Скачать книгу

gözləri parıldadı. O, ayağa qalxdı:

      – Canavarlar gecənin övladlarıdır. Dinləyin, görün, necə musiqi çalırlar! Çarpayınız hazırdır. Siz istədiyiniz qədər yatın. Mənimsə gedəcək yerim var, günortadan sonra qayıdacağam.

      7 may

      Mən oyananda yenə səhər idi. Deməli, tam bir gün yatmışdım. Geyindim, dünən gecə şam etdiyim otağa gəldim. Masanın üstündə səhər yeməyi və bir kağız parçası vardı. Oxudum:

      “Bir müddət olmayacağam. Məni gözləməyin. Drakula”.

      Yeməyi bitirdikdən sonra zəngi basıb qulluqçunu çağırmaq istədim. Otaqda zəng tapmadım, qulluqçudan isə əsər-əlamət yox idi.

      Bu cah-calalın içərisində – nə yataq otağımda, nə burada bir güzgü tapmadım ki, üst-başıma baxım, saçımı qaydaya salım. Yan qapını açıb kitablarla dolu bir otağa girdim. İngilis dilində kitablardan bir neçəsini götürdüm. Onları vərəqləyirdim ki, qraf daxil oldu.

      – Əminəm ki, burada özünüz üçün maraqlı kitablar tapacaqsınız. Heyif, ölkəniz haqqında ancaq bu kitablardan oxumuşam, inanmazsınız: dilinizi oxuya-oxuya öyrənmişəm.

      – Siz ingiliscə çox gözəl danışırsınız, qraf.

      – Amma Londonda ağzımı açsam, o dəqiqə əcnəbi olduğumu biləcəklər. Siz buraya yalnız Londonda aldığım yeni mülklə bağlı məsələləri mənə izah etmək üçün gəlməmisiniz. Ümid edirəm ki, ingilis dilində yaxşı danışmağı da öyrədəcək, səhvlərimi düzəldəcəksiniz.

      Söhbətimiz uzandı. Mən də qrafa yolda gördüyüm qəribəliklər barədə suallar verdim. Bəzi suallarıma cavab verməmək üçün o, mövzunu dəyişir, vaxud özünü eşitməzliyə vururdu. Nəhayət, qraf dedi:

      – Gəlin Londonda mənim üçün aldığınız evdən danışaq.

      Üzr istəyib çantamdan sənədləri götürmək üçün otağıma getdim. Mən geri qayıdanda o, divanda kitab oxuyurdu. Yeni malikanəsini qraf Drakulaya təsvir etməyə başladım, amma suallarından başa düşdüm ki, özü hər şeyi məndən yaxşı bilir.

      Təqdimatımı bitirəndən sonra qraf dedi:

      – Malikanənin böyük və qədim olduğuna şadam. Yoxsa təzə evdə yaşamaq dərdi məni öldürərdi. Evi yaşamalı hala gətirmək üçün uzun vaxt lazımdır. Mən artıq gənc deyiləm, illərlə kədərə alışmış qəlbim sevinc axtarmır. İndi mən qaranlıq, yalqızlıq və kölgələrlə dostluq edirəm.

      Qraf üzr istəyib otağı tərk etdi, mənə isə sənədlərimi yığışdırmağı tapşırdı. Gözüm masanın üstündəki bir xəritəyə sataşdı. İngiltərənin xəritəsi idi. Üç məntəqə dairəyə alınmışdı: biri Londonun lap yaxınlığında, qrafın yeni malikanəsinin olduğu yerdə, ikisi isə dəniz sahilində – Ekseter və Uaytbidə.

      Yarım saatdan sonra Drakula qayıtdı.

      – Ah, hələ də kitablarla əlləşirsiniz! Bu qədər işləmək olmaz. Yeməyiniz hazırdır, gəlin.

      O, qoluma girib məni qonşu otağa apardı. Masanın arxasında tək oturdum. Qraf yenə tox olduğunu söylədi. Kaminin yanında əyləşib söhbətə başladı. Söhbət bu dəfə də çox uzun çəkdi.

      Havanın işıqlaşdığını görən qraf Drakula yerindən dik atıldı.

      – Yenə səhər açıldı! Sizi daha bir gecə yuxusuz qoyduğuma görə üzr istəyirəm. Gələn dəfə mənim yeni vətənim İngiltərə haqqında elə şeylər danışın ki, vaxt anlayışını tamamilə unutmayaq.

