Скачать книгу

de La Portdan. Kardinalın daim izlədiyi, böyür-başı xainlə dolu yazıq kraliçanın yanında inana biləcəyi bir adam olsun deyə arvadımı qulluğa götürüb. Arvadım dörd gün əvvəl evə gələndə kraliçanın həyəcanlı olduğunu söylədi. Kraliça güman edir ki, onun adından Bekingem hersoquna məktub yazıblar. Bu yolla onu Parisə çağırıb tələyə salmaq istəyirlər.

      – Lənət şeytana! Cənab, bəs bu məsələlərin arvadınıza nə dəxli var?

      – Arvadımı qorxudub kraliçanın sirrini öyrənmək istəyirlər.

      – Ola bilər, – Dartanyan dedi. – Arvadınızı qaçıran adamı tanıyırsınızmı?

      – Deyəsən, tanıyıram. O, kardinalın sağ əlidir. Boy-buxunlu bir kişidir, gicgahında çapıq yeri var.

      – Gicgahında çapıq yeri?! – Dartanyan bağırdı. – Menqdə rast gəldiyim adam! Arvadınızın qaçırıldığını sizə kim xəbər verdi?

      Qonaq cibindən bir kağız çıxarıb Dartanyana uzatdı.

      Dartanyan kağızda bu sözləri oxudu: “Cənab Bonasye! Arvadınızı axtarmayın. O, bizə lazım olmadığı zaman qayıdıb gələcək. Onu axtarmağa cəhd etsəniz, məhv olacaqsınız!”

      – Sizin adınız Bonasyedir? Bu ad mənə tanış gəlir.

      – Mən qaldığınız evin sahibiyəm.

      – Aha, – Dartanyan yerindən qalxıb ona baş əydi.

      – Cənab, üç aydı evimə köçmüsünüz, hələ bir dəfə də ev kirəsi verməmisiniz. Görünür, başınız mühüm işlərə qarışıb. Sizi tez-tez şanlı muşketyorlarla bir yerdə görürəm. Bilirəm ki, onlar cənab de Trevilin muşketyorlarıdır. Deməli, kardinalın düşmənidirlər. Güman eləyirəm ki, siz dostlarınızla birgə kraliçanı müdafiə etsəniz, kardinal həzrətlərinə ağır zərbə vurmuş olarsınız.

      – Əlbəttə.

      – Söz verirəm ki, bundan sonra da evimdə nə qədər qalsanız, sizi kirayə haqqı sarıdan narahat edən olmayacaq. Sizə əlli pistol pul da vermək istərdim… O kimdir? – Bonasye qəfil qışqırdı.

      – Nə? – Dartanyan soruşdu.

      – Orada, küçədə, plaşa bürünmüş adam…

      – Özüdür ki var! – Dartanyanla qonaq ortaq düşməni tanıyıb bir ağızdan qışqırdılar.

      – Daha əlimdən qurtula bilməyəcək!

      Dartanyan siyirməqılınc otaqdan çıxanda Atos və Portosla rastlaşdı.

      – Hara belə uçursan? – hər iki muşketyor onun dalınca çığırdı.

      – Menqdəki adam! – deyə-deyə Dartanyan gözdən itdi.

      Hamı bir nəfər üçün, bir nəfər hamı üçün

      Dartanyan yarım saatdan sonra evə qayıdanda Aramis də gəlib Atosla Portosa qoşulmuşdu.

      – Hə, necə oldu? – Portos soruşdu.

      – Nə olacaq! – Dartanyan qılıncını yatağın üstünə atıb qışqırdı. – Görünür, bu adam iblisdir, kölgə kimi yoxa çıxdı.

      Sonra cənab Bonasye ilə olan söhbətini dostlarına danışdı.

      – Cənablar, bu elə bir işdir ki, min pistol, bəlkə, daha artıq qazanmaq olar, – Dartanyan dedi. – Mən inanıram ki, saray xidmətçisi olan bu xanımın qaçırılması Bekingem hersoqunun Parisdə olmasıyla əlaqədardır.

