ТОП просматриваемых книг сайта:
Hekayələr. Энвер Мамедханлы
Читать онлайн.Название Hekayələr
Год выпуска 0
isbn 9789952243796
Автор произведения Энвер Мамедханлы
Серия Hekayə ustaları
Издательство Altun Kitab
– Yox, bu, odur, anacan, bu, odur, – dedi.
Anası təlaş içində qızının çiyinlərini qucaqladı:
– Sakit ol, Pərican, sakit ol, elim-günüm, yoxsa səni yenə qara basır?
Bu dəfə qız artıq dinmədi. Yalnız başını çevirib komanın açıq qapısından, üzərinə axşam qaranlığı çökən dağlara baxdı, külək tərpədən meşələrdən gələn sirli uğultuya qulaq verdi, sonra birdən anasının sinəsinə qapanarkən, çiyinləri titrəyib əsdi.
Ovçu ayaq üstə donub qalaraq qızın titrəyən arıq çiyinlərinə baxır, ana isə qızını bağrına basıb pıçıldayırdı:
– Ağlama, gözünə qurban, nə var ki səndə, sağalacaqsan, ağlama, axı evdə qonağımız var. Qoy Əşrəf baba keçiləri sağsın, bu saat qonağımız üçün süfrə açarıq.
Qız başını qaldırıb yenidən ovçuya baxdı, indi onun gözyaşı ilə yuyulmuş gözlərində suları soyumuş payız dənizlərinin hüznü vardı. Ovçu bu baxışlar altında nə edəcəyini bilməyərək tüfəngini ocaq yanında divara söykərkən, qız ondan soruşdu:
– Səni bura mənim maralımmı gətirdi?
Ovçu diksinib heyrət içində qıza tərəf döndü, başının hərəkəti ilə qızın sualına cavab verdi. O zaman Pərinin başı yenidən yastıq üstünə düşdü, yol çəkən gözləri komanın tavanına, hisli pərdələrə dikildi, sonra o sanki öz-özünə danışırmış kimi:
– Axır ki gəlib çıxdın, – dedi. – Gecələr yuxuda görüb, gündüzlər yolunu gözləməkdən yorulub yatağa düşmüşdüm.
O gündən ovçu uzaq dağların əsiri olaraq qaldı. Pəri isə tezliklə yatağından qalxdı, az keçmədən yabanı bir dağ çiçəyi kimi açıldı, dodaqları lalə rəngli naxışlar çaldı, gözlərində günəşlər od tutub yandı, ürəyi fələklərə meydan oxuyan bir sevinc çeşməsi kimi qaynadı.
O zaman çoxdan bəri Pərinin mahnılarına həsrət qalmış dağlar, dərələr yenə onun səsini eşitdi, meşədən susmuş qumrular yenə ona səs verdi.
İndi kənddə artıq on beş koma vardı.
Əşrəf baba meşədən qırıb gətirdiyi çubuqlardan yastı-yapalaq bir koma hörmüş, Pəri ilə ovçu isə bu koma içində səadətlərinin sarayını göyə ucaltmışdılar.
Artıq Pərinin hər günü, bir günlük ömür sürən əlvan qanadlı bir kəpənəyə bənzəyirdi. Nazlı bir kəpənəyi andıran dan şəfəqi sərin və ipək qanadlarını Pərinin gözlərinə çəkir, qız ayılır, gözləri qarşısında qızıl qanadlı bir dağ səhəri görür, sonra bu zərif kəpənək havada rəqs edərkən, qanadlarından yerə qucaq-qucaq ulduzlar tökülür, axşama yaxın isə yorğun qanadlarını büküb qərbdəki Yasamal üzərinə sərilir, orada batan günəşin sarı simli şüalarında çırpınıb göz qırpır, sonra yavaş-yavaş əriyib yox olurdu. Sabahısı daha yaraşıqlı bir kəpənəyə bənzər başqa bir səhər açılır, axşam olurkən o da əvvəlkilər kimi qərbdəki Yasamal üzərində bir xəyala dönüb sönür, əbədiyyətin sonsuz dənizində bir zərrə kimi yox olurdu.
Pəri isə bu kəpənək – səhərlər arxasınca yüyürüb oynayan qayğısız bir körpə kimi idi. İndi ona elə gəlirdi ki, günəş onu oyatmaq üçün doğur, ay ona gülümsəmək üçün göyün ortasında süzür, dağdan qopan külək onun saçlarını oxşamaq üçün qanad açıb gəlir, dalğın gözlü axşamlar ona layla çalmaq üçün yer üzərinə enir.
