ТОП просматриваемых книг сайта:
Qaçaqmalçı zirvəsinin sirri. Энид Блайтон
Читать онлайн.Название Qaçaqmalçı zirvəsinin sirri
Год выпуска 0
isbn 9789952244724
Автор произведения Энид Блайтон
Серия Möhtəşəm beşlik
Издательство Altun Kitab
Culian bənizi ağarmış bacısını sakitləşdirmək üçün dedi:
– Ürəyini sıxma, Enn. Özün düşün, tətildən sonra məktəbdəkilərə danışmaq üçün çox maraqlı hekayən olacaq.
– Yəqin, isti kakao hamımıza yaxşı gələr, – nəhayət, Fanni xala özünü ələ almağa çalışdı, hərçənd əl-ayağının necə əsdiyini hiss edirdi. – Kventin, bax gör kabinetindəki soba yanır, ya yox. Hamımız bir az qızınmalıyıq.
Xoşbəxtlikdən sobadakı alov hələ sönməmişdi. Hamı onun ətrafına toplaşdı və Fanni xala əlində tüstüləyən südlü qəhvə fincanları ilə dolu sini qapıda görünəndə uşaqların üzündə sevinc ifadəsi yarandı.
Enn fincandakı kakaonu qurtumlaya-qurtumlaya otağı nəzərdən keçirirdi. Demək, əmisi ciddi və vacib elmi işləriylə burada məşğul olur; onun oxuyub heç nə anlamadığı qəliz kitabları burada yazır, mürəkkəb diaqramları burada qurur, çoxlu qəribə təcrübələrini burada həyata keçirir.
Həmin vaxt Kventin əmi heç də arxayın görünmürdü. Elə bil nədənsə utanırdı. Enn tezliklə bunun səbəbini anladı.
– Kventin, Allahın bizə yazığı gəldi ki, heç kəsin burnu da qanamadı, – Fanni xala ciddi nəzərlərlə ərinə baxıb dilləndi. – Sənə neçə dəfə demişəm ki, bu ağacı budamaq lazımdır. Mən görürdüm axı, o çox nəhəng və hündürdür, tufanda aşa bilər. Həmişə qorxurdum ki, ağac düz evimizin üstünə aşacaq.
– Haqlısan, əzizim, – Kventin əmi kakaonu bərk-bərk qarışdıraraq dedi. – Ancaq son aylar mən elə çox məşğuldum ki…
– Görülməsi vacib işlərdən söz düşən kimi bəhanən hazırdır, – Fanni xala dərindən köks ötürdü. – Bundan sonra özüm evdə hər şeyin qeydinə qalacağam. Həyatımızı bir daha bu cür təhlükəyə ata bilmərik ki!
– Yaxşı, yaxşı, belə şey min ildə bir dəfə olur! – Kventin əmi əsəbiləşib səsini ucaltmağa başladı. Lakin Fanni xalanın, həqiqətən, çox sarsıldığını görüb tez də sakitləşdi, əlindəki fincanı yerə qoyub onu qucaqlayaraq dedi: – Sən çox həyəcanlanmısan, əzizim. Kefini pozma, sabah bütün bunlar heç birimizə indiki qədər qorxunc görünməyəcək. Necə deyərlər, gecənin xeyrindən sabahın şəri yaxşıdır…
– Ah, Kventin, əksinə, hər şey bundan sonra başlayır. İndi biz harada yatacağıq? Damı və yuxarı otaqları təmir eləyənədək harada yaşayacağıq? Uşaqlar tətilə gəliblər, lakin indi ən azı bir həftə evdə fəhlələr işləyəcəklər! Heç bilmirəm, bütün bunların öhdəsindən necə gələcəyəm!
Kventin əmi dedi:
– Bu işi mənə burax! Narahat olma, hər şeyi yoluna qoyacağam. Təəssüf edirəm ki, belə alındı, bağışla. Haqlısan, bütün bu baş verənlər ilk növbədə mənim günahımdır. Odur ki tezliklə günahımı yuyacağam, görərsən!
Deyəsən, Fanni xala ona bir o qədər inanmırdı, lakin bu təsəlli dolu sözlərə görə ərinə minnətdarlıqla baxdı. Sonra isə divanlara mələfə salmağa başladı. Divanlardan biri kabinetdə, bir az böyüyü – qonaq otağında, ən kiçiyi isə mətbəxdə yerləşirdi. Culianın köməyi ilə o, anbardan qatlama çarpayını çıxarıb açdı.
