Скачать книгу

həvəsi sönür. O deyirdi: «Nəzəriyyəni təcrübə ilə yoxlamaq olar, ancaq təcrübədən nəzəriyyəyə aparan yol yoxdur». Albertin bu yanaşması müəllimi, riyaziyyat dahisi Minkovskini20 razı salmır. Eynşteyn sonralar «elmlərin şahı»na etinasızlıq göstərdiyinə görə peşman olacaqdı. Riyaziyyata həvəsinin qəfil sönməsi onun elmi axtarışlarını ləngidəcəkdi. Lakin nisbilik nəzəriyyəsi üzərində işləməyə başlayanda riyaziyyatla əlaqəni yenidən bərpa edəcəkdi.

«Politexnikum»da böyük dostluqların da əsası qoyulur. Avstriya sosial-demokratlarının lideri Viktor Adlerin oğlu, 1879–1960-cı illərdə yaşamış Avstriya siyasətçisi və inqilabçısı Fridrix Adler ona inqilab nəzəriyyələrini aşılamağa çalışsa da, buna nail ola bilmir. Fridrix 1916-cı ildə Avstriya baş nazirini qətlə yetirəcəkdi. Eynşteyn isə I Dünya müharibəsindən (1914–1918) sonra Adlerin vaxtından əvvəl azad edilməsi üçün düzənlənəcək kampaniyaya qoşulacaqdı.

Albert həmçinin gələcəkdə böyük tədqiqatçı kimi yetişəcək Marsel Qrossmanla (1878–1936-cı illərdə yaşamış İsveçrə riyaziyyatçısı) birlikdə Sürix institutunun yanındakı «Metropol» kafesinin ab-havasını dəyişəcək, Mikele Ancello Bessonun (1873–1955-ci illərdə yaşamış italiyalı mühəndis) şəxsində isə ən sadiq dostunu tapacaqdı.

O dövrdə Sürixdə kimlər yox idi: sürgün olunanlar, qaçqınlar, casuslar… Trotskinin21 yolu Sürixdən keçmişdi, Lenin bu şəhərdə yaşayırdı. Hər kəs burada özünü tamamilə sərbəst hiss eləyə, müxtəlif ideoloji baxışlar, dünyagörüşlər barədə azad şəkildə mübahisə apara, mühakimə yürüdə bilərdi. Bir sözlə, Eynşteyn gəlib dünyanın yolayrıcına çıxmışdı…

Mileva Mariç. Deyilənlərə görə, bu qadında gözəllik adına heç nə yox idi. Üstəlik, bir ayağını da çəkirdi. Ağırxasiyyətli Mileva həm də qısqanc və depressiyaya meyilli idi. Albertdən də üç yaş böyükdü. Milliyyətcə serb olan bu qadın fizika və riyaziyyata böyük maraq göstərirdi. Eynşteyn Milevayla 1898-ci ildə tanış olmuşdu. Heç kim onları bir-birinə yaraşdırmır: oğlan uşaqlıq illərinin əksinə olaraq indi hədsiz dərəcədə ünsiyyətcil, qız isə qapalı və utancaqdır.

Dini mənşəyinə görə xristianlığın pravoslav qoluna mənsub olan Mileva qatı yəhudi Paulinanın kabusuna çevrilmişdi. Qız gözəl, zərif olsa yenə dərd yarı idi. Üstəlik, tez-tələsik toy eləmək istəyir! Cibində siçanlar oynayan, vətəndaşlığı belə olmayan oğlan serb qaçqını ilə evlənə bilərdimi?

Paulina oğlunun Mariya Vintelerdən ayrılmasına təəssüf eləyirdi. Digər tərəfdən, Albert öz başını dolandıra bilmədiyi halda necə ailə qurmaq istəyir?

Paulina oğlunun Mileva ilə nikahının əleyhinə olduğunu gizlətmirdi. O, Alberti bu niyyətindən çəkindirməyə çalışırdı. Hətta oğlu ilə münasibətini kəsəcəyini bildirirdi. Ancaq bütün bu məzəmmətlər, təhdidlər işə yaramadı. Eynşteyn yalnız ikinci evliliyində anasının arzuladığı kimi mehriban, təmkinli, zərif və ən başlıcası, yəhudi ənənələri ilə böyümüş qadınla ailə quracaqdı. Həm də bu qadın onun qan qohumu, öz əmisi qızı olacaqdı!

Hələliksə Albertlə Mileva, nəyin bahasına olursa olsun, bir yerdə yaşamaq istəyirlər. Albert atasının köməyinə ümid bağlayır və yanılmır. German onun xoşbəxtliyinə qarşı çıxmır. Lakin 1902-ci ildə ata ürək tutmasından vəfat edir. 1903-cü il yanvar ayının 6-da isə Albertlə Mileva ailə qururlar.

