Mən, nənəm, İliko və İllarion
Год выпуска 0
isbn 9789952241334
Автор произведения Нодар Думбадзе
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство Altun Kitab
Mən, nənəm, İliko və İllarion
Nənəm, mən, İliko, İllarion və itim Murada gözəl Quriya kəndində yaşayırıq.
Məktəbdə altı dərs keçirik. Dörd dərsi oturmağa hövsələm zorla çatır. Parta yoldaşımdan soruşuram:
– Romuli, zəngi niyə vurmurlar?
Romuli dişlərini ağardır. Müəllim məni göstərib deyir:
– Dur rədd ol burdan! Valideynsiz də gəlmə!
…Ertəsi gün nənəmi məktəbə aparıram, sonra nənəm məni evə gətirib danlayır:
− Oxu, yaramaz, oxu, yoxsa bisavad qalarsan!
Demək olar ki, orta məktəbi nənəmlə bitirmişəm.
Mən adicə kasıb kənd uşağıyam, adım Zurikodur.
Məktəbdə davranışım haqda rəsmi sənəd – “N” saylı orta məktəbin pedaqoji şurasının 1940-cı il 18 mart tarixli iclasının protokolu təxminən belə tərtib edilib:
İştirak edirlər: müəllimlərin hamısı.
Eşidildi: Vl sinif şagirdi Zurab Vaşalomidzenin əxlaqı barədə sinif rəhbərinin məlumatı.
Mülahizələr:
Fizika müəllimi: “Təbiətdə elə bir qüvvə yoxdur ki, Vaşalomidzeni hərəkətə gətirə bilsin!”
Riyaziyyat müəllimi: “Mənim nəzərimdə Vaşalomidze yüz məchulu olan, həll edə bilmədiyim tənlikdir”.
Kimya müəllimi: “Heç nəyə reaksiya vermir, əsəblərimlə oynayır”.
Rus dili müəllimi : “Məncə, o, səfehdir”.
Coğrafiya müəllimi: “Vaşalomidze ya kütbeyindir, ya da cılız və zəif doğulub”.
Tarix müəllimi: “Bu, iyirminci əsrin mədəni nümayəndəsinə yox, daha çox daş dövrünün adamına bənzəyir. O, bütün sinif üçün ləkədir”.
Məktəb gözətçisi: “Bu qədər gicdirsə, onu sinifdən-sinfə necə keçirirsiniz?”
Dərs hissə müdiri: “Səndən soruşan yoxdur! Sənin işin məktəbə vaxtında gəlib zəngi vurmaqdır!”
Gürcü dili müəllimi (yaxın qohumum): “Belə çıxır ki, bütün işlərinizi korlayan Vaşalomidzedir! Sizin sinifdə ondan yaxşısı kimdir? Bəlkə, direktorun oğlu yaxşıdır? Düzdür, əlaçıdır, amma özü kimi səfeh yer üzündə yoxdur”.
İdman müəllimi: “Elə isə nə üçün ona “beş” verirsən?”
Gürcü dili müəllimi: “Hünərin var, vermə!”
Dərs hissə müdiri: “Kəsin səsinizi! Vaşalomidze, bəs sən nə deyirsən?”
Vaşalomidze: “Gürcü dili müəllimi haqlıdır”.
Dərs hissə müdiri: “Ay kütbeyin, özün haqda soruşuram.”
Vaşalomidze: “Bu dəfə bağışlayın, səhvlərimi düzəldərəm!”
…Qarğıdalı toxalayanda dərs buraxdığım üçün xəstəlik haqqında arayış aparmalı idim. Saxta arayış almaq mümkün olmadığından, məni yatağa uzadıb həkim çağırdılar. Həkim çarpayımın yanında oturub soruşdu:
– Haran ağrıyır?
– Hər yerim.
Bu zaman İliko və İllarion gəldi. İllarion dedi:
– Son vaxtlar çox zəifləyib. İştahası pozulub. Dünən üç boşqab lobyanı və bir mçadini1 uşağa zorla yedirdim.
– Düz deyir, doktor, lobya görəndə ürəyim bulanır.
– Daha nədən şikayətin var?
– Hm! Bir az… – İliko barmağı ilə gicgahını göstərdi.