Fanni xala dedi:
– Səhər işimiz çox olacaq. Ona görə də yatıb dincəlmək lazımdır. Əlbəttə, əgər bütün bunlardan sonra yuxuya gedə bilsək… Tufan da, deyəsən, bir az yavaşıyıb.
– Bacardığı qədər ziyan vurandan sonra, bəli, rahatlayıb, – Kventin əmi qaşqabağını salladı. – Nə isə, səhərə az qalıb, həqiqətən, bir çimir də olsa, yatıb dincəlmək lazımdır…
Kventin əminin ideyası
Hava işıqlaşanda külək əsməyə davam etsə də, qasırğa xeyli sakitləşmişdi. Balıqçılar sahildə qoyduqları qayıqların heç bir zərər çəkmədiyini görüb sevinirdilər.
Kirrin-kottecdəki bədbəxt hadisə barədə xəbər tezliklə hər yana yayıldı. Adamlar kökündən qoparaq evin damını uçurmuş nəhəng ağaca tamaşa etmək üçün axışıb gəlirdilər.
Onların arasından bir qadın evin bərbad halını görüb çığırdı:
– İşə bax. Hər şeyi yoluna qoymaq üçün sizə bir həftə vaxt lazım gələcək! Bənna çağırmısınız? Yerinizdə olsam, yubanmazdım.
Kventin əmi cavabında dedi:
– İndi bütün bunlarla özüm məşğul oluram, missis Deyli. Arvadım ağır sarsıntı keçirib. O hər şeylə maraqlanacaq halda deyil. İlk növbədə biz uşaqlarla bağlı qərar verməliyik. Onları hara göndərək? Burada qala bilməzlər, yataq otaqları bərbad vəziyyətdədir.
– Yaxşısı budur, o yazıqları geri, məktəbə göndərək, – Fanni xala təklif elədi.
Bu təklif uşaqların ürəyincə olmadı. Qanları lap qaraldı. Axı onlar bura gəlməmişdən əvvəl Kirrində gözəl tətil günləri keçirəcəklərinə ümid edirdilər. Onlar narazı halda aralandılar.
Bu vaxt Kventin əmi cibindən bir məktub çıxarıb dedi:
– Mənim daha yaxşı ideyam var. Bu səhər Lenuardan məktub almışam. Bilirsiniz də, onunla ortaq təcrübələr həyata keçiririk. O yazır ki… Bircə dəqiqə səbir edin, həmin hissəni sizə oxuyum. Hə, bax budur, – Kventin əmi ucadan oxumağa başladı: – «Oğlum Pyerlə məni evinizə qonaq dəvət etdiyiniz üçün sizə minnətdaram. İcazənizlə, mən də sizi uşaqlarla birgə evimizə dəvət edim. Bilmirəm, sizin neçə uşağınız var, lakin bizim ev böyükdür və onların hamısını səmimi şəkildə qəbul edə bilərik. Oğlum Pyer kimi bacısı Meribel də uşaqların gəlişindən çox məmnun olardı…»
Məktubun bu hissəsini oxuyub bitirəndən sonra Kventin əmi təntənə ilə arvadına baxdı:
– Bax belə! Məncə, bu çox alicənab təklifdir! Elə ünvanına da düz vaxtında çatıb. Uşaqları Lenuarın yanına göndərərik.
Fanni xala dedi:
– Kventin, sən, doğrudan, belə fikirləşirsən? Axı biz nə onu, nə də ailəsini tanıyırıq!
– Onun oğlu Dik və Culianla eyni məktəbdə oxuyur, Lenuarın özünü isə mən əxlaqlı, аğıllı adam bilirəm, – Kventin əmi bunu elə tonda dedi ki, sanki qərar artıq verilmişdi. – İndicə ona zəng vuracağam. Lakin gərək öncə telefon nömrəsini tapım.
Ərinin niyyəti Fanni xalanın ürəyincə deyildi, ona görə də qaşqabağını tökdü. Uşaqları tanımadıqları yerə necə göndərmək olardı axı?
Kventin əmi zəng vurub Lenuarla danışdıqdan sonra özündənrazı halda arvadının yanına gəldi.
– Hər şeyi həll elədim, – o dedi. – Bir eşitsəydin, təklifini qəbul etdiyim üçün necə sevinirdi! Elə arvadının da ürəyincə oldu.
Fanni xala yenidən etiraz elədi, lakin Kventin əmi ona fikir vermədi. O dedi ki, Corc Timmini özü ilə apara bilməyəcək,