Скачать книгу

ilk dəfədir eşidirik.

      Unkas bayıra çıxıb qayıtdı. Heç bir şey görünmədiyini dedi.

      Heyvord yanar şam kösövünü götürüb mağaranın o başında qızlar üçün hazırlanmış yataq yerini göstərdi. Alisa ona:

      ‒ Yanımızdan getməyin, Dunkan, ‒ deyə xahiş etdi. ‒ Bu qorxulu yerdə gözümüzə yuxu getməz. Bayaqkı səs hələ də qulaqlarımda cingildəyir.

      ‒ Biz bu səsin haradan gəldiyini aydınlaşdırmalıyıq. Siz rahat yatın, unutmayın ki, etibarlı keşikçiləriniz var.

      VII fəsil

      Heyvord daşın üstünə qoyduğu tapançasını götürüb bələdçilərlə birlikdə mağaradan çıxdı.

      Bayırın sərin havası onların üzünə vurdu. Ay üfüqdən aralanıb xeyli yüksəyə qalxmışdı. Adamlar qarşıdakı sahildə hər hansı bir həyat əlaməti görmək üçün gözlərini ora zilləmişdilər. Onlar yalnız çılpaq qayaları və hərəkətsiz ağacları görə bilirdilər.

      Bayaqkı bağırtı bir də eşidildi. Səs çayın yatağından gəlirdi.

      Heyvord dedi:

      ‒ Bu səs mənə tanışdır. Mən döyüş meydanında buna bənzər səsləri çox eşitmişəm. Bu, at bağırtısıdır. At ya dözülməz ağrıdan, ya da gördüyü dəhşətdən bu cür səs çıxara bilər. Yəqin, kiminsə atı yırtıcı heyvanlara qismət oldu.

      Mogikanlar razılıq əlaməti olaraq:

      ‒ Xuq! ‒ dedilər.

      Şahingöz dedi:

      ‒ Yəqin ki, siz haqlısınız. Görünür, sahildə qoyduğumuz atlara canavarlar hücum etmişlər. Odur ki qorxudan bağırırlar. Unkas, ‒ deyə gənc delavara müraciət etdi, ‒ aşağı get, yanan kösövləri canavarlara at.

      Gənc mogikan əmri yerinə yetirməyə getdi. Az sonra çayın sahilində tükürpədici ulama səsi eşidildi və bu səs yavaş-yavaş öləziyib itdi. Unkas tezliklə geri qayıtdı.

      Mogikanlar və Şahingöz keşik çəkməli oldular. Onlar qayalıqda dayanmışdılar. Buradan çayın hər iki sahili görünürdü, lakin onlar elə dayanmışdılar ki, sahildə duranlar onları görə bilməzdi.

      Bayırdakı sayıq keşikçilərin gözünə yuxu getmirdi. Onlar qayaların çıxıntılarına söykənib daş kimi hərəkətsiz uzanmışdılar. Nəhayət, ay batdı. Meşənin üstü çəhrayı rəngə çaldı. Bu o demək idi ki, səhər açılmaq üzrədir.

      Şahingöz Dunkanın yanına gəlib yuxuya getmiş zabiti oyatdı:

      ‒ Yola düşmək vaxtıdır.

      ‒ Gecə bir şey olmadı? Deyəsən, yuxu mənə dov gəldi, ‒ deyə Heyvord gözünü ovuşdurdu.

      ‒ Dörd tərəf sakitlikdir. Amma səs salmayın! Qızları oyadın. Mən qayığı rahat bir yerə gətirənəcən siz də hazırlaşıb çayın kənarına enərsiniz.

      Şahingöz bu sözləri deyib qayığa tərəf getdi.

      Dunkan yuxudan tam ayıldı. Mağaraya girib qızları səslədi:

      ‒ Kora! Alisa! Oyanın, getmək vaxtıdır!

      Kora üstündən şalın götürüldüyünü hiss edərək əlini qaldırdı. Sanki kimi isə özündən kənara itələyirdi. Alisa yuxuda atası ilə danışırdı. Birdən o, zil səslə qışqırdı. Kora bu səsə yerindən sıçrayıb qalxdı. Mayor söz deməyə macal tapmamış elə qorxulu ulaşma başlandı ki, qan Dunkanın beyninə vurdu. Sanki cəhənnəmdəki bütün iblislər, şeytanlar buraya axışıb gəlmişdilər. Bu dəhşətli ulaşma hər tərəfdən eşidilirdi. Bu, hinduların qıy səsləri idi.

      David də qalxıb qəddini düzəltdi, mağaradan çıxıb bərkdən qışqırdı:

      ‒ Bu nə haray-həşirdir? Bəlkə, cəhənnəmin qapılarını açıblar? İnsan bu cür səs çıxara bilməz!