Lakin bir gecə dağlarda şiddətli tufan qoparkən Pərinin məhəbbət röyaları ilk dəfə olaraq çalxanıb təlatümə gəldi və qızın əlvan səadət sarayından sanki bir kərpic qopub yerə düşdü.
Tufan gecə qəfildən qopdu.
Göy nəhəng bir mərmi kimi Pəri ilə ovçunun koması üstündə partladı. Hardasa meşədə külək sındıran bir ağacın fəryadı eşidildi. Pəri dik atılıb hövlnak yuxudan ayıldı. Ovçu da diksinib qalxaraq yatağında oturdu. Qız qaranlıqda özünü ovçunun üstünə ataraq qışqırdı:
– Oyan, laçınım, maralımı vurdular.
Ovçu Pərini qolları arasına alaraq:
– Qorxma, göyərçinim, – dedi, – qorxma, göy guruldadı. İstəyirsən su verim, iç!
Bu anda yenidən ildırım çaxdı, daxmanın içi süd kimi aydınlıq oldu. Pərinin geniş açılmış gözlərində, rəngi qaçmış üzündə bir-birinə sarmaşan işıltılar yanıb söndü.
Pəri su içib yuxudan tamamilə ayıldısa da, lakin yenə sakit ola bilmədi, ürəyi təlaş içində döyünməyə başladı. Bu tufanlı gecə ona nəyi isə xatırlatdı, çoxdan görmədiyi maral qızın yadına düşdü. Bütün bu günlər, həftələr qız öz sonsuz səadətinə elə qərq olmuşdu ki, maralını tamamilə unutmuşdu.
İndi yaralanmış bir yırtıcı kimi dağlarda, dərələrdə nərə çəkən küləyə, coşqun dağ çayları kimi şappıldayıb guruldayan meşələrə, dalbadal göydə partlayıb ətrafı sarsıdan ildırımlara qulaq asdıqca qız uçunur, maralını düşünür, ürəyi qorxu ilə dolurdu. Bütün bu illər ərzində gün olmamışdı ki, maral meşədən gəlib Pərini yoxlamasın. Qışda qarlı meşələrdə canavar sürüləri vurnuxanda heyvan qaçıb Pərinin həyətinə pənah gətirər, koma qarşısında qapı ağzında gecələyərdi. İndi neçə həftə idi ki, maral yox olmuşdu. Birinci dəfə idi ki, maral bu qədər uzun müddət meşədə qalıb obaya doğru gəlmirdi. Ovçunu gətirdiyi gündən heyvan gözdən itmiş, o gündən bəri bir dəfə də olsun Pəriyə baş çəkməmişdi.
Səhərin gözü açılar-açılmaz Pəri ayağa qalxıb meşəyə, maralı axtarmağa getdi. Ovçu isə ayılarkən Pərini komada görməyib təlaşa düşdü, lakin Əşrəf baba onu sakit eləyib özü ilə bərabər meşəyə, çoxdan yerini bələdlədiyi bir ağacı kəsməyə apardı. Pəri yalnız axşamüstü, Əşrəf baba ilə ovçudan çox sonra yorğun və fikirli halda meşədən qayıtdı. Bu vaxt ovçu daxmada, ocaq qırağında oturub tüfəngini silib təmizləyirdi. Pəri içəri girəndə başını çevirib tutqun baxışlarla qızı süzdü. Pəri ocaq başında oturub dalğın gözlərini oda zillədi, sonra başını qaldırıb ovçunun baxışlarını görərkən, yavaşdan köksünü ötürərək:
– Ah, laçınım, – dedi, – çox gəzdim, çox axtardım, axırda maralı tapdım, amma nə qədər elədim, gətirə bilmədim. Əvvəl bir az dalımca gəldi, sonra birdən dönüb meşəyə getdi. İndi ürəyim həmişə səksəkədə olacaq…
Ovçu gülərək başını buladı:
– Qəm yemə, göyərçinim, – dedi, – ovçun ölməyib ki, sən maralsız qalasan. Günü sabah bu dağların bütün marallarını qovub həyətinə gətirərəm.
Pəri şəfqətlə ovçunun boynuna sarıldı:
– Yox, laçınım, – dedi, – mənim bəxtim təkcə o marala bağlıdır. Bu dağlardakı marallar içində mən gərək təkcə onu göz bəbəyim kimi qoruyam.
Pəri yaxından ovçunun gözlərinə baxıb məzlum bir təbəssümlə gülümsədi.
Bu