ТОП просматриваемых книг сайта:
Şəmsəddin Eldəniz. Əkbər N. Nəcəf
Читать онлайн.Название Şəmsəddin Eldəniz
Год выпуска 0
isbn 9789952244854
Автор произведения Əkbər N. Nəcəf
Серия Tarixi yaradanlar
Издательство Altun Kitab
Eldənizin evlənməsi
Sultan II Toğrulun vəfatından sonra İraq Səlcuqluları sultanlığının taxtına qardaşı Məsud çıxdı. Beləliklə, Eldəniz bu dəfə də Sultan Məsudun məmlüklərindən birinə çevrildi. Məsud ona xüsusi diqqət yetirirdi. Sultan II Toğrulun dövründə zəkası, bacarığı ilə seçilən Eldəniz, ehtimal ki, Möminə xatundan da izzət və ehtiram görməyə davam edirdi.
Əri ölərkən Möminə xatun çox gənc idi. Belə ki, II Toğrul dünyasını dəyişərkən 25 yaşında idi. Möminə xatunun ərindən kiçik olduğunu nəzərə alsaq, onun təxminən 22-23 yaşında dul qaldığını söyləmək mümkündür. Buna baxmayaraq Möminə xatunun Sultan II Toğruldan dörd övladı var idi. Dördü də oğlan olan uşaqların adları belə idi: Alparslan, Məlikşah, Məhəmməd və Arslanşah. Onlardan ən kiçiyi – Arslanşah atası dünyasını dəyişərkən 1 yaşında idi.
Eldəniz ilə Möminə xatunun evlilik tarixi mübahisəlidir. Akademik Ziya Bünyadova görə, bu hadisə Sultan II Toğrulun vəfatı və Sultan Məsudun taxta çıxmasından sonra, yəni 1135 və ya 1136-cı ildə baş verib. Lakin müəllifin istinad etdiyi mənbədə həmin məlumat öz təsdiqini tapmır. Səlcuqlu dövrünün əsas qaynaqları sayılan Ənuşirəvan ibn Xalid, İmadəddin İsfahani, Bundari, Hüseyni və Ravəndinin əsərlərində Eldənizdən «atabəy» kimi bəhs edilsə də, onun bu titulu hansı tarixdə və necə aldığı göstərilməyib. Z.Bünyadovun iddiasını doğrulayan yeganə mənbə İbn əl-Əsirin əsəridir. Ancaq İbn əl-Əsirin Eldəniz haqqında verdiyi məlumatlar kifayət qədər dolaşıqdır. Müəllif, Sultan Məsudun taxta çıxdıqdan sonra Eldənizi Aran və Azərbaycanın bir hissəsinin hakimi elan etdiyini yazsa da, dəqiq tarix qeyd eləməyib. Üstəlik, İbn əl-Əsir öz əsərinin bir yerində Eldənizin Sultan Məsud, başqa bir yerində isə vəzir Sümeyrəmi tərəfindən satın alındığını yazaraq təzadlı məlumatlar verib. Ümumiyyətlə, Eldənizin Azərbaycan hakimi olduqdan sonra, yoxsa daha əvvəl Möminə xatunla evləndiyi dəqiq bilinmir.
Şair Mücirəddin Beyləqani20 (1130 – 1194) Şəmsəddin Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvana həsr etdiyi qəsidəsində 1176-cı ildə onun 33 yaşında olduğunu yazır:
Nə qəribədir, daha otuz üç yaşın olduğu halda
Fələk bütün qəlbilə sənin yolunda addımlayır.
Murad içində yaşa,
çünki hökmdarlıq
sənin ürəyin sayəsində ayaqdadır,
Ömrün uzun olsun,
çünki qılıncın dünyanın qalxanıdır.
Bu tarixi əsas götürsək, Cahan Pəhləvanın 1142 və ya 1143-cü ildə anadan olduğu ortaya çıxır. O, Eldənizin böyük övladı olduğu üçün Eldəniz ilə Möminə xatunun həmin tarixdən bir qədər əvvəl, yəni ən azı 1141, yaxud 1142-ci ildə evlənməsi lazımdır. Onların evləndirilməsi Sultan Məsudun qərarı olub. Bu qərar isə Aran atabəyi Qara Sunqurun ölümünün ardından verilib. Belədə Eldənizlə Möminə xatunun 1141-ci ildə ailə qurduğunu söyləmək daha ağlabatandır.