      Davidin bu ehtiyatsızlığı çayın qarşı sahilindən atəşlə qarşılandı. Mahnı müəllimi huşunu itirib yerə yıxıldı. Düşmənlər onun yıxıldığını görcək şadlıqla bağırışdılar. Mogikanlar düşmənin bu zəfər bağırtısına cürətli atəş səsləri ilə cavab verdilər. Qızğın atışma başlandı.

      Dunkan qayığı gözləyirdi. Lakin qaralan suların üzərində qayıq görünmürdü. Heyvordun ağlına gəldi ki, yəqin, Şahingöz onları tərk etmişdir. Lakin birdən qayanın altından atəş səsi gəldi. Bunun ardınca qarşı sahildən qəzəbli bir bağırtı eşidildi. Ovçunun gülləsi hədəfə dəymişdi. Düşmən tərəf çəkilib getməyə məcbur oldu. Ətrafa yenə sakitlik çökdü.

      Şahingöz gəlib əlini Davidin başına çəkdi.

      ‒ O sağdır, ürəyi döyünür, Unkas, onu götür, mağaraya apar, çırpının üstünə uzat, qoy yatsın.

      Şahingöz bunu deyib cəld hərəkətlə tüfəngini doldurmağa başladı.

      ‒ Deməli, siz onların ikinci dəfə basqın edəcəklərini düşünürsünüz? ‒ deyə Heyvord soruşdu.

      ‒ Bunlar makuaslardır – mənim və mogikanların qəddar düşməni. Çox güman ki, onları sizin quron bizim izimizə salmışdır. Makuaslar yoldaşlarından birini itirdilər. Birinci basqınları uğursuz alındığından geri çəkiliblər. Amma skalplarımızı7 ələ keçirmək üçün başqa hiylə fikirləşəcəklər. Ancaq bizim sığınacağımız etibarlıdır, odur ki burada qalıb özümüzü müdafiə etməliyik.

      Dunkan qızlara baş çəkmək üçün mağaraya girdi. Onlara bir qədər təskinlik verdi, yaralı Davidi gənc xanımlara tapşırıb çıxarkən Koranın səsi onu dayandırdı:

      ‒ Dunkan… Unutmayın ki, biz bu təhlükədən salamat qurtulmaq üçün birinci növbədə siz sağ qalmalısınız. Unutmayın ki, atamız bizi sizə tapşırıb. Nicatımız sizin ehtiyatlı olmağınızdadır.

      Dunkan gəlib dar yarğanda uzanmış ovçuya və mogikanlara qoşuldu. Onlar elə yer seçmişdilər ki, şəlaləyə yaxınlaşan olsa, görə bilsinlər. İndi səhər açılmışdı. Qarşı sahil aydın görünürdü. Şahingöz və mayor diqqətlə cəngəlliyə baxırdılar. Dunkan elə güman edirdi ki, yoldaşlarını itirən makuaslar tamam çəkilib getmişlər. Bir də geri qayıtmazlar. Şahingöz buna şübhəsini bildirdi:

      ‒ Əgər belə güman edirsinizsə, deməli, onları yaxşı tanımırsınız. Makuaslar yaxşı bilirlər ki, biz azıq. Ona görə də əl çəkməyəcəklər. Sss! Çayın axarı ilə yuxarı, suyun daşlara dəyib sıçradığı yerə baxın. Sss! Səsinizi çıxarmayın.

      Çayın gətirib daşlara ilişdirdiyi kötüklərin arxasından dörd adam başı göründü. Çayda beşinci baş göründü, üzüb onlara yanaşmağa çalışırdı. İti axan su onu aşağı aparırdı. O, son qüvvəsini toplayıb əlini yoldaşlarına uzatdı. Lakin su onu yoldaşlarından kənara atdı və o, çayın girdabında gözdən itdi.

      ‒ Bir gülləyə qənaət etdik, ‒ deyə Şahingöz dilləndi.

      O, bir barmağını ağzına qoyub qəribə bir fit verdi. Mogikanlar onun səsinə səs verdilər. Kötüklərin arasından dörd baş qalxdı, sonra tezcə aşağı sindilər. Unkas sürünüb yaxınlaşdı və sakitcə yeni mövqe seçdi. Bir azdan gənc mogikan eyni fit səsi ilə siqnal verdi.

      ‒

Скачать книгу


<p>7</p>

Skalp – hindular, adətən, tam qələbə əlaməti olaraq öldürdükləri adamın başının dərisini – skalpını soyaraq çıxarırdılar.