Son aylar Albert məktəbdə sanki özünü idarə eləyə bilmir. Onu Münhen gimnaziyasını atmağa məcbur edən şeytan yenə içinə girib. Müəllimlərlə yola getmir, onlara rişxənd eləyir. Nəticədə müdiriyyətin qəzəbinə tuş gəlir. Professor Minkovski ilə əlaqəni müvəqqəti olaraq kəsir, Veberlə arası dəyir. Bununla belə, Eynşteyn 1900-cü ildə məzun olur və diplom alır. Ancaq Albert yeganə tələbə idi ki, ona məktəbdə qalıb müəllim işləmək təklif olunmur. Professorlardan heç kim Eynşteyni öz assistenti olaraq görmək istəmir. Veber aralarında olan xətir-hörmətə baxmayaraq ona kömək etmir. Beləliklə, Eynşteyni bu nüfuzlu məktəbin qapısından boşluğa itələyirlər.

1900-cü il: Eynşteyn – cibində qara qəpiyi belə olmayan işsizdir. Düz bir əsr sonra 1999-cu ildə isə «Taym» jurnalı onu «Əsrin adamı» elan edəcək.

Lakin hələ ki əsrin ilk günləri yaşanmaqdadır. Gələcəyin alimi çətinliklə də olsa, Şafhauzen adlı qəsəbədə repetitorluğa başlayır. Milevadan ayrılıb həmin qəsəbəyə yollanır. Orada gənc bir ingilisə riyaziyyatdan dərs deməlidir. Ancaq bir neçə aydan sonra qovulur: Alberti işə götürən şəxs onun davranışını «biabırçı», pedaqoji metodlarını isə «yarıtmaz» hesab edir.

Mileva hamilədir. O, pulları olmadığından yaşamaq üçün valideynlərinin yanına – Serbiyaya qayıdır. Eynşteynin həyatının ən müəmmalı dövrü də elə bu zamana təsadüf edir…

Çox keçmədən Mileva ilə Albertin qızları dünyaya gəlir. Adını Lizerl qoyurlar. Məktublardan hər iki valideynin sevinc hissi keçirdiyini duymaq mümkündür. Lakin Albert yeni doğulan övladını görmək, onu qucağına almaq üçün gənc ananın yanına getmir. Niyə? Eynşteyn maddi problemlərin ağırlığı altında əzildiyi bir vaxtda atalıq yükünü öz çiyninə götürməkdən qorxurdu, yoxsa başqa bir səbəb vardı? Bu sualın cavabı indiyə kimi tapılmayıb.

Albertin qızının sonrakı taleyi də naməlumdur. Körpənin uşaq evinə verildiyini deyənlər də var, iki yaşında ikən skarlatindən22 öldüyünü söyləyənlər də. Bəziləri isə onun atasından sonra həyatdan köçdüyünü iddia edirlər. Sonralar dünyaya gələn digər iki uşağını ürəkdən sevən Eynşteynin ilk övladına qarşı niyə belə laqeydlik göstərdiyini bilən yoxdur. İstənilən halda «Lizerl məsələsi» böyük alimin parlaq bioqrafiyasına kölgə salır.

Müasir dövrümüzdə az qala bütün arxivlər açılandan sonra da Albertin ilk övladı ilə bağlı müəmmalara aydınlıq gətirmək mümkün olmayıb. Lakin bir şey dəqiqdir: insan hətta dahi şəxsiyyət olsa belə, gənc yaşında ağlasığmaz işlərə yol verə bilər!

1901-ci il fevralın 21-də Eynşteynə İsveçrə vətəndaşlığı verilir. Həmin ilin dekabrında isə dostu Qrossmanın köməyi ilə işə girir. Ancaq bu iş heç də onun arzuladığı müəllimlik peşəsi deyildi. Eynşteyn Berndəki patent bürosunda texniki ekspert kimi çalışır. Onun vəzifəsi ixtiralara rəy vermək idi. «Əsrin adamı»nın karyerası bu cür başlayır. Beləliklə, Prussiya Elmlər Akademiyasında, yaxud London Kral Cəmiyyətində işləmək onun üçün xəyal olaraq qalır. Buna baxmayaraq Eynşteyn özünü xoşbəxt hiss eləyir. O, Milevanı Serbiyadan yanına çağırır. 1904-cü ilin mayında isə onların oğlu – Hans Albert dünyaya gəlir.

İyirmi dörd yaşlı Eynşteyn ailəsinin əhatəsindədir, babat maaş alır, elmi işlə məşğul olmağa da kifayət qədər vaxtı var. O, rumıniyalı tələbə-filosof Moris Solovin və Şafhauzendə tanış olduğu alim Konrad Qabixtlə birlikdə «Olimpiya» akademiyasını yaradır. İddialı adı olan bu müəssisədə ən müxtəlif ideyalar coşub-daşır. Onlar gecələr bir yerə yığışıb Platon23 və Puankareni24, Spinoza Скачать книгу

20

German Minkovski (1864–1909) – alman riyaziyyatçısı və fiziki

21

Lev Trotski (1879–1940) – inqilabçı, sovet siyasi xadimi

22

Skarlatin – boğazda ağrı və bədəndə qırmızı səpgilər şəklində təzahür edən yoluxucu xəstəlik

23

Platon – antik yunan filosofu (təxminən e.ə. 428/427 – e.ə. 348/347)

24

Anri Puankere (1854–1912) – fransız riyaziyyatçısı, fizik, astronom və filosof