Скачать книгу

rol oynayırdı. O, çox varlı idi və Lissabon tacirləri, bankirləri bu adamı yaxşı tanıyırdılar. XV əsrin 70-ci illərində Çenturione ailəsi də Lissabonda kök salmışdı. Onu burada Kolumbun Xiosa birlikdə üzdüyü, San Visenti burnunda çiyin-çiyinə vuruşduğu Nikkolo Spinolanın qudası Lodoviko Çenturione təmsil edirdi.

      1476-cı il Portuqaliya üçün çətin il idi. Dediyimiz kimi, Kastiliya ilə müharibə gedirdi, Portuqaliya kralı V Alfons İzabellanı devirib Kastiliya taxt-tacına onun bacısını oturtmağa çalışırdı.

      Portuqaliyalılar dənizdə kastiliyalılardan güclü idilər. Buna baxmayaraq Kastiliyanın döyüş gəmiləri Portuqaliyanın ticarət gəmilərinə ziyan vururdu. Bir sözlə, hərbi əməliyyatlar Lissabonun yeni kəşf edilmiş Afrika torpaqlarındakı dayaq bazaları ilə əlaqəni pozurdu.

      Ancaq 1476-cı ildə iyirmi, qırx il əvvəl olduğu kimi, Portuqaliya hələ də Avropanın böyük dəniz ölkəsi idi və onun paytaxtı yeni okean yollarının üstündə yerləşirdi. Bu ölkədə daxili vəziyyət də sabit idi. Portuqaliya hələ XIII əsrin ortalarında, qonşu Kastiliyadan əvvəl rekonkistanı9 başa çatdırıb ölkənin cənub vilayətlərini mavrlardan10 geri almışdı. 1385-ci ildən taxt-tacda bərqərar olmuş Avis sülaləsinin kralları böyük donanma və güclü ordu yaratmışdılar.

      Xaricə yürüşlərin zamanı çatmışdı. Portuqal cəngavərləri başqa torpaqları zəbt etməyi arzulayırdılar.

      Portuqaliyalılar 1415-ci ildə Cəbəllütariq boğazını, Afrika sahilindəki mavritan qalası Sustanı tutdular. Bu, Portuqaliyanın xaricdə ələ keçirdiyi ilk torpaq idi və işğalçılar bununla kifayətlənmək fikrində deyildilər.

      Sonrakı yürüş planını Avis sülaləsinin əsasını qoymuş kral I Juanın üçüncü oğlu şahzadə Enrike işləyib hazırladı. Onu hələ sağlığında «Dənizçi şahzadə» adlandırırdılar. Heç vaxt gəmi sürməyib, dəniz ekspedisiyalarında iştirak etməsə də, bu titul ona layiqli xidmətlərinə görə verilmişdi.

      Dənizçi şahzadə San Visenti burnundakı iqamətgahında – Saqreş qəsrində Atlantik okeanına uzaq gəmi səfərlərini düşünürdü. O, Afrikanın qərb sahilləri boyunca yeni dəniz yolu açmaq fikrində idi. Bu yol portuqaliyalıları Hindistana aparmalı idi. Ancaq ilk vaxtlar kral qəsrində bu barədə düşünmürdülər. Yaxın hədəflər başqa idi: Afrika sahilləri ilə cənuba doğru mümkün qədər çox irəliləmək və yolüstü Afrika torpaqlarını işğal eləmək.

      1434-cü ildə Dənizçi Enrikenin kapitanlarından Jil Eanes Bojador burnunun ətrafına dövrə vururdu. Avropalılar hələ belə uzağa getməmişdilər. Sonrakı onilliklərdə portuqaliyalılar Seneqal sahilləri ilə irəliləyib Afrikanın qərbindəki ən ucqar torpaqlara – Yaşıl Buruna çatdılar.

      Portuqaliyalılar bu kəşfin bəhrəsini 1442-ci ildə daddılar: həmin vaxt qaradərili qulların ilk dəstəsi Laquş və Lissabona gətirildi.

      Portuqaliyalılar 1456-cı ildə Yaşıl Burun adalarını kəşf edib, az sonra isə Qvineya körfəzinə daxil oldular.

      Dənizçi Enrike 1460-cı ildə vəfat etdi. Ancaq onun ölümü portuqaliyalıların cənuba doğru irəliləyişini dayandırmadı. Laquş sakinləri Kolumbu Kadis körfəzində xilas eləyəndə portuqaliyalılar artıq Qvineya körfəzinin bütün sahillərinə yiyələnmişdilər. İstiot sahili, Fil Dişi Sahili, Qızıl Sahil, Kölə Sahili – Qvineya torpağının bu adları böyük pullardan xəbər verirdi.

      Seneqalın kimsəsiz sahilboyuna bənzəməyən, yaşıllığa bürünmüş bu sahilləri göz işlədikcə uzanıb gedirdi. Sarımtıl fil dişi, Qvineyanın qırışlı istiot dənələri, qızıl qum, şir, bəbir, meymun dərisi, qara və qırmızı ağac, əcaib tropik meyvələr – portuqaliyalı macəra axtaranlar yeni torpaqlardan bunları əldə edirdilər. Onlara ən çox qazancı isə qul alveri gətirirdi.

