ТОП просматриваемых книг сайта:
Qay Yuli Sezar. Филипп Фриман
Читать онлайн.Название Qay Yuli Sezar
Год выпуска 0
isbn 9789952244571
Автор произведения Филипп Фриман
Серия Tarixi yaradanlar
Издательство Altun Kitab
Sezarla Labien həmçinin Roma aristokratiyasının hakimiyyətini məhdudlaşdırmaq üçün plan qururlar. Qeyd edək ki, yüz il əvvəl Qrakx qardaşları da buna cəhd etmişdilər. Qədim Romanın məşhur islahatçıları kimi tarixə düşən qardaşlar bu istəklərinə çatmadılar: optimatların güclü müqaviməti ilə üzləşdilər və öldürüldülər. Odur ki ehtiyatlı davranmaq lazım gəlirdi. Əsas məsələ sadə insanların rəğbətini qazanmaq, onların arasında populyarlaşmaq idi. Bu məqsədlə Sezar məhkəmələrdə əyalətlərdən olan sakinlərin maraqlarını qoruyur, onları Roma hakimiyyətinin təzyiqlərindən yayındırmağa çalışır. Məsələn, Şimali İtaliyada canişin olmuş Qay Pizonun əleyhinə məhkəmədə ittihamçı qismində çıxış edir: canişin günahsız bir insanı ölümə məhkum etmişdi. Daha sonra o, Masintu adlı bir numidiyalını24 məhkəmədə çar Qiemspaldan qoruyur. Ancaq bu dəfə məhkəmə iclasında Sezar hirslənib özündən çıxır və çarın oğlu Yubanın saqqalından yapışır. Çarın oğlu məhkəmədə atasını təmsil edirmiş. Nəticədə məhkəmə prosesini uduzan Sezar başqa çıxış yolu tapır: müttəhimi gizlicə aradan çıxarıb İspaniyaya göndərir…
Onun bu cür davranışları sadə xalq arasında nüfuzunu daha da yüksəldir.
M.ö. 63-cü ildə Sezarın əsas rəqiblərindən biri olan Siseronu konsul seçirlər. Siseron savaş meydanında fərqlənməmişdi, adlı-sanlı nəsildən deyildi, var-dövləti də yox idi. Lakin Forumda çıxış eləyərkən insanlar böyük maraqla onu dinləməyə toplaşırdı.
Siseronun konsul seçilməsindən sonra Sezar onunla və ətrafındakılarla mübahisələrə girməmək üçün ilin sonuna kimi senata gəlmir. Elə həmin il o, pretor seçkilərində qələbə çalır və senat ona pater patriae25 titulu verir. Sezar bütün ömrü boyu bu titulla fəxr etmişdir.
Tezliklə Siseron sadə insanların hüquqlarının müdafiəçisi kimi tanınmağa, pretor vəzifəsinə seçilən Sezar isə dövlət işləri ilə məşğul olmağa başlayır. Elə ilk gün, kapitolidə yeni seçilmiş konsulların şərəfinə bayram tədbiri keçirilərkən Sezar Forumda xalq toplantısı təşkil etdi. O öz hərarətli nitqində bildirdi ki, dövlət xəzinəsindən vəsait ayrılmasına baxmayaraq on beş il əvvəl yanmış Yupiter məbədi hələ də bərpa olunmayıb. Nitqində o, məbədin bərpası üçün ayrılan pulların mənimsənildiyinə işarə vurur. Təklif edir ki, məbədin bərpası Pompeyə tapşırılsın. Toplaşanlar həmin təklifi razılıqla qarşılayırlar. Lakin optimatların sərt müqaviməti ilə üzləşən senat onu təsdiqləmir.
Sezar optimatlarla mübarizəni davam etdirərək xalq tribunu Metell Nepotu dəstəkləyir. Nepot Pompeyin Romaya qayıtmasına çalışırdı. Tezliklə Sezar xoşagəlməz vəziyyətə düşür: Katalina adlı qiyamçının ordusu məğlub olandan sonra sağ qalmış döyüşçülərlə bağlı təhqiqat aparılır. Elə bu vaxt senat tərəfindən qiyamçıların arasına yerləşdirilmiş casus Lutsi Vetti təhqiqata yenicə başlayan Nofi Niqrin yanına gəlir və Sezarın onlarla əlbir olduğunu bildirir. Əlavə edir ki, onun qiyamçıların başçısına yazdığı məktubu təqdim etməyə belə hazırdır. Lakin Sezar özünü müdafiə etməyi bacarır. Bəyan edir ki, qiyamda əli yoxdur, hətta onda olan bütün məlumatları Siserona ötürüb. Konsul onun dediklərini təsdiqləyir. Bundan sonra senat Sezara etibar etdiyini bildirir. Ardınca isə Sezar öz səlahiyyətlərindən yararlanaraq Vettinin bütün əmlakını müsadirə etdirir. Casus özü isə təhqiqatçı ilə birlikdə həbs olunur.
