ТОП просматриваемых книг сайта:
Karvan. Вильгельм Гауф
Читать онлайн.Название Karvan
Год выпуска 0
isbn 9789952242997
Автор произведения Вильгельм Гауф
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство Altun Kitab
Xəlifə Qasid uzun və xoşbəxt ömür sürdü. Həmişə də axşamçağı böyük vəzir onun yanına gələndə ürəyi açılardı: leylək cildində olan çağları xatırlayar, doyunca danışıb-gülərdilər. Xəlifənin kefi lap kök olanda isə leylək kimi dizlərini qatlamadan təşəxxüslə otaqda var-gəl edər, dişlərini şaqqıldadar, əllərini eynən qanad kimi çırpar və sonra üzünü qibləyə tutub təzim edər, mənasız yerə “ho-ho-ho” deyərdi…
Səlim Bərux bu hekayəti danışıb qurtaranda tacirlər çox məmnun qaldılar.
– Həqiqətən, günün necə keçdiyini heç hiss eləmədik, – deyə tacirlərdən biri çadırın qapısını araladı. – Axşam küləyi sərinlik yayır, hələ bir xeyli yol gedə bilərik.
Yol yoldaşları onun sözü ilə razılaşdılar. Çadırlar yığıldı və karvan düzülüb yola düşdü.
Bütün gecəni yol getdilər, çünki gecə sərin, səma da ulduzlu idi. Nəhayət, onlar dincəlmək üçün bir yaxşı yer seçib dayandılar, yenə də çadırlar quruldu və dincəlməyə başladılar.
Bir az dincəlib yuxularını alandan sonra qalxıb yollarına davam eləmək istəyirdilər ki, gördülər, günün şaxıyan vaxtıdır. Qərara gəldilər ki, axşamacan burada gözləsinlər. Çörəklərini yeyəndən sonra yenə bir-birinə yaxın oturdular və cavan tacir tacirbaşıya üzünü tutub dedi:
– Dünən Səlim Bərux elə elədi ki, vaxtın necə keçdiyini bilmədik. İndi isə, ya Əhməd, bəlkə, siz bizə bir şey danışasınız? Dünyagörmüş adamsınız, ya öz həyatınızdan, ya da bir ayrı hekayət olsun, fərqi yoxdur.
Əhməd bir xeyli dinmədi, elə bil nə danışacağını fikrində götür-qoy edirdi. Axırda dedi:
– Əziz dostlar! Bizim bu səfərimizdə hamınız özünüzü sadiq dost kimi aparırsınız. Elə Səlimin özü də həmçinin, ona görə də öz həyatımdan sizə bir şey danışmaq istəyirəm. Onu da bilin ki, mən bu əhvalatı həmişə həvəssiz danışıram, özü də hamıya yox. Sizə söyləyəcəyim hekayət vahimələr gəmisi barədədir.
VAHİMƏLƏR GƏMİSİ
Atamın Balsorada kiçik bir dükanı vardı. Nə kasıbdı, nə də varlı. Məni də sadə və düz adam kimi tərbiyə etmişdi.
On səkkiz yaşım tamam olanda atam ilk dəfə olaraq iri ticarət səfərinə qərar verdi; bütün malını gəmiyə yükləyib başqa ölkəyə göndərdi. Ancaq az sonra atam öldü, görünür, sərvətini dənizə tapşırdığı üçün bu dərdə dözə bilmədi. Bir neçə həftədən sonra məlum oldu ki, atamın yükü gedən gəmi batıb. Bircə təsəllim bu oldu ki, nə yaxşı atam bu xəbəri eşitmədən dünyadan köçdü.
Mən atamdan nə qalmışdısa, hamısını satıb pula çevirdim. Sadiq nökərimlə birlikdə səfərə çıxıb qürbətdə səadət axtarmağa yollandım.