      Qulları Portuqal gəmilərinin dar anbarlarına doldururdular. Onların, az qala, yarısı yolda ölürdü. Buna baxmayaraq qul alverçilərinin qazancı xərclərindən dörd-beş dəfə çox olurdu. Laquş, Lissabon, Sevilya və Kadisdə Qvineya qullarını bir andaca alırdılar.

      Roma papaları Afrika torpaqlarını səxavətlə Portuqaliya krallarına bağışlayırdılar. Onlar qul alverini faydalı və savab iş sayır, bu işlə məşğul olan portuqaliyalılara xeyir-dua verirdilər.

      Ən qazanclı və perspektivlisi (irəlidə Hindistandır – Qvineyaya çatan portuqallar bunu yaxşı dərk edirdilər) ekspansiyanın cənub istiqamətdə genişlənməsi idi. Ancaq Dənizçi Enrike və onun kapitanları qərb tərəfi də unutmurdular. Portuqaliyalılar 1419-cu ildə Madeyraya yerləşib on üç il sonra isə Azor adalarına çatdılar. Adam yaşamayan, ancaq yetərincə məhsuldarlığı ilə bilinən bu adalar hələ işlək olmayan, günbatan tərəfə aparan dəniz yolunun üstündə yerləşirdi.

      Bir sözlə, Portuqaliya gəmiləri Atlantik okeanının sularını bütün istiqamətlərdə şumlayırdılar və hər il Lissabona yeni kəşf edilmiş torpaqlar barədə xəbərlər gedib çatırdı.

      Kolumb da Portuqaliyada dərhal bu axtarış və kəşflər mühitinə düşdü.

      Xoşbəxt evli̇li̇k

      Həyatını dənizə bağlayan gənc genuyalılar limandan limana, ölkədən ölkəyə dolaşır, yalnız yetkin yaşlarında haradasa məskunlaşırdılar. Odur ki Kolumb Lissabonda nüfuzlu Perestrello ailəsindən çıxmış Filipa Monizə rast gəlməsəydi, ola bilsin, Portuqaliyada çox ləngiməzdi.

      Las Kasas11 1519-cu ildə görkəmli dəniz səyyahının böyük oğlu Dieqo Kolonla onun valideynləri barədə ətraflı söhbət eləyib. «Admiral zahirən yaraşıqlı, xasiyyətcə isə mehriban adam idi, – Las Kasas yazır. – İnanclı xristian kimi, tez-tez Santuş monastırına gedirdi. Orada rahibə olmağa hazırlaşan bir neçə qız vardı. Kolumb onlardan biri ilə, adlı-sanlı nəsildən olan Filipa Monizlə söhbətləşirdi. Bu tanışlıqdan az sonra Kolumb həmin qızla evləndi».

      Dövrün Portuqaliya tarixçiləri öz yerliləri, görkəmli dəniz səyyahının arvadı donya Filipa haqqında xoş sözlər yazırlar. Bununla belə, onlar gənc qızın Kolumba olan duyğularından xəbərsiz idilər. Kolumb qarabuğdayı, qarasaçlı portuqaliyalılardan, yəqin ki, çox fərqlənirdi. Bir çox illərdən sonra Fernando Kolon onu belə təsvir edir: «Admiralın boyu ortaboydan hündür, sifəti uzunsovdu, almacıq sümükləri irəli çıxmışdı. Qartalburundu, bozumtul-göy gözləri, sarı saçları vardı. Ancaq otuz yaşlarında saçları tamam ağarmışdı». Kolumbun məhz bu görkəmi Filipanı yoldan çıxara bilərdi. Ancaq təəccüblü olan, Perestrello ailəsinin gənc qızın seçimini dərhal bəyənməsidir. Güman ki, qızın valideynlərinin gözündə Kolumb hər şeydən əvvəl məşhur, zəngin Genuya şəhərinin nümayəndəsi idi. Və buna görə də onunla qohumluq Perestrello ailəsinin nüfuzuna xələl gətirmirdi.

      Kolumb üçün isə həmin nikah taleyin xoşbəxtliyi idi. Çünki heç bir çətinlik çəkmədən Portuqaliya ailəsinə daxil olacaq, ən başlıcası, şahzadə Dənizçi Enrike və onun varislərinin xaricə səfər təşəbbüslərində birbaşa iştirak edən adamlarla qohumluq imkanı qazanacaqdı.

      Valideynlərinin çoxsaylı qohumları Madeyra və Lissabonda yüksək vəzifələr tutan Filipanın babası Portuqaliyaya 1385-ci ildə İtaliyanın Pyaçenza şəhərindən köçmüşdü. Atası Bartolomeo Perestrello isə cavanlıqda Dənizçi Enrikenin məiyyətlərindən

Скачать книгу


<p>9</p>

Rekonkista – Pireney yarımadasında yaşayan müsəlmanların sıxışdırılmasına səbəb olmuş dini məzmunlu hərəkat

<p>10</p>

Mavr – orta əsrlərdə Pireney yarımadasında və Şimali Afrikanın şimal-şərq hissəsində məskunlaşmış, ərəb dilinin yerli dialektlərində danışan müsəlman əhalisinə avropalıların verdikləri ad

<p>11</p>

Las Kasas (1484–1566) – ispaniyalı keşiş və Yeni Dünyanın tarixçisi. İnsan haqları uğrunda ilk mübarizə aparanlardan biri sayılır.