Bundan sonra Sezar canişin kimi yenidən İspaniyaya qayıtmaq fikrinə düşür. Ancaq külli miqdarda borc aldığı insanlarla razılığa gələ bilmir. Həmin adamlar yalnız borcunu ödəyəcəyi təqdirdə gələcək hökmdarın İspaniyaya gedişinə razılıq verəcəklərini bildirirlər. İşi belə görən Sezar ən varlı romalıya – Krassa üz tutur. Krass ona kömək əli uzadır.
Beləcə, Sezar yenidən İspaniyaya yollanır. Yolda yanındakılardan biri ondan soruşur: “Görəsən, İspaniyada da adamlar vəzifə uğrunda bir-birilərini didirlər?”
Sezar cavab verir: “Bilmirəm, ancaq mən Romada ikinci olmaqdansa, burada birinci olmağı üstün tutardım!”
Sezar bilirdi ki, onun siyasi karyerası İspaniyada uğur qazanıb-qazanmayacağından asılıdır. Əgər uğur qazanardısa, konsul vəzifəsinə iddia edə və borclarını qaytara bilərdi. O, işə başlayan kimi dağlıq ərazilərdə məskən salmış luzitanlara26 aşağı enib düzəngahda məskunlaşmağı əmr edir. Heyvandarlıqla məşğul olan bu tayfalar dağlarda tez-tez qarət və soyğunçuluğa əl atırdılar. Sezar təxmin edirdi ki, luzitanlar onun əmrini yerinə yetirməyəcəklər və bu, hərbi əməliyyatlara başlamaq üçün ona bəhanə verəcək. Elə də oldu, Sezar dağlara qoşun yeritdi. Luzitanlar səriştəsiz, bacarıqsız sərkərdələrin başçılıq etdiyi Roma ordularını dəfələrlə məğlubiyyətə uğratmışdılar. Ümid edirdilər ki, bu dəfə də belə olacaq. Ona görə də yaxınlaşan Roma ordusuna müqavimət göstərmədilər. Luzitanlara elə gəlirdi ki, romalılar heyvan sürülərini öz düşərgələrinə qovub aparacaq, beləliklə də başları qarışacaq. Bu zaman gözlənilmədən hücum çəkib, onları asanlıqla məhv etmək planlaşdırılmışdı. Lakin luzitanlar yanılırdı: Sezar İspaniyaya mal-davar üçün gəlməmişdi.
Gələcək hökmdarın legionları tezliklə luzitanların müqavimətini qırdı və onları Atlantik okeanının sahillərinə tərəf çəkilməyə məcbur etdi. Sağ qalan luzitanlar tələm-tələsik yaxınlıqdakı adaya çıxdılar. Sezar onların arxasınca bir dəstə əsgər göndərdi. Qayıqların köməyilə luzitanları təqib edən əsgərlər bir məqamı nəzərə almamışdılar: qabarma zamanı Aralıq dənizində suyun səviyyəsi vur-tut bir neçə düym27, Atlantik okeanında isə bir neçə fut28, özü də çox sürətlə qalxır. Nəticədə döyüşçülər quruya çıxa bilmədilər və adaya sığınan luzitanlar çətinlik çəkmədən onları qırıb-çatdılar. İşi belə görən Sezar İspaniyada yerləşən Qades şəhərindən gəmilər gətizdirdi. Yaxşıca hazırlıq tədbirləri görəndən sonra hücum çəkib adadakı luzitanları darmadağın etdi. Bu hadisə onun şöhrətini artırdı.
Sezar tezliklə İspaniya şəhərlərində əmin-amanlıq yaratdı. Romalı borcverənlərlə ispaniyalı borclular arasındakı mübahisələrə son qoydu. Nəticədə nüfuzu bir az da yüksəldi.
Triumf29
Sezar
23
24
25
26
27
28
29