Balsora limanından çıxanda səmt küləyi əsirdi. Mindiyim gəmi Hindistana gedirdi. Təxminən iki həftə qorxusuz-xatasız dənizdə üzdük, lakin qəfildən kapitan bildirdi ki, tufan yaxınlaşır. O əmr etdi ki, bütün yelkənləri endirsinlər və gəmimiz axınla yavaş-yavaş üzməyə başladı. Gecə düşdü. Aydın və soyuq bir gecəydi. Kapitan elə bildi ki, tufan xəbərini düz verməyib. Lakin elə bu vaxt bir gəmi lap böyrümüzdən ötüb-keçdi. Göyərtəsindən eşidilən vəhşi çal-çağır səsləri məni yaman heyrətləndirdi. Yanımda duran kapitan isə ayaq üstəcə ölmüşdü. Hüznlə dilləndi: “Mənim gəmim məhv oldu! Ölümün özü üstümüzə gəlir!” Bu qəribə sözlərin mənasını ondan soruşmağa macal tapmamış matroslar çığır-bağırla tökülüşüb gəldilər. “Gördünüzmü o gəmini? – həyəcanla soruşdular. – Vəssalam, axırımızdır”. Kapitan buyurdu ki, Qurandan ayələr deyib Allaha yalvarın. Sükandan isə özü yapışdı. Lakin bunun xeyri olmadı! Qəfildən tufan qalxdı, heç bir saat keçməmiş gəmimiz ləngər vurub dayandı. Qayıqlar o dəqiqə suya salındı, sonuncu matros özünü yenicə qayığa atmışdı ki, gözümüz baxa-baxa gəmimiz batdı və mən açıq dənizdə balaca qayıqda qoca nökərimlə qaldım. Lakin bu hələ harasıydı! Tufan getdikcə şiddətlənirdi, qayıq sözümüzə baxmırdı. Axır ki, böyük bir dalğa qayığımızı çevirdi və mənhuşumu itirdim. Bir də gözümü açanda gördüm ki, yenə qayıqdayam və sadiq İbrahim başımı dizi üstə qoyub. O məni xilas etmişdi. Nəhayət, tufan səngidi və biz aralıda bir ayrı gəmi görüb sevincdən bağırdıq. Xoşbəxtlikdən dalğa bizim qayığımızı o gəmiyə tərəf aparırdı. Yaxınlaşanda gördüm ki, bu, gecə yanımızdan ötüb-keçən və kapitanımızı dəhşətə salan həmən gəmidir. Onun sözlərini yadıma saldım, nədənsə vücudum əsməyə başladı! Nə qədər qışqırıb çağırdıqsa, hay verən olmadı. Vahimələndik. Lakin bu gəmi yeganə xilas yolumuzdu. Gəminin burnundan uzun bir kəndir sallanmışdı. Əlimizlə-ayağımızla əlləşə-əlləşə gəmiyə yaxınlaşdıq ki, həmin kəndirdən yapışaq. Axır ki, məqsədimizə çatdıq. Kəndirlə yuxarı dırmaşmağa başladıq. Mən qabağa keçmişdim. Göyərtəyə ayağımı qoyan kimi qəribə bir səhnənin şahidi oldum. Aman Allah, belə də dəhşət olar! Döşəmə başdan-başa qan içindəydi, bir iyirmi-otuz adamın meyiti, hamısı da türk libasında, döşəməyə sərələnmişdi. Əynində bahalı paltar, əlində yatağan olan bir adam dorağacına söykənmişdi, üzü ağappaq ağarmışdı. Məlum oldu ki, bu adam da ölüb. Qorxudan addımımı ata bilmir, nəfəs çəkməyə belə cürət etmirdim. Axır ki, İbrahim də yuxarı dırmaşdı. Göyərtədəki səhnə onu da dəhşətə gətirdi. Böyür-başımızda bircə canlı belə gözə dəymirdi. Hər tərəf əcaib meyitlərlə dolu idi. Həyəcan içində peyğəmbərə dua edib irəli keçməyə başladıq. Hər addımdan sonra arxaya baxırdıq ki, birdən daha dəhşətli bir şey ola bilər. Hətta bərkdən danışmağa ürək eləmirdik, bizə elə gəlirdi ki, dorağacına mıxlanmış ölü kapitan donuq baxışlarını döndərib bizə baxır, ya da meyitlərdən biri başını bizə tərəf döndərir. Nəhayət, anbarın pilləkəninə çatdıq. Qeyri-iradi dayanıb bir-birimizə baxdıq. Heç birimiz dillənmək iqtidarında deyildik.
Axır ki, sadiq nökərim dedi:
–Ey mənim ağam! Burada çox dəhşətli hadisələr olub. Aşağıda, anbarda quldurlar olsa belə, gedib ayaqlarına yıxılmağa hazıram, ancaq burada, meyitlərin arasında qala bilmərəm.
Elə mən də bu fikirdə idim. Özümüzə ürək-dirək verib pilləkənlə aşağı enməyə başladıq. Lakin aşağıda da ölü bir sükut hökm sürürdü, fərq bir onda idi ki, addım səsimiz daha bərkdən eşidilirdi. Kayutun qapısı ağzında dayandıq. Qulağımı qapıya söykəyib içərini dinlədim, heç bir hənirti, səs-səmir yoxdu. Qapını açdım. Kayutda qarma-qarışıqlıq idi. Pal-paltar, silah və digər