Bəzi müəlliflər mənbələrdə heç bir məlumat olmadığı halda Eldəniz haqqında əsassız hekayələr uydurublar. Bu hekayələrə görə, guya «Sultan Məsudun arvadı Eldəniz haqqında yüksək fikirlərə sahib idi və sultana ondan tərif dolu sözlərlə bəhs edirdi. Bunun nəticəsində Sultan Məsudda Eldəniz haqqında müsbət fikirlər yarandı». Bir daha qeyd edək ki, belə məlumatların heç bir əsası yoxdur və çox vaxt hətta istinad edilən mənbələrin özündə bu barədə hər hansı bilgiyə rast gəlinmir.
Möminə xatun ilə Eldənizin evliliyindən onların üç övladı dünyaya gəlib. Böyük övladları Məhəmməd Cahan Pəhləvan, bir qədər əvvəl də qeyd etdiyimiz kimi, 1142 və ya 1143-cü ildə anadan olub. İkinci oğulları Osman Qızıl Arslanın anadan olduğu tarix dəqiq bilinməsə də, qardaşından bir neçə yaş kiçik idi. Cütlüyün adı bizə məlum olmayan bir qızı da doğulub. Bəzi qaynaqlar Eldənizin qızının Marağa hakimi (atabəyi) ilə evləndiyini qeyd edir.
II FƏSİL
ELDƏNİZİN AZƏRBAYCAN HAKİMİYYƏTİ
Eldənizin həyatında mühüm mərhələ
11 yaşında səlcuqlu qulam təşkilatına daxil olan Eldənizin həyatının 20 ili (1121–1141-ci illər arası) sarayda keçib. Həmin illər onun siyasi təcrübə qazanmasında və bir dövlət adamı kimi yetişməsində son dərəcə əhəmiyyətli rol oynayıb. Belə ki, Eldəniz Səlcuqlu dövlətinin keşməkeşli dövründə paytaxtda yaşayıb, saray daxilində meydana gələn hadisələri yaxından müşahidə eləmək imkanı qazanıb. Onun saray həyatına daxil olduğu dövrün bir başqa əlamətdar cəhəti ondan ibarətdir ki, Böyük Səlcuqlu dövləti faktiki olaraq şərq və qərb olaraq iki yerə parçalanmışdı. «Sultan əl-əzəm» titulu ilə Səncər böyük sultan elan edilsə də, o ancaq dövlətin şərq hissəsinə (Xorasan) nəzarət edir və Mərvdə otururdu. Sultanlığın qərb hissəsində isə 1119-cu ildə İraq Səlcuqluları adı verilən yeni bir dövlət yaranmışdı. Bu dövlətin ilk hökmdarı Sultan Mahmud idi. Eldəniz də məhz onun zamanında (1119–1131) saraya daxil olmuş, siyasi intriqaların və hakimiyyət qovğalarının qızışdığı dövrə şahidlik eləmişdi.
İraq Səlcuqluları dövləti
Sultan Məlikşahın 1092-ci ildə vəfat etməsindən sonra Böyük Səlcuqlu taxtı uğrundan başlayan mübarizə dövlətin sürətlə tənəzzül etməsinə yol açdı. Məlikşah ölərkən 38 yaşı var idi. O özündən sonra taxta böyük oğlu Bəryaruqun keçməsini arzu edirdi. Məlikşah vəfat edəndə 14 yaşı olan Bəryaruq atasının Zübeydə xatunla izdivacından dünyaya gəlmişdi.
Məlikşahın Qaraxanlı21 hökmdarları nəslindən olan digər arvadı Tərkən xatun isə taxta öz oğlu Mahmudu çıxarmaq istəyirdi. Bu məqsədlə hətta ərinin ölüm xəbərini hamıdan gizlətmiş, üstəlik, cənazə namazı qılınmadan dəfn etdirmişdi. Tərkən xatunun öz oğlunu taxta keçirmək planı dövləti tənəzzülə aparan hadisələrin başlamasına şərait yaratdı. Həmin vaxt Mahmudun cəmi altı yaşı var idi. Buradan da aydın olur ki, Tərkən xatun oğlunu taxta çıxarmaqla, əslində, hakimiyyəti öz əlində saxlamaq niyyətində idi. O, xəzinənin pullarını əmirlərə və orduya xərcləyərək məqsədinə çatacağına inanırdı. Ancaq bu belə olmadı. Tezliklə həm Mahmudun, həm də anasının ölümü Səlcuqlu taxtı uğrunda yeni qovğaya yol açdı. İndi də Məlikşahın oğulları, qardaşı və əmisi arasında taxt-tac mübarizəsi başladı və qanlı müharibələrə gətirib çıxardı. Bu azmış kimi, həmin vaxt Səlcuqlular üçün iki yeni düşmən peyda oldu. Onlardan biri ismaililər, digəri isə səlibçilər idi.
İsmaililər
20
21