      Portos ona heyranlıqla baxdı:

      – Bu qaskoniyalının başı ideyalarla doludur…

      – Cənablar, – Aramis onun sözünü kəsdi, – özünüzü gözləyin. Qadınlar bizə bəla göndərilib, bütün bədbəxtliklərimizin baiskarı onlardır.

      – Yaxşısı budur, dağılışıb tacirin arvadını axtarmağa gedək, – Dartanyan fikrindən dönmədi. – Bütün sirlərin açarı ondadır.

      Bu zaman pilləkəndən tələsik ayaq səsləri eşidildi. Qapı gurultuyla açıldı, tacir otağa girib qışqırdı:

      – Aman, cənablar! Dörd adam məni həbs etməyə gəlib. Məni xilas edin!

      Portosla Aramis ayağa qalxdı.

      – Bircə dəqiqə! – Dartanyan onlara qılınclarını qına qoymalarını işarə elədi. – Bircə dəqiqə dayanın! Burada igidlik deyil, ehtiyat lazımdır.

      – Qoy Dartanyan necə bilirsə, elə də eləsin, – Atos dedi. – O bizim hamımızdan ağıllıdır. Öz tərəfimdən bildirirəm ki, mən ona tabe olacağam.

      Otağa girən dörd əsgər muşketyorları görüb qapının ağzında dayandı.

      – Buyurun, cənablar, buyurun, – Dartanyan onları içəri dəvət elədi. – Biz hamımız kralın, kardinalın sadiq nökərləriyik.

      – Elə isə gərək bizə verilmiş əmrin yerinə yetirilməsinə əngəl olmayasınız, – dəstənin başçısı hesab olunan əsgər dilləndi.

      – Nə danışırsınız! İstəsəniz, lap sizə kömək də edərik.

      – O nə danışır? – Portos donquldandı.

      – Sən axmaqsan, sus! – Atos dedi.

      – Axı siz mənə söz vermişdiniz ki… – yazıq tacir mızıldandı.

      – Biz azadlıqda qalsaq, sizi də qurtara bilərik, – Dartanyan tələsik ona pıçıldadı. – Biz haqda, ələlxüsus da, kraliça barəsində bircə kəlmə də deməyin! Yoxsa hamımızı, elə özünüzü də məhv edərsiniz. – Sonra ucadan dedi: – Buyurun, cənablar, bu adamı aparın!

      Dörd dost bir ağızdan and içdi:

      – Hamı bir nəfər üçün, bir nəfər hamı üçün!

      Əsgərlər Bonasyeni aparandan sonra Portos soruşdu:

      – Bu nə işdir gördünüz?! Bu nə murdar hərəkətdir! Üç muşketyorun gözü görə-görə, onlara pənah gətirən bir bədbəxti tutub aparırlar!

      Aramis onun sözünü kəsdi:

      – Portos, Atos dedi ki, sən axmaqsan. Mən də onun fikrinə şərikəm.

      – Heç nə başa düşmürəm. Siz Dartanyanın hərəkətini bəyənirsiniz?

      – Əlbəttə, – Atos dedi, – buna görə ona təbrik də düşür.

      Dartanyan Portosun sözlərinə məhəl qoymadı.

      – İndi də gəlin and içək: hamı bir nəfər üçün, bir nəfər hamı üçün!

      Portos mızıldandı.

      – Əlini qaldır, and iç! – Atosla Aramis bir ağızdan qışqırdılar.

      Portos yoldaşlarından geri qalmamaq üçün əlini qaldırdı. Dörd dost andı təkrar etdi:

      – Hamı bir nəfər üçün, bir nəfər hamı üçün!

      Siçan tələsi

      Bonasyenin mənzili siçan tələsinə dönmüşdü. Oraya gələn hər kəsi kardinalın adamları tutub sorğu-sual edirdilər. Aydındır ki, Dartanyanın yanına gəlib-gedən adamlara bunun

Скачать книгу