      Bunu deyib qraf təzim etdi və məni tək qoyub çıxdı. Otağıma qayıtdım, pəncərəni açdım, bu gün baş verənləri gündəliyimə yazmağa başladım.

      8 may

      Bir neçə saat yatdıqdan sonra oyandım və yuxum qaçdı. Qalxıb üzümü qırxmaq üçün kiçik güzgümü çantamdan çıxardım, pəncərənin qabağına qoydum. Birdən çiynimdə soyuq bir əl hiss etdim. “Sabahınız xeyir!” – qrafın səsi idi. Çox gözlənilməz oldu, hətta üzümü də kəsdim. “Sabahınız xeyir!” – deyə cavab verib işimə davam etmək istəyirdim ki, yerimdə dondum. Qraf düz arxamda dayanmışdı, amma əksi güzgüyə düşmürdü! Möhkəm qorxdum. Drakula yanımda olan zaman həmişə keçirdiyim narahatçılıq hissi bir az da artdı. Üzümdən qan axırdı. Ülgücü qoyub yaranın üstünə yapışdırmağa bir şey tapmaq üçün döndüm. Qanlı sifətimi görəndə Drakulanın gözləri şeytani bir ehtirasla parıldadı. Boğazımdan yapışmaq istəyən zaman əli boynumdakı xaça toxundu və gözlərindəki qəzəb birdən-birə itdi:

      – Ehtiyatlı olun, hətta belə balaca yara da bizim yerlərdə siz düşündüyünüzdən qat-qat təhlükəlidir.

      Sonra güzgünü əlinə aldı, “Hamısı bu zəhrimarın günahıdır” deyərək onu pəncərədən aşağı vızıldatdı.

      Mən zala girəndə səhər yeməyi masanın üstündə hazır idi. Drakula görünmürdü. Yenə tək oturdum. Qəribədir, gələndən qrafı nə yeyən, nə içən görməmişəm…

      Yeməkdən sonra qəsri gəzdim. Qapılar, hər yerdə qapılar, hamısı da bağlı! Çıxmağa yer yoxdur! Bu qəsr böyük bir həbsxanadır, mən də onun məhbusu!

      III hissə

Conatan Harkerin gündəliyinin davamı

      Məhbus olduğumu başa düşəndə əsəbiləşdim. Amma sonra sakitləşib soyuqqanlıqla vəziyyətdən çıxmaq üçün nə etməli olduğumu düşündüm. Qrafdan kömək gözləməyə dəyməzdi: məni burada o məhbus etmişdi. Ona görə yanında ehtiyatlı tərpənməliydim ki, şübhələnməsin.

      Nəhəng giriş qapısı çırpıldı. Bu, qrafın qayıtdığını xəbər verirdi. Gizlincə otağıma yaxınlaşdım, qraf içəridə yatağımı səliqəyə salırdı. Belə də bilirdim: qəsrdə qulluqçu yoxdur. Təkcə ikimizik… Deməli, məni bura gətirən faytonçu da qraf özü imiş! Həmin gecə canavarların ondan necə qorxub qaçdıqları yadıma düşdü. Yaxşı ki, mehmanxanadakı yaşlı qadın xaçını mənə verdi. Onun canına dua oxudum. Ömrümdə belə şeyləri xoşlamazdım, amma indi əlim boynumdakı xaça dəyəndə həqiqətən məndə ümid yaranır, rahatlanıram. Qraf Drakula haqqında, demək olar, heç nə bilmirəm. Bu gecə onu özü barədə danışmağa məcbur etməliyəm.

      Gecəyarı

      Qrafla söhbətimiz uzun çəkdi. Ona vətəni Transilvaniyanın tarixi haqqında suallar verdim, böyük həvəslə cavablandırdı. Öz nəslinin tarixindən də qürurla, uzun-uzadı danışdı. Sekler tayfasından olan əcdadlarının qəhrəmanlığını, türklərlə, madyarlarla döyüşlərdə göstər- dikləri şücaətləri geniş təsvir etdi. Sonda dedi:

      – Ah, gənc dostum, qanımızın təmizliyi, ağlımızın və qılınclarımızın itiliyinə görə biz Seklerlər və Drakulalar dünyanın bütün kralları qarşısında qürrələnə bilərik!

      Söhbətin bu yerində hava işıqlaşmağa başladı və biz yatmağa getdik.

      (Mənim gündəliyimdə hər şey “Ərəb nağılları”nda olduğu kimidir: xoruzlar banlayan vaxt söhbət bitir.)

      12 may

      Dünən

Скачать книгу