– Eləmi? – həkim barmağının beşini də araladı və az qala, gözümə soxub soruşdu: – De görüm bu neçədir?
– Yeddi! – mən səfehcəsinə gülümsədim.
– Hmm…Yaxın adamlarını tanıya bilir? – deyə soruşdu.
– Çox çətinliklə! – İllarion ah çəkdi.
– Bu adam kimdir? – həkim İlikonu göstərdi.
Mən üzümü elə axmaq şəklə saldım ki, İllarion da mat qaldı.
İliko kədərlə soruşdu:
– Zuriko, məni də tanımadın?
Başımı buladım. Nənəm ikiəlli başından yapışdı.
– Uşağın vəziyyəti ağırdır, təcili əməliyyat olunmalıdır!
– Nə əməliyyat? – deyə yerimdən sıçradım.
– Kəlləni yarmaq lazımdır…
– Onun başı sənin üçün balqabaqdır? – nənəm çığırdı. – Uşaq sağ-salamatdır, sən xəstəxanadan danışırsan!
– Hə, bax bu, başqa məsələ! Deyirsiniz sağ-salamatdır? Lap yaxşı! – həkim gülümsədi. Hamı ilə xudahafizləşib: – Bütün kənddə belə sağlam uşaq tapılmaz! – dedi və atın belinə sıçrayıb çapdı.
Ov
Həmin gündən bir həftə sonra İllarion bizə gəldi. Armud ağacının altındakı yaşıllıqda uzanıb papirosunu yandırdı və soruşdu:
– Ay itbaz, əməliyyatın necə keçdi?
– Eh, sizə nə var ki, mən, az qala, ölmüşdüm!
– “Ölmüşdüm”ə bir bax a! Sənin o boş kəlləni yarsaydılar, o saat örtərdilər.
– Bəsdir, sən Allah! Görürəm sən də, dostun İliko da ağıl dəryasısınız!
Susduq…
– İtin görünmür? – İllarion soruşdu və elə bu zaman itin zingiltisi eşidildi.
– Öldürəcəyəm bu murdar heyvanı, öldürəcəyəm! Yaramaz Zurikela, bu nacins heyvanı haradan tapmısan? Belə də şey olar? Əvvəllər toyuğun altından yumurtaları aparırdı, indi də cücələrə dadanıb, – qonşumuz Yefrosine əlindəki ağacı yelləyə-yelləyə çığırırdı. Zavallı Murada zingildəyə-zingildəyə onun qabağınca qaçırdı.
Yefrosinenin əri həyətdən bağırırdı:
– Tut onu!
– Nə çığır-bağır salmısan, ay arvad, nə olub? – deyə nənəm evdən çıxdı. – Kimə nacins deyirsən? Bizim Muradaya? Hələ ki, gec deyil, rədd ol burdan! Nacinsə bir bax!
Yefrosine döngədə yox olana kimi Murada zingildədi.
– Ay səni, tülkü! – İllarion itin ağzına ilişmiş cücə tükünü götürüb gülümsədi, – səni nə üstə döyüblər?
Murada öz dilində dedi:
– Cücələri küçəyə buraxdıqları bəs deyil, hələ üstəlik inciyirlər də…
– Çox əzişdirdilər?
Murada:
– O ki var, – deyib əzilmiş ayağına baxdı.
– Bunun ağzına nə olub? – İllarion məndən soruşdu.
– Dünən tavadan mçadi aparmaq istəyəndə yandırıb.
– Eləmi, Murada?
– Eh, bu dəfə bəxtim gətirmədi, bir az tələsdim, – Murada köksünü ötürdü.
–İt deyilsən e, xəzinəsən, xəzinə! – İllarion ehtiramla dilləndi, – ancaq yadında saxla ki, oğurluq etmək olmaz! Oğurluq mal – haramdır. Bax bizim anbar müdiri acgöz Datikoya. İndi yataqda çırpınır, lazımsız əşya kimi atılıb qalıb bir küncdə…
İllarion papirosunu sümürüb dedi:
– Dovşanlar kolxoz tarlalarında paxla zoğlarını başdan-başa gəmiriblər; izlərini gördüm. Sabah səhər tüfəng götürüb oralarda hərlənmək pis olmaz.
– Keçən dəfə də məni hərifləyib apardın, amma baxıb gördüm ki,
1