Скачать книгу

ge target="_blank" rel="nofollow" href="#imgb57f2359b6c347c2854e212faa54fac4.jpg"/>

      Tanrı yolunu azmış xalqları cəzalandırmaq üçün məni göndərib.

Attila

      Hunlar

      Ölümündən min beş yüz ildən çox vaxt keçsə də, Attilanın adı Qərbdə hələ də olduqca məşhurdur. Bu ad təkcə Roma imperiyasının yüksəlişini və süqutunu araşdıran tarixçilərə deyil, geniş ictimaiyyətə yaxşı tanışdır. Onlar Attila və mənsub olduğu hun xalqı haqqında oxumağa, öyrənməyə böyük maraq göstərirlər. Hərçənd hər ikisinin adı əksər qərblilər üçün qanlı qırğınların, dağıntıların sinoniminə çevrilib.

      Əslində, Attiladan öncə də hunlar hər tərəfə lərzə salmışdılar. Bu cəsur, döyüşkən xalqdan söz düşəndə çoxlarının canına vəlvələ düşürdü. Attilanın ortaya çıxması ilə həmin qorxu daha da artdı, son həddə çatdı.

      Hunlar Şərqi Sibirdə, Monqolustanın şimalında məskunlaşmışdılar. Onlar Sakit okeandan Atlantik okeana, Çindən Avropaya qədər dörd bir yana hücum çəkmiş, ucsuz-bucaqsız əraziləri ələ keçirmişdilər. Hunların qurduğu imperiyanın sərhədləri xüsusilə Attilanın dövründə daha da genişlənmişdi.

      Hunlar dedikdə ağıla ilk növbədə yay və oxla silahlanmış atlılar gəlirdi. Doğrudan da, onlar at sürməkdə, ox atmaqda olduqca mahir idilər.

      Türk-monqol mənşəli olan hunlar ucsuz-bucaqsız çölləri at belində ötüb-keçməyi bacarırdılar. O dövrdə bunu bacaran insanlara (deməli, həm də hunlara!) isə az qala fövqəltəbii varlıq kimi baxırdılar.

      Yuxarıda onların türk-monqol mənşəli olduğunu yazmışıq, lakin, əslində, bu məsələ hələ də ciddi elmi mübahisə mövzusudur. XIX əsrdən başlayaraq aparılan arxeoloji qazıntılar, eləcə də ortaya çıxan tarixi mətnlər hunların türk kökənli olduğunu göstərməkdədir. Müasir türk tarixçilərindən Əhməd Taşağıl yazır ki, göytürklər1 hunları öz ataları sayırdılar.

      Hunların tarixinə dair dəyərli əsərlərin müəllifi olan görkəmli etnoqraf Lev Qumilyov onların e.ə. IV–II əsrlərdə xalq kimi formalaşdığını yazır. Sonralar bu xalqın tərkibinə Mərkəzi və Şərqi Avropada, habelə Asiyanın şimal-qərbində yaşayan bir çox uqor2 tayfaları da daxil olmuşdu.

      Yeri gəlmişkən, dünya tarixinin ən əhəmiyyətli hadisələrindən biri – Xalqların böyük köçünə3 təkan verən də məhz hunlar olmuşdular.

      1737–1794-cü illərdə yaşamış tanınmış ingilis tarixçisi Qibbon hunları monqollarla eyniləşdirirdi. Başqa bir görkəmli ingilis tarixçisi və publisisti Con Men isə 2005-ci ildə çap etdirdiyi «Attila» kitabında bu fikri qətiyyətlə təkzib edərək yazır: «Bu əsla ola bilməz. Belə ki, hunların məskunlaşdığı əraziyə monqollar 500 il sonra gəlmişdirlər». İngilis alimi fikrini çoxsaylı elmi qaynaqlar, etibarlı mənbələr əsasında apardığı araşdırmalarla əsaslandırır. O təəssüflənir ki, bu günəcən hun dilində hər hansı mətnə rastlanmayıb. Çünki hər xalqın mənşəyi ilk növbədə onun doğma dilində özünü göstərir.

      Con Menlə razılaşmamaq mümkünsüzdür: təkcə Attilanın özünün kifayət qədər katibləri olsa da, onun dövründən belə hun dilində hər hansı yazılı mətn günümüzə gəlib çatmayıb. Ən azından elm aləminə bu cür mətn məlum deyil. Hunlardan dil faktı olaraq bizə gəlib çatan vur-tut müəyyən adlardır. Üstəlik, həmin hun adları yüzilliklər boyunca müxtəlif dəyişikliklərə uğrayıblar. Bununla belə, onlar az da olsa, hunların dili barədə təsəvvür yaradır; məsələn, müxtəlif xalqlar tərəfindən fərqli tələffüz edilsə və yazılsa da, Attilanın əmisinin adı «Oktar»dır. «Oktar» isə qədim türkcədə «qüdrətli» mənasını verir. Alimlər bunun təsadüf olmadığı qənaətindədirlər. Belə ki, Attila dövrünün bir çox görkəmli simalarının adı da məhz türk kökənlidir. Attilanın atasının adı Mundzuk, yəni Muncuqdur. Bu ad ümumtürk coğrafiyasında indinin özündə də çox işlənir. Onun digər əmisi Aybarsın, oğlu Ernakın («qəhrəman» deməkdir) adları da həmçinin…

      Bundan başqa, hun xanlarından olmuş Qaratonun adının mənası türkcədə «qara və ya böyük donlu, paltarlı» mənasına gəlir…

      Eləcə də bir çox hun adlarının sonundakı «qam» əlavəsi onun qam /şaman, yəni ruhani adam olduğunu bildirir.

      Macar alimlərindən İştvan Bonun da onunla eyni fikirdə olduğunu qeyd edən Con Men sonda bu nəticəyə gəlir: «Beləliklə, çox güman ki, hunlar türk mənşəli idi və türkcə danışırdılar. Ola bilsin, həmin türkcə monqol dilinə də yaxın idi. Hunların Çin, slavyan və german tayfalarıyla isə heç bir əlaqələri yoxdur».

      Maldarlıqla məşğul olan bir çox köçəri tayfalar kimi hunlar da Sibirlə indiki Çin və Monqolustan ərazilərində yerləşən Qobi səhrası arasında yaşayırdılar. Tez-tez başqa tayfalara hücum çəkmək, onların mal-qarasını ələ keçirmək hunların adi məşğuliyyəti idi.

      Hunlar Çinə qarşı

      Xunnuların adına ilk dəfə e.ə. III yüzilliyə aid Çin qaynaqlarında rast gəlirik. Bu ad hun adı ilə eyniləşdirilir. Baxmayaraq ki fərqli düşünənlər də var.

      Çinlilərin haqlarında «xunnu» kimi bəhs etdiyi hunların idarəçilik mərkəzi hazırkı Monqolustanın şimalında, Şərqi Sibirdəki Orhon çayı vadisində yerləşirdi. Orhon çayı Qaraqorum şəhəri yaxınlığında Baykal gölünə tökülən Selenqa çayının qollarından biridir. Hunlardan min il sonra Çingiz xanın üçüncü oğlu Ögedey Qaraqorumu özünə paytaxt eləyəcəkdi. O, Çini işğal etməzdən əvvəl burada şəhər saldırmışdı.

      Hunlar Çin imperiyasının şimal əyalətlərinə mütəmadi basqınlar təşkil edir və sayca az olmalarına baxmayaraq bu döyüşlərdə, adətən, qalib gəlirdilər. Çinli süvarilər onların qarşısında sözün həqiqi mənasında aciz idilər: qarşılarındakı atlı döyüşçüləri, demək olar, gözlərini döyərək izləyir, əllərindən heç nə gəlmir, ya güclə canlarını qurtarır, ya da qılıncdan keçirilirdilər.

      Həmin dövrdə bu, görünməmiş hadisə idi: belə getsə, qüdrətli bir imperiya nəinki qürurunu, hətta mövcudluğunu itirə bilərdi. Odur ki Çin imperatoru ağlagəlməz addım atdı. O öz süvarilərinə icazə verdi ki, ənənəvi döyüş libaslarını – uzun xalatlarını çıxarıb hunlar kimi şalvar geyinsinlər. Köçərilərin enli şalvarları xüsusilə at belində rahat əyləşmək və hərəkət etmək üçün çox münasib idi. Balaqlar topuqlarını tam örtürdü.

      İmperatorun əmrinə tabe olan Çin süvariləri tezliklə bunun bəhrəsini görməyə başladılar: indi onlar da düşmən kimi cəld, çevik hərəkət etməyə başlamışdılar. Di gəl, bu çeviklik hunların öhdəsindən gəlmək üçün yetərli deyildi. Axı çinlilər düşmənləri kimi mahir atıcı – sərrast oxçu sayıla bilməzdilər.

      Böyük bir imperiya hunlara qalib gəlmək ümidini itirmişdi. Odur ki vəziyyətdən çıxış yolu kimi Böyük Çin səddinin inşasına qərar verildi. Bu nəhəng sədd onları hunların basqınlarından qorumalı idi.

      Səddin tikintisi təxminən e.ə. 215-ci ildə başa çatdı. Lakin o da hun (xunnu) hücumlarının qarşısında aciz qaldı.

      Məsələ burasındadır ki, hunlar Böyük Çin səddinin inşasından lap qıcıqlandılar. Basqınlarını artırdılar və e.ə. III əsrin sonlarında öncə indiki Monqolustan ərazisini ələ keçirdilər. E.ə. II əsrin əvvəllərində isə Çin imperiyasının şimal-qərb əyalətlərində Böyük Çin səddi boyunca məskunlaşmış tayfaları darmadağın etdilər. Həmin tayfalar qərb istiqamətinə qaçdılar. Bu, Avropaya üz tutan sonrakı köçəri axınlarının ilk dalğası idi.

      E.ə. 161-ci ildə hunlar Sarı çay (Xuanxe) boyunca uzanan Çeş şəhərini tutdular. Xueyçandakı imperator sarayını yandırdılar. Bu o demək idi ki, imperiyanın ovaxtkı paytaxtı Çanqan da təhlükə altındadır.

      E.ə. 142-ci ildə Çeşdən şimalda yerləşən İnmen istiqamətindən Çin səddinə zərbə endirən hunlar e.ə. 129-cu ildə isə Pekin ətrafını xarabalığa çevirdilər.

      E.ə. 127-ci ildə çinlilər düşmən cəbhəsində

Скачать книгу


<p>1</p>

Göytürklər – əfsanəyə görə, qurddan törəndiyi deyilən «aşina» adlı qədim türk qəbiləsinə mənsub olan xalq. Aşina qəbiləsindən olanlara «göydən enmiş türklər» – göytürklər deyirdilər.

<p>2</p>

Uqor – Şimal-şərqi Avropada yaşayan və eyni dil ailəsini əmələ gətirən fin-uqor xalqlarının bir qolu. Ana vətənləri Ural dağları ilə Volqa çayı arasındakı ərazilərdir.

<p>3</p>

Xalqların böyük köçü – IV əsrdə hun tayfalarının Altaydan Avropaya tərəf yayılması ilə başlanan, 300 ildən çox davam